Əsrin sonlarında Rolan Bart Fransa ədəbiyyatında strukturalizmin başçısı kimi qəbul edildi. O, Fransa ədəbiyyatında poststurukturalist konsepsiyanın təşəkkül tapmasına böyük təsir göstərdi. Bartın “Yazının sıfır dərəcəsi”, “Mifologiya”, “ Tənqid və həqiqət”, “Mətndən alınan zövq” və digər əsərləri strukturalizm baxımından bir çox yazıçıların bədii təcrübəsinin formalaşmasında böyük rol oynadı. Məhz, Bart və “Strukturalist roman” (və ya yenilərin yenisi) məfhumu arasındakı münasibətin əsası bu cür qoyuldu. O, sübut etməyə çalışır ki, hər bir toplumun, hər bir cəmiyyətin həqiqəti dərk etmək üsulunun və təsəvvürün müəyyən özünəməxsus formaları mövcuddur. Bart əsərlərində əsasən bu cür sosial- mədəni sxemlərin formalaşmasını müəyyən ifadələrlə simvollaşdırıb ( ilk növbədə dil baxımından) onu özünə məxsus terminlə “Yazı-dil” (ecriture) kimi ifadə edir. Bartın fikrincə “Yazı” müxtəlif sosial qrupların dil predmetinə çevrilməlidir, çünki mədəni- sosial münasibətlər insanla realləq arasında sədd yaradır və ona maneə olur. Bu sistemə uyğun olaraq hər bir fərd müəyyən kateqoriya çərçivəsində fikirləşib danışmağa məcburdur. Həyatın elə sahələri var ki, onu bütün insanlar eyni dərəcədə görüb qiymətləndirməyi bacarmır. Bu baxımdan “yazıya və dilə” dövrün, zamanın tələblərindən yanaşmaq lazım gəlir. Ədəbiyyata müxtəlif tip “yazı və dillərin” toplusu kimi baxılmalı və bu halda sivilizasiyaların yaxınlaşmasına xidmət kimi təsəvvür edilməlidir. Barta görə əsərin yazı tempini yazıçının özü deyil, seçdiyi yazı forması müəyyənləşdirir.
Nəhayət, strukturalizmin tələbi bundan ibarətdir ki, mövcud həyat tarixi baxımdan dəyişir və ona öz “prizma”sından baxmağı tələb edir. Yəni yazıçının yaradıcılığını naturallaşdırır. Məhz buna görə Bart çalışır ki, hər bir “yazının və dilin sosial kökünə” varsın. Bartın ədəbiyyata bilavasitə bu baxımdan yanaşması 60-cı illərin yazıçılarına (F.Sollers, J.Tibodo, J.L.Bodri, J.P.Fay) müəyyən təsir göstərmiş oldu. Onlar da öz yaradıcılıqlarında xarici təsviri vasitələrdən uzaqlaşaraq, qəhrəmanlarının daxili- mənəvi “drama”sını istezalı vasitələrlə təsvir etməyə başladılar. Bəzi gənc yazıçılar da faciəvi refleksial situasiyaları açmaq üçün “yazı-dil” strukturundan istifadə edirdilər.
Strukturalizmin tərəfdarlarının bədii ideyası bundan ibarət idi ki, “drama” həyatın özündə deyil, insanın daxili aləmindədir. Onlar Filipp Sollersin “Drama” romanı bu cəhətdən xarakterik əsər hesab edirlər. F. Sollers romanda Bartın ədəbi konsepsiyasını bariz şəkildə həyata keçirir.
Bartın özü gecikmədən Sollersin əsərinə öz münasibətini bildirərək, sizə təqdim edilən “Drama, poema, roman” resenziya-manifestini “Kritik” jurnalında dərc etdirir və onu üç ildən sonra müəyyən izahatlarla tamamlayır.
Drama, Poema, Roman…
Dram və poema çox yaxın sözlərdir: Onların hər ikisi bir feldən, “etmək” felindən əmələ gəlir. Fərq bundadır ki, dramda nə baş verirsə, dramaturq hadisələri onun özündə tamamlayır və hadisənin özünü dramın subyektinə çevrir. (Cil cui aveneient aventures “Troya haqqında roman”). Poemada isə nə edilirsə, yazıçı hadisələrə tarixi baxımdan səthi münasibət göstərir. Poemada şair müxtəlif elementləri bir-birinə bədii cəhətdən qovuşduraraq, hadisəni obyektə çevirir. Drama hazır obyektə çevrilməyə çalışmır. Hərəkətin özü subyekt olduğundan fəaliyyətin və hadisələrin məhsuluna çevrilmək istəmir. Çünki o, fəaliyyətin özüdür. Elə buna görə də drama əvvəldən hadisənin təqdimi ilə məşğuldur. Burada müəllifin özünün hadisələrə şəxsi münasibəti ola bilər, lakin müdaxiləsi birmənalı olarq yolverilməzdir. Başqa sözlə, dramaturqun hadisələri poemalaşdırmaq imkanı yoxdur və janrın özü bundan qəti şəkildə imtina edir. Məhz, bu məqamda drama ilə poema bir-birinə qarşı dayanır. Dramaturqun vəzifəsi bu ”İnkaredilməz” inkarı qəbul etməkdən ibarətdir. Onu qəbul etməklə hərəkət yaranır və müəllifin özü də bu oyuna cəlb olunur, yəni janr nədən imtina edirsə, müəllif də ondan imtina etmək məcburiyyətindədir.
Poemada isə hadisələr “dona” bilər. Lakin oxucu bu “donuqluğu” təbii sayır. Biz dramaya hadisələrin içində baxırıq. Poemaya isə müəlliflə yanaşı əyləşib onu kənardan seyr edirik. Drama və poemanı iki körpə kimi təsəvvürümüzə gətirsək, onlardan biri ana döşündən əmdiyi süddən imtina edərək ağız da büzə bilər. İkinci körpə (poema) həmin südü şirin həyat şərbəti kimi qəbul edib içər, doymayanda birincinin payından da mənimsəyər və bu ona qüsur sayılmaz, təbii qəbul olunar. Müəllifin özü bu substansiyanı təhlil edib fərqliliyi müəyyənləşdirəndən sonra, janr etibarı ilə onu roman adlandırır. Bəli, biz (burada müəllif) janrı müəyyənləşdirməkdə bir o qədər də aciz deyilik. Bu iş əsasən tənqidin problemidir və əsərin oxunuşu ilə bağlı olan məsələdir. Məsələ ondadır ki, roman özünü tarixi nəql edən bir forma kimi artıq çoxdan təqdim edib. Artıq romanda mif, real hadisənin bədii təcəssümü epopeya formasında da öz əksini tapa bilir. İndi bizim əlimizdə romandakı hadisələrin analizi üçün iki çıxış yolu var. Birincisi nəql etmək yoludur. Buna funksional analiz və ya paradiqmatik ayırmalar deyirik. Burada söhbət bir-birinə bağlı olan bədii elementlərin ayrılmasından deyil, onu bir sıraya düzüb estetik meyarını müəyyənləşdirməkdən gedir.
İkinci yol isə xətti analizdir. Buna sintaqmatik analiz də deyirik. Yəni mətnin əvvəli sonu ilə bir-birinə məntiqi və bədii cəhətdən elə bağlıdır ki, bunun ayrılması qeyri-mümkündür. Biz janrlara münasibət məsələsində bu metodu rəhbər tutarıqsa və onu ədəbiyyatımızda “yeni” adlandırdığımız əsərə tətbiq edəriksə, bu zaman biz qəti sürətdə “Ədəbiyyat tarixi”nin qarşımızda qoyduğu məsələlərdən qətiyyətlə uzaqlaşmış olarıq. Hətta tənqidin özü müəyyən islahatlara ehtiyac duyacaqdır. (Bu iş tənqidçilərin öhdəsinə düşür və onları yeniliklər daha çox maraqlandırmalıdır).
Dramda hansı yeniliklər baş verirsə versin, hər şeydən əvvəl bizi onun avanqard mahiyyəti deyil, antropologi xüsusiyyəti (onun həqiqət anı) maraqlandıracaqdır. Bu zaman biz dramı son zamanlar hadisə hesab edilən romanla müqayisə etməyə çalışacaq və nəticədə o qərara gələcəyik ki, drama özündə hadisənin intellegibel formasını (qədim formasını) saxlayaraq onu oynayandan asılı olacaqdır. Bu zaman biz yalnız onun “həqiqət anı”nı axtarmağa çalışacağıq. Oynayan olmayan yerdə dram gözəl poema kimi oxuna bilər və bu heç də nöqsan sayılmamalıdır. Lakin bunu nümunə kimi qəbul etmək qətiyyən olmaz. Çünki nağılçı obraz deyil. Necə məharətli qiraət ustası olursa olsun onun səsi də alət sayıla bilməz. Povestlə dramın əsas fərqi də bundadır. Çünki drama üçüncü şəxsdir. Belə ki, birinci şəxsin üçüncü olması qeyri mümkündür. Təsəvvür edin ki, drama kamanın yayıdır. Bu yaydan daim oxlar buraxılır. Həmin oxlar canlı deyil, o, tamaşaçıya dəyib, öz yayına qayıdır ki, yenidən ona tuşlansın, amma bu dəfə başqa formada. Həmin oxlar obrazın düşüncəsidir.
Hər bir hadisə adətən müxtəlif rakursdan görünür və baxılır, bunu tənqidçilər modal vəziyyət adlandırırlar. Məhz, həmin vəziyyət subyektin gedən proseslərə münasibətini təyin edir. Müasir ədəbiyyat Coysdan tutmuş Prusta qədər, Sartr, Keyrol və Rob Qriy də daxil olmaqla onların yaradıcılığında həmin modal vəziyyəti axtarmaqla məşğuldur. Odur ki, Sollers öz nağıllarının anonimliyinə bizi inandıra bilməz, çünki bizim az da olsa, şəxs əvəzliklərindən xəbərimiz var və onları nə vaxt, harada və hansı məqsədlə işlətməyin lazım gəldiyini bilirik. “Drama”da Sollersin istifadə etdiyi metod ədəbiyyata çoxdan məlumdur. Əgər o, qəhrəmanının modal vəziyyətini psixoloji vəziyyət kimi bizə (oxuculara) təqdim etmək istəyirsə, onda, çox zəhmət çəkməsin, gedib “Fransız dilinin qramatikası”nı bir də oxusun, qəhrəmanına yazığı gəlsin. Əgər o, qəhrəmanının “mən”ini gedən proseslərdə görmək istəyirsə, ona (eləcə də dramaturqa) belə bir sual ünvanlasın, “Tarix nə deməkdir”. Bu məsələdə təkcə “İliada” nı oxumaqla iş bitmir. Müasir ədəbiyyat eramızdan əvvəl yaranmış kanonları bu gün tətbiq etməyin əleyhinə deyil, amma mumyalı ədəbiyyatın vaxtilə etdiklərini təkrarlamağa nə hacət var? Aristotel də, Homer də öz dövrü üçün böyük işlər görüblər. Yəqin ki, onlar da qəhrəmanlarının modal vəziyyətini psixoloji drama kimi qələmə vermək iddiasında olmayıblar, bəlkə də bu barədə heç düşünməyiblər də… Doğrudur, o dahilərin əsərləri “qızıl dövr”ün məhsuludur. Tarixi vərəqləyəndə “qızıl dövr”dən XXII əsr sonra “qızıl söz” əsri- XVIII əsrə də rast gəlirik. Ötən əsrlər ərzində çox şey dəyişib, o cümlədən ədəbiyyata baxış da. Hər halda, bu gün Fransa ədəbiyyat eramızdan əvvəl yaranmış ədəbiyyatdan geri qalmır. Gərək ki, cənab Sollers də bunu yaxşı bilir. Odur ki, müasir ədəbiyyatda gedən proseslərə nihilist münasibət düzgün deyil. Mən iddia etmirəm ki, strualizm ideal cərəyandır, lakin bilirəm ki, digər sahələr kimi ədəbiyyatın da inkişafa ehtiyacı var və bəziləri bunu istəməsələr də belə bu inkişafın qarşısı alınmalıdır …
Tərcümə: Zakir Abbas