Bakıda Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin heyəti tərəfindən böyük rus şairi Sergey Yeseninin 125-ci ildönümünə həsr olunmuş sənədli film çəkilib. Əsər şairin həyat və yaradıcılığında Bakı periodu kimi mühüm bir dövrdən bəhs edir. Filmin rejissoru Rüstəm Hüseynovdur.
Saat yarımlıq filmdə Sergey Yesenini Bakı şəhərinə gətirən hadisələr, şairin yaradıcılığına təsir etmiş insanlar, onun başına gəlmiş məzəli əhvalatlar, şəhərdə qızğın ədəbi və ictimai fəaliyyəti, hakimiyyət və həmkarlarıyla münasibətləri, Azərbaycanda formalaşan ədəbi mühitə təsiri barəsində ətraflı danışılır.
Film tamaşaçını Sergey Yeseninin bioqrafiyası və yaradıcılığına aid olan bir sıra az tanınan faktla tanış edir. Əsərdə nadir arxiv materiallar, şairin və onun yaxınlarının unikal fotoşəkilləri, şəxsi məktub və sənədlər, ilk nəşrlər nümayiş etdirilir, o dövrün kinoxronikaları vasitəsilə Bakıda olan özünəməxsus mədəni mühit təsvir olunur. Filmdə şairin hər səfərinin detalları, onunla təmasda olan maraqlı şəxslərin yaradıcılığı məharətlə göstərilib. Sergey Yeseninin Bakı dövrünün şairin özünə, dost və pərəstişkarlarına böyük təsiri danılmazdır.