Belarus və fransız rəssamı, XX əsr avanqardının tanınmış simalarından Mark Şaqal (1887-1985) kubizmin, ekspressionizmin və primitivizmin təsiri ilə özünəməxsus üslubunu yaradıb.
Əsərlərinin çoxunda kubizmin təsiri olsa da, tənqidçilər bu işlərin digər kubist rəsmlərindən fərqləndyini deyirdilər. Misalçün, sənətşünas Yakov Tuqendxoldun fikrincə, rus gəncləri arasında Şaqalan tabloları xüsusi seçilir:”Bu əsərlərdəki irrasionallıq heyrətləndirir, amma bu irrasionlıq psixoloji baxımdan tamamilə inandırıcıdır”.
Yaradıcılığının əsas elementi kimi rəssamın yəhudi kimliyi önəmli rol oynayıb. Onun milli temperamenti öz ifadəsini əsərlərinin obrazlar sisteminin xüsusiyyələrində tapır. Bədii fəndləri idiş dilində olan zərbi-məsəllərin vizuallaşdırılmasına və yəhudi folklorunun obrazlarının təcəssümünə əsaslanır. Şaqal özü haqda deyirdi: “Başa düşdüyüm qədərilə, əgər mən yəhudi doğulmasayadım rəssam olmazdım və ya başqa cür rəssam olardım”.
O, hətta xristian süjetlərinə yəhudi intrepretasiyasının elementlərini gətirmişdi: “A Holy Family”, ”Calvary”, “White Crucifixion”.
Rəssamın Tretyakov qalereyasında yerləşən “Above the city” (“Şəhər üzərində”,1914-18) məşhur əsərlərindən sayılır. O, rəsmdə özünü, sevdiyi qadını və Vitebski təsvir edir. Bir neçə qadınla sevgi macərası olsa da, onun ömürlük muzası arvadı Bella idi.
Vitebskdə isə o, doğulmuşdu. Və ömrünün sonunadək bu motivlər onun yaradıclığında üstünlük təşkil edirdi.
“Above the city” əsərində iki sevgili qucaqlaşaraq şəhər üzərində uçurlar. Ümumiyyətlə, Şaqalın rəsmlərində tez-tez uçan insanlar təsvir olunur. Xüsusən, seviglilərin uçması təsvirini o, sevirdi. Bu əsərdə sevgililərin uçuşu “xoşbəxtlikdən uçmaq” deyiminin metaforu kimi meydana çıxır.
Tablonun özəlliyi burda məişət detalları ilə romantikanın uyumudur. Misalçün, ön planda kimsə şalvarını aşağı salaraq, təbii ehtiyaclarını ödəməyə tələsir. Sol küncdə isə keçi görünür.
Müəllif özünü, evləri kubizm manerasında çəkib, Bellanı isə yumşaq, dəyirmi xətlərlə zərif işləyib. Kompozisiyadakı harmoniya, lirik əhval şərtiliyi arxa palana keçirir.
Kişi arxaya yönəlmiş baxışı ilə sanki sevdiyi yerlə vidalaşır. Doğrudan da az sonra o, ölkəni tərk edərək Avropaya gedir.