Ötən əsrin 20-ci illərin sonu səsin kinoya gəlişindən istifadə edən bir çox rejissorlar myuzikl, melodram və teatr tamaşalarına doğru istiqamətləndilər. Ancaq onların bu fəaliyyətləri uzun müddət davam etmədi. 1929-cu ildən başlayan və otuzuncu illərə qədər bütün dünyaya, eləcə də Fransa iqtisadiyyatına güclü təsir göstərən böyük iqtisadi böhranın, ictimai siyasi qarışıqlığın nəticəsində poetik realizm cərəyanının yaranması və kinoya gəlişi baş verdi. Orta və aşağı təbəqənin obrazının, həyatının, reallığın poetikləşdirilməsi, pessimist əhval bu estetikanın əsas cəhətlərdəndir.
Poetik realizm cərəyanına daxil edilən filmlər adından da göründüyü kimi realizm ənənəsini daşıyırdı. Çünki bu qəbildən olan filmlərdəki obrazlar daima həyatın amansızlığı ilə üz-üzə gəlirlər, onların əksəriyyəti umidsiz və çarəsizdirlər. Digər tərəfdən isə iqtisadi tənəzzül özü ilə bərabər həm də çoxlu sayda cinayətlər gətirmişdi.
Bütün bunlarla yanaşı bu filmlər həm də naturalizm təməlinə söykənərək poetik məna da daşıyırlar. Obrazlar daha çox kədərli, bədbin və bəzən də intihara meylli olan nihilistləri canlandırır. Filmin mərkəzindəki marjinal obrazlar adətən eşqlərinə çatmaq üçün şans əldə etsələr də, son məqamda onu da itirirlər. Aşağı təbəqəni təmsil edən insanların böhranlı həyatını anladan bu filmlər həmişə bədbəxt sonluqla başa çatır.
Məkanların tutqun işıqlanması, tutqun səma, dumanlı hava və tez-tez yağan yağışlı görüntülər də poetik realizm cərəyana adi edilir. Poetik realizmin bu xüsusiyyətlərindən məhz nuar kinosu da sonradan yararlandı. Bu tərz film çəkən rejissorlar estetikaya, ssenari və oradakı dialoqlara xüsusi əhəmiyyət verirdilər.

Luçino Viskonti
Cərəyanın nümayəndələri cəmiyyətin müxtəlif təbəqəsindən olan insanların problemlərinə çarəsiz obrazları və onların əsassız, aqressiv davranışları ilə mesajlar ötürür. Onlar sosializmi, sadə insanı müdafiə edir. Müharibənin məhv etməyə çalışdığı xəyalları əhəmiyyətli hesab edərək, gündəlik həyatın poetikliyini yarıqaranlıq məkanlar, yağışdan islanmış limanlar və çiskinli havalar vasitəsi ilə ekrana gətirirdilər.
Poetik realizm cərəyanının əsas nümayəndələri Aleksandr Korda, Jak Feyder, Pyer Şenal, Jan Viqo, Jan Renuar, Jülyen Dyüvive, Marsel Karne, Lukino Viskonti hesab olunurlar.
Fransız rejissoru Jan Viqonun 1933-cü ildə uşaqlıq xatirələri əsasında çəkmiş olduğu “Davranış-sıfır” adlı ilk tammetrajlı filmi və dunya kinosun incilərindən hesab olunan 1934-cü ildə ekranlaşdırılmış “Atalanta” filmi realizmin, sürrealzmin ünsürlərini özündə birləşdirir. Lakin Viqonun hər iki filmdəki əhvalatlara lirik münasibəti konkret bir poetikayla əsaslanır və onu digər poetik realistlərdən ayırır.
“Atalanta” filmində “Atalanta” adlı gəmi ilə səfərə çıxan ər və arvaddan bəhs olunur. Cüliyetta adlı kəndli qız gəmi kapitanı Jan ilə ailə qurur. Daha sonra onlar Janın gəmisinə köçüb orada yaşamağa başlayırlar. Bir müddət sonra Cülyetta gəmi həyatından yorulur. Parisin dəbdəbəli həyatı onu cəlb edir. Qadın ərinin razılığı olmadan şəhərə gəzməyə çıxır. Şəhərdə onu soyurlar, kişilər əxlaqsız təkiliflər edirlər. Jan Cülyettanı gözləmədən limandan ayırlır. Ancaq bu ayrılıq onların hər ikisini dərindən kədərləndirir. Janın ekssentrik qoca dostu Cülyettanı taparaq onları barışdırır. Poetik film sayılan “Atalanta”da poeziya və qrotesk birləşir.
Digər məşhur fransız rejissoru Marsel Karne poetik realizm cərəyanına öz töhvəsini vermiş ən məhsuldar rejissorlardan biridir. Onun 1938-ci ildə ekranlaşdırdığı “Dumanlı liman” və “Şimal oteli” filmləri bu cərəyana öz möhürünü vuran filmlərdəndir. Realizmin bütün xüsusiyyətlərini özündə daşıyan “Dumanlı liman” həmçinin yaxınlaşan böyük müharibənin cəmiyyətdə yaratdığı problemləri ümidsizlik və bədbinliyi özündə əks elətdirir. Ssenarini Jak Prever ilə birgə yazan rejissor filmə hakim olan pessimizmi müharibənin xəbərçisi kimi ekrana gətirir.

“Atalanta” filmi. Jan Viqo
Cərəyanın öncüllərindən hesab olunan rejissor Jak Freyder film karyerasının sonlarına yaxın 1934-cü ildə ekranlaşdırdığı “Böyük oyun” filmi bəhs etdiyimiz cərəyanın ən yaxşı nümunələrindən biri hesab olunur.
Jan Renuarın 1937-ci ildə lentə aldığı “Böyük illüziya” filmi bütünlüklə poetik realizm cərəyanına aid edilir. Film bir qrup fransız əsgərinin əsirlikdəki günlərindən bəhs olunur. Cərəyanın bütün ünsürlərindən istifadə edən rejissor bu filmdə bir neçə fərqli mövzu qaldıraraq onları uğurlu şəkildə təhlil edə bilir. Fərqli təbəqəyə məxsus, fərqli dillərdə danışan adamların əslində eyni problemlər ucbatından əzab çəkmələri nəzərə çarpdırılır. Beləliklə də Renuar bu filmi ilə başqa-başqa yerlərdə doğulsalar da, nəticə etibarı ilə hər kəsin insan olduğunu, müharibənin mənasızlığını və hər şeyin illüziya olması mesajını tamaşaçıya ötürür. Filmin sonunda əsirlikdən qaçan leytnant Mareşal və kəndli qadın Elizanın imkansız məhəbbəti əhvalata dərin meloxoniya qataraq filmi poetik realizmin zirvəsinə qaldırır.
İkinci Dünya müharibəsindən sonra isə poetik realizm cərəyanı İtaliya kinomatoqrafiyasına təsir göstərərək neorealizmin meydana gəlməsində rol oynayır. Lukino Viskonti və Mikelancello Antonioni kimi bir çox italiyan rejissorları karyeralarına məhz poetik realizm cərəyanına aid rejissorların assisenti kimi işləyərək başlamışdılar. Poetik realizm Fransız Yeni Dalğasına da ciddi təsir göstərib.