“Heç olmasa hardasa bizə aid nəsə qalacaqmı?
– Heç nə, heç nə qalmayacaq. Dünya yox olandan sonra bizim nə zamansa
mövcud olduğumuz və nələrsə yaratmağımız barədə heç bir yerdə zərrə qədər də
məlumat qalmayacaq. Biz bu kainatda təkik. Xatirəmizi yaşadacaq heç kəs yoxdur…”
«Melanxoliya» filmindən
(Rejissor Lars Fon Triyer)
Qlamur çox haçalanmış bir termindir. Zamanla, məkanla yeni xüsusiyyətlər qazanan bir məfhumdur. Əgər bir müddət əvvəl onu məşhur Hollivud aktrisalarının, qərb müğənnilərinin, modelyerlərin simasında görürdüksə, sonra siyasətçilərdə, jurnalistlərdə, biznesmenlərdə və biznes ledilərdə rastlaşmağa başladıq. Bu, qlamura dəbdəbəli həyat, üslub, seksuallıq, şıqlıq, brend markalarına sevgi xaricində yeni keyfiyyətlər əlavə etdi…
Rus xalq internet ensiklopediyasında bu kəlmə yüzlərlə məna qazanıb: gözəllik, cazibə, üslub, seksuallıq, özünü gözə soxmaq, saxtalıq, böyük qəlbli gözəl adamlar, baxımlılıq, brend geyinən və s.
Amma bütün bunları yalnız bir amil bağlayır: zahiri görüntü.
Qlamur grimoire sözündəndir, fransızcadan tərcümədə cadu kitabı, tilsim, cadu deməkdir. Pərilər arasında yayılmış gözbağlıca cadusu da belə adlanırmış.
Geyimlə, aksessuarla, hərəkətlərlə insanları sehrləyən qlamur əvvəlki mahiyyətini itirməyib. Gözəlliyin şərlə iç-içə olması qlamurun tarixi ənənəsi, tərifi, mahiyyətidir bəlkə də. İndi bunu görmək elə də asan deyil, dəblə, brendlə, gözəlliklə gözləri qamaşdıran parıltının altında nələri görə bilərik?
Əbədilik iddiası
Ötənlərdə modelyer Fəxriyyə Xələfova radiodan ilin dəbləri haqqında danışanda bir kitab və ya noutbuk yerləşən iri çantaların dəbdə olacağını söylədi: “Hətta oxumasanız da, çantanıza mütləq kitab atın, çünki bu dəbdədir”.
Modelyer hansı yazıçının kitablarının dəbdə olacağını söyləsəydi, yenə də təəccüb doğurmazdı. Qlamurun bütün mahiyyəti budur: görüntü. Az əvvəl qeyd olunan misalda kitab artıq kitablıqdan çıxır, o, aksessuar kimi brendləşir.
Əslində qlamur elə intellektin – elmin və ədəbiyyatın, incəsənətin göstəricilərini bir aksessuar şəklində özündə cəmləyir. Eynəklər, kitablar, bahalı nəşrlər, dəbli geyimlər…
Qlamur intellektual elita, sənət elitası qarşısında alternativi olmadığını anlayıb və bu “heç nə”dən elə bir şey düzəldib ki, onu artıq nəyləsə dəf etmək mümkün deyil.
Pisi odur ki, bu qlamura ironiya olaraq bir forma yarana bilmir. O elə bir qüvvədir ki, “vəhşicəsinə” hər şeyi “yeyə” bilir.
Qlamurun belə “acgöz” mahiyyəti var – hər şeyin bir atributunu alıb üzünə çiləmək. Aldığının mahiyyətini aşağılamaq. Qlamura ağrı hissi yaddır, o, gözəl, baxımlı və mükəmməl olmalıdır, burada heç bir faciəviliyə yer yoxdur; sənətin, ədəbiyyatın mahiyyətindəki faciəviliyə nifrət edir, səfillikdən zəhləsi gedir, amma yenə də əbədilik iddiasında olaraq sənətə, ədəbiyyata paxıllıq edir. Qlamurun kitaba yaxınlaşması bu səbəbdəndir və o yaxınlaşdığı hər şeyi duyulmadan aşağılamaqla “yüksəlir”.
Qayda budur – gözəl olmalısan, dəbli geyinməlisən, bu mükəmməlliyi detallaradək qorumalısan. Bu görünüşdə nəyisə pozmaq bağışlanmazdır. Və təbii ki, tirajlanmaq…
Dəbdəbəli həyat sürmək, zirvədə olmaq və xoşbəxt görünmək, parlamaq.
Qlamur bir mükəmməllik fikri yaradır. Amma bu mükəmməlin altında nələr var?
Qlamur bir kompleksdir… İntellektli və bədii zövqlü insanlar qarşısında kompleks. Amma qlamur o qədər mükəmməl bir snobdur ki, kompleksli olduğunu qətiyyən büruzə verməz – hətta intellekt və bədii zövqü öz qarşısında gözükölgəli etməyə çalışar. Qlamur saymazyanalığı ilə bu komplekslərini gizlədir, lakin onun bədii-əxlaqi məzmunu olmadığı çoxlarına bəllidir.
Qlamur və hakimiyyət
Əvəzində qlamurun sosial-siyasi məzmunu var. “İndi rəsmi ideologiyamız qlamurdur”. Bunu Lev Rubinşteyn illər əvvəl Rusiya üçün demişdi. Bu qlamurluq bir “mükəmməllik nümunəsi” kimi idarə etmək haqqını müdafiə edir və o, həm də xalqla (hakimiyyət və xalq anlamında) bir sərhəd təşkil edir. Bu həddi kasıb və varlılar arasında gördüyümüz həddə oxşada bilərik. Amma o, daha incə, daha sivil, daha toxunulmaz və daha örtülüdür. Bu ideologiya yalnız maddi zənginliklə deyil, həm də mənəvi zənginliklə – həyat tərzi və ya zövqlə fərqləndiklərini göstərmək, başqa dünyanın adamları olduqlarını qabartmaq üçün seçilib. Gözəlliksə sanki tanrının bu hakimiyyətə “razılığı” idi. Məşhuri – cahan İran şahbanusu Fərəh Pəhləvidə olduğu kimi.
Qlamur həm də nümunədir. O, yüzlərlə qadının və kişinin, gəncin təqlid nümunəsidir.
Səfalətdə yaşayan insanlarla əhatələnib “qlamur” olmaq – brend geyinmək, şeir yazmaq, kitab çıxarmaq, xeyirxah qəlbli olub, urəkdağlayan müsahibələr vermək, mərhəmət göstərmək… Bir sözlə, mükəmməllik nümunəsi olmağa can atmaq… Biz ağlasığmaz olanı görəndə diksinirik, “şeytan işidir” deyirik. Çünki yalnız şeytan işi olan cadu, gözbağlıca nəticəsində bu “mükəmməllik” mümkün ola bilər.
“Şeytan Prada geyinir” filmində qlamurun gücü, imkanları göstərilir. Bu, tilsim kimi bir dünyadır. Oradan geriyə yol yoxdur. Qəhrəmanlardan biri də məhz belə deyir: “O, canlını məhv edir”.
Əyalətdən gəlmiş, ixtisasca jurnalist olan Endi moda jurnalında redaktor assistenti kimi işə düzəlir və dəyişməyə başlayır. Qlamur dünya onun yalnız görkəmini deyil, hətta adını belə dəyişir; vaxtilə bu dünyaya istehza edən qızı sözün həqiqi mənasında öz əsirinə çevirir, ona gücünü göstərir. Moda jurnalının qlamur redaktoru Endini ona görə seçir ki, o bu qlamur dünyanı vecinə almır, brend paltarlara əski-üskü kimi yanaşır və özünün dediyi kimi, savadlı və ağıllıdır. O, dəfələrlə gənc qızı öz qarşısında kompleksə salır. Başqa biri ilə başqa cürdür, amma Endi ilə ona bu cür ləzzət edir.
Filmin bir məqamında qəhrəman vicdanı ilə karyerası arasında qalır.
Rəfiqəsi ona deyir: sən ruhunu “Cinici”dən çəkmə geyinəndə satdın. Həm də o çəkmələri mənasız bir geyimlə tutuşduranda”. Lakin bu parnik adamlar dünyası Endini sonadək dəyişə bilmir. O bu dünyadan qopur, çünki buradan deyildi.
Oleq Kulik: “Qlamur canlı meyitdir. Qlamur mərhum və mərhumələrin ilk sənətidir”.
