“…Qocaların stəkanda suya qoyulmuş
protez dişlərinin səssiz gülüşündən, bu
gülüşün gecə boyu evdəkilərə verdiyi
əzabdan kədərli heç nə yoxdur…”Aqşin
Bəlkə də bu ad altında istənilən film pafoslu və ya uydurma görünərdi. Amma Мixael Hanekenin “Sevgi” filmi adi, uzun, dözülməz dərəcədə real və həyati kadrları ilə tamaşaçını susdurur, baxmağa və qapılmağa məcbur edir. Qocaların həyatından, həm də həyatın ən “həyatsızlaşan” vaxtından qoparılmış epizodların içində sevgi hardadır? Filmin adı “Sevgi”dir və burdakı dialoqlarda, davranışlarda qadınla kişinin bir-birinə olan incəlik və sevgi hissini axtarırsan. Bəzən də tapırsan. Onlar nə qədər qocalsalar da, qadın və kişi kimi özlərini qoruyublar – Jan-Lui Trentinyan (Jorj) və Emmanuel Riva (Anna) bunu çox əla çatdırır.
Qoca ər-arvad – Jorj və Anna Loranlar təqaüddədirlər. Film onların konsertdə olması ilə başlayır. Anna iflic keçirir və bədəninin yarısı işləmir. Artıq onun ən adi işlər üçün – gəzmək, yemək, ayağa qalxmaq, danışmaq üçün kiməsə ehtiyacı var. Jorj arvadına bacardığı qədər kömək edir, özünü tamamən onun qulluğuna buraxır. Qadının sağalmayacağını, onu anbaan itirdiyini, və ən əsası, arvadının əzab çəkdiyini görüb ümidsizləşir və yatağındaca onu yastıqla boğur…
Film boyu bir neçə dəfə Annanın artıq yaşamağa davam etmək istəmədiyini eşidirik. O, bunu Jorja yük olmaqdan qurtulmaq üçün yox, özünün naminə istədiyini deyir. Yalan demədiyini görürük. Anna yavaş-yavaş yaxınlaşan ölümünə ETİRAZ edir. Anna bu ölümdən utanır. Ən yaxın adamından, bütün fiziki ehtiyaclarını görən adamından belə ölümünə görə utanır. Dəhşətlidir. Qarşıda səni bir-birindən pis günlərin gözlədiyini bilmək və o günlərə doğru ağır-ağır yaşamaq – böyük dəhşətdir! Və həmin dəhşətdə səni kimsə müşayiət edirsə, bu, lap dözülməzdir…
“Tənhalıq qaladır, düşmən yaxın dura bilmir,
Sənsə içində xoşbəxt deyilsən…”
X.Hass
Ulduz falı
Filmin əvvəlində konsertdən gələn Jorj və Anna yaşadıqları evin qapısının sındırılmağa cəhd edildiyini görürlər. Oğru içəri keçə bilməyib. Bu, tamaşaçının evlə ilk tanışlığıdır. Film boyu evin qocalara bütünləşdiyini görəcəyik. Ev qoşalaşıb. Qocalar “ev”lənib. Bu necə evdir?
Qocalırsan, keçmişindən ətrafına qala divarları hörürsən və o qala divarlarının hündürlüyündən heç nə görünmür. Qala keçmişlə hörülmüş, gələcəyi görünməyən indidir. Sənsə bu indinin içində xoşbəxt deyilsən…
Anna jurnaldan öz bürcü haqqında məlumatı Jorja oxuyur. Astronomik vəziyyət ona sağlamlıq, sevgi, iş barədə pozitiv proqnozlar vəd edir. Annanın oxumaq üçün bu məlumatı seçməsi qadına xas özünəvurğunluqdan, yüngüllükdən deyil, əksinə, həqiqətlə proqnozun arasında yazılanlara ironiyadandır. Əri “qoy bu cəfəngiyyata qulaq asanlar özlərindən küssün” deyir. Əlbəttə, Jorj Annanı nə gözlədiyini bildiyi üçün ulduz falında yazılanların Annanın gələcəyi ilə uyğunsuzluğunu gizlətməyə çalışır. Amma ərinin sözləri Annanı sarsıdır. Bunu kamera sezdirmir, amma tamaşaçı artıq Annanı daha yaxşı tanıyır. Jorjun sözləri Annanı tənhalığa daha bir addım itələyir. Zahirən bir-birinə yaxın görünən, arvadının qayğısını çəkən qocanın və qarının ayrı-ayrılıqda tənhalıqlarını sezirik.
