Hərdən sosial mediada qadın sünnəti ilə bağlı paylaşımlar və yazılanların həqiqəti əks etdirmədiyi haqda şərhlərə rast gəlirik. Çünki insanlar “qadın sünnəti”nin nəyə lazım olduğunu bilmir. Bilməyib danışmaq yaxşı şey deyil, insanı yanlış qərarlar verməyə sövq edir. Həmvətənlərimin bu mövzuda, az da olsa, məlumatlanmasına kömək etmək üçün müasir argentinalı yazıçı Federiko Andahazinin uzun illər əvvəl oxuduğum “Anatom” kitabını çardaqda saxlanan minlərlə toz basmış kitablarımın arasından tapıb çıxardım və yenidən oxudum.
1999-cu ildə türkiyəli jurnalist Ayşə Armana verdiyi müsahibəsində, jurnalistin “ sizi heç “bu, ədəbiyyat deyil, cinsəlliyi istismar edir” deyib alçaltdılarmı?” sualına Andahazi, ““Anatom” kitabı əsla cinsəllik haqqında deyil. O, güc strukturlarının iş mexanizmindən danışır. Cinsəlliyin burda elə də əhəmiyyəti yoxdur” cavabını vermişdi.
Lakin 1515-1559-cu illərdə yaşamış italiyalı professor, anatom Mateo Realdo Kolumbun Amor Venerisi kəşfindən bəhs edən roman, oxucu və tənqidçilər tərəfindən “klitor haqqında roman”, yazıçı isə “cinsəlliyi istismar edən yazıçı” kimi qəbul olundu. Federiko Andahazi isə bu mühakimə ilə razılaşmırdı. Sözügedən müsahibədə “bu, klitor haqqında roman deyil, metaforadır. Mən tibb ilə fəlsəfə arasında əlaqə qurmuşam” deyirdi.
Andahazinin bu fikri ilə qismən razılaşmaq olar. Romanı başa düşmək üçün oxucuda müəyyən fəlsəfi biliklər olsa, yorulmaz. Fəqət oxucu və tənqidçilərlə razılaşmamaq da mümkün deyil. İllər əvvəl oxuduğum bu roman mənim yaddaşımda da “qadın sünnətinin maraqlı tarixçəsi” kimi qalıb, nə bir bədii-estetik cümlə, nə də qurğu diqqətimi çəkib. Yazıçının iddia etdiyi kimi, romanın süjetinin kilsənin iqtidar uğrunda mübarizəsi üzərində qurulması isə Amor Venerisin kəşfinin cəlbediciliyinin kölgəsində qalır.
Roman yazıçıya dünya şöhrəti gətirir, fəqət Andahazi “klitor yazıçısı” kimi tanındığından bir qədər utandığını gizlətmir. Bir başqa müsahibəsində “Anatomiya ilə bağlı başqa roman yazırdım. Kitabları araşdırarkən Mateo Kolumb çıxdı qarşıma, “Anatom”u yazdım”, deyir. Argentinada “Anatom” üçün Andahaziyə verilən mükafat “toplumun ənənəvi dəyərləri ilə uzlaşmadığı” üçün geri alınıb, amma bu zərbə romanın otuzdan çox dilə tərcümə olunmasına mane ola bilməyib.
Federiko Andahazi 1997-ci ildə 34 yaşında qələmə aldığı “Anatom”dan sonra səkkiz roman yazır və onlardan heç biri oxucudan “Anatom”un qazandığı rəğbəti qazana bilmir. Bu nəticə yenə oxucu və tənqidçilərdə “Anatom”un dünya şöhrətini daha çox Amor Venerisin kəşfinin tibbi və fəlsəfi təsvirinə görə qazandığı qənaətini gücləndirir.
