Bizim bağın axırı qəbiristanlığın başlanğıcı və meşə kimidir. Arakəsmə yoxdur. Ağaclar böyük və bir-birinə yaxın olduğundan qaranlıq olur. Elə ki payız gəlir, yarpaqlar tökülür, ağacların dibi onda işıq görür. Həmişə bağda oynayıram. Amma bağımızın bu hissəsi məni çox qorxudur. Yəqin qəbiristanlığa yaxın olduğu üçün. Bəlkə də çox qaranlıq olduğundan. Dəqiq bilmirəm. Qəribədir hə? Qorxursan amma səbəbini bilmirsən. Vur-tut bircə dəfə bağımızın bu qaranlıq yerində oldum. Yazın sonu yayın əvvəli hamının bağında sarı çiçəklər olur. Bizim bağda da. Bu çiçəkləri çox sevirəm. Rəngləri məni özlərinə çəkir. İndi bağda çiçək toplayıram. Düzdü topladığım çiçəkləri evə apara bilməyəcəm. Eyvanda nənəm məni əlimdə sarı çiçəklərlə görən kimi danlayacaq. “Nədir yenə bunları yığmısan. Axı sənə demişəm sarı çiçəyi evə gətirmək olmaz!” – deyəcək. Nənəmin fikrincə sarı çiçəkləri evə gətirsən qanqaraçılıq, ayrılıq, kədər düşər. Məncə bu fikirlər cəfəngiyyatdır. Nənəm hər dəfə belə desə də, mən yenə çiçək toplayıram. Onlarla həyətdəki yelləncəyimin ətrafını bəzəyəcəm. Bu, mənim xoşuma gəlir. Düzünə qalsa elə nənəmin də. Sarı çiçəklərlə bəzədilən yelləncəyi kim xoşlamaz ki?
Başım çiçək toplamağa yaman qarışır. Həm də beynimdə yelləncəyimi bəzəməyin xəyalını qururam. Ağacdan qopan budağın şaqqıltı səsi məni xəyallardan ayırır. Diksinirəm. Başımı qaldıranda özümü bağın qaranlıq hissəsində görürəm. Vahimə məni bürüyür. Əlimdəki çiçəklərin saplaqları çox suludur. Yox, yox mənim əllərim tərləyib. Qorxudan əllərim tərləyib. Əslində əlimdəki çiçəkləri yerə atıb, geri çevrilib, həyətə qaçmalı idim. Amma əksini edirəm. Maraq qorxu hissimə güc gəlir. Çiçəklərdən bərk yapışıb irəli addımlayıram. Qaranlıq məni çəkir sanki. Bura o qədər sakitdir ki, ürək döyüntülərimi, donumun xışıltısını eşidirəm. Kiçik addımlarım məni bağımızın ən qoca, ən böyük ağacının dibinə gətirib çıxardı. Ağacın lap yanında dar cığır vardı. Bu cığır qəbiristanlığa gedir. Cığıra baxan kimi hiss olunur ki, çoxdandır bura insan ayağı dəyməyib. Cığırla addımlayıram. Qəbiristanlığa keçirəm. Bura çox xoşuma gəlir. Heç qorxmuram. Amma nənəm həmişə deyir ki, uşaqlar tək məzarlığa getməz. Ora uşaqlar üçün çox qorxulu imiş. Heç də elə deyil. Tamamilə açıqlıq olan bu yerdə bir dənə də olsun ağac yoxdur. Sadəcə qəbirlər və onların üstündə ucalan qəbir daşları. Bura çox işıqlıdır. Bəlkə də mən qaranlıq bağdan çıxdığım üçün mənə işıqlı görünür. Ətraf çox sakitdi. Hərdən lap uzaqdan quş səsi gəlir. Ətrafa bir xeyli baxıram. Burada heç vaxt olmamışam sanki. Yox-yox bir dəfə olmuşam. Lap balaca olanda. Babamın qəbrini ziyarət etmək üçün gəlmişdik. O zaman bu qədər çox qəbir yox idi. Təzə qəbirlərə baxıram. Onsuz da heç kimi tanımıram. Lakin qəbirlərin üstünü oxumaq mənim üçün çox maraqlıdır. Bəzi qəbirlərin üstündə sadəcə ad,soyad, doğum və ölüm tarixi var. Bəzilərində isə şeir parçası, yaxud iki misra. Yavaş-yavaş qəbiristanlığa duman çökür. Özümü burda olduqca rahat hiss edirəm. Heç evə qayıtmaq istəmirəm. Geri çevrilib bağımız tərəfə baxıram. Heç nə görünmür. Hər tərəfi qatı duman bürüyüb. Bir az qorxuram. Görəsən saat neçədir? Yəqin evdəkilər məni axtarırlar. Yenidən qəbirlərin arasında gəzişirəm. Qarşıma balaca qəbir çıxır. Üstündə nə şəkil var, nə bir kəlmə yazı. Çox kədərli görünür. Ağlamaq istəyirəm. Hətta ağlayıram. İsti göz yaşım buza dönmüş yanağımı isidir. Əlimdəki çiçəkləri qəbirin üstünə qoymaq üçün əyiləndə daşın üstündə lap kiçik həriflərlə adımın yazıldığını görürəm.
***
Gözlərimi açanda anamı başımın üstündə gördüm. Ağlamaqdan gözləri qızarsa da, özünü gülümsəməyə məcbur etdi. Anam….onun qoxusu… Amma onun qoxusunu hiss etmirəm. Xəstəxanadan gələn dərman qoxusu buna imkan vermir. Anam təşvişlə ayağa qalxdı. Bu an həkim də içəri girdi. Məni müayinə etmək üçün yaxınlaşdı. Üzümə baxdı. Üzündə kədər və təəssüf ifadəsi var. Sonra anama baxdı. Anam əlləri ilə üzünü tutub dizləri üstə çökdü. Astaca yerimdən qalxıb qapıya tərəf gedirəm. Son dəfə anama baxmaq üçün çevrilirəm. Çarpayıda uzanan qıza sarılıb ağlayır.