Şair, esseist Qismət Rüstəmov yazır:
“Gömrüyün hər gün biri çıxan “fətva”ları onu göstərir ki, bir azdan üç kitabdan artıq sifariş etmək qrup seks sayılacaq. Ümumiyyətlə, bu kitabların bir qutuda belə yanaşı, alt-üst pozada o boyda yolu gəlməsi külliyən zinadır. Kim qarantiya verə bilər ki, yolda Verlen Remboya əl atmayacaq, Nitşe Salomeyə girişməyəcək, Heminquey şorgözün biridir, bir də gördün Qırmızı körpüyə çathaçatda Suzan Sontaqa, ya da Virciniya Vulfa göz-qaş elədi ki, gəl, sənə tüfəngimi göstərim. Təklif edirəm, sifarişlərin bəyannamə hissəsinə ya siğə kağızı, ya da aidiyyəti qurumların “Halal” sertifikatını daxil edək.
Bir variant da ağlıma gəlib: deyirəm, bəlkə kitabxanamı öz adımdan çıxartdırıb bir qohumun adına keçirdim, səhər “Kitabxananızda Nerudanın bir kitabı varsa, ikincini ala bilməzsiniz” tipli qərar çıxsa, sənədimi təqdim edim ki, mənim yerli-dibli kitabxanam olmayıb, neçə ildir kseroksdan oxuyuram.
Smart customs adlı bir aplikasiya düzəldiblər, yeni texnologiya deyib keçməyin, məlumatı daxil edirsən, bir gün deyir ki, uşağı bağçadan götürməliyəm, o biri gün deyir ki, axşam möhkəm vurmuşam, paxmeləm, o biri gün qayıdır ki, hörmətli abonent, dəhşət tıxacdır, düş piyada get.”