Lakin yazıçının roman üçün ciddi bazis hazırladığını da görməzdən gəlmək olmaz. Andahazi romanda fikirlərini əsaslandırmaq üçün “Qərbdə qadınların tarixi” (Natali Zemaon, Arlette Farge), “De re anatomica” (Mateo Kolumb), “Leonardo da Vinçi” (Merejkovski), “Cərrahiyə tarixinin illüstrasiyası” (Knut Heyger), “Metafizika” (Aristotel) və s. kimi dəyərli kitablardan ciddi arqumentlər gətirib. Bundan başqa maraqlananlar üçün qeyd edim ki, romanda İbn Sinanın adına da bir neçə dəfə rast gəlinir.
Həmçinin kitab qədim peşənin sahibləri arasından ən yaxşı və sadiqlərinin hansı ailələrdən çıxdığı, 1558-ci ildən sonra Avropada kişilərin niyə cinsiyyət orqanlarının formasını bildirən dar şalvarlar geyindiyi kimi nadir araşdırılan suallara da cavab verir.
Gələk romanın real qəhrəmanı Mateo Kolumbun kəşfinə. Kolumb, İnes de Torremolinos adlı florensiyalı dul zadəgan pasientini müalicə edərkən Amor Venerisin (klitorun) fərqinə varır, yəni öz “Amerika”sını kəşf edir. Bundan sonra anatom, ölü və diri olmaqla 107 qadın üzərində təcrübə aparır. Anatom, qadının dişiliyini ortaya çıxaran bu orqanı, qadınların ehtiraslarını idarə edən orqan adlandırır və ona Amor Veneris – Veneranın Eşqi adını verir. Mateo Kolumb, Florensiyadan geri qayıtdıqdan bir xeyli sonra İnesə məktub yazır: “….Məni sevən sizin Amor Venerisinizdir (klitor).”
Bu əzabdan canını qurtarmaq, azad olmaq üçün İnes bıcağını itiləyir və Amor Venerisini kəsib özünü onun qara bəxtindən qurtarır. İnesə görə, klitorun kəsilməsi qadını azadlığa aparan yol idi, beləcə qadın özü öz ürəyinin səsinə hakim olacaqdı. Bundan sonra İnes böyük bir fahişəxana yaradır və ətrafında topladığı bütün qadınları “azadlığa çıxarır.”

Yazıçı Federiko Andahazi
Türkiyəli jurnalist Ayşə Arman, yuxarıda sözügedən müsahibəsində bu mövzuya da toxunur və yazıçıdan soruşur: “Kitabda İnes inanır ki, klitordan canını qurtarsa, öz ürəyinə sahib olacaq və özünü xədim edir. Belə bir hiyləyə nə ehtiyac vardı?” Andahazi cavabında, “mən Mateo Kolumb deyiləm, onu müdafiə edə bilmərəm. Bu Mateo Kolumbun sözləridir” deyir.
Lakin qadınların Amor Venerisinin faicəvi tarixçəsi bununla bitmir. Bu mövzu ən çox Kilsəni narahat edirdi. “Həvvanın qızları bilsəydilər ki, iki ayaqları arasında cənnətin və cəhənnəmin açarını saxlayırlar, nə baş verəcəkdi? Əgər Amor Veneris qadının iradəsini idarə edən orqandırsa, tibb elmi bu şəhvət oyandıran orqan üzərində hökmranlıq edə bilərdi. Bu orqanı idarə edən şəxs nəticədə qadın iradəsini də idarə edə biləcəkdi. Amor Veneris üzərində hökmranlığın yolu elmin, hətta cərrahiyənin elmi vasitələrini istifadə eləməkdən keçirdi. Toxunmağı bilməkdən. Kəsməyi bilməkdən.”
Amma inkvizisiyanın tüğyan etdiyi dövrdə yaşayan Mateo Kolumbun kəşfinin bəhrəsini ondan yüz il sonra dünyaya gələn həmkarı ingilis Harvey dərir və Hobbsun “Bədən haqqında” (“De Corpore”) adlı kitabında qeyd etdiyi kimi, Harvey “təliminin qəbul olunduğunu görən tək anatom olur.”