Balkan musiqisi daxilindəki mədəni çeşidlilik və özünəməxsus enerjisi ilə xarakterik quruluşa malikdir. Qarışıq ritm və duyğu sıxlığı ehtiva edən musiqi ənənəsi xalq oyunlarından təsirlənib. Həmçinin, bir çox Balkan ölkəsinin ənənəvi geyimi, oyunları, dilləri bir-birinə oxşardır.
Balkanlar Anadolu və Mərkəzi Avropa arasında mədəni keçid nöqtəsidir. Əsrlər boyu Osmanlı imperiyasının müstəmləkəsi altında yaşamaları həyat tərzlərinə və musiqilərinə də təsir edib. Burada Slavyan mədəniyyəti qorunub saxlansa da, Bizans və Osmanlı mədəniyyəti də ona təsir edib. Beləliklə, bir-birindən fərqli üç mədəniyyətin təsiri altında ortaya qeyri-adi üslub çıxıb.
Balkan musiqisi içindəki inkişafı fərqliliklərlə qazanıb. Şimali Yunanıstan musiqisi, Yuqoslav ənənəvi musiqiləri və təbii ki, qaraçı təsiri bu fərqliliyin mənbəyidir. Qaraçılar türk musiqisinə də önəmli təsir göstərib. Belə ki, Anadolu və Balkan musiqisi arasındakı oxşarlıq məhz qaraçı estetikasına əsaslanır.
Balkan musiqisinin özünəməxsusluğunun səbəbi təkcə mədəni təsirlər deyil. Balkanlar dedikdə ağlımıza gələn musiqi alətləri də burada mühüm rol oynayır. Son 150 il içində geniş yayılmış gitara, kamança, klarnetlə yanaşı akkordeon və truba də bu alətlərin siyahısına daxildir.
Həm kədərli, həm də sevincli günlərdə akkordeon Balkan əhalisinin ruh halını əks etdirmə gücünə sahibdir. Balkan musiqisindən danışıb sənətçilərdən isə danışmasaq olmaz. Musiqi mədəniyyətinin notlarla əbədiləşməsini reallaşdıran bəzi sənətçilər:
Qoran Breqoviç
Yuqoslaviyada doğulan Breqoviç bəstələrilə, xüsusilə rejissor Emir Kusturitsa ilə ortaq musiqi layihələrilə tanınıb. Həm rok, həm də ənənəvi Balkan musiqisi ilə məşğul olması onu diqqətdə saxlayıb. Tanınmış bəstələrindən “Ederlezi” Emir Kusturitsanın çəkdiyi “Qaraçıların zamanı” filmində də istifadə olunub. “La reine Margot”, “Arizona Dream”, “Kuduz” və “Mustafa” kimi məşhur Balkan filmlərinin musiqisini də Qoran Breqoviç işləmişdir.
Corce Balaşeviç (Đorđe Balašević)
Müharibəyə qarşı olan mövqeyi ilə Balkanların nüfuzunu qazanan Balaşeviçin musiqisi də, həyata baxışı kimi sülhsevər və sakitdir. Adətən serb dilində yazdığı musiqiləri ifa edir. “Sevdalinka” və “Balkanski Tango” bunların gözəl nümunələrindəndir.
Taraf de Haidouks
Balkan musiqisinə təsir edən önəmli etnik qruplardan birinin qaraçılar olduğunu demişdik. Taraf de Haidouks qaraçı təsirinin maraqlı nümunədir. Rumıniyalı qrup etnik musiqilərini bütün dünyaya sevdirməyi bacarıb.
Balkan musiqiçiləri fərqli millətlərdən olsalar da eyni mədəniyyətin parçasıdırlar. Yuqoslaviyanın dağılmasıyla bir-birinə nifrət edən xalqlar, ortaq musiqi ənənəsi ilə bir-birinə qaynayıb-qarışıblar. Balkan musiqisi hüzn və sevinc hisslərini bərabər şəkildə yaşadan, hələ də diri və qovuşdurucu yanı ilə hərkəsin musiqisidir.