Jorj dəfndən qayıtdıqda Annanın pəncərənin qabağında yerdə oturub gözlədiyini görürük. Daha doğrusu, kamera da qapının dalında Jorjun qayıtmasını gözləyir – qapı açılır və Jorj içəri daxil olur… Pəncərədən düşən işığın otaqda yaratdığı alaqaranlıq, yağış axşamüstü evdə təkbaşına ərini gözləyən qadının bütün gününü tamaşaçıya ötürür. O günün bütün sıxıntısını, Annanın boş evdə əşyalarla birgə darıxmağını, hətta vurnuxa bilməməyinin əzabını hiss edirsən. Və ən pisi, bu sıxıntı, vurnuxma, üzüntü qocaların təmkininin altında qalıb…
Ümumiyyətlə, “Sevgi”də ev filmin bütün tutumudur. Konsert səhnəsindən savayı, digər epizodlar evdə çəkilir və interyer qocaların daxili dünyasını nümayiş edir: köhnə əşyalar, çoxdandı dillənməyən piano, otaqdakı qoca sükut…
Hansısa bir rejissor demişdi: kinoda xırda heç nə yoxdur, kino xırdalıqlardan ibarətdir. “Sevgi”də əşyalar canlı orqanizmin ayrı-ayrı orqanları kimidir. Onlar evdə qocalarla birgə yaşayırlar və onlarla bütövləşiblər. Kamera bəzən alaqaranlıqda otağa, əşyalara ayrı-ayrı rakurslardan qısa bir nəzər salır. Onlar sadəcə rekvizit deyillər. Dəfələrlə şahidi olmuşam: nə qədər təmiz olsalar belə, qocaların otağı öz əşyaları, uzunmüddətli qoxusu, rəngi, təması ilə onları xatırladır. Sanki qocalar əşyalara hopublar.
Hər şey təsəlli
Filmdə Anna fotoalboma baxıb “gözəldir” deyir – “həyat gözəldir”. Amma indiki zamanda deyilmiş cümlə kontekstdən asılı olaraq keçmiş zamanda səslənir. Həyat artıq uzaqlaşmaqdadır. Jorj pəncərədən otağa düşmüş göyərçini, bu uzaqlaşan həyatı bir anlıq əlində hiss etmək həvəsilə tutmurmu? Hər şey təsəllidir. Musiqi də, sözlər də onlara təşəkkür məktubu yazan şagirdləri pianoçu Aleksandrın məktubu kimi təəssüf və təsəllidən başqa bir şey deyil. Bu təsəlli daha artıq əzabdır, onun xatırlanmasıdır. Bu əzabı qocaların hər ikisi hiss edir və ən dəhşətlisi bu deyil, ən dəhşətlisi odur ki, hər ikisi bir-birinin bu əzabı hiss etdiyini bilir…
Kim daha çox əzab çəkir – ərinə yük olmaqla, günü-gündən vegetativ həyata keçməklə, fiziki anlamda yenilməklə məhv olan Annamı, yoxsa Annanın iztirablarına baxa-baxa, sevdiyi adamın hər gün həyata dair daha nələrsə itirdiyini görə-görə yaşayan Jorjmu? Bilmək çətindir. Jorj Annanı boğur və sonra onun bədəninə ən gözəl əlbisəsini geyindirir, ətrafını çiçəklərlə bəzəyir. Və sevgini, bağlılığı bundan sonra yazılı surətdə görürük. Jorj arvadından sonra yaşadığı hər hadisəni onunla bölüşür və bunu məktub yazmaqla edir. Ölənə məktub yazmaq…
Finalda Haneke tamaşaçını Jorjun hallüsinasiyasi ilə çaşdırır – çarpayıya uzanan Jorj mətbəxdən səs eşidir, ora daxil olanda Annanın qabları yuduğunu, əvvəlki kimi ayaq üstə dayandığını və sağlam olduğunu görür. Onlar geyinib evdən çıxırlar. Ev boş qalır. Bəlkə bu, hallüsinasiya deyil? Bəlkə Jorj Annanı yox, əzab çəkən, xəstə Annanı boğub, həyatından çıxarıb. İndisə öz Annası ilə gəzməyə çıxır? Yenə bilmək olmur. Bəlkə bu, reallıqla illüziyanın sərhədlərini uçuran qocaların xəyal oyunudur? Filmin əvvəlində Jorj su kranını bağlamağı unudur, filmin ortasında onu qara basır, sanki dəhlizi su basıb. Bu, elə açıq qalmış kranın suyu deyilmi? Anlamaq olmur.
Kamera (operator Darius Xonci) qocafəndi hərəkət edir – yavaş-yavaş, təmkinlə. Montaj da eyni tempi saxlayır. Bunlar hamısı tamaşaçını bu tempə kökləmək, qəhrəmanları daha yaxşı duymaq, filmin temporitmini itirməmək üçündür.
Qəhrəmanların DVD-də qulaq asdıqlarını, konsertdə səslənənləri müstəsna etməklə, filmə musiqi yazılmayıb. Bəlkə də bu, filmi, onun mövzusunu, adını hər cür pafosdan xilas edir və diqqətli tamaşaçı əslində filmin musiqisini eşidir. Bu filmə musiqini hər tamaşaçı özü üçün birbaşa görüntünün üzərinə yazır.
Haneke tamaşaçısını qocaların həyat ritminə elə kökləyir ki, “qoca olmaq nədir?”, “sevgili olmaq nədir?”, “ömrün sonuna insanın nəyi qalır?” düşünürsən və cavab gözlərinin qarşısındadır…