21 fevral 1933-cü ildə ABŞ-ın Karolina əyalətində anadan olmuş Nina Simon (əsl adı Eunice Kathleen Waymon), qeyri-adi kompozisiyaları, istedadı və səsi ilə dünyada iz qoyan sənətkarlardan biridir. Caz, blyuz, soul haqqında danışarkən ağıla gələn ilk adlardan biri olan Nina Simon müğənni və pianoçu şəxsiyyətindən başqa irqçiliyə qarşı duruşuyla, fəallığıyla, vətəndaş cəmiyyəti hüquqlarının müdafiəsi üçün ortaya qoyduğu mövqeyi ilə təkcə öz dövründə yox, hər dövrdə dəbdə qalmağı bacarmışdı.
Şəhərin kilsə xorundan Juilliarda uzanan səfər
Musiqili ailədə böyüyən Nina Simonu gənc yaşlarında yaşadığı şəhərdəki kilsə xorunda olarkən musiqi müəllimi kəşf edir. Musiqi müəllimi Simona klassik fortepiano dərslərini könüllü olaraq öyrətməyə başlayır və müəlliminin dəstəyi ilə hər gün öz istedadını nümayiş etdirən və özünü inkişaf etdirən Simonun təhsil alması üçün ianə toplanır. Julliard Musiqi Məktəbinə daxil olmağı bacaran Nina Simon, maddi çətinliklər və irqçilik səbəbindən məktəbi tərk edərək ailəsinin yanına köçür. O bundan sonra Curtis Musiqi İnstitutuna müraciət etsə də, yenə də dərisinin rənginə görə qəbul edilmir.
Martin Luther King, Malcolm X, Betty Shabazz kimi məşhurlarla dostluğu bilinən Nina Simon, xüsusilə Martin Lüter Kinqin öldürülməsindən sonra mahnılarında və əsərlərində siyasi mövzular haqqında daha çox danışmağa başlayır, hətta bu vəziyyət bəzi dairələr tərəfindən tənqid olunur, izləyicilərində azalma baş verir və bu onun adına ziyan verir. Bu məzmunda ifa etdiyi Mississippi Goddam, Young, Gifted and Black və Four Women mahnılarına, Martin Lüter Kinqin öldürülməsiylə Why? (The King of Love Is Dead), To Be Young, Gifted and Black kimi musiqi parçaları da əlavə olunur.
60-cı illərin sonlarında Nina Simon artıq ABŞ-da yaşamağa dözmür və ömrünün geri qalanını Liberiya, İsveçrə, Hollandiya və Fransa kimi bir çox ölkədə yaşayır. Apardığı mübarizə, məruz qaldığı və şahidi olduğu hadisələr ona psixoloji və fiziki təsir göstərir, buna görə də o həm də sağlığı üçün mübarizə aparmağa başlayır. Ancaq nə olursa olsun, o yenə də musiqisini davam etdirir.
Gerçəkliyi əks etdirməkdən, düşüncələrini müdafiə etməkdən əl çəkməyən Nina, yaşadığı dövrdən fərqli və qeyri-standart tərzi ilə yadda qalır.