“Xanım Pereqrinin qəribə uşaqlar üçün evi” kitabını oxuduqca uşaqlığımı xatırladım. Çoxdandır uşaq ədəbiyyatından heç nə oxumurdum. Bilmirəm bu macəra dolu romana “nağıl” demək olar ya yox, hər halda mütaliədən zövq aldım və hazırda kitab haqda fikirlərimi bölüşmək qərarına gəlmişəm.
Nağılları xoşlayırsınız? Mən şəxsən indinin özündə də, 31 yaşında olsam da nağılları çox xoşlayıram. Təbii ki, xoşhallanma, süjet maraqlı və cəlbedicidirsə baş tutur. Ümumiyyətlə nağıllar gerçək hadisələrdən ibarət olmasa da, hekayə ilə əhatəli olduğu üçün bizə maraqlı gəlir. Hətta müqəddəs hesab olunan dini səmavi kitablar belə hekayələrdən ibarətdir. Onları üstünləşdirən nüanslardan biri də budur. İnsanlar hekayələri sevirlər.
Bəs insanların hekayələrə olan sevgisi nədən qaynaqlanır?
Hə, bax, bu, məhz bizim içimizdəki “maraqlanan” tərəfimizlə bağlı bir şeydir. Maraq duyğusu insanın həyatda sağ qalması üçün vacib olan ən əhəmiyyətli keyfiyyətlərdən biri sayılır. Marağın hesabına biz oxuyur, dinləyir, anlamağa çalışır və dərk edirik. Uşaqlıqdan başlayaraq maraqlanma keyfiyyəti bizimlə birgə yaşayır. Onun yaşaması, yəni əsas etibarı ilə qidalanması üçün həmin marağın hekayələrə ehtiyacı var. Ona görə hekayələr biz marağımızı həm də hekayələrlə doydururuq. Emosianal tərəfimiz hər hekayədəki hadisə və hadisə iştirakçıları ilə bağlı bizimlə əlaqə və oxşarlıq yaradır. Şüuraltı səviyyədə özümüzü hadisələri yaşayanların yerinə qoyur və onların duyğularını hiss etməyə çalışırıq.

Rensom Riqqz
Rensom Riqqzin yazdığı ilk roman olan “Miss Peregrine’s Home for Peculiar Children”(“Xanım Pereqrinin qəribə uşaqlar üçün evi”) da xəyalları səmaya qaldıran hekayəyə malikdir. 16 yaşlı Ceykob Portman adlı yeniyetmənin dilindən yazılan roman fantastika sevənlər üçün göydəndüşmə olacaq. Ceykob ABŞ-dan Uels sahillərindəki uzaq bir adaya səfər edir. Vaxtı ilə Ceykobun babası bu məmləkətdə yerləşən uşaq evində qalırmış. İndi həmin uşaq evi xarabalığa çevirilib. Lakin Ceykobun ora gəlişi ona böyük sürpriz yaşadır. Əslində hər şey göründüyü kimi deyilmiş…
Romanın süjeti barədə səthi məlumat verirəm ki, oxumaq istəyənlərin həvəsi qaçmasın.
Burdakı fantastika bayağı və ürəkvuran elementlərdən uzaq olduğu üçün kitab ikiqat maraq yaratmaq qabiliyyətinə malikdir. Romanı oxuyan azyaşlı olsa da, o, kitabdan sıxılmır. Çünki roman oxucunun zehninə elə bir lövbər atır ki, ondan ayrıla bilmirsən.
“TEAS Press” nəşriyyat evinin uşaqlar və yeniyetmələr üçün xüsusi əmtəə nişanı olan “3 alma”nın Azərbaycan dilində kitabı təqdim etdiyi gün çox sevinmişdim. Ümumiyyətlə dilimizdə müxtəlif kitabların çıxması xoşbəxtlikdir.
Uşaqlar, yeniyetmələr, eləcə də yetkin adamlar bu kitabı zövqlə oxuya bilərlər. Düşünürəm ki, “Xanım Pereqrinin qəribə uşaqlar üçün evi” romanını bütün dünyada belə məşhur edən süjetdəki qorxulu səhnələrdir. O qorxulu səhnələr ki, hansı ki, yetkin adamı da şövqlə kitaba bağlayır. Siz həm həyəcanlanır, həm də əylənirsiniz. Kitabı başa vuranda macəranın yarımçıq qaldığını sanmışdım. Sonra öyrəndim ki, əslində hekayənin ardına bələdçi olmaq istəyən oxucular üçün Rensom Riqqzin bu kitabının ikinci hissəsi sayılan “Gözəgörünməz varlıqlar şəhəri” də nəşr olunub. Kitabsevərlər iki kitabı birdən alsalar yaxşıdır.

“Miss Peregrine’s Home for Peculiar Children” (2016). Rejissor Tim Burton
Yeri gəlmişkən, qeyd edim ki, kinorejissor Tim Burton 2016-cı ildə “Miss Peregrine’s Home for Peculiar Children” romanını ekranlaşdıraraq bədii filmə çevirib. Filmə baxmamışam deyə subyektiv fikirlərimi yaza bilməyəcəyəm. Sadəcə film barədə resenziyaları oxuyarkən məlum oldu ki, Riqqzin kitabını mütaliə edənlər filmdən elə də razı qalmayıblar. Süjetdəki bəzi ixtisarlar filmin keyfiyyətinə təsir edibmiş. Bəlkə də bu kitabdan sonra filmə müraciət olunan vaxt yaranan gözləntilərin ənənəvi şəkildə doğrulmamağından irəli gəlir. Bilmirəm, bunun üçün gərək filmə baxım. Ancaq kitabın enerjisi məni elə bürüyüb ki, hələ ki, filmə müraciət etmək həvəsində deyiləm.
Qayıdaq kitaba. Romanı maraqlı edən həm də kitabın içindəki şəkillərdir. Qəribə uşaqların qəribə formada olan ağ-qara rəngli şəkilləri oxucunu xoş şəkildə ovsunlayır. Etiraf etmək lazımdır ki, Riqqzin bu kitabı şedevr deyil, ancaq o özünəməxsusluğu ilə fərqlənir. Bu özünəməxsusluq kitabdakı hekayə və qəribə uşaqların bacarıqları ilə maraqlı tandem qurur. Şəkillər də bu marağı daha da artırır və kitabı daha interaktiv edir.
Biz, kitab boyu 16 yaşlı Ceykobun necə böyüdüyünün fərqinə varır, onun psixoloji vəziyyətinin rəngləri ilə tanış oluruq. Bütün bu psixoloji rənglər yeniyetmələrin həyata baxışını, o dövrün çılğınlığını bütün çalarları ilə göz önümüzə sərir. Ceykobun valideynləri ilə münasibəti, ətraf mühitə baxışı və hadisələrə reaksiyası yeniyetmələrin psixologiyası ilə maraqlananlar üçün də yaxşı mənbə sayıla bilər.
Düzdür müəllif əsas qəhrəman Ceykobun daxili dünyasını geniş şəkildə öz dili ilə çatdırsa da, digər personajların xarakteristikasını çox az şəkildə təsvir edib. Kitabda xoşuma gəlməyən əsas məqam bu oldu. Belə isə hər şey əla idi.
Dinamik süjetə malik bu kitabda sevgi, mistika, dəhşət və qəribə uşaqlarla qarşılaşmağa hazır olun.