Zofia Kossak məşhur polyak yazıçısı və jurnalistidir. Özünün müharibədən əvvəlki əsərlərində Zofia bir çox katolik polyaklar kimi yəhudilərə yuxarıdan aşağı baxmaqdan çəkinmirdi.
1939-cu ildə almanlar tərəfindən işğal edilən Polşada antisemitizm geniş yayılmış hal idi. Bir çox polyak könüllü şəkildə yəhudilərin qətliamında iştirak edirdi. Zamanın Roma papası XII Pius da yerli təşəbbüslərlə yəhudilərin xilasında iştirak etsə də, ictimai şəkildə Hitleri qınamamışdı. Bu da əhalisinin əksəriyyəti katolik olan Polşada yəhudilərin vəziyyətini daha da pisləşdirirdi.
Amma gördüklərindən dəhşətə gələn Zofia Kossak 1942-ci ilin avqustunda, Auschwitz sobalarının tam gücüylə işlədiyi dönəmdə öz əvvəlki baxışlarına qalib gələrək Polyak xalqına bu manifestlə müraciət edir:
“Varşava gettosu hasarının o tərəfində yüzminlərlə insan öz ölümünü gözləyir. Onların nə xilasa ümidi var, nə də hardansa yardım almağa…
Qətlə yetirilmiş yəhudilərin sayı milyonu keçib və bu rəqəm günü gündən artır. Heç kimə aman yoxdur. Varlını da öldürürlər, kasıbı da, qocanı da, qadını da, kişini də, gənci də, qundağdakı körpəni də… Bu insanların yeganə günahı Hitler tərəfindən məhvə məhkum olunmuş yəhudi millətinə mənsub doğulmalarıdır.
Dünya onun tarixində baş vermiş ən dəhşətli cinayətə susqunluqla tamaşa edir. Milyonlarla əliyalın insanın kütləvi qətli ümumbəşəri düşmən susqunluğu fonunda həyata keçirilir. Cəlladlar da etdikləri ilə öyünməyərək susur. Öz etiraz səsini nə İngiltərə, nə də Amerika qaldırır. Hətta başqa vaxt özününkülərə qarşı ən xırda narazılığa həssaslıq göstərən nüfuzlu beynəlxalq yəhudi icması da səssizdir. Polyaklar da danışmır. Yəhudilərin dostu olan polyak siyasətçiləri jurnalist köşələri yazmaqla kifayətlənir, onlara düşmən polyaklar isə özlərinə yad məsələyə heç diqqət ayırmırlar. Məhv olan yəhudilərin ətrafında yalnız araya girməkdən çəkinən Pilatlar (Ponti Pilat adı İncildə keçən İsa Məsihin çarmıxa çəkilməsinə göz yuman Qədim Roma prokuratorudur – red.) var.
Bu susqunluğa daha artıq dözmək olmaz. Bizim yəhudilərə qarşı hisslərimiz dəyişməyib. Biz onları Polşanın siyasi, iqtisadi və mənəvi düşmənləri hesab etməyi tərgitməmişik. Bundan başqa biz onu da anlayırıq ki, onlar bizə almanlardan daha çox nifrət edirlər, çünki başlarına gələn zülmün məsuliyyətini bizə yükləyirlər. Nə üçün, nə əsasla? Bu sualın cavabı yəhudi qəlbinin sirrində qapalıdır, amma bu həm də durmadan təkrarlanan faktdır. İstənilən halda bu hisslərin dərk edilməsi bizi cinayəti qınamaq öhdəliyindən azad etmir.
Biz Pilatlar olmaq istəmirik. Biz hərəkətimizlə almanların cinayətlərinə qarşı çıxa bilmirik, biz heç nə edə bilmirik, heç kimi xilas etmək mümkün deyil, amma biz sidqi ürəkdən olanlara etiraz edirik. O ürəkdən ki, o şəfqət, çaşqınlıq və dəhşət hissi ilə doludur. Bu etirazı bizdən insan öldürməyi bizə qadağan etmiş Tanrı istəyir. Bunu bizdən xristian vicdanı tələb edir. İnsan adlandırılan hər varlıq yaxınını sevmə haqqına malikdir. Acizlərin ahı Göyləri intiqama çağırır. Bizim bu etirazımızı dəstəkləməyən – katolik deyil!
Biz eyni zamanda polyak olaraq da etiraz edirik. Biz inanmırıq ki, Polşa alman vəhşiliklərindən xeyir qazana bilər. Əksinə. Beynəlxalq yəhudi icmasının təkidli susqunluğunu, bu gün yəhudi qətliamının məsuliyyətini litvalıların və … polyakların boynuna qoymaq istəyən alman propoqandasını özümüzə qarşı düşmən aksiyası kimi görürük. Biz, eyni dərəcədə həm də cinayət əkininin nə qədər zəhərli olduğunu görürük. Polyak xalqının Polşa torpağında oynanan qanlı tamaşada iştiraka məcbur edilməsi, bizim içimizdə çox asan başqasının dərdinə biganəlik, sadizm və hər şeydən əvvəl öz yaxınını cəzasız şəkildə öldürmək vərdişi yetişdirə bilər. Kim ki, bunu anlamır, kim ki, Polşanın qürurlu, azad keçmişini, yaxınının faciəsiəsinə qarşı iyrənc sevinclə bir araya sığdırmağa cəsarət edir – o adam nə katolikdir, nə də polyak!”
Ancaq Zofia həyatını riskə atmaqla yazdığı bu manifestlə kifayətlənmir. Həmin ilin sentyabrında o Wanda Krahelska-Filipowiczowa ilə birgə Yəhudilərə Yardım Birliyi yaradır. Bu birlik üç ay sonra ta Polşanın alman faşizmindən azad edildiyi 1945-ci ilin yanvarına kimi gizli fəaliyyət göstərəcək “Żegota” təşkilatına çevrilir.
1943-cü ilsə Zofia bu fəaliyyətinə görə həbs olunur və Auschwitz toplama düşərgəsinə göndərilir. Daha sonra onu Varşavada yerləşən Pawiak türməsinə köçürürlər və orada ölüm hökmünə məhkum edirlər. 1944-cü ildə Zofia həbsdən azad edilir. Elə həmin ilin avqustunda o Varşava üsyanında iştirak edir. Bu üsyanda onun oğlu Tadeusz həlak olur. Bu üsyanda Zofianın digər iki azyaşlı oğlu da iştirak edir. Onlar sağ qalırlar.
Zofia özü də müharibədən sağ çıxır və bir meddət Londonda yaşayır. 1957-ci ildə isə Polşaya qayıdır və katolik dövri mətbuatında jurnalist kimi çalışır. 1964-cü ilə o, Polşada kommunist rejimin söz azadlığını boğmasına etiraz edən məşhur məktubun təşəbbüskarlarından biri olur.

Zofia Kossak
Zofia Kossak 1968-ci ildə, 78 yaşında Polşanın Bielsko-Biała şəhərində vəfat edir.
Hesab olunur ki, ikinci dünya müharibəsi dönəmində katoliklərin vicdanını xilas edən, zamanın Roma Papası deyil, məhz Zofia idi.