Erich Fromm bizlər üçün çox dəyərli miras qoyub gedib. Bu onun “The Art of Loving”(“Sevmək sənəti”) kitabıdır. Qəlbi sevgi ilə dolduran bu əsər o qədər incə və müdrik kitabdır ki, oxuyanın zehnini yeniliklərlə doldurur. Dolmuş sahələr sevgi impulslarını beyin və ürək arasında yüksək keyfiyyətli rabitə şəraitində, sürətli nəqliyyat vasitələri kimi daşıyaraq xoş perfomans sərgiləyir. Həmin perfomans, oxucuya sevginin necə gözəl, həm də bacarıq tələb edən nəsnə olduğunu çatdırır. “Beyin və ürək” – bunlar əbəs yerə vurğulanmadı. Fromm sevginin məntiqlə vəhdətdə olanda daha yaradıcı, sağlam və partnyorların hər birinə faydalı olacağını bildirir. Sevmək və sevilmək asan ola bilər, ancaq bu duyğuların qalıcılığını təmin etməkdən ötrü ağıllı və yaradıcı yanaşmalardan istifadə etmək lazım və labüddür.
Müəllif, kitabında partnyoru özünə bağlamaq üçün hansısa hiyləgər vasitələrdən istifadəyə, manipulyasiya etməyə səsləmir. Orada spekulyativ çağırışlara rast gəlinmir. Kitab sevməyə sənət kimi baxmağı və bu sənəti necə mənimsəməyi öyrədir. Bəli, kitab olduqca öyrədicidir. Biz, cana və təfəkkürə tez hopan nəzəriyyə ilə qarşılaşırıq. Nəzəriyyənin praktik haldakı effektivliyi hər kəsin fərdi qabiliyyəti ilə ahəng tapıb, meydana ucuz və ya zəngin akt gətirmiş olacaq. Yəni, Erix Fromm zəhmət çəkib, möhtəşəm bilgi küpü yaradıb, bizim ixtiyarımıza buraxıb. Onu mənimsəyib tətbiq etmək və uğur qazanmaq öz əlimizdədir. Kitabdakı təlimatlar xəzinə xəritəsindən də asan formada qeyd olunub. Təbii ki, bir psixoloq kimi Fromm etikanı nəzər alıb, sevib-sevilmək üçün konkret çağırışlara yol verməyib. Onsuz da müəllif kitabın əvvəlində də xəbərdarlıq edir ki, bu kitab texniki xarakterli təlimatlandırma məhsulu deyil. O, sadəcə sevmək sənətinin strukturunu qələmə alıb. Oradakıları oxumaq avtomatik beynin işləməsini aktivləşdirir. Düşünən adam üçün təfəkkür etməyə keçid gerçəkləşir və bu da özü-özlüyündə məntiqin işə düşüb, ağıllı fikirlərin emalı ilə nəticələnməsini tezləşdirəcək.
Başlanğıcda kitabdakı məlumatların akt halındakı müvəffəqiyəti kimdəsə şübhə doğura bilər. Buna təbii yanaşmaq lazımdır. Ancaq zamanla kitabdakıları mənimsədikcə, aqil oxucu dərk edir ki, önündə sərgilənən struktur əslində elə də mürəkkəb deyil.
“Sevmək sənəti”ndə ənənəvi qadın-kişi arasındakı sevgidən başqa, övlad-valideyn, “qardaşlıq”, erotika, Tanrıya və özümüzə olan sevgidən bəhs edilir.
Hər bir bölmə bir-birindən maraqlı və maarifləndiricidir. Açığı bircə “Tanrıya sevgi” bölümü nədənsə mənə qəliz gəldi və oradan zövq ala bilmədim. Amma belə hər şey fısqırıq idi. Yəni çox yaxşı.
Fromm yazır ki, “sevgi sentimental hiss deyil, hansı ki, hamı onu sınaqdan keçirə bilə.” Sevməyi bacarmaq birbaşa şəxsiyyətin inkişaf səviyyəsi, onun yetkinliyi və yaradıcı istiqaməti ilə bağlıdır. Sevmək üçün həqiqi insanlıq, intizam, cəsarət və inam tələb olunur. Cəmiyyət və mədəniyyət tədqiqatçısı olan From təəssüflə bildirir ki, bəzi cəmiyyətlərdə mövcud şəraitin təsiri ilə intizam və cəsarət sərgiləməyə hazır yetkin adamların meydana çıxması çətin olur. Ancaq bu tipik hal bizi məhdudlaşdırmamalı və qorxutmamalıdır. Dayanmaq olmaz! Çətinlikləri dərindən anlamaqla, islah olmağa yön verə bilərik.
Beləliklə, kitabın əsas mesajlarından biri də budur ki, sevgi asan əldə olunