ABŞ yazarı Frensis Skott Fitsceraldın “Möhtəşəm Qeytsbi” əsəri belə başlayır: “Yeniyetmə vaxtlarımdan atamın verdiyi bir öyüdü qulağımda sırğa eləmişəm: nə zaman birinə qarşı tənqidi yanaşmalı olsan, unutma, hamı sənin imkanlarınla dünyaya gəlməmişdir!”
Bu roman “Caz əsri”nin ən gözəl nümunələrindən biri hesab edirlər. Ötən əsrin əvvəllərinin Amerika ədəbiyyatı xatırlananda mütləq Frensis Skott Fitsceraldın da “Möhtəşəm Qeytsbi”si yada düşür, bu əsər olmadan “Caz əsri” barədə danışmaq mümkün deyil.
Bəs əsəri belə fərqli edən nə idi? Burjua cəmiyyətinin ifşasımı? Sevginin tərənnümümü? Sevgi uğrunda aparılan mücadiləmi? Əsərin axıcı və ənənəvi xətt üzrə davam etməyən, “sərt döngəli” süjetimi? Yoxsa həyatın faniliyini, absurdluğunu sübut edən növbəti şedevr olmasımı?
Hər şeydən əvvəl onu qeyd edək ki, “Möhtəşəm Qeytsbi” sevgi dastanıdır. Amma necə? Bilmirəm, Fitscerlad bu əsəri yazanda şərq nağılları ilə tanış idi, ya yox, lakin əsərin süjetindən açıq-aşkar qədim Şərq nağılları – “Min bir gecə” ilə bağlar hiss olunur.
Əsərin məzmununu burada qeyd etməzdən əvvəl zəruri bir haşiyə çıxmaq gərək. Əlbəttə sosial şəbəkələrin inkişafı, yeni informasiya vasitələri insanlara yazmaq, çap olunmaq üçün olduqca geniş imkanlar verdi. Bu kütləvi yazı prosesinə nəzər yetirdikdə ilk baxışdan elə gəlir ki, kəmiyyət çoxluğu mövzu çoxluğunu da doğuracaq. Lakin ortaya çıxan mətnlərə nəzər yetirəndə tamam ayrı bir mənzərə ilə üz-üzə qalırıq. Sevgi-məhəbbət mövzusunda olan mətnlərin çoxunda bu hiss həddindən artıq bayağı, sentimantal cümlələrlə təsvir olunur. Müxtəlifliyə baxmayaraq bu mətnlərin altındakı imzaları götürsən ayrı-ayrı qələmlərdən çıxdığı hiss olunmaz. Yəqin elə o səbəbdən də “Möhtəşəm Qeytsbi” kimi bir əsərin oxunması vacibdir. Oxuyaq görək, sevgi haqqında necə bir əsər yazmaq olar ki, bayağı və sentimental olmasın, mövzuya yanaşma və strukturu, sujeti ilə oxucunu valeh eləsin.
Hekayəni danışan Nik Karrauey təhsil almaq və işləmək üçün Nyu-Yorka gəlir və Lonq-Ayelend səmtində ev kirayələyir. Onun Dezi Bükenen adlı qohumu da burda yaşayır. O, Nikin də tanıdığı Tom adlı varlı bir idmançıya ərə gedib. Tom özündən razının bir olmaqla yanaşı, həm də irqçidir.
Bükenenlərə qonaq gələn Tom burada məşhur qolf oyunçusu xanım Cordan Beykerlə tanış olur. Bu vaxtı Tomu telefona çağırırlar. O, yan otaqda telefonda danışarkən Cordan Nikə Tomun Nyu-Yorkda sevgilisi olduğunu etiraf edir.
Elə həmin məclisdəcə Nikin Lonq-Ayelenddə qaldığını öyrənən Cordan onunla qonşuluqda yaşayan Cey Qeytsbi barədə ağız dolusu danışmağa başlayır, təşkil etdiyi ziyafətlərdən heyranlıqla bəhs edir. Tom isə ağzını büzərək, bu naməlum milyonçunun yəqin ki, butleqer (“suxoy zakon” dövründə içki qaçaqmalçılığı ilə məşğul olan adam) olduğunu iddia edir.

“Möhtəşəm Qeytsbi” filmindən
“Min bir gecə” nağıllarını yada salaq. Günlərin bir günü Bağdadın darvazasından ləl-cəvahirat yüklü dəvə karvanı daxil olur. Karvanın önündəki kəcavədə isə yaraşıqlı bir gənc oturub. Heç kəs onun kimliyini bilmir. O şəhərin ən bahalı imarətini alır, daha sonra ziyafətlər təşkil edir. Bağdadın oğlanları bu səxavətli, var-dövlətli gənclə dost olmağa çalışır, qızları isə onu özünə aşiq etmək üçün növbəyə düzülür. Cey Qeytsbiyə qarşı da belə bir heyranlıq var.
