(Romana önsöz)
“Qızıl darı tarlaları” mənim yazdığım doqquz uzun romandan biridir, amma yazdıqlarımın içində ən çox marağa səbəb olan bu əsərimdir. Ona görə, məndən söz düşəndə “Qızıl darı tarlaları”nı yazan Mo Yan deyirlər. Romanın birinci bölümü olan “Qızıl darı tarlaları”nı 1984-cü ilin qışında bitirdim, o vaxtlar uzun hekayə idi və uzun hekayə kimi də çap edildi. İlhamım bir təsadüfdən qidalanmışdı. O ərəfədə bir ədəbiyyat konfransındaydım, ordakı köhnə kişilər belə bir mövzu açdılar: Çin Kommunist Partiyasının qurulmasından bu yana iyirmi səkkiz il mücadilə içində keçdi. Köhnə nəsildən xeylisi bu savaşın içindən keçib gəlib və əllərində çoxlu material var, amma artıq bunu yazacaq enerjiləri qalmayıb. Çünki “Mədəniyyət inqilabı” onların ən məhsuldar dönəmlərini kölgələyib; gənc nəslin enerjisi var, amma bunu yazacaq şəxsi təcrübələri yoxdur, iş belədirsə, onlar savaşı və tarixi hadisələri ədəbiyyata necə gətirəcəklər?
Söhbətin bu yerində ayağa qalxıb belə dedim: “Biz gənclər bu qüsurumuzu başqa yollarla həll edə bilərik. Top-tüfəng səsini eşitməsək də, fişənglərin partlamasını eşitmişik; insanın ölməyini görməsək də, donuzun kəsilməyini görmüşük, mən öz əllərimlə toyuq da kəsmişəm. Əlimdə süngüylə yaponlarla döyüşməsəm də, bunu necə bir şey olduğunu filmlərdən görmüşəm. Romançının işi tarixi birəbir kopyalamaq deyil, bu, tarixçilərin işidir. Romançılar savaşı – insanlıq tarixi boyunca cahillik ucbatından ortaya çıxan bu məsələni – nəql edərkən savaşın insan ruhunu necə pozduğunu və insanın müharibə vaxtı necə dəyişdiyini ifadə edirlər. Demək istəyirəm ki, qəti müharibə təcrübəsi olmayan adam da müxtəlif yollarla öyrənərək müharibədən yaza bilər.”
Çıxışımı bitirən kimi bir nəfər ağız-burnunu əyib məni lağa qoydu. Sonra başqaları mənim təkəbbürlü, cahil, bəziləri isə göyləri və qaydaları inkar edən pozğun olduğumu dedilər. Bəzilər də məni düşdüyüm quyunun dərinliyindən bixəbər adlandırdılar. Yazıçılıq həyatım boyunca özümü bir neçə dəfə uçurumun ucuna sürükləmişəm. Öz fikirlərimin doğruluğunu isbat etmək üçün tezcə qələmə sarılıb savaş haqqında bir roman yazmağa başladım, amma qələmi kağızla qovuşdurmamışdan qabaq araşdırmaya çoxlu vaxt sərf etdim. Gördüm ki, inqilabdan əvvəl yazılan romanların çoxu müharibə haqqındadır, amma o romanların hamısı müharibəni təzədən istehsal etməkdən başqa heç nə deyil. Bu romanlar adətən səfərbərlik ərəfəsi ilə başlayıb zəfərlə bitən hekayələrdən ibarətdilər; yazıçılar sadəcə müharibə prosesinə fokuslanırlar, romanın uğuru da yazıçının bu prosesi nə qədər realist şəkildə işlədiyi ilə ölçülürdü. Yeni nəsil yazıçıların müharibəni görmüş köhnə nəsil romançıları təkrar etməsi, hətta onlar qədər yaxşı yazmağı artıq heç nəyi ifadə etmir. Məncə, müharibə yazıçının yazı prosesində borca götürdüyü məkandan, mühitdən başqa heç nə deyil, əsas məsələ bu dekordan yararlanaraq insanların bu özəl vəziyyətdəki duyğu və düşüncələrini ifadə etməkdir. Məsələn, Sovet İttifaqı dönəmində çəkilmiş “Əsgərin nəğməsi” adlı məşhur filmi götürək. Filmdə çox əzab çəkmiş və intiqam atəşi ilə yanıb-qovrulan, Qırmızı Orduya mənsub bir qadın əsgər var. Onun vəzifəsi Ağ Ordudan qırx nəfəri öldürəndən sonra savaş əsirlərinə bələdçilik etməkdir. O, vəzifədə olduğu vaxt birlikdən ayrılıb yaraşıqlı, incəsənəti bitirmiş əsir zabitlərdən biriylə kimsəsiz bir adaya gedir. Çox keçmir ki, aralarında sevgi münasibəti yaranır və bir yerdə yaşamağa başlayaraq sinfi fərqləri unudurlar. Bir gün qəfildən Ağ Orduya aid bir gəmi gəlir, zabit gəmini görən kimi geri qayıtmaq istəyir, qəfil qadının da sinfi şüuru geri qayıdır və Ağ Ordunun zabiti sevgilisini sahildə öldürür. Belə bir hadisənin həyatda bizim qarşımıza çıxması demək olar ki, qeyri-mümkündür. Yazıçı belə bir vəziyyət yaradıb bizi təcrübənin içinə atır. Buna “insan ruhunun laboratoriyası” demək olar. Bu cür yanaşma, bu cür yazı metodu bu günün reallığından baxanda çağdaş ədəbiyyatın qaydalarına çox uyğundur, amma 80-ci illərin əvvəlində baş vermiş və uzun müddət dominant olan “sol” anlayış bu yanaşmanı hələ də mühakimə edir, bunu qəbuledilməz sayır.
Mən bu metodla yazmağa qərar verdim; bu fikrin üstündə düşünməyə başlayanda ağlıma ən birinci öz kəndim gəldi. Balaca olanda iqlim indiki ilə eyni deyildi, tez-tez yağış yağar, yazda, payızda sel olardı; buna görə də, kəndimizdə boyu sel sularından hündürdə qala bilən darı yetişdirilirdi. O vaxtlar əhali az, ərazilər geniş idi, hər payız kəndlər ucsuz-bucaqsız darı tarlaları ilə əhatələnmiş olurdu. Babamla nənəmin yaşadığı vaxtlarda isə yağış daha çox, əhali daha az imiş; o qədər çox darı varmış ki, qış gələndə belə məhsulu yığılmamış tarlalar qalarmış, bu darı tarlaları da kəndləri quldurlardan qoruyan maneə funksiyasını yerinə yetirərmiş. Nəhayət, darı tarlalarını bir səhnə olaraq götürüb, içinə yaponlara qarşı dirəniş və sevgi hekayələrini yerləşdirdim; sonralar tənqidçilərin çoxu romanımdakı darı tarlalarını təkcə bitki yox, milli ruhu təmsil edən metafora saydılar. Romanımın ilk hissəsinin qaralamasını bir həftəyə yazdım.
“Qızıl darı tarlaları” qonşu kənddə baş vermiş gerçək bir əhvalatdır. Bu kəndin partizan dəstəsi Jiaolai çayının üstündəki körpünün başında pusqu qurub balaca bir yapon dəstəsi ilə vuruşubmuş, hərbi maşını yandırıb o vaxtın şəraitinə görə böyük zəfər qazanıblarmış. Çox keçməmiş yapon briqadaları əvəz çıxmaq üçün geri qayıdıb və kənddə partizan dəstəsindən heç kimi tapmayanda, yüzdən çox kəndlini öldürüb, bütün evləri yandırıb.
Romana filmi çəkiləndə ətli-budlu nənəmin rolunda Qong Li çəkildi, amma mən qadınları tam başa düşə bilmirəm, romanda sadəcə xəyalımdakı qadını təsvir etmişəm. 30-cı illərin əyalətində mənim romanda təsvir etdiyim qadınlar kimisi çox az idi, nənəm də, əslində, mənim fantaziyamın məhsuludur. Romanımdakı qadınlarla müasirimiz olan qadınlar arasında çox fərq var; bu gün qadınlar daha çətin şərtlərə dözürlər, onlar artıq romantik ruha sahib deyillər, elə bil.
Düşünürəm ki, yaxşı yazıçı orjinal olmalıdır, təbii ki, yaxşı roman da orjinal olmalıdır. “Qızıl darı tarlaları” sensasiya yaratdı; bunun səbəbi orjinal roman olmağıdır. Romanın yazılmasının üstündən təxminən 20 il keçəndən sonra da əsərin təhkiyəsindən məmnunam. Əvvəlki romanlarda hekayə birinci, ikinci və ya üçüncü şəxsin təkindən nəql edilirdi, “Qızıl darı tarlaları”nın əvvəlindən təhkiyəçi əsərə “Babam” və “Nənəm” deyərək girir, bu həm birinci şəxsin təkindədir, həm də hər şeyi bilən müdrik təhkiyəçinin rakursudur. “Mən” yazanda bu birinci şəxsdir, amma “Nənəm” yazan kimi baxış bucağı nənənin olur. Beləcə, onun iç dünyasını birbaşa ifadə edə bilirsiniz və bu, məncə, romanımın stukturuna çox uyğundur. Bu, birinci şəxsin təkindəki təhkiyəçidən daha zəngin və daha açıq bir rakursdur; bu təhkiyə o dönəm üçün yenilik sayılırdı.
(Qeyd: Çin dili tək hecalı dildir. İki ayrı söz olan “mən” və “nənə” yan-yana gələndə, “mənim nənəm”, ya da “nənəm” kimi mənalara bürünməklə bərabər, tək başlarına da öz mənalarını qoruyurlar.)
Bəziləri “Qızıl darı tarlaları”nda Markesin təsirindən danışır; bu haqda təkcə onu deyə bilərəm ki, bu, sadəcə təxmindir, ehtimaldır. Markesin “Yüz ilin tənhalığı” romanını 1985-ci ilin baharında oxudum, o vaxta qədər dilimizə çevrilməmişdi. “Qızıl darı tarlaları”nı isə 1984-cü ilin qışında yazmışam, romanımın üçüncü hissəsi “Köpək cığırları”nı bitirəndən sonra, Markesin gözəl romanını oxumağa başladım. Düzünü desəm, indiyə qədər heyfslənirəm ki, niyə Markesin metodu daha əvvəl mənim ağlıma gəlməyib. Əgər Markesin əsərini öz romanımı yazmamışdan əvvəl oxusaydım, yəqin ki, başqa cürə yazardım.
Mən və nəsildaşlarım, şübhəsiz ki, qərb ədəbiyyatından çox təsirlənmişik; 80-ci illərdən əvvəl Çin qapalı cəmiyyət idi, qərb ədəbiyyatındakı yeniliklərdən, yeni yazıçılardan, möhtəşəm əsərlərdən heç birimizin xəbəri yox idi. İqtisadi islahatdan sonra kənara çıxmağa başladıq və qərb ədəbiyyatındakı əsərlər də dilimizə çevrilməyə başladı; iki-üç il boyunca dəlicəsinə mütaliəyə girişdik, təbii ki, oxuduqlarımızdan təsirləndik. Beləcə, təsirləndiyimiz yazıçıların havasının fərqində olmadan əsərlərimizə hopduğunu gördük.
Tarix və müharibə haqqında yazılan bu romanın – “Qızıl darı tarlaları”nın böyük maraqla qarşılanmasının səbəbi, məncə, əsərin o vaxtkı Çin xalqının ortaq maraqlarını ifadə etməsidir. Uzun müddət təzyiq altında qalmış bir cəmiyyətin oxucuları romanın içində danışmağa, düşünməyə və hərəkətə keçməyə cəsarət edən azad fərdlər görəndə, əlbəttə, təsirlənməliydilər. Əvvəllər romanın cəmiyyətə təsirindən o qədər xəbərdar deyildim, düzü, insanların belə bir şeyə ehtiyac hiss etdiklərini düşünməmişdim. Əgər “Qızıl darı tarlaları”nı indi yazsaydım, inanmıram bu qədər təsirli olardı, bu günün oxucularının oxumadığı nəsə qalıb ki? İnsanlar kimi əsərlərin də taleyi var.