Hamımız romançının qabağında imperatorun qarşısındakı kölələr kimiyik: bircə sözüylə bizi azad edə bilər. Onun sayəsində köhnə ictimai statusumuzdan sıyrılıb generalın, toxucunun, müğənninin, kənd ziyalısının vəziyyətini, kənd həyatını, qumarı, ovu, nifrəti, sevgini, hərbi mühiti tanıyırıq. Onun sayəsində Napaleon, Savonarola, kəndli, ən əsası (əsla tanıya bilməyəcəyimiz bir həyatı yaşayaraq) özümüz oluruq. O, kütləni, tənhalığı, yaşlı kilsə xadimini, heykəltaraşı, uşağı, atı, ruhumuzu dilləndirir. Onun sayəsində sırayla bütün canlıların cildinə girən həqiqi Protey oluruq. Dalbadal cildən-cildə girərkən, müdhiş bir çeviklik və qüvvət qazanan ruhumuz üçün bütün bunların bir oyundan, kədərli, yaxud xoş, amma irreal bir maskadan ibarət olduğunu hiss edirik. Bir anlıq bəxtsizliyimizdən, ya da taleyimizin təzyiqindən xilas oluruq; onunla və başqalarının taleyi ilə oynayırıq. Buna görə də, gözəl bir romanın son sətrini oxuyanda, hüznlü bir əsər olsa da, içimiz xoşbəxtliklə dolur.
Dostoyevski
Dostoyevski məhbusluq həyatının dəhşətli çətinliklərini sadalayanda, 4 il boyunca tək qalmaq imkanından məhrum olmasını da xüsusi qeyd edir. Lakin insan ətrafında hər an kimsə olsa da, özünü təcrid edə, izolyasiya ola bilər. Bu, hamı üçün mümkündür, adama elə gəlir ki, hamıdan çox Dostoyevski üçün mümkün olmalı imiş; şübhəsiz ki, o, fövqəladə təxəyyül gücü ilə ətrafındakı hər şeyi dəf etməyi çox yaxşı bilirdi. Nə olur-olsun, heç olmasa bizdən kənarda qalan, beynin işləməyini ləngitsə də, əngəlləyə bilməyən insanlarla müqayisədə, özümüzdən uzaqlaşdırılmaqda çətinlik çəkdiyimiz varlıqlar mövcuddur. Bunlar daxili varlıqlardır. İçində bir xəstəliyi gəzdirən, 4 il boyunca (çox vaxt daha uzun müddət) dəhşətli əzablar çəkən, sürəkli şəkildə qəti düşməyən temperaturun yaratdığı sərsəmlik gətirən narahatlığı yaşayan, ancaq böyük çabalar hesabına yataqda dikəlmək gücü tapan, xəstəliyinin sıxıntısını hər an çəkən bir adamın tək qalmağı, digər məhbusların arasındakı Dostoyevksinin tək qalmağından daha çətindir; onsuz da Dostoyevski digər məhbuslarla, onlar da Dostoyevski ilə maraqlanmırdılar. Amma qızdırma və xəstəlik məcbur edir ki, səninlə maraqlansınlar.
Böyük ehtimalla katorqa cəzası Dostoyevski üçün şans olmuş və daxili dünyasının qapılarını açmışdı. Qəribədir, o andan başlayaraq yazışmaları Balzakınkına bənzəyir: məktublarında borc pul istəyir, şan-şöhrət ümidinə söykənib aldıqlarını yüz qat artıqlaması ilə geri qaytaracağını vəd edir. Deyir ki, “İdiot əla kitab olacaq, eynilə “Vadidəki zanbaq” kimi”, çünki içində yeni bir adamın oyanmaq olduğunu hiss edir. Andre Jid nə deyir-desin, təhkiyənin arasına səpilmiş intellektual bölümlər var: məsələn, “İdiot”dakı edam cəzası haqqında uzun mülahizələr.
Dostoyevskinin bütün romanlarının adı “Cinayət və cəza” ola bilərdi (Flober bütün romanlarının, xüsusilə də “Madam Bovari”nin adının “Hislərin tərbiyəsi” ola biləcəyi kimi). Amma çox güman ki, bir nəfərə aid olan şeyi iki nəfər arasında bölüşdürür. Həyatında bir cinayət və (bəlkə də o cinayətlə əlaqəsi olmayan) bir cəza olması dəqiqdir; fəqət o bunları iki yerə bölüb lazım olanda cəza təəssüratlarını özünə (Ölülər evi), günahı başqalarına yükləməyi seçib. Onun orijinallığı strukturundadır, Jak Riviyerinin nəzərdə tutduğunda yox.
