Sərgidə ready-made nümunələrinin birinin qarşısında dayanmış qadın əl yaylığına baxıb başını buladı. “Guya bu yüksək sənətdir?” Tamaşaçı o anda adi bir məişət predmetini-istifadə olunmuş əl yaylığı görürdü. Və o haqlı idi. Amma əzik-üzük əl yaylığını ora asan rəssam da haqlı idi, o, bu yaylıqda bir insanın həqiqətlərini tapmışdı: həyəcanlarını, göz yaşlarını, qorxularını, ümidlərini, əzablarını, sevincini…
Ready made (ingiliscə ready – hazır, made-düzəldilmiş) konseptual sənət nümunəsidir və bu texnika əsasən təsviri sənətdə istifadə olunur.
Burada müəllif öz “əsərini”-başqasının hazırladığı və ya yazdığı, istehsal etdiyi obyekti və ya mətni bədii məqsədlərlə təqdim etmir.
Müəllifin müəllifliyi bu obyekti seçib onu bədii olmayan məkandan bədii məkana yerləşdirməkdir. Bununla da obyekt görmədiyimiz bir tərəfdən açılır və onda fərqli kontekstdə yeni səciyyə aşkarlanır.
Fransız-amerikalı rəssam Marsel Düşanın “Velosiped çarxı”, “Fontan”, “Şüşələr üçün qurutma taxçası” kimi ready made nümunələrini misal çəkmək olar. Ən sadə predmetlər bədii məkana gətirilir və o məkanda velosiped çarxı, şüşə quruducu, pissuar (unitaz növü) yeni kontekstdə yeni mənalar qazanır.
İlk ready-made nümunəsini Marsel Düşan 1913-cü ildə Nyu-Yorkda təqdim edib. Əsl dadaist kimi o, ənənənin məntiqi sonuna gəlib çıxmışdı: “Heç bir rəsm nümunəsi predmeti özündən yaxşı göstərə bilməz. Ona görə də predmetin özünü təqdim etmək onu təsvir etməkdən daha sadə və düzgündür”.
Ready made-in kökündə dadaizm dayanır. Dadaistlər sistemsizlik, bədii kanonlardan imtina kimi prinsiplərlə işləyirdilər. Onlar ədəbiyyatda təsadüfi kollaj prinsipi ilə şeirlər yaradırdılar. Alman-fransız şairi Jan Arp təsadüfən qəzetdən kəsdiyi sözləri götürüb bir-birinin ardına yapışdırır və bundan şeir düzəldirdi.
Bədii ədəbiyyatda readu-made-in alternativi “found poetry”dir (“tapılmış poeziya”). Bu ifadə adətən tərcümə olunmur.
“Found poetry”də hansısa bir mətndən götürülmüş parça bədii kontekstdə təqdim olunur və o,yeni mənalar qazanır.
Məsələn, rus şairəsi Vera Pavlova mikroorqanizmlərdə bioloji təzahürlər haqqında ensiklopedik məlumatı şeir kimi təqdim edir:
Holoqamiya– təkhüceyrəli orqanizmlərdə cinsi prosesin bəsit tiri,
bu prosesdə xüsusi cinsi hüceyrələr yox,
tam fərdlər bir-birinə qovuşurlar.
Nəticədə bioloqlardan başqa kiməsə maraqlı olmayan mətn sevgi haqqında metaforaya çevrilir.
Found poetry – mahiyyətcə postmodernizm texnikasına yaxındır. Hər iki halda başqa mətndən sitat gətirilib və bədii kontekstə salınır.
Found-poetry nümunələrini hər kəs yaza bilər – amma burda həm də oxucu özü də müəllif olmalıdır. O, mətnə öz mənasını yükləməyi bacarmalıdır. Bu müəllif-oxucu məna avtoritarizmini qəbul etməyən düşüncəyə sahib olmalıdır. O zaman belə nümunələri reklam mətnlərində, dialoqlarda, divar yazılarında, hətta informasiyalarda görmək olar.
Müasir Azərbaycan şerində dadaizm prinsiplərini Rasim Qaracanın “anlamsız şerlər”ində görmək olar:
Bilirəm bariz səril dəniz
ələnib kölgə yenər kəfən
nə olar bahar kimi sönməz
kəsilər səkkiz balıq qumsal