(22:46) Hamı kimi hərdən mənə də elə gəlir ki, cibimdə pulqabım vibrasiya verir. Yəqin ki, cibdə telefon saxlamağın zibilləridir. Fikirli halda harasa baxırsan və birdən cibin titrəyir. Sonra əl atırsan cibinə və sən demə heç nə baş vermirmiş, sadəcə sənə belə gəlir.
(22:48) İşdən yenə gec çıxmışam. Metroda dayanıb qatar gözləyirəm. Bu vaxtlar həmişə qarşıma çıxan insanlara baxıram, baxıram və tanımağa çalışıram. Məsələn, indi qarşımdan keçən, təxminən 35 yaşında olan bu qadın zövqlə geyinib. Ayaqqabısı, donu, saçları — hamısı yerindədir. Yəqin tədbirdən gəlir, ola bilər, bu iş yoldaşının ad günü də olsun. Ad günləri yaxşıdır, uzun müddət yada salmadığın insanlara dəyər verməyə bəhanən olur. Çoxdan yığılıb qalmış söhbətlər, xatirələr… hətta bir-birilərinə qarşı narazılıqları varsa, onu da həll edirlər. Hə, yeni olmayan (köhnə demirəm) paltosu pis görünmür. Tək olduğuna görə evli deyil, Bakıda bu vaxt o yaşda qadını çox az hallarda yolda tək görmək olar. Adətən övladı ilə gəzir, övladı yoxdursa həyat yoldaşı onu hardansa gətirir. Amma övladı olanlar həyat yoldaşı ilə yol getmirlər. Bu dəqiqdir, inanın mənə. Üzündən xoşbəxt birinə oxşayır, yəqin hələ tədbirin təsiridir. Eybi yox, yatıb durandan sonra keçəcək.
(22:50) Qatarım gəlir. Amma Bakmil olduğuna gec fikir verirəm. Heyif. Nərimanovda yaşayanlar çox xoşbəxtdirlər, heç olmasa Bakmilə minib rahat evə gedə bilirlər. Mən isə 28 May-da ilişib həmişə ayaq üstə gedirəm. Pulqabımı yoxlayım..aha, yerindədir. Kiçik şəhərlərdə əhalinin birdən artmasının bu yanı var ki, pulqabını və telefonunun yerində olmasını tez-tez yoxlamaq məcburiyyətində qalırsan. Tez əl atırsan…və yerində olduğunu görürsən.
(22:52) Əlində bir qutu gül olan 45 yaşlarında kişi gəlib məndən üç metr aralıda durur. Sizə deyirəm, o “Koroğlu”da düşəcək. “Koroğlu” stansiyasında şəhərin ikinci dərəcəli insanları düşür həmişə. Dərəcə məsələsi sizi hiddətləndirməsin. Açıqlayım da: birinci dərəcəli insanlar orta təbəqədən, lakin metroya minən insanlardır, şəhərin mərkəzinə daha yaxın yerlərdə yaşayırlar. Məsələn baxımlı, yaraşıqlı qızların və oğlanların hamısı “Gənclik”də, “Nərimanov”da düşür. İkincilər isə Bakıdan kənarda yaşayan kasıb əhalidir. Gülsatanlar, küçə satıcıları həmişə Koroğluda düşürlər, ordan isə hansısa avtobus onları şəhərdən bir az da uzağa tullayır ki, turistlərin və varlıların gözünə görünməsinlər.
(22:54) Sizə elə gəlmirmi ki, insanlar bir-birinə bənzəyirlər ? Məsələn, mən yolla gedəndə özlərini bir-birinə oxşatmağa çalışan xeyli insan görürəm. Eyni paltarı geyinirlər, eyni cür danışırlar, oxşar yerlərdə çalışırlar. Bizim məhəllədə də belələri çoxdur. Cındır gününə düşmüş küçələrimizdə yaşayan adamlar elə bil böyük və varlı məhəllələrdə yaşayanların prototipləridir. Məsələn, gənc qızlar Sədərək bazarından aldığı ucuz, lakin baha görünən geyimləri ilə özlərini şəhər qlamurlarına, jek müdiri isə ədaları ilə özünü nazirə oxşadır. Gənc oğlanlar ucuz və əldəqayırma Nike, Adidas geyimlərini geyərək özlərini xüsusi hiss edirlər. Onlar özlərini aldatmırlar, əksinə özlərinə çox inanırlar.
(22:56) Qatar gəlib asta-asta dayanır. Qadın və kişi də mənimlə birgə vaqona minir. Qatar dolu olsaydı gedib pəncərəyə söykənərdim, heyif ki, boşdur. Qatar yola düşür.
(22:57) Pulqabım və telefonum yerindədir. Sağ tərəfimdə iki eyni cür qara paltarı geyinmiş gənc və əlində topa çərəkə kitabı tutan yaşlı kişi oturub. Saat 11-dən sonra metroda sakit adam tapmaq çətindir, elə bilirsən ki, indi bir-birilə dalaşacaqlar. Heç biri işləyənə oxşamır.
(22:59) Sol tərəfimdə gənc oğlan telefonunda mailini yoxlayır. İnsanların telefonlarına baxmağı sevirəm. Həmişə orada qeyri-adi mesajlar, maraqlı söhbətlər görürəm. Bir ay əvvəl sərasər telefonlardakı mesajları izləyəndən sonra belə nəticəyə gəlmişdim ki, orta yaşlı kişilər adətən yalnız başqa qadınlarla danışıb, həyat yoldaşlarına uğursuz xəyanət edirlər. Niyə uğursuz? Çünki, bacarıqsızdılar. Bunu səliqəsiz və qırışmağa başlamış üzlərindən oxumaq olurdu. Oyun oynayanları, dostlarına mesaj göndərənlər çox az idi. Bu gənc oğlan kimi bahalı qiyafətdə olanlar mail-də məktub yoxlayır, qlamur qızlar isə öz şəkillərinə baxırdılar. Bu, mənim üçün cinayət deyil, çünki mən onları, onlar da məni tanımır. Bundan kimə ziyan dəyə bilər ki ?
(23:05) Qatarın taqqıltısı məni yatmağa məcbur edir.
(23:14) Oyanıram. “Koroğlu” stansiyasına çatırıq. Əlində gül qutusu tutan kişi düşməyə hazırlaşır. Qadın yoxdur. Deyəsən düşüb. Ayağa durub qapıya doğru gedirəm ki, daha tez düşüm. Daha tez düşsəm, avtobusa da tez minib boş yerdə otura bilərəm.
(23:15) “Qapılar bağlanır, növbəti stansiya “Qara Qarayev”
(23:16) Pulqabım vibrasiya vermir. Poxa qalsın, oğurlayıblar. Qara paltarlıların işidir, məndən sonra düşəcəklər. Soldakı daha cılız olanı mənə pəncərədən baxır və asta-asta gülümsəyir.