Çox yorulmuşduq, pivə, şərab və vodka qəbul etdikdən sonra gələn yorğunluq bizi sufi dostumuz İbrahimin evinə aparmağa vadar edirdi. Bu məcburiyyətin səbəbi mənə hələ də məlum deyil, yeganə səbəb, reallıq isə bu idi ki, o anın diktəsi bizi sufi dostumuzun evinə aparırdı. Şəhərin mərkəzi küçələrindən sovetski adlanan əraziyə doğru irəliləyərkən, yeni tikilməkdə olan binalardan birinə işəyən dayı, sms icazəni yoxlayan 3 polis, tinlərin birində nəşə dolduran 2 gənc gördük.
Bütün gördüklərimiz bizə əhəmiyyətli deyildi, əsas olan ayağımızın altından sürüşüb gedən şəhər, son distansiyada bizi gözləyən macəralar idi. Spontanlıq hər bir addımımıza, gələcəkdə hədər gedəcək saniyəmizə hakim idi. Nəhayət ki, ünvana çatıb birtəhər qapını döyə bildik. Qapını açan sufi dostumuz İbrahim bizdən sakit şəkildə pilləkənlərin vasitəsi ilə yuxarı qalxmağımızı istədi. Bütün beynəlxalq təşkilatları narahat etmədən biz yuxarı qalxdıq. Bizi ilk qarşılayan müxtəlif rəngli pişiklər oldu. Müxtəlif rəngli pişiklər ilə salamlaşdıqdan sonra sehrli qırmızı otağa daxil olduq, sözün əsl mənasında otaq qırmızı rəngə boyanmışdı. Məqsədim kommunist propaqandası etmək deyil, bu otaq bütün inanc və ideologiyaların təsiri altında qalmadan qırmızı rəngə bürünmüşdü. İçdiymiz içkilər bizə şüur axınını bəxş edirdi. Bu şüur axını ilə biz otaqda olan dağınıq stolu, qırmızı işıq ilə bəzədilmiş market səbətini və bizə yad dildə danışan bir gənci müşahidə etdik. Bu gənc İbrahim ilə eyni evdə qalırdı, hansısa yaxın şərq ölkəsindən olduğunu düşünürdüm, lakin azərbaycanlılara haralısan sualını vermədiyim kimi dilini başa düşmədiyim bu gəncə də dialoqa başlamaq üçün gözəl vasitə olan bu sualı vermədən qırmızı rəngin şüuruma hakim kəsilməsinə icazə verirdim. Bu otaq əslində bizə çox şeyi ifadə edirdi, kədəri, sevinci, Bakının Xəzər dənizinin təsiri ilə gələn melanxoliyasını, keçmişdə baş verib bitmiş xatirələri, keçmiş münasibətlərimizi ifadə ediri. Əbədiyyətin ağır reallıqlarına etiraz olaraq susduq. Uzun müddət davam edən susqunluğu İbrahim tanrı haqqında yazdığı hekayələr ilə pozdu. Biz bu hekayələrə müdrik bir sima alaraq qulaq asmağa başladıq. Bu hekayələrdə şərqin ruhu və mənəviyyatı var idi. Mən və dostum Orxan isə çoxdan bu ruhdan uzaq düşmüşdük. İndi isə xəzri küləyi tək üzümüzə səpilən bu ruh bizimlə bir qırmızı otaqda üz-üzə idi, bizdən daha çox bizə yaxın idi. Biz bu hekayələri fərqində olmadan unutmuş, qumar, marixuana, içki, seks kimi müvqqəti zövqlər ilə sərhədlənmiş qərbin ruhsuzluğuna qurban vermişdik. Orxanı deyə bilmərəm, lakin içkili halda mənim mənəviyyatımda bir vicdan əzabının üsyanı baş qaldırmış, bu günə kimi nəinki qəbul hətta təbliğ etdiyim ideyalara görə utanmaq hissi daxilimdə cərəyan edib mənəvi dünyama işgəncə verirdi.
Bu söhbətlər düz 1 gün davam etdi, uzun söhbət İbrahimin sufi hekayələri ilə yanaşı Orxanın solçuluq barədə xatirələri ilə də müşaiyət edildi. Orxan da bir çox solçular kimi bi ideya ilə emosional şəkildə tanış olmuş sonradan sahib olduğu ideyalara soyuqqanlı şəkildə intellekt yükləmişdi, lakin qırmızı rəng yenə də mərkəzdə idi. Onun sahib olduğu ideyaların rəngi bu otaqda öz mövqelərini çoxdan bərpa etmişdi. Biz bu sehrli və qırmızı otaqdan çıxdıqdan sonra artıq səhər idi, insanlar isə bizim kiçik qırmızı otaqda etdiymiz söhbətləri eşitməmişcəsinə karantin qaydalarına riayət edərək küçədə qorxa-qorxa gəzir, bəziləri isə illuziyalarını dağıtmadan sakit və sabit həyat tərzi sürürdü. Bizi isə əksər cəmiyyətlərdə gedən bu monoton, boz proses qətiyyən narahat etmirdi. İlluziyalardan arınmış şəkildə həyata davam etmək ağır olduğu qədər əyləncəli olğunu uzun müddət sonra dərk edəcəkdik.
Bu hekayəni yazmaqda məqsədim bir qeyri-adi günümü oxucularımla bölüşmək idi, ardı var..