Niderland rəssamı, peyzaj janrının ustalarından biri Piter Breygelin (1525-1569) ”Jagers in de Sneeuw” rəsmi onun ”İlin fəsilləri” adlı silsiləsinə aiddir.
Adı “Ovçular qarda“ mənasını verən tablo (1565) silsiləyə aid altı əsərdən biridir. Onlardan beşi günümüzə qədər gəlib çatıb. Haqqında danışdığımız əsər isə hazırda Vyanada Sənət Tarixi Muzeyində saxlanılır.
Belçikalı kolleksiyaçı Nikolas Yongelinkin sifarişi ilə çəkilən rəsm təsviri sənətin şedevrlərdən sayılır.
“Jagers in de Sneeuw” Şimali Avropa İntibahı (Bura İngiltərə, Almaniya, İspaniya, Niderland, İsveçrə və Fransa daxildir. Şimali Avropa İntibahı İtalyan İntibahı ilə bağlı meydana gəlib. Lakin hər ölkədə onun məxsusi cəhətləri vardı) üslubunda çəkilib.
Əsərin özəlliyi gündəlik həyatdan müxtəlif epizodların vahid kompozisiyada təsviri, təbiətlə insan arasındakı harmoniyadır. Breygel heyvanları, insanları, onların gündəlik məşğuliyyətini vizual ardıcılıqla təsvir edir.
Ön planda ovdan əliboş qayıdan yorğun ovçular görünür. Yalnız onlardan birinin çiynində güllələnmiş tülkü var.
Sol tərəfdə “Dit is inden Hert” (“Maral qarşısında”) lövhəsi vurlumuş meyxana yerləşib. Lövhədə maral qarşısında diz çökmüş xristian müqəddəsi təsvir olunub. Çox güman ki, o, ovçuların himayədarı Yevstafiydır. Meyxana önündə ailə ocaq qalayır.
Bundan başqa əsərdə dəyirmanın, körpünün, evlərin, buz bağlamış çayda əylənənlərin, hətta onların kölgələrinin, evin damındakı alovu söndürən adamların təsviri yer alıb. Soyuq qış günü olsa da hamı işdə gücdədir. Kəndin arxasında qarlı dağlar və qəsr görünür. Çılpaq budaqlarda sağsağanlar oturub, biri isə havada süzür.
Rəssam ön planda tünd rənglərdən istifadə edərək arxa planlara doğru açıq rənglərə keçir və bununla da fonu, məkanı dərinləşdirir. Bu fəndi peyzaj janrına flamand rəssamı, Avropa peyzajının əsasını qoyanlardan biri İoaxim Patinir gətirib.
Beləliklə, Breygel insanların məişətindən, gündəlik həyat ritmindən fraqmentləri həm müstəqil əsər kimi, həm də ümumilikdə rəsmin ayrılmaz hissəsi kimi təqdim edir.
Insanın təbiətlə harmoniyası, ruhi tarazılıq İntibahın əsas ideyalarından sayılırdı. Bu tablolda da insan kainatın parçasıdır. Şimali Avropa İntibahında intibah filosoflarının panteist (“Hər şey Tanrıdır” deməkdir. Kainatı bütövlükdə Tanrı kimi qəbul edən fəlsəfi düşüncə) ideyaları əksini tapırdı. Yəni Tanrı yer kürəsinə uzaqdan baxmır, o, hər zərrədə mövcuddur.
Niderland rəssamlığının xüsusiyyətlərindən biri detallara aşırı diqqətdir. Müəlliflər hər xırdalığı məna ilə yükləyirdilər. Misalçün, əsərin mərkəzində quşlar üçün qurulan tələ (hərçənd, bunu dərhal sezmək mümkün olmasa da) insanın da həmişə tələ təhlükəsi ilə üzləşməsi anlamına gələ bilər.
Əsərin reproduksiyası Tarkovskinin “Solyaris” (1972) filmində təsvir olunan kosmik gəmidə asılıb və qəhrəman ona vəcdlə baxır. Bu, rejissorun dünyada nə vaxtsa olmuş cənnətə, harmoniyaya xiffəti kimi də, insanın özünün qurduğu reallıqla qarşılıqlı münasibəti kimi də yozulur.
Tarkovski əsərə yenidən “Güzgü” (1974) filmində qayıdır. Epizodlardan birinin vizual əsası kimu bu rəsmdən istifadə edir. Maraqlananlar, filmin təxminən 62-ci dəqiqəsində həmin hissəni görə bilər.
Tablo Trierin “Melanxoliya” filmində də yer alıb. Bundan başqa isveç rejissoru Roy Anderssonun “Varlıq haqda düşünən göyərçin budaqda oturmuşdu” (2014) filminin adı bu əsərdən ilhamlanıb.