Ötən ilin sonunda Azərbaycan Dövlət Kukla Teatrında premyerası baş tutan “O qadın” adlı tamaşa fiziki və mənəvi zorakılığa məruz qalan qadınların həyat hekayələri əsasında səhnələşdirilib.
Sənədli teatr üslubunda hazırlanan tamaşanın ideya müəllifləri yazıçı-rejissor Səidə Haqverdiyeva, kinotənqidçilər Aygün Aslanlı və Sevda Sultanovadır.
Rejissor Günay Səttarın quruluş verdiyi tamaşada rolları Ülviyyə Əliyeva, Ləman Mərrih və Elgün Həmidov ifa ediblər.
Birhissəli sosial-psixoloji mövzulu tamaşanın məqsədi qadınlar arasında maarifləndirmə işi aparmaq, onlara məruz qaldıqları hər hansı zorakılıq faktına qarşı hüquqi və psixoloji dayaq nöqtəsini formalaşdırmaq və istənilən halda pozulmuş hüquqlarını bərpa etməyə cəsarətləndirməkdir.
Tamaşada qadın hüquq müdafiəçisi Mehriban Zeynalovanın qadın sığınacağında məskunlaşan qadınların, eləcə də gender üzrə mütəxəssislərin və psixoloqların videomüsahibələri də yer alıb.