Rəssam Oleq Kulikin bu antiqlamur fikirləri qlamurun faciəsini əks etdirir. Hər şeyi görüntüyə hesablayan adamlar brend markaların, gözəl, bahalı əşyaların, dəbdəbənin əsirinə çevrilir. Xoşbəxtlik arzusuna düşdüyün andan bədbəxtsən. “Bizdə qlamur deyil, əsl qlamur başqadır” deyib Avropanı nişan verirlər. “Avropa qlamurunun kreativ qatı, dolğun daxili məzmunu var”. Bu daxili məzmun öndə olan seks, gözəllik və dəb kimi qütblər arasında qalan fərdin öz qütbləri arasında azadlığı, bəlkə də azadlıq istəyidir. Bu olsa-olsa səmimiyyətdə özünü büruzə verər. O, səmimiyyəti isə “mükəmməlliyin” üstündə dura-dura ayağının altındakı boşluğu hiss etmək qazandıra bilər. “Melanxoliyada”kı kimi…
Yenə də əbədilik iddiası
“Fokus” jurnalının ötən sayının üz qabığında Lars fon Triyerin “Melanxoliya” filmindəki qəhrəmanlardan birinin gəlin paltarındakı şəklı çap olunmuşdu. Müzakirə edərkən dostlardan biri bunu bəyənmədiyini söylədi: “Çox qlamurdur, ciddiliyilə fərqlənən kino jurnalınızın üz qabığı qlamur jurnalları xatırladır”. Onunla razılaşmışdım. Amma indi məhz bu şəklin seçilməsinin nə qədər düzgün olduğunu görürəm. Mükəmməllik rəmzi olan ağ fatalı, qlamur ağ geyimli və ölü kimi donuq sifətli gəlin suyun üzərində. Su axıb gedir, fanidir yəni. Bu gəlin filmdə qlamurun rəmzidir. Onlar iki bacıdırlar – Jüstin və Kler. Jüstinin obrazı sadəcə sifətdən deyil, peşəcə də qlamura işarə edir – hansısa reklam-dizayn şirkətində uğurlu işçidir. Seçdiyi adaxlı onu sevir, hər şey mükəmməldir, toyun bütün detalları qlamurda olduğu kimi ölçülüb-biçilib, arzulanan nöqtəyə çatıb… Və bu pik nöqtədə Jüstində hər şeyi dağıtmaq kimi qarşısıalınmaz arzu yaranır. Bacısı – intellektual sifətli Kler onu ağıllı olmağa çağırır. Amma Jüstin boşluğu, məhvə məhkumluğu hiss edir. O boşluğu ki, ondan o yana heç nə yoxdur. Bu, mükəmməllik illüziyasının dağıldığı, məhv olduğu yerdə yaranan boşluqdur. Jüstin bütün gözəlliyi ilə melanxoliyaya qapılır – çılraq bədəni ilə qayalığa uzanan Jüstin “Melanxoliya”nın (Yerlə toqquşacaq planet) yaxınlaşmasına baxır, sanki onun bədəni bu planeti cəzb edir. O planeti ki, adı “Melanxoliya”dır və yaxınlaşıb hər şeyi məhv edəcək. Bu musiqisiz kadr bir kədər ötürür, gözəllik məhvə məhkumdur. Nə qədər iddialı olursa olsun, qlamur da məhvə məhkumdur.
Qlamurun arzusu öldümü, yaşamağa heç nəyi qalmır, çünki qlamur hər şeyi məhv edir. Yer arzulanan, parıldayan, gözlənilən, istənilən ulduzla görüşdü, o planetin adı Melanxoliya imiş… Yer-insan gozəlliklə, gözəllik arzusu ilə toqquşdu və məhv oldu. Triyer deyir: qulaqlarınızı açın və eşidin, heç nə əbədi və mükəmməl deyil. Bu yaxınlaşan planetin adı “Melanxoliya”dır. O, Yerlə toqquşub idilliyanı, böyük mənada qlamur olanı (bu qlamur özündən kənarda heç kimi görmür, heç nəyə yer qoymur, hər şey bu qlamurun fonundadır) dağıdacaq. Onlar bu ada əhəmiyyət verməmişdilər. Əhəmiyyət verməyən tək onlar idimi? Bu filmi guya qiyamət qopacağı ehtimal olunan gündə efirə verən telekanallarımıza nə deyək bəs? Dünyanın əvvəli, axırı olan suyun üzərində ölü kimi uzanmış gəlin Jüstin. İllərlə qlamur sözü bu şəkillə assosiasiya olunacaq.
Qlamurun ölümü…