İl 2003. ABŞ Xarici İşlər Naziri Kolin Pouel ölkəsinin İraqla savaşının qaçılmaz olduğunu BMT-də elan edir. Bundan sonra Pouel və BM Təhlükəsizlik Şurası nümayəndələri mətbuat konfransı üçün ayrılmış hola keçirlər. Televiziyalar mətbuat konfransını Pouel və digər nümyəndələrin mavi bir pərdənin qarşısında dayandıqları şəkildə nümayiş etdirir. Bəs pərdənin arxasında nə vardı? Pablo Pikassonun “Gernika” əsərinin repreduksiyazı. BMT nümayəndələri savaş xəbərini vermək üçün faşizmə qarşı yaradılmış ən böyük sənət əsərlərindən biri sayılan “Gernika”nın qarşısında dayanmağı etik bilməyib tablonun üzərini mavi pərdə ilə örtmüşdülər.
…Və müharibə başladı. Sənət bu dəfə də məğlubiyyətə uğradı. Sənətin gücü müharibəni durdurmağa yetmədi. Yenə də müharibə yüzminlərlə insanı qanlı dişləri arasında əzdi.
Samuel Bekketin “Hər dəfə cəhd etdin, hər dəfə yenildin, olsun, yenə cəhd et, yenə yenil, daha yaxşı yenil” fikrində deyildiyi kimi sənət hər səfər cəhd edir və hər səfər də məğlubiyyətə uğrayır. Amma buna baxmayaraq o, uşaq sadəlövhlüyü ilə bir gün müharibələrə, savaşlara qalib gələcəyinə hər zaman inanır. Elə buna görə də bəşəriyyət durduqca müharibə əleyhinə əsərlər yaradılacaq. Şəksizdir. Bunlardan biri isə Amerika yazıçısı Kurt Vonnequtun “Sallaqxana № 5 və ya uşaqların səlib yürüşü” romanıdır.
Müharibə əleyhinə yazılmış bu əsərin elə ilk səhifəsini çevirdikdə yazıçı ilə bərabər oxucunun da necə xəyal qırıqlığına uğradığını görürük:
“Bir dəfə bunu (müəllif Drezden haqqında əsər yazmağını nəzərdə tutur) kinorejissor Harrison Starra dedim və o, qaşlarını qaldırıb soruşdu:
– Bu müharibə eleyhinə kitabdır?
– Bəli, dedim-yəqin ki.
– Bilirsən, mən adamların müharibə əleyhinə kitab yazdıqlarını eşidəndə onlara nə deyirəm?
– Yox, nə deyirsiz, cənab Starr?
– Mən deyirəm ki, onun əvəzinə niyə buzlaşma əleyhinə kitab yazmırsız?
Əlbəttə, o demək istəyirdi ki, müharibələr həmişə olacaq. Qırğınların qarşısını almaq buzlaşmanın qarşısını almaq qədər “asan”dır. Mən buna inanıram. Müharibələr buzlaqlar kimi üstümüzə hərəkət etməsələr də, köhnə tanış-ölüm həmişə olacaq.”

Kurt Vonnequt
Bu parçadan da göründüyü kimi müharibə əleyhinə əsər yazmasına baxmayaraq müəllif özü də tərəddüt içindədir, müharibələr həmişə olacaq. Nə vaxtsa kimlərsə çıxıb “Gernika”nın üzünə örpəy atacaq və bundan sonra öz qəddar niyyətini həyata keçirəcək. Eynən Femidanın gözlərinin ədalətsizliyi görməmək, onu aldatmaq üçün bağlandığını düşünənlər kimi.
1922-ci ildə ABŞ-ın İndianapolis ştatında alman miqrantının ailəsində anadan olan Kurt Vonnequt uşaqlıqdan hərdəmxəyal idi. Atası onu qardaşı kimi kimyaçı, ya da ailə adətlərinə uyğun olaraq arxitektor görmək istəsə də Kurt vaxtının çoxunu tələbə qəzetinin redaksiyasında keçirirdi.
ABŞ İkinci Dünya müharibəsinə qoşulandan sonra Kurt da könüllü olaraq müharibəyə gedir. Lakin 1944-cü ilin dekabr ayında almanlara əsir düşür, daha sonra Drezden şəhərinə göndərilir. Burada digər əsirlərlə birlikdə hamilə qadınlar üçün sirop hazırlayan zavodda çalışır. 13 fevral 1945-cil Drezden birləşmiş ingilis və Amerika hava qüvvələri tərəfindən bombalandığı gecə o, digər əsirlərlə birlikdə 5 №-li sallaqxanada, qaxac ətlərin asıldığı zirzəmidə saxlanır. Buna görə də şəhər bombalansa da Kurt sağ qalır.
Bombalanmadan sonra digər əsirlərlə birlikdə sallaqxanadan çıxan Kurt dəhşətə gəlir. Şəhər xarabalığa dönmüş, minlərlə dinc sakin külə çevrilmişdi. Digər əsirlərlə birgə cəsədləri toplayan Vonnequt ABŞ və Böyük Britaniya ordularının dinc sakinlərə qarşı törətdikləri qətliamdan dəhşətə gəlir. Bu sarsıntı onu ömür boyu tərk etmir. Vonnequtun söylədiyinə görə orada 200 mindən çox dinc sakin qətl edilmişdi. O deyir ki, Drezdendə baş verənlər Hirosimadan da dəhşətli idi. Yaponiyanın Pörl Harboru bombalamasından sonra vətənpərvərlik eşqi cuşə gələn Vonnequt yalnız indi müharibənin nə qədər amansız olduğunu anlamışdı. Elə buna görə də yaralandığı üçün ona verilən “Bənövşəyi ürək” medalına ömür boyu ironik yanaşdı.
Bu ironiya, satira, qrotesk, qara yumor Vonnequtun əsərlərinə də sirayət elədi. Yəqin ona görə ki, Vonnequt müharibə dəhşətlərini realist boyalarla verməyin mümkünsüz olduğunu anlayırdı. Onun gördüyü vəhşilikləri realistcəsinə vermək mümkünsüz idi, çünki tutalım dağılmış Drezdenin bircə fotosuna baxmaq orada nə qədər böyük faciə yaşandığını anlamağa bəs edərdi. Buna görə Vonnequt yumor, qrotesk yolunu seçmişdi. Bu cür dəhşətin, bu cür vəhşətin qarşısında yalnız dəlicəsinə qəhqəhə çəkmək olar. Başqa heç nə!
1945-ci ildə müharibədən qayıdan Kurt Vonnequt Drezdenin bombalanması haqqında yazmağı düşünür. Lakin əsərin yazılması çox uzun çəkir. Bu barədə müəllif “Sallaqxana № 5 və ya uşaqların səlib yürüşü”ndə bəhs edir: “Bu iyrənc kitabcığın mənə nə qədər baha başa gəldiyini, necə həyəcanlandırdığını və vaxt sərfiyyatı olduğunu danışmağa həvəsim yoxdur. İyirmi üç il əvvəl İkinci Dünya müharibəsindən sonra evə qayıdanda düşünürdüm ki, Drezdenin dağılması barədə yazmaq asan olacaq. Çünki sadəcə gördüklərimi kağıza köçürəcəkdim. Elə bilirdim ki, bu mənim şah əsərim olacaq və mənə çoxlu pul gətircək. Çünki mövzu çox böyük idi. Ancaq ağlıma Drezdenlə bağlı o qədər də çox şey gəlmədi. Xatirələrim kitab yazmağa kifayət etmirdi. “Pall Mall” siqaretindən, xatirələrindən və oğullarından başqa heç nəyi olmayan qoca kaftara çevriləndən sonra da, mən bu kitabı yazmaq üçün lazımlı sözləri tapa bilmirdim.”
Bütün ömrü boyu Drezden haqqında yazmağa çalışan Vonnequt sanki lazımı formanı tapa bilmir. “Sallaqxana № 5 və ya uşaqların səlib yürüşü”nə qədər artıq müəllif özünün “Utopiya 14”, “Titanın sirenaları”, “Gecə ana” “Pişik beşiyi” romanlarını yazmışdı. Yəni yazıçı kimi artıq kifayət qədər təcrübə qazanmışdı. Lakin buna baxmayaraq hələ də müharibə dəhşətlərini yazıb, bu kabus xatirələrdən xilas ola bilməmişdi.
Vonnequt hər şeydən əvvəl böyük humanist idi. O, müharibə əleyihinə roman yaratmağa çalışsa da bilirdi ki, nə yazsa istər-istəməz müharibənin təbliğinə yönələcək. Buna görə roman elə qələmə alınmalı idi ki, müharibə orda əsas planda deyil, fonda yer alsın, ona qarşı ironik yanaşma olsun, obrazların qəhrəmanlıqları, faciələri görünməsin. Deyəsən yazıçıya bu işdə müharibədə çiyin-çiynə vuruşduğu Bernard O’Heyrin həyat yoldaşı Meri kömək edir. Çünki Vonnequt müharibə haqqında xatirələrini təzələmək üçün əsgər yoldaşıgilə qonaq gedir. Orda Kurt dostu ilə müharibə xatirələrini bölüşdüyü zaman Merinin əhvalının qəfildən dəyişdiyini görür. Səbəbini öyrənmək istədikdə isə belə bir dialoq ortaya çıxır:
“- Siz o vaxt uşaq idiniz, – dedi Meri.
– Nə? – dedim.
– Siz müharibəyə gedəndə uşaq idiniz, yuxarıda oynayan övladlarınız kimi!
Onun dedikləri ilə razı olduğumu bildirmək üçün başımı yellədim. Biz müharibə vaxtı uşaqlığın son dəmlərini yaşayan axmaq bakirlər idik.
– Ancaq siz bunu olduğu kimi yazmayacaqsınız, elə deyil? – Bu sual deyildi, ittiham idi.
– Mən, mən bilmirəm – dedim.
– Əla, amma mən bilirəm, – dedi o – Siz uşaq yox, əsl kişi olduğunuzu yazacaqsınız və filmlərdə sizi Frenk Sintra, Con Ueyn kimi məşhur, müharibə sevən iyrənc gədələr oynayacaq. Müharibə elə gözəl təsvir olunacaq ki, biz daha çox qırğın görmək istəyəcəyik. Yuxarıdakılar kimi övladlar döyüşəcək.
Mən anlamışdım. Onun qəzəbinin səbəbi müharibə idi. O, nə öz uşaqlarının, nə başqalarının uşaqlarının müharibələrdə ölməyini istəyirdi. O düşünürdü ki, kitablar və filmlər insanları müharibələrə təşviq edir. Ona görə mən sağ əlimi qaldırdım və söz verdim:
– Meri, – dedim – Bu kitabın nə vaxtsa bitəcəyindən əmin deyiləm. Yəqin ki, indiyə qədər beş min səhifəyə yaxın yazmışam və hamısı zibil qabına atılıb. Əgər mən nə vaxtsa bu kitabı bitirsəm, şərəfimə and içirəm ki, orda Frenk Sinatra və Con Ueyn üçün rol olmayacaq.
– Bilirsiniz, – dedim – Mən onu “Uşaqların səlib yürüşü” adlandıracam.”
Kurt Vonnequt əsgər yoldaşının xanımına verdiyi sözü tutur və “teleqrafik-şizofrenik” stildə yarı realist, yarı fantastik roman ortaya çıxır.
Əsərin baş qəhrəmanı cansız-cəsədsiz Billi Pliqrimdir. Onun əsas -xüsusiyyəti zamanla hərəkət etmək qabiliyyətidir. O, iddia edir ki, Tralfamador planetindən gələn yadplanetlilərlə görüşüb. Vonnequt kimi müharibədə iştirak edən, Drezdenin bombalanmasını görən, külə dönmüş ölülərin daşınmasında iştirak edən Billi tez-tez bir ildən başqa ilə səyahət etmək qabiliyyətinə malikdir. Buna görə də o dəfələrlə öz ölümünü görüb.
Roman da elə bu fraqmentlər əsasında qurulub. Müəllif müharibədən danışdığı yerdə tez-tez qəhrəmanın həyatının müxtəlif illərinə sıçrayış edir. Zaman sıçrayışlarından yaranmış kollaj bütün əsəri özündə cəmləşdirir. Billi zamanla hərəkət etmək qabiliyyətinə ilk dəfə müharibə zamanı yiyələnib və elə o vaxt müharibədən sonrakı illərə səyahət edib.
Lakin Billi bu bacarığı barədə heç kəsə bildirmir, yalnız 1968-ci ildə təyyarə qəzasından sağ çıxandan sonra elan edir. Billi hətta seminarlara gəldiyi bir şəhərdə keçmiş döyüşçü yoldaşı olan qoca snayper tərəfindən öldürüləcəyini də deyir. Seminarı dinləyənlər bu xəbəri etirazla qarşıladıqda Billi onları qınayır: “Əgər siz etiraz edirsinizsə, ölümün dəhşətli bir şey olduğunu düşünürsüzsə, deməli, dediyim heç bir sözü başa düşməmisiniz.”
Billi “dediyim heç bir sözü başa düşməmisiniz” fikri ilə tralfamadorluların ona öyrətdiklərini nəzərdə tuturdu: “Tralfamadorda öyrəndiyim ən vacib şey bu idi: insan öləndə, o, sadəcə ölü kimi görünür. Çünki o, keçmişdə hələ də canlı olur və insanlar dəfn mərasimlərində ağladıqları üçün səfehdirlər. Bütün zamanlar, keçmiş də, indi də, gələcək də həmişə mövcud olub və həmişə olacaq. Trafalmadorlular müxtəlif anları görə bilirlər. Bu bizim sıra dağlarına baxmağımıza bənzəyir. Onlar bütün anların necə davamlı olduğunu görə bilirlər və onlar maraqlandıqları bütün anlara baxa bilirlər. Bizim Yerdə bir anın o birini ipə düzülən muncuqlar kimi izlədiyini və gedən anın həmişəlik getdiyini hesab etdiyimiz sadəcə xülyadır.”
Buna görə də trafalmadorlular bir adamın öldüyünü görəndə sadəcə çiyinlərini çəkib deyirlər (o, minlərlə başqa zamanda yaşadığı üçün): “Olan işdir”.
“Olan işdir”. Əsərdə nə zaman ölümdən danışılır, nə zaman kimsə ölürsə bu fraza “Allah rəhmət eləsin” kimi peyda olur. “Olan işdir” əsərdə 103 dəfə işlənilib. Bəs niyə 103 dəfə? Mənə elə gəlir ki, Vonnequt bununla Drezdenin bombalandığı 13 fevral tarixinə işarə edir. Yazıçı müharibə əleyhinə roman yazsa da başa düşür ki, bundan sonra da müharibələr baş verəcək, insanlar öləcək, qırğınlar törədiləcək. Hətta bunu Billə trafalmadorlular da bildirirlər. Yer planeti heç zaman sülh içində yaşamayacaq.
Vonnequt Drezden faciəsini qələmə almağın nə qədər çətin olduğunu anlayır, başa düşür. Onun yalnız belə deməyə gücü çatır: “Olan işdir.” Bu ifadə təkcə laqeydliyi göstərmir, o həm də əsirlikdə insan piyindən hazırlanmış şamların işığında oturmağa məcbur olmuş, əriyib mayeyə dönmüş minlərlə ölünü daşıyıb quylamağa məcbur olmuş bir insanın bu dəhşət qarşısında dəlicəsinə qəhqəhəsidir: Olan işdir. Çünki müharibə dəhşətlərini bərbəzəkli cümlələrlə vermək, onu göstərmək belə hardasa qeyri-etikdir. Müharibəni yalnız ikicə mənasız sözlə vermək bəs edər: Olan işdir.
Bu yerdə 2015-cil Nobel mükafatçısı Svetlana Aleksieviçi xatırlamaq yerinə düşər. Onun “Müharibənin qadın üzü yoxdur” və digər əsərləri bədii olmaqdan ziyadə faktolojidir. Aleksieviç müharibə dəhşətlərini görmüş qadınları tapıb, onları danışdırıb və bu etirafları, məhrumiyyətlərlə, acılarla dolu yaşantıları heç bir bədii boya vurmadan sadə dildə təqdim edib. Əlbəttə Remark kimi müharibə dəhşətlərini yazan yazıçılar da var. Amma digər tərəf də Vonnequt kimi düşünür ki, elə müharibə sözünün özü, Holokost, Hirosima, Drezden sözləri müharibənin dəhşətlərini göstərməyə bəs edir. Holokost dedikdə gördüyümüz sənədli filmlər, qaz kameralarına, krematoriyalara göndərilən bir dəri, bir sümük insanlar gözlərimizin qarşısında canlanır. Bunu isə təsvir etməyə cəhd göstərmək, nəsə başqa bir boya ilə təqdim etmək əxlaqi deyil. Buna görə Aleksieviçin Nobel almasını Vonnequtun ədəbi arzularının qələbəsi kimi də qiymətləndirmək olar. Yeri gəlmişkən, yaxın adamları öləndə, bu itkini bədii boyalarla verməyin yersiz olduğunu düşünən Dostoyevski gündəliyində yalnız bu sözü yazırmış: “Təəssüf” (“Увы”). Halbuki istəsə nə cümlələr qurarmış.

Yazıçı Kurt Vonnequtun imzası
Romanda hər cür qəhrəmanlıq Vonnequtun yumoruna tuş gəlir. Məsələn, Billinin də qoşulduğu dörd nəfərlik kəşfiyyatçı dəstəsində digər üç nəfər özlərini “Üç muşketyor”a bənzədirlər. Əlbəttə onların “Hamı, bir nəfər, bir nəfər hamı üçün” devizi qarşılaşdıqları ilk çətinlikdə əriyib yox olur. “Üç muşketyor” ifadəsinə biz əsərin digər yerlərində konfet adı kimi rast gəlirik. Yazıçı üç gənc kəşfiyyatçının “Üç müşketyor” kumirliyini uşaqların konfet sevgisi ilə eyniləşdirir. Axı onlar uşaq idilər. Müharibə dəhşətlərini dərk etmədən savaşa yollanmışdılar. Kimlərsə bu gənc, sadəlövh insanları müharibənin nəsə şərəfli, möhtəşəm, tərifəşayan bir şey olduğuna inandırmışdı. Tarix boyu həmişə belə olub. Elə əsərin yazıldığı dövrdə də Amerikanın cavan oğlanları Vyetnamda aldadılaraq öldürülürdülər. Eynən səlib yürüşləri zamanı aldadılaraq Afrikada qul kimi satılmış uşaqlar kimi. Milyonlara insanın öldüyü Səlib yürüşlərindən axı kimlər qazanc əldə etmişdi, yalnızca beş-on nəfər cəngavər.
“Sallaqxana № 5 və ya uşaqların səlib yürüşü”ndə təkcə zamanın axıcı olmaması, keçmişin, indinin, gələcəyin eyni anda baş verməsi vurğulanmır. Orda həm də zamanın geriyə axmasını arzulamaq da var: İnsanlar qocalıb ölmək yerinə cavanlaşır, uşaqlaşır, ömürlərinin sonunda isə qəbir əvəzinə ana bətninə qayıdırlar. Beləcə bəşəriyyət geriyə – Adəm və Həvva əcdadlarına doğru qayıdır. Bu xəyal İkinci Dünya müharibəsi zamanı döyüşən amerikalı qırıcı təyyarələri və onları idarə edən igid pilotlardan bəhs edən sənədli filmə axırdan əvvələ baxan zaman Billin ağlına gəlir: “Yenidən formalaşmış sıra (təyyarə sırası) od içində qalmış alman şəhərinin üstündən geri uçurdular. Şəhəri bürüyən alov möcüzəvi şəkildə azalır, yoxa çıxır, bomba silindirlərə toplanır və silindrlər üzü yuxarı açıq bomba dəliklərinə qayıdıb təyyarələrin bətninə dolurdu. Bombalar ehtiyat rəflərə qayıdırdı. Almanların sehrli təchizatı var idi. Uzun polad boruları heyət üzvlərindən və təyyarələrdən güllə və qırıntı sovurmaq üçün istifadə edirdilər. Ancaq hələ də yaralı amerikalılar və ağır vəziyyətdə olan təyyarələr qalmışdı. Fransanın üstündən keçəndə alman qırıcıları yenə gəldilər və hər kəsi, hər şeyi sağaltdılar, yenilədilər. Təyyarələr bazaya qayıdanda bombalar rəflərdən birbaşa Amerika Birləşmiş Ştatlarına göndərilirdi. Orada isə zavodlar gecə-gündüz işləyir, göndərilənləri təhlükəli və zərərsiz minerallar olmaq üzrə iki hissəyə ayırırdılar. Bu işi görənlər əsasən qadınlar idi. Sonra minerallar uzaq ərazilərə göndərilir. Bu geoloqların işi idi. Göndərilənləri yaxşıca gizlədirdilər ki, bir də heç kim zərər görməsin. Amerika pilotları uniformalarını çıxarıb məktəbli uşağa çevrilirdilər.”
Filmə axırdan-əvvələ baxmaqla yaranan xəyal – hadisələrin geriyə ekstrapolyasiyası- təkcə Billin arzusu deyil, bu həm də minlərlə insanın yanıb kül olmağını öz gözləri ilə görmüş bəxtsiz bir yazıçının – Kurt Vonnequtun arzusudur-onun Drezden arzusu. Həyat kinolent kimi geridən əvvələ fırlanır və Drezdendə, Holokostda, Hirosimada külə dönmüş yüz minlərlə insan simurq kimi küllərindən doğulur… İnsanlıq geriyə qayıtmağa başlayır… Və biz xəyali ekranda ilk yaranmış o iki insanı – Adəm və Həvvanı görürük. Hardasa onların başının üzərindəki bir ağaca qonmuş quş isə ciggildəyir: “Çik-çirik”. Elə bu romanın sonundakı kimi.