Növbəti gün Tom Niki özü ilə adadan Nyu-Yorka aparır. Yolüstü avtomobil təmiri emalatxanasının sahibi Cordan Uilsonun arvadı Mirtl da onlara qoşulur. Onlar birlikdə Tomun Nyu-Yorkda sevglisi üçün kirayələdiyi “yuva”larına gedirlər.
Nik artıq Qeytbinin hər həftənin şənbə günü o böyük villasında ziyafət təşkil etdiyindən xəbərdar idi. Hər dəfə ziyafətdən qabaq bu villaya içki şüşələri, yeməklə dolu maşınların gəlməsinin, növbəti gün ziyafətdən sonra qara torbalarla dolu zibillərin çıxmasının şahidi olurdu. Ziyafət axşamlarında məhəllə başdan-başa maşınlarla dolurdu. Deyilənə görə ziyafətə gələnlər arasında Qeytsbinin tanıdıqları ilə yanaşı heç vaxt üzünü görmədiyi, dəvətnamə göndərmədiyi adamlar da olurdu. Qeytsbi isə bundan zərrə qədər narahatlıq keçirmir, yenə də məclisdə içkilər su kimi axır, yeməklərin arası kəsilmirdi. Belə günlərin birində Qeytsbinin sürücüsü Nikə dəvətnamə gətirir.
Ziyafətdə Nik Birinci Dünya müharibəsi zamanı ABŞ qoşunlarında xidmət elədiyi əsgər yoldaşı ilə tanış olur. Sonradan məlum olur ki, həmin adam Cey Qeytbsidir. Səhəri gün Cey Niki şəhərə dəvət edir və ona bu vaxta qədər heç kəsə məlum olmayan keçmişindən danışır.
Cey Qeytsbi əslində bir zamanlar Ceyms Qeyts adlı bir gənc imiş. Gözəl bir qız sevirmiş. “Mavi gözlü” dev şeirindəki kimi xanımın xəyalı “baxçasında xanıməli bitən bir evmiş”, müharibə başlayanda sonra Ceyms əsgərliyə yollanır, sevgilisi isə onu gözləmir və ərə gedir. Müharibədən qayıtdıqdan sonra sevgilisinin onu tərk etdiyini öyrənən Ceyms həyatdan küsür. Bundan sonra sərgərdan dolaşıb şəhər-şəhər gəzməyə başlayır. Bir gün varlı bir adamla qarşılaşır. “Min bir gecə” nağıllarındakı xeyirxah qocalar kimi davranan varlı adam Ceymsi oğulluğa götürür. Həmin adamdan miras qalan pul və özünün fərasəti nəticəsində tezliklə varlanan Ceyms adını dəyişərək Cey Qeytsbi olur.
Sevgilisinin Nyu-Yorkda yaşadığını öyrənəndən sonra o, bura köçür, şəhərin ən böyük imarətlərindən birini alır. Bəlkə sevgilisi də bir gün təşrif buyurar deyə hər həftə ziyafət təşkil edib bütün Nyu-Yorku evinə yığır. Niklə Dezinin qohum olduqlarını öyrənən Cey xahiş edir ki, onları görüşdürsün. Sən demə, Qeytsbinin hələ də sevdiyi o xanım Tom Bükenenin arvadı Dezi imiş.
Cordanın da bu işlərdən xəbəri var, o Tomun qadın saxladığından xəbərdar olduğu üçün istəyir ki, Dezi də ərinin acığına Qeytsbi ilə görüşüb kefini çəksin. Nik razılaşır və Qeytsbinin imarəti ilə müqayisədə komaya oxşayan evində illərlə ayrı qalmış Cey ilə Dezini görüşdürür. Elə bil Qeystbi ilə Dezinin yenidən alovlanmış məhəbbətləri Niklə Cordana da təsir edir, onların arasında da sevgi münasibəti yaranır.
Növbəti səhnədə Tom Qeytsbi ilə tanış olur. Lakin bu tanışlıq onun Qeytsbiyə qarşı əvvəlki şübhəli münasibətini dəyişmir. Nyu-Yorkdakı “Plaza” otelində Qeystbi, Bükenenlər, Nik və Cordan içki içib dincələn zaman mübahisə yaşanır və Tom hirslənərək Qeytsbini butleqer adlandırır, onun keçmişini bildiyini deyir. Qeytsbi isə öz növbəsində hər şeyi açıb-tökür: Dezi ilə lap əvvəldən sevgili olduqlarını, Dezinin də həmişə onu sevdiyini açıqlayır.
Lakin seçim qarşısında qalan Dezi kimin tərəfini tutacağını bilmir. Əsəb və mübahisə ilə keçən bir neçə saatdan sonra geriyə qayıdası olurlar.
