Azərbaycan boyakarı, qrafiki Mikayıl Abdullayevin (1921-2002) yaradıcılığına obrazların pisixologiyasının poetik ümumiləşdiriilməsi, koloritin zənginliyi xasdır. Onun əsərlərində eyni zamanda impressionist sənətin xüsusiyyətləri, plener işığı, təəssürat xarakterli bədii şərhlərə yer alır. Bu xüsusiyyətlər koloritdə, işlənmə üslubunda, personajların ifadəsində dəqiq şəkildə özünü büruzə verir.
Səməd Vurğun
Abdullayevin yaradıcılığına milli ənənələrin, kənd insanlarının əməyi, məişəti, mənəvi dünyasının çağdaşlıqla vəhdətdə verilməsi də xasdır. Bu xüsusiyyətlər onun “Xaçmaz qızları”, “Astarada çay yığımı”, “Azərbaycan çöllərində” triptixində, “Çəltik əkən qızlar” əsərində daha aydın görünür.
“Qırx birin iyunu” triptixinin mərkəzi hissəsi xüsusilə diqqəti cəlb edir. 1941-45-ci illərdə kənd əməkçilərinin payına düşən, ağır, narahat həyatını əks etdirən əsər canlıdır. “Çəltikçi qızlar” monumental lövhəsi qadının zəngin mənəvi-psixoloji cizgilərini parlaq boyalarla əks etdirir. Rəssamın əsərləri arasında qadın mövzusu əsas yerlərdən birini tutur:”Qarabağlı qızlar”, “Lənkəranlı kolxozçu qadın”, “Abşeronlu qadın”, “Ananın gəncliyi” kimi əsərləri bu qəbildəndir.

“Qırx birin iyunu”
Bundan başqa Nəsimi, Füzuli, Axundov və başqa portretlər qalereyası, Abşeron peyzajları, natürmortlar, Əfqanıstan və başqa ölkələrə həsr etdiyi əsərlər Mikayıl Abdullayevin yaradıcılıq diapazonunun genişliyinindən xəbər verir.
Mikayıl Abdullayevin qəhrəmanları arasında dahi Üzeyir Hacıbəyli də var. Rəəsam onun portretini naturadan işləyib. O zaman teatr muzeyinin yaradılması ilə əlaqədar ekspozisiyada Üzeyir Hacıbəylinin də portreti olmalı idi. Bu işi Mikayıl Abdullayevə tapşırırlar. O vaxta kimi Üzeyir bəy heç bir rəssama onun portretini çəkməyə icazə verməyib. Mikayıl Abdullayevə olan rəğbətinə görə o, gənc rəssamın arzusunu rədd etmir. Və o, üç dəfə Üzeyir Hacıbəylinin portretini naturadan çəkir.

Üzeyir Hacıbəylinin portreti
Sonralar “Unudulmaz obraz” adlı məqaləsində Mikayıl Abdullayev yazırdı: “Üzeyirlə görüşdüyüm, söhbət etdiyim, onun portretlərini yaratdığım günlər həyatımın ən əziz xatirələridir… Üzeyirin mənə bağışladığı fotonu göz bəbəyi kimi qoruyuram. Onun portretini işlədiyim günlərdə tənəffüsarası müğənni və solistlər tez-tez Üzeyir müəllimin yanına məsləhətə gələrdilər. Fikrət Əmirovu, Niyazini, Soltan Hacıbəyovu, Süleyman Ələsgərovu, Əşrəf Abbasovu, Hacı Xanməmmədovu mən ilk dəfə Üzeyir müəllimin yanında görmüşdüm. Böyük bəstəkarımız öz tələbələrinə ata məhəbbəti ilə yanaşır, diqqətlə dinləyir və onlara qayğıkeşlik göstərirdi. Gənc bəstəkar xanımları – Ağabacını, Ədiləni, Şəfiqəni doğma qızları kimi sevirdi”.
“Naxçıvan”
Mikayıl Abdullayevin kitab qrafikasında Azərbaycan ədəbiyyatı nümunələri böyük yer tutur. Şifahi xalq ədəbiyyatından “Kitabi-Dədə Qorqud”, “Molla Nəsrəddinin lətifələri”, yazılı ədəbiyyatımızdan “Leyli və Məcnun”, “Danabaş kəndinin məktəbi”, “Poçt qutusu”, “Gələcək gün”, “Şamo”, “Şəbi-hicran” əsərlərinə çəkdiyi illüstrasiyalar Azərbaycan kitab qrafikası sənətinin bitkin nümunələrindəndir.
Rəssamın əsərləri dünyanın bir sıra muzeylərində saxlanılır.