Tolstoy
Dövrümüzdə Balzak Tolstoydan üstün sayılır. Dəlilikdi bu. Balzakın əsərləri sevimsiz və sünidir, lağlağıdır; onun əsərlərində bəşəriyyət şedevr yazmağı arzulayan bir ədəbiyyatçı tərəfindən ittiham olunur, Tolstoyun əsərlərində isə dinclik içindəki bir tanrı tərəfindən. Balzak böyüklük təəssüratı yaratmağı bacarır, Tolstoyda hər şey təbii şəkildə daha böyükdür, keçi nəcisi ilə müqayisədə fil nəcisində olduğu kimi. “Anna Karenina”dakı böyük məhsul, ov, xizəkdə sürüşmək kimi səhnələr digər səhnələrin arasında məsafə yaradan, ucsuz-bucaqsızlıq təəssüratı doğuran geniş və açıq ərazilər kimidir. Elə bil, Vronskinin iki söhbəti arasında biçiləsi azman yaşıl çayırlar və yekə bir yaz mövsümü var. Həmin dünyada və ən özəl səhnələrdə gah bir şeydən xoşumuz gəlir, gah başqa şeydən; yarışa qatılan bir atlının (ah, gözəlim, gözəlim!), pəncərənin məhəccərindəki mərcə girən adamın həyəcanı; çəmənliklərin, ov həvəskarı xırda mülkədarın sürdüyü həyatın, bir alman şəhərində Rusiyadakı aristokratların gözəl həyatından danışan (gec dururlar, kurort hissəsi və s.) qoca qraf Şerbatskinin, “Hərb və Sülh”də dəlisov aristokratın (Nataşanın qardaşı), qoca qraf Balkonskinin xoşəgəlimli olması və s. Bu, müşahidəyə yox, əqli özülə söykəli əsərdir. Müşahidə məhsulu deyilən hər ünsür, əslində, roman müəllifinin ortaya qoyduğu məntiqli, ya da məntiqsiz qanunlara geyindirilən bir qılaf, bir sübut, bir nümunədir. Qüvvəsi və canlılığı da müşahidə edilmiş olmamasından qaynaqlanır; hər mimika, hər söz, hər hərəkət bir qaydanın şərhi olduğu üçün, qaydalar bolluğu içində yol getdiyimizi hiss edirik. Gəl gör ki, bu qaydaların doğruluğunu təkcə öz düşüncəsinə daxili nəzarəti olan Tolstoy bilir deyə, bəzən bizim üçün anlaşılmaz qalır. Din haqqında danışarkən, Kitinin çöhrəsinin hiyləgər olmasını başa düşmək çətindir; Annanın Vronskinin qürurunu sındırmaqdan zövq almasını da. Əsas xoşuma gələn odur ki, bu ali ağıl içimizdən fışqırıb çıxan yumorla qohumdur (Ruskinin köpəyi Vizir və qulluqçusu Ennlə zarafatlaşmaqları, “Anna Karenina”nın başlanğıcında Tolstoyun tonu müəyyənləşdirən zarafatları). Bütün bunlara baxmayaraq, bitib-tükənməz kimi görünən bu əsərdə Tosltoy, elə bil, özünü təkrarlayır; sanki əlinin altında məhdud sayda tema var, formasını dəyişdirmiş və yenilənmiş olsalar da, digər romanlarındakı temaların təkrarlarıdır. Levinin sabit nöqtə kimi gördüyü ulduzlar və kəhkəşan, Pyerin gördüyü kometa ilə və qraf Andreyin ucsuz-bucaqsız səması ilə təxminən eynidir. Amma bunun da ötəsində, Kiti tərəfindən əvvəlcə Vronskiyə görə uzaqlaşdırılan, sonra sevilən Levin, Pyerin qardaşına görə qraf Andreydən ayrılıb sonra yenidən ona qayıdan Nataşasını xatırlanır. Və nəhayət sonda, maşınla keçən Kitinin və ordudakı maşında Nataşanın eyni xatirənin “görüntüləri” olduğunu düşünə bilərikmi?
Tərcümə: Qismət Rüstəmov