Budilnik çaldı. Soyuq adapterin bircə toxunuşu ilə səsi kəsdi “SEGA”. Kalendar 1993-cü ilin dekabrını göstərirdi. “SEGA” həyatında ilk dəfə heç vaxt olmadığı və adını da birinci dəfə eşitdiyi bir ölkəyə, Azərbaycana gedəcəkdi. Orada da onun bağrına oyun soxacaqdılar. Hansı oyun hələ özü də bilmir.
Budilnik səsi Arturun heç vecinə də deyildi. Tətil olsa da anası onu səhər tezdən oyatdı. Bugün Arturun həyatında manidar gün idi. İlk dəfə oyun konsoluna sahib olacaqdı. Anasının əri ona söz verdiyi hədiyyəni alacaqdı. Arturun barmaqları gicişir, o oyun nədisə tezliklə əlinə alıb oynatmaq istəyir. Dəqiqələr keçir, oyun gecikir. Artur televizorun ətəyinə qısılıb növbəti oyunu gözləyir.
Soyuq küləkli kargo təyyarəsinin zəncirlənmiş konteynerlərlə dolu zirzəmisi dinozavr səsi çıxarır. İçəridə şütüyən yel patrulları “SEGA”nın da olduğu qutunu tərpədir. Qutu tərpənir, “SEGA” tərpənir, oyun gedir. Adı özündən cavan olan torpaqlara neçə müddətə köçürdü “SEGA”? Nə qədər oynadacaqdılar onu. Bu onun beynini məşğul edən əsas sual idi. Əbədi ya əzəli? Heçkəs bilmir.
Gözləmək Arturu elə yordu ki, Artur artıq bunun kayfını tuturdu. Uşaq deyildi ki? Onun artıq 11 yaşı vardı. Bugün heç hara çıxmamaq qərarı verdi Artur. Çünki o artıq uşaq deyildi. Bu bəhanə ilə Artur həm də onu kəşf etdi ki, öz qərarlarını özü verə bilir. Həmin andan etibarən hər şeyi şəxsi qəbul etdi. Təyyarə gecikmişdi. Hava limanı bələdçiləri öz işlərinə məsuliyyətlə yanaşmırdı, baqaj gecikirdi. Passport kontrol ləngiyirdi. Və bütün bunlar niyə baş verirdi? Çünki hamı yaxşı bilirdi ki, Azərbaycana gələcək ilk “SEGA”nın sahibi Arturdu. İlk o oynayacaqdı bu unikal oyun konsolunu. Ona fərqli oyunlar salıb-salıb çıxaracaqdı. Deməli bütün ölkə onun qəsdinə durub. Heçkəs istəmir ki, Artur xoşbəxt olsun. Məgər onun baxış bucağını paylaşıb dəstəkləmək bu qədər çətindir? BƏLİ!! Artur içində hayqırdı. Həmin an Artur özündə yeni bir xüsusiyyət daha kəşf etdi. Deməli hamı ona qarşıdır. Niyə axı? Çünki Artur haqlı idi. Artur heçkəsin bilmədiyi görmədiyi baxış bucağına sahib idi və bunu bölüşməyən hərkəsi təhqir etmək haqqı doğdu Arturda. Daha bir kəşf. Bu ki, əsrarəngiz gün idi. Artıq heçnə əvvəlki tək olmayacaqdı. Artur təkcə bunu bilmirdi. İçində olduğu eyforiyanı daimi xarakteri kimi qəbul etdi. Ətrafında baş verən bütün hadisələri şəxsi qəbul etmək onu xoş bir məşğuliyyətə itələmişdi.
[Artur və “SEGA”nın məhəbbəti romanı sizin təxəyyülünüzdə davam edəcək]
* Üstündən 200 il keçməsinə baxmayaraq, 2220-ci ildə hər şey bilgisayarların olmayan əllərindədir və mən hələ də onların hamısına “SEGA” deyirəm. İstəsəz siz də deyin, zor səslənir.
S – E – E – G – A – A – A *
“SEGA” həyatımıza elə bir anda girdi ki, ölkə əcəl-mayallaq olmuşdu. Nənəm səhər 4-də bizi oyadıb pekarnıya çörək növbəsinə göndərirdi. Çünki 2 saat geciksə idin çörək qalmayacaqdı. Belə bir momentdə “SEGA” gəldi. Bu sehirli oyun konsolu haqda danışmaq özü bəs idi ki, bütün neqativdən uzaqlaşasan. Valideynlərin stressdən doğan davası, qonşuların vampir temalı qeybət enerjiləri, məhlədə səndən yaşca və bədəncə böyüklərin bullingi və sairə və ilaxır.
Mortal Kombat, Sonic, Ninja Turtles, Golden Axe, Bare Knuckle, Kapitan Tsubasa. Danışmaqdan doyurdun ki, oynamaqdan da doyasan. Oyun klubları uşaqlarla dolub daşırdı.
“- istəyirsən ver keçim”
“- kod yığım sənin üçün”
“- ala buranı keç verdə”
Bütün dünyadan təcrid olmuşduq. Çöldə baş verən hadisələri rəngsiz və aşağı səviyyəli dəyərləndirirdik. Ona görə heç qulaq belə asmırdıq. Yadımda qalan ən qabarıq şey milçək gözünə oxşar eynəkli adamlar televizorda bir-birinə bağırırdı. Evdəkilər də bolet edirdi.
Qısa müddət sonra oynadığımız oyunların filmləri, cizgi filmləri çıxmağa başladı. Ninja Tısbağalar, Kapitan Tsubasa, Mortal Kombat. Şəxsən mən elə bilirdim ki, dünyadakı qavrayışa biz yön veririk. Çünki dəfələrlə səsli olaraq dilə gətirmişdim ki, bu oyunların filmləri və cizgi filmləri çıxsa oturub maraqla izləyərəm. Sonradan öyrəndim ki, bu ekran nümunələrinin bir çoxu mən doğulmamışdan əvvəl çəkilibmiş.
Hahaha.
Bu həqiqətə indi də ürəkdən qəşş edib gülürəm.
HAHAH.
Bu nə valnadı.
Orxan Ata & Xpert