Xalq artisti, məşhur azərbaycanlı bəstəkar Fərəc Qarayev 1943-cü ildə Bakıda anadan olub.
2003-2005-ci illərdə Kazan Konservatoriyasının bəstəkarlıq kafedrasında professor kimi çalışıb. A.Krupp Fondunun təqaüdçüsü olub, 1991-ci ildə Volkwang Hochschule Essen’də Composer-in-residence kimi fəaliyyət göstərib.
Əsərləri MDB, Avropa, Cənubi Amerika ölkələri, ABŞ, Yaponiyada keçirilən müxtəlif festival və konsertlərdə ifa olunub.
Fərəc Qarayev həmçinin “Bir cənub şəhərində”, “Qanun naminə” kimi Azərbaycan filmlərinin də bəstəkarı olmuşdur.
Onun Samuel Bekketin “Qodonun intizarında” əsərinə bəstələdiyi eyniadlı simfonik əsər və muğam, Quran və şərq mədəni elementlərindən təsirlənərək bəstələdiyi “Xütbə, muğam və surə” əsəri tanınan işlərindəndir. Akademik Musiqili Teatr 2018-ci ildə reijssor Yunis Vəlipurun quruluşunda “Qodonun intizarında” əsərinə müraciət etmişdir.
Bəstəkarın yaradıcılığını üslub cəhətdən dəqiq xarakterizə etmək çox mürəkkəbdir, postmodern estetikasının bir çox bədii istiqamətləri və müxtəlif bəstəkarlıq texnikaları Qarayevin yaradıcılığının müxtəlif dövrlərinə təsadüf edir – buraya neoklassisizm və serializm, puantilizm və sonoristika, collage, instrumental teatr və s. aiddir.
Fərəc Qarayevin “Postludia” əsəri 1990-cı ildə bəstələnmişdir.