Geri qayıdanda Dezi əsəblərini sakitləşdirmək üçün sükan arxasına oturur. Emalatxananın qarşısından keçəndə qəfildən Corc Uilsonun arvadı yola çıxır, elə bilir gələn Tomdur və avtomobili yayındıra bilməyən Dezi qadını vurur (Qeytsbinin sarı rəngli avtomobilini bəyənən Tom şəhərə gələn zaman həmin maşını sürür və benzin doldurmaq üçün Corcun emalatxanasında dayananda yalandan deyir ki, təzə alıb, özünündür. Corcun arvadı Mirtl isə emalatxananın yuxarısındakı pəncərədən əri ilə oynaşı Tomun söhbətini eşidir).
Özünü itirən Dezi maşını saxlamaqdan çəkinir, Cey ilə birlikdə hadisə yerindən qaçırlar. Onlardan arxada Nik və Cordanla gələn Tom isə yerdə yatanın sevgilisi olduğunu görür. Mirtlın ərini sakitləşdirməyə çalışıb qayıdanda sarı maşını başqası sürdüyünü desə də əslində özünün sakitləşməyə ehtiyacı var. Tom Mirtlı itirdiyi üçün özünə gələ bilmir.
Tomgilin evlərində gələndə isə Nik qaranlıqda dayanıb evə keşik çəkən Qeytsbini görür. Qısa söhbət zamanı Qeytsbi bildirir ki, Mirtlın ölümünü öz boynuna götürəcək. O razı olmaz ki, sevgilisi həbsə düşsün.
Sonrakı səhnədə özünü itirmiş Corc Uilson Tomun evinə gələrək maşının həqiqi sahibinin kim olduğunu söyləməyi tələb edir, əks halda əlindəki tapança ilə onu öldürməklə təhdid edir. Tom maşının sahibinin Qeytsbi olduğunu boynuna alır. Corc Qeytsbinin villasına yollanan vaxt o hovuzda, çimərlik döşəyində uzanılı olur. Qəzəbli Corc həyətə girir və tipik Amerikan filmlərində olduğu kimi Qeytsbinin qarnını güllə ilə doldurur.
Nik bu xəbəri öyrənəndə ilk növbədə Deziyə zəng edib onu xəbərdar etmək istəsə də məlum olur ki, Bükenenlər gecə ikən köçlərini yığıb aradan çıxıblar. Nik Qeytsbinin tanıdığı başqa dostlarına da zəng vurur. Lakin heç kim ortaya çıxmır. Təşkil etdiyi ziyafətlərə bütün Nyu-Yorkun yığışdığı adamın dəfnində yalnız Nik, Qeytsbinin atası, xidmətçisi və bir dəfə Qeytsbinin kitabxanasında gördüyü adamdan başqa heç kim iştirak etmir.
Qısa müddət ərzində baş verən olaylardan sonra son dərəcə sarsılan Nik daha Nyu-Yorkda qala bilmir. Qərara alır ki, bir müddətə geriyə Orta Şərqə qayıtsın.
Oxucu Fitsceralddan nəsə başqa şey gözləyir. Hadisələrin axarı oxucuya üfüqü tamam başqa cür göstərərkən birdən gözlənilməzliklə qarşılaşır. Bədbəxtlik üzündən baş verən bir qəza nəticəsində Qeytsbinin həyatı məhv olur. Əslində mövzu olduqca sadədir; oğlan sevdiyi qızın naminə varlanır və onun üçün geri qayıdır. Fitsceralda qədər nağıllarda, “Aşıq Qərib” və başqa dastanlarda dəfələrlə işlənmiş mövzudur. Amma Fitscerald bu sadə mövzuya fərqli bir don geyindirməyi və oxucunu heyrətləndirməyi bacarır. Oxucu bir dəfə belə olsun romantik qəhrəmanın monoloqunu, ağrısını, sentimental hisslərini görmür. Dezi ilə Qeytsbini görüşdürən yazıçı lirizmə varmır, onların həsrətlərini üstüörtülü şəkildə göstərir. Əvəzində baş verən hadisənin miqyası Qeytsbinin məhəbbətinin böyüklüyünə şahidlik edir.
Nik dərk edir ki, bu boyda şəhərdə adı “çirkli” işlərdə hallansa belə, bir nəfər təmiz insan var, o da Qeytsbidir. Məhəbbət yolunda, sevdiyinin yolunda həyatını bütünlükdə dəyişən, onun naminə hər həftə dəbdəbəli ziyafətlər təşkil edərək bircə dəfə bu ziyafətə gəlməsini həsrətlə gözləyən, buna görə bütün qadınlardan üz döndərən, onun etdiyi cinayəti belə öz üzərinə götürməkdən qorxmayan və ən nəhayət onun yolunda ölümə belə hazır olan Qeytsbi. Möhtəşəm Qeytsbi!!!