Qorkinin uşaqlar üçün yazdığı hekayə və nağılların tarixi qeyri-adi formada – bir zəlzələ ilə başlayır.
15 dekabr 1908-ci ildə İtaliyanın şimalında, səhər saat 6 radələrində zəlzələ baş verir. Hamı yuxuda olarkən, Messina şəhəri xarabalığa dönür. Minlərlə ölü tapılır, yaralıların isə sayı-hesabı bilinmir.
Messina – liman şəhəridir. Buna görə də yaxınlıqdakı bütün gəmilər buraya gəlməyə başlayırlar. Hətta, iri rus gəmiləri “Boqatır”, “Slava”, “Admiral Makarov” da burda lövbər salır və dənizçilər şəhər əhalisinə kömək etməyə başlayırlar.
Qorki isə o vaxtlar yaxınlıqda, Kapri adasında yaşayırdı. Orada həm işləyir, həm də müalicə olunurdu. Hadisənin baş verdiyini eşidən Qorki – “Qurbanlar üçün görəsən nə edə bilərəm? Onların dərmana, geyimə və pula ehtiyacları var. Yaşamaq üçün yeni evlər tikilməlidir” – deyə düşünür.
Qorkinin isə əlində daha güclü bir silah var idi – söz. Onun kitabları bütün dünyaya yayılmışdı. Onlar Qorkinin insanları sevdiyini və yaxşılıq etmək istədiyini duyurdular. Qorki də bunu bilərək dünyaya: İtaliyaya kömək edin -mesajını verir. İnsanlar onu eşidir, Messinaya hər yerdən maddi yardım və əşyalar göndərməyə başlayırlar.
Qorkinin adına bir çox yerdən ianə gəlsə də, bunlardan ən maraqlısı Bakıdan, daha dəqiqi Bayıldan gəlmişdi. İçinə uşaqlar tərəfindən qoyulmuş əlyazma və pul olan məktubda belə yazılmışdı: “Xahiş edirik pulu götürəsiniz. Yazıçı Maksim Qorkiyə messinalılar üçün. İmza: Yaramazlar Məktəbi”.
“Yaramazlar Məktəbi” 1909-cu ildə Bakı inqilabçıları tərəfindən demokratik ailələrdən olan uşaqlar üçün təşkil edilmiş məktəb idi.

M.Qorki Bakıda sovet yazıçılarının qurultayında
Bəs bu “yaramaz”lar pulu haradan əldə etmişdilər?
Deyilənlərə görə, onlar pulu özləri qazanmışdılar. Uşaqlar istedadlı müəllim Alisa İvanovna Radçenkonun rəhbərliyi altında tamaşa qoyub, bilet satıb, yığılan məbləği Maksim Qorkiyə göndərmişdilər.
Qorki isə uşaqlara cavabında belə bir məktub yazmışdı:
“Əziz uşaqlar! Messinalılar üçün topladığınız pulu aldım, yardım etdiyiniz üçün hər birinizə dərin təşəkkürümü bildirirəm. Sizə bu insanlara etdiyiniz kimi, başqasının da kədərinə həssas və məsuliyyətli yanaşmanızı ürəkdən arzulayıram. Həyatın ən yüksək sevinci, ən yaxşı həzzi – özünü insanlara lazımlı və yaxın hiss etməkdir! Bu həqiqəti unutmayın, bu hiss sizə ölçüyəgəlməz xoşbəxtlik verəcək. Sağlam olun, bir-birinizi sevin, bir-birinizlə daha çox əylənin, qocaldığınızda bu günlərinizi şən gülüşlə xatırlayacaqsınız. Əllərinizi möhkəm sıxıram, qoy onlar həmişə güclü və ədalətli olsunlar!”
Bundan sonra “Yaramazlar məktəbi”ndən olan digər uşaqlar da – Borya, Vitya, Günt, Dima, Fedya, Cefri, Jenya, İrena, Lena, Liza, Meme, Meri, Nora, Pavel və Elza – Qorkiyə mətkub yazır.
Oğlanlardan biri (Borya) yazırdı: “Alyoşa əmi! Mən səni sevirəm, sənin at, inək və öküzün varmı? Bizə sərçə haqqında bir hekayə yaz. Və bir də bizə bir oğlanın balıq tutduğu xəyali hekayə yaz. Mən səni öpürəm … səni görmək istərdim“.
Qorki bu dəfə də azyaşlı dostlarının məktublarını cavabsız buraxmır. Uşaqlara yazdığı ikinci məktubda – “Uşaqlarla oynamağı çox sevirəm, bu mənim köhnə vərdişimdir, əvvəl balaca qardaşımı, sonra daha iki oğlan uşağını böyütmüşəm” – deyə etiraf edir.
Uşaqlar Qorkinin məktublarına sevinirdilər.
“Əzizim Qorki! – Nora yazırdı – Məktubunuz çox mehribandır. Anam, atam və mən səni sevirik. Mən qızam, amma oğlan paltarı geyinirəm, çünki bu mənim üçün çox rahatdır“.
Yeddi yaşlı Pavka yazır: “Əziz Maksimuşka Qorki. Səni sevindirmək üçün sənə məktub göndərirəm. Mən oxumağı çox sevirəm və məktəbdən qayıdaraq, burada kitab oxuyarkən çox şənlənirəm. Mən hər cür bitki və heyvanlar haqqında kitab oxuyuram, onların həyatı çox maraqlıdır. Sən məktubda yazmısan ki, biz hamımız fındıqburunuq. Amma mən sənin kartına baxıb görəndə ki, sən də fındıqburunsan çox sevindim.”
Qorki məktubları oxuyanda qəhqəhə çəkmişdi. Ən önəmlisi isə uşaqların arzularından ikisini yerinə yetirdi: sərçə və gənc balıqçı haqqında nağıl yazdı.