2005-ci ildə Rusiya telekanallarından birində yayımlanan verilişdə professor Sergey Kapitsa Avropanın məhv olmasından danışırdı. Kapitsanın fikrincə, liberal dəyərlər erroziyaya uğrayıb, “azadlıq” anlayışının səhv başa düşülməsi mənəvi dəyərləri məhv edib. Kapitsa deyir: “Avropa bir dəyərlər sistemi, mədəniyyət fenomeni kimi ölüm ayağındadır”.
Onun 2005-ci ildə dediyi fikirləri hələ 1995-ci ildə rejissor Yavər Rzayev tamaşaçılarla bölüşürdü. “Sarı gəlin” filminin epizodlarından birində rejissor tamaşaçının diqqətini televiziyada yayımlanan proqrama cəlb edir. Rejissor özünün ifa etdiyi “aparıcı” rolunda həmsöhbəti ilə “Avropanın süqutu və mümkün nəticələr” mövzusunu müzakirə edirlər.
Paralel başqa bir cəhətdən də maraqlıdır. Kapitsanın fikirlərini doğuran əsas fon Çeçen müharibəsidirsə, Y. Rzayevin fikirlərinin fonu Qarabağ müharibəsidir.
“Sarı gəlin”in mövzusu müharibə, hadisələrin baş verdiyi məkan isə Qarabağdır. Filmin televiziya verilişi ilə bağlı epizodu müəllif kinosuna xas fəndlə həll edilib: rejissor öz fikrini qəhrəmanın dilində verməyib. Bu, kinematoqrafiklikdən uzaq olardı. Ona görə müəllif fikirlərini televiziya aparıcısının dili ilə ifadə edib.
Filmdə yaradılmış ovqat ilk dəqiqələrdən hiss olunur. Hər şeydən əvvəl təsvir vasitəsi ilə. Y. Rzayev hər filmdə yeni operatorla işləyir. Premyerada o, operator Rövşən Quliyevi belə təqdim etdi:“mənim gözlərim”. Müxtəlif operatorlarla işləyən rejissor istədiyi nəticəni ala bilir.
“Sarı gəlin”i azərbaycanlı mentalitetinin ciddi araşdırması saymaq olar. Müəllif azərbaycanlı psixologiyası üçün “müharibə nədir, müharibə dövrünün azərbaycanlı kişisi necə olmalıdır” suallarına cavab axtarır, qadın və müharibə mövzusunda gəzişmələr edir. Tanklar rəqsi epizodu azərbaycanlı və müharibə münasibətlərinin çox uğurlu vizual həllidir. Nağara ritmləri ilə müşayiət olunan bu hissə Azərbaycan kinosunun ən güclü epizodlarından biridir. Maraqlıdır ki, müəllif üçün əsl azərbaycanlı mentalitetinin daşıyıcısı tanklar rəqsinin ifaçısı “qəhrəman zabit” yox, Hacı İsmayılovun yaratdığı Qədirdir. Zəif və köməksiz kənd rəssamı Qədir rejissorun gözündə əsl azərbaycanlı mentalitetinin daşıylcısıdır. Qədirin simasında biz özümüzü necə görürük? Əsl azərbaycanlı savaşa “yox”, barışa “hə” deyir. Prinsip etibarilə tariximiz də bunu söyləyir. Qədirin müharibəyə getməkdə məqsədi qan tökmək yox, ədaləti bərpa etmək arzusudur. Azərbaycanlı mentaliteti üçün ədalət hissi ən mühüm prinsiplərdəndir. Azərbaycanlı “ədalət” prinsipini qanunlardan, insan hüquqlarından, qəribə osla da, halallıqdan da üstün tutur. Azərbaycanlı “ədalətə” (məsələn, oğlum mütləq instituta girməlidir) görə qanunu poza (rüşvət verər, potensial tələbənin yerini tutar), halallıq anlayışını tapdalaya bilər.
Ramiz Novruzovun ifasında zabit obrazı məhz belə edir. Qardaşının qisasını almaq üçün o düşmən ordunun zabiti ilə əməkdaşlıqdan çəkinmir. Silahını düşməndən alıb öz əsgərinə tuşlayır. Qədirin isə ədalət anlayışı nisbi deyil. Müharibə onun üçün ən böyük ədalətsizlikdir. Ədaləti bərpa etmək üçün rəssam Qədir fırçanı silaha dəyişir. Lakin qədir orta statisik azərbaycanlı kimi ədaləti bərpa etmək üçün insan haqlarını, qanunu tapdamır. Əksinə, şəxsi təhlükəsizliyinin bahasına insan haqqını, öz sənətkar simasını qoruyur. Qədir orta statsitik azərbaycanlı yox, azərbaycanlıdır.
“Sarı gəlin” film manifestdir.
Rejissor manifestin dalınca qaçıb sırf peşəkar tələbləri də yerinə yetirməyi unutmayıb. 1970-ci illərin sonundan etibarən Azərbaycan kinosunda mizanların keyfiyyət problemi ortaya çıxdı. Film tamaşaçını Seyidzadə, Seyidbəyli dövürünün mizanlarının keyfiyyətinə qaytaırır. Rejissor üçün mizan sırf texniki məsələ deyil, plastik həllin tərkib hissəsi, rejissor fikrini çatdımaq vasitəsidir. “Əsirin güllənlənməsi”, “qanlı toy”, “tankların rəqsi” epozodları kamil mizan həlli ilə seçilir.
Azərbaycan kinosunda təsvirin musiqiyə qurban verilməsi kimi antikinematoqrafik həllə tez-tez rast gəlinir. Amma “Sarı gəlin” asketik musiqi həlli ilə fərqlənir. Rejissor “Sarı gəlin” xalq mahnısını filmin dramaturji elementinə çevirə bilib.
Filmin qəhrəmanları tipaj olaraq Azərbaycan kinosu üçün yad deyil. Kinomuzun tarixini yada salsaq, filmin qəhrəmanlarının əcdadlarını asanlıqla tanıyarıq. Qədirin “kinoəcdadı” “Ad günü”ndəki baş qəgrəmandır. Birinci filmdə H.İsmaylov firavan Azərbaycanın “ortabab” (bu ifadəmdə ironiya yoxdur) ziyalısı, ikinci filmdə isə müharibə dövründə başını itirmiş ziyalıdır.
Rami Novruzovun Azərbaycan zabiti obrazının “kinoəcdadı” başqa müharibənin zabiti Həzi Aslanovdur. ХХ əsrin ortalarının müharibəsinin müdrik və təmkinli generalı, əsrin axırının müharibəsində əsəbi, amansız zabitdən çox muzdlu qatili xatırladır. Obrazların belə transformasiyası bir əsr ərzində mənəvi dəyərlərin aşınmaya uğramasının göstəricisidir.
Film Qarabağ müharibəsinin ilk illərini dəqiq əks etdirən sənəddir. Cəbhə bölgəsinin kəndi çox xəsisiliklə göstərilir, iki-üç ümumi plan, passiv ağsaqallar, kabinetinin dizaynı ilə məşğul olan icra nümayəndəsi. Kabinetin divarındakı “Qırmızı meydan” rəsmi əli sazlı Koroğlunun təsvirinə dəyişilir. Rəsmin müəllifi Qədir siyasi konyukturanın dəyişdiyini hiss edib. Amma qılınc yerinə saz çəkib. Çünki savaşçı yox, barışçıdır.
Kənd yuxudadır. Kənd müharibənin iştirakçısı yox, qurbanıdır.
Azərbaycan kinosu müharibəyə həmişə “hə” deyib.
Müharibə imtahandır, baş qəhrəmanın qalib çıxdığı imtahan: “Babək”, “Qaçaq Nəbi”, “Sizi dünyalar qədər sevirdim”.
“Sarı gəlin”də isə müharibə insanları vəhşiləşdirən anomaliyadır.
“Sarı gəlin” Azərbaycan kinosunda passifist film ənənəsini qoydu.
XXI –əsrin astanasında kulturuloq nəzəriyyəçilər “new age”(yeni zaman, yeni nəsil, yeni dalğa) nəzəriyyəsi haqda tez-tez danışırdılar. “New age” etnik, dini, irqi, sosial fərqlərin fövqündə duran dəyərlər sistemidir. Məsəl üçün, bu cərəyanda işlənmiş musiqilərdə müxtəlif milli melodiyaların sintezinə, bir neçə dini motivlərin vəhdətinə rast gəlirsən. “Sarı gəlin” “new age” dəyərlərində işlənmiş əsərdir. Müəllifin ifadə etdiyi həqiqət dini, etnik, irqi, sosial fərqlərin fövqündədir. Həmçinin “Sarı gəlin” mahnısı da müxtəlif dinlərin, dillərin əxalqın daşıyıcıları olan iki xalqın ruhunun mahnısıdır. Molokanla görüş səhnəsi bu cəhətdən cox vacibdir. Qriqoryan erməni və azərbaycanlı molokan rusun ( molokan təriqəti xristianlığa aid olsa da sufisayağı təkallahlıqları ilə seçilirlər) evində qüsl edir, sığınacaq tapırlar. Qoca molokan “new age” dəyərlərinin ifadəçisidir. Onun üçün müharibənin hər iki tərəfinin əsirləri vahid Allahin övladıdır. Sadəcə, iki tərəfdən biri yolunu azıb (bəlkə də hər ikisi). Hətta molokan etnik rus olaraq bunda da öz günahını görür. Müəllif bu səhnədə sovet imperiyasının bu mühariədəki rolunu simvol kadrlarla şərh edir. Filmdə rejissorun alter eqosu Qədir yox, məhz molokan qocadır.
Y.Rzayev filmdə “erməni” və “azərbaycan” həqiqətini yox, Tanrı həqiqətini əks etdirir. Minlərlə şəhid vermiş, ərazisinin 20 fazi düşmən tapdağı altda olan xalqın nümayəndəsi özündə güc tapıb bu filmi çəkdi. Müharibənin qurtarmadığı bir vaxtda belə addımı ancaq qalibiyyətinə əmin olan xalq ata bilərdi.
1991-ci ilin yayı. İncəsənət Universitetinin kinorejissorluq fakültəsinin bir qrup tələbəsi dünyanın bütün keyflərinin müzakirəsindən sonra Qarabağ mövzusuna 2 dəqiqə vaxt ayırdılar: «Təsəvvür et, ermənilər Bakını tutur (gülür). Və ironiya ilə: “Yalnız meyidimin üstündən”.
1992- ci ilin yayı. Bərbər şikayətlənir: “Bu müharibənin axırı necə olacaq”. Müştəri: “Sənin şübhən var ki. İki həftəyə Stepanakertdəyik”.
1993-cü ilin yayı. Keçmiş Sovet küçəsinin sakini çörək axtarır. Yaxınlıqdakı bütün mağazalara baş çəkəndən sonra, tanışını görüb ayaq saxladı: “Ağdam da getdi…” siqaretdən bir qullab alıb: “Qubadlı, Cəbrayıl da gedəcək…gedim görüm harda çörək tapıram”.
1998-ci il. “Sarı gəlin” filminin premyerası. Mən zalı tərk edirəm. Qarabağ müharibəsi…şəxsi problemlər… ümidsizilik…“Sarı gəlin” filmi: “Biz qalib gələcəyik!“
Əli İsa Cabbarov