Alper Canıgüzün “Oğullar ve rəncidə ruhlar” (2004) və “Cəhənnəm çiçəyi” (2013) romanları dünya detektiv nəsrininin estetik genetikasını dəyişir…
“Beş yaş insanın ən yetkin dövrüdür, sonra çürümə başlayır. Mən Alper Kamu, bir neçə ay əvvəl beş yaşıma girdim. Doğum günüm yaxınlaşarkən vaxtımın böyük hissəsini pəncərənin qarşısında, bayırdakı insanları seyr edərək keçirirdim. Sürətlənərək, yavaşlayaraq, cürbəcür səslər çıxararaq və ətraflarına baxaraq yaşayıb gedirdilər. Bir gün onlar kimi olacağımı düşünmək məni dəli edirdi. Təəssüf ki, bundan qaçmaq mümkün deyildi. Zaman mərhəmətsizdi və mən sürətlə yaşlanırdım”, “Oğullar və rəncidə ruhlar” romanının qəhrəmanı 5 yaşlı Alperin fikirləridir. Dünyaya təzə-təzə göz açan Alper həyatla ölümün arasında qalır. O, böyüməkdən, insan olmaqdan qorxur. Şekspirin “Olum, ya ölüm” devizinə göndərmə olan Alper Kamu macəraları olumlu ölümün postmodern yozumudur. “Oğullar və rəncidə ruhlar” romanı poststruktual ədəbiyyat dövrünün ən dolğun və ən yeni nağıl-romanlarından biridir. Romanın dili hər nə qədər modern olsa da, bir o qədər köhnə sözlərin sehrinə “bələnib”. Nağıl kimi ovsunlayıcı aurası və məhrəmliyi var. “Oğullar və rəncidə ruhlar” insanlığın taleyinə yazılmış olmaq ya da olmamaq ekzistensiyasına təzə və müxtəlif aspektlərdən yanaşan modern bir nağıldır. Hər şey nağıllarda qeyri-adi ola bilər: Alperin çox erkən – 5 yaşında yaşamağın çətinliyini dərk etməsi, Dostoyevskidən, Oğuz Ataydan xəbərdar olması, Nitşenin fəlsəfi görüşlərinə yeni don geyindirməsi, polislərin üstünü açmaqda aciz qaldığı gizli cinayətlərin sirrini ifşa etməsi də bu qeyri-adiliyin ecazkar ədəbi elementləridir.
Alper Kamu nağıllarıfuşaq
Canıgüz köhnə mətnlərin bünövrəsi üzərində təptəzə postsruktual roman göydələni ucaldır. Liotar postmodern nağılların əxlaqi həqiqətləri hər kəsin qəbul edəcəyi şəkildə təqdim etdiklərini söyləsə də Alper Canıgüz bu məşhur qaydanı pozur. Alper Kamu nağıllarının giriş cümləsi “Beş yaş insanın ən yetkin dövrüdür, sonra çürümə başlayır” qeyri-standart düşüncənin bariz nümunəsidir. Postmodern nağıllarda mətnin əvvəli ilə sonu arasında heç bir fərqin olmaması, əvvəllə sonun sərhədsizliyi “Oğullar ve rəncidə ruhlar” romanında zirvə nöqtəsinə dırmanır. Balaca Alperin həyata baxışı əsrlər keçsə də onun fikrində, dünya görüşündə heç bir dəyişikliyin olmayacağına əyani sübutdur.
“Oğullar və rəncidə ruhlar” quruluş və məzmunu etibarı ilə detektiv romanlardan fərqlənmir. Dedektiv xətt romanda ədəbi-estetik vitrin dekorasiyasıdır. Detektiv süjet hadisələrdə ruhi-psixoloji ovqat, paradoksal ab-hava və dramatizmi gücləndirən amildir.
Keçmişyeyənlər və şəhvət qurbanları
“Sevən insan öz taleyini sevdiyi ilə bölməlidir”, deyirdi Bulqakov. Canıgüz öz taleyini sevdiyi ilə bölə bilməyənlərin, keçmişlərini yeyərək gələcəyi də məhv edənlərin faciəsini postzaman strukturlu mətnlərində əks etdirir. “Oğullar və rəncidə ruhlar” romanında Hicabi bəy xarakteri çirkin, iyrənc əməlləri ilə yaddaşımızdan silinməyəcək. Alper Canıgüz hicabi bəydəki eybəcərliyə baxaraq gözəlliyi dərk edəcəyimizi düşünür. Yazıçının öz məqsədinə nə dərəcə də nail ola bilib-bilməməsinə diqqət yetirək: Hicabi bəyin həyat yoldaşı Neclaya verdiyi əzab-əziyyət, xarakterindəki qabalıq oxucunun diqqətini vacib bir mətləbə yönləndirir: Şəhvətə. Şəhvət hissini idarə edə bilməyən insanların həyat üçün nə qədər dəhşətli və zərərli bir anarxiyaya çevrildiklərinə şahid oluruq. Hicabi bəy ifrat intim münasibətlərin, şəhvətli duyğuların köləsidir. O, öz həyat yoldaşının başqaları ilə cinsi əlaqəyə girməsindən zövq alan mazoxistdir. Yazıçı “azad seks” şüarlarının ruhi-psixoloji sarsıntılarla, sadist intim əlaqələrlə nəticələndiyinə diqqətimizi cəlb edir. Necla da öz şəhvətinə və taleyinə aşiq olduğu Burhanı şərik edir. Evli olduğu halda Burhanla gizli eşq yaşayır. Burhan Neclanı sevdiyi üçün cismən və ruhən xəstə bir qadına dözmək məcburiyyətində qalır. Hicabi Neclanın, Necla Burhanın, Burhan da bir ailənin keçmişini məhv edir.
Alper Canıgüz türk dilinin romantik atmosferinə məhəllə şivəsinin ironiyasını qataraq hadisələrin səbəbinə ədəbi şərh verir. Biz isə keçmişi məhv edənləri belə görür və duyuruq: Keçmişyeyənlər heç olmasa rahat nəfəs ala bilməyimiz, gələcək üçün balaca işıq ucu da saxlamırlar. Keçmişyeyənlər düşmənləri xəyal edə bilmək qabiliyyətimizi belə məhv edirlər. Onlar dünyamızı hər gün bir az daha çirkinləşdirirlər.
“Cəhənnəm çiçəyi” romanının da öz şəhvət qurbanları var. Pamuk nənə yaşının ahıl vaxtında şəhvətin lənətli qurbanı olur. Nənənin Qoca avtobus sürücüsü ilə yaşadığı eşqbazlıq tragikomediya ilə nəticələnir. Canında bircə qram həyat suyu qalan qoca sürücü onu da Pamuk nənəyə olan ehtirasına xərcləyir. Sürücünün öldüyünü görən Pamuk nənə meyitin başını daşla əzərək “namusunu” xilas edən ismətli qadın donuna girir. Romanda ailəvi dostların kişi-qadın, qadın-kişi olaraq dostlaşması, həddən artıq məhrəmləşməsi və bu çirkin yaxınlığın bəhrəsi olaraq cəhənnəm meyvələri verməsi şəhvətin bədii təcəssümüdür. Canıgüz qələmi şüuru, ehtiras və instinktləri məhv edir. Türk ədəbiyyatında detektiv romanların quruluş və forması təzə və heyrətverici bir görkəmdə təqdim olunur. Murat Menteş müsahibələrindən birində deyir: “Alper Canıgüz bir-birindən möhtəşəm üç roman yazaraq dünya ədəbiyyatında bənzəri olmayan bir xarakter yaratdı: Alper Kamu. Beş yaşında bir detektiv. Kitab onu oxuyan almanların ağılların başlarından çıxardı. Alman tənqidçilər, nobelli Mo Yandan daha üstün görürlər onu. Niyə? Çünki ədəbiyyat həyəcan yaradır, çaşdırır, güldürür, heyranlıq oyandırır, özünə inam və enerji aşılayar, dünyanızı işıqlandırar …”
Dünya boyda yükü çiynində gəzdirən qızcığaz
Dünya boyda yükü çiynində gəzdirən “Qərənfil qızın hekayəsi”ni müstəqil bir əsər kimi də oxuya bilərik. “Cəhənnəm çiçəyi” romanının kiçik bir hissəsi “Qərənfil qızın hekayəsi” Alper Canıgüzün estetik idealını tərənnüm edir. Romantik səpgidə yazılmış hekayə bizə insan olduğumuzu xatırladır.
Zəlzələ nəticəsində dağıntının altında qalan Qərənfil qızın (Xədicə) hekayəsi əslində hər şeyin bitdiyi bir zamanda başlayır. Atası hər gün işdən evə gec gələrmiş Qərənfilin. Ona görə də atasını görə bilməməkdən gileylənərmiş. Bir gün yenə gec gəlsə də ata və qız filmə baxmağa gedirlər. Filmə baxa-baxa yuxuya gedən Qərənfil gözlərini açanda atasından başqa hər kəsin orada olduğunu görür. Atasının harasa çıxıb getdiyini deyirlər. Yazıq qızcığaz o gündən etibarən hər gün, hər saat atasını axtarır, uşaqlarla oynayarkən belə ata kəlməsi dilindən düşmür. Gizlən-qaç oynayarkən gizlənən uşaqların yerinə atasını axtarır. Bir də Qərənfilin yaxın bir qohumu varmış. Oğlan çox ağıllı, iti zəkalı uşaqmış. Qərənfilə atasını tapması üçün yol göstərir. Sən demə, Qərənfilin atasının yerini dünyanı buynuzlarında gəzdirən öküz bilirmiş. Qərənfil öküzü tapır. Öküz atasının yerini deyəcəyini və bunun qarşılığında qızdan bir yaxşılıq istəyəcəyini bildirir… Öküz ona zəlzələ zamanı baş verən bir hadisəni danışır: “Məsələn: dağıntı altında qalan bir ata qızından olduqları qaranlıq otağı bir kino zalı kimi xəyal etməsini istəyir. Uzaqdan, kiçik bir çatdan süzülən işığın əslində bir projektordan gəldiyini, indi diqqətlə o işığa baxaraq danışacağı hekayəni bir film kimi gözləri qarşısında canlandırmasını söyləyir. Qızcığaz aradabir xəyalları ilə qarışan bu filmə baxarkən çöldəkilər yavaş-yavaş da olsa onlara yaxınlaşmaqdadırlar; beləcə çatdan süzülən o işıq getdikcə genişlənir və parlaqlaşır. Nəhayət, bir nəfər qızı atasının güclü qollarından çəkib alır. Hafizə ağrılı anları silir, geridə heç böyüməyən bir uşağın hekayəsi qalır.
Qərənfil və öküz bir müddət dinib-danışmadan dayanıblar. Nəhayət, öküz “hazırsanmı?” deyə soruşmuş. Qız bəli mənasında başını tərpədir. Öküz çevik bir hərəkətlə özünü şəlalənin buz kimi sularının altına atıb Susuzluğunu yatırandan sonra yenidən qıza sarı çevrilib deyib. “Çox yaxşı. Zənn edirəm ikimiz də istədiyimizə çatdıq. İstəsən, yenidən dünyanı buynuzlarımın üstünə buraxa bilərsən”. Qərənfil yanaqlarından yaşlar süzülərkən gülümsəyib. “Sən, həqiqətən, çox hiyləgər heyvansan”, deyib. “Bilirsən ki, artıq bunu edə bilmərəm.”.
Elə o gündən bəri öküz otlaqlarda atılıb-düşər və inəkləri qovalarkən dünya da kiçik bir qızın çiyinləri üstündə fırlanırmış”
Dünyanın yükü insanın çiyinlərinə yüklənib düşüncəsi lakonik, romantik və bir o qədər ironik üslubda ifadə olunur. Canıgüz insaniyyət duyğusunu fərqli ədəbi metod və strukturun mərkəzinə yerləşdirir.

Alper Canıgüz
İnsanlar doğulur, ölür və sonra böyüyür
Alper Kamu doğulub, ölüb və sonra böyüyən insandır. O, sevginin olmadığı bir dünyada doğulub. Hər insanın kiçik dünyası onun doğma ailəsidir. Alperin bu məhrəm dünyasında sevgi yoxdur. Ata ilə ana bir-birilərini sevmirlər. Hələ illər əvvəl Alper anasının bətnində yaşayarkən atası öz sevdiyi qadına yazdığı məktubda bildirir ki, uşaq ölü doğularsa yenidən qovuşmaları üçün bir mane qalmayacaq. Əgər bir ata dünyaya gəlmə ərəfəsində olan övladının ölümünü arzulayırsa… Əgər bir atada ailə qurduğu qadına qarşı nəinki sevgi, xırdaca hörmət hissi belə yoxdursa… Və ana da öz növbəsində atadan geri qalmırsa… Bu sevgisiz çütlükdən “cənnət çiçəyi” deyil, “cəhənnəm çiçəyi” olan lənətli bir uşaq dünyaya gələcək.
Canıgüz “Oğullar və rəncidə ruhlar” romanında Alperin həyatına psixoanalitik təhlillərlə işıq salır: Alper Kamu Alber Kamyuya göndərmə bir xarakterdir. “Cəhənnəm çiçəyi”ndə Alperin daxili aləminə, şüur altına və ailəsi ilə olan münasibətlərə geniş yer verir. Həyatdakı ekzistensial çıxılmazlıqlar hər iki romanın tədqiqat obyektidir. Birinci romanın hissələri arasında pərakəndəlik, dağınıqlıq, mətləbdən uzaqlaşmalar müşahidə olunur. Mətnlərarası əlaqələrin çoxluğu, həddən artıq postmodern göndərmələr romanın ümumi süjet xəttini və oxunaqlılığını ağırlaşdırır. “Cəhənnəm çiçəyi” romanında Canıgüzün dil və üslubunda inkişaf sıçrayışı hiss olunur. Bu baxımdan yazıçının ən uğurlu və yetkin əsəri “Cəhənnəm çiçəyi”dir. “Cəhənnəm çiçəyi” romanında Alper Kamu obrazı dünya detektiv ədəbiyyatının məcrasını dəyişdirir. (Əlbəttə ki, Canıgüzdən əvvəl Eko, Pamuk, Oster kimi yazıçılar detektiv elementləri mətndə estetik dekor olaraq istifadə ediblər və uğurlu alınıb). Alper Canıgüz detektiv romanda mənəvi tədqiqat aparır. Alper Kamunun dünya romanındakı bütün detektiv xarakterlərdən ən böyük fərqi cinayətlərin mənəvi yönlərini araşdırmasıdır. O, sevgisiz dünyaya sevgi toxumu əkmək istəyən yazıçının ən böyük idealıdır. Sevgi işığını tapmaq üçün balaca Alper özünü fəda edir, yüzlərlə Alperləri xilas edə bilmək üçün. Alper Kamu çölün içə, için də çölə çevrilmiş halıdır. Həyatı boyu öz daxili aləmi ilə, şeytanı ilə mübarizə aparan insanın mənəvi deqradasiyasıdır. “Yaşamaq” Alper Kamunu elə bir vəziyyətə gətirib ki, Tanrının yerinə şeytana itaət edir. Deməli, Alper Kamu dünyamızdakı mənəvi aşınmanın da uşaq cildinə girmiş, şeytanlaşmış formasıdır. Səbəb? Çünki yaradılışın ən böyük məqsədi olan sevgidən hər gün bir az daha uzaqlaşırıq. Alper Kamunun dili ilə desək, şeytan belə ruhumuzu almaq istəmir. Şeytan öz yolunda olan insanla vaxt keçirməyə, enerji xərcləməyə ehtiyac duymur. Axı buna gərək varmı?
Bəs Canıgüz nə demək istəyir? Deyir ki, ey insanlar, bir-birimizə düşmən kəsilməyək, bir-birimizin haqqına girməyək, sevgisiz bircə addım belə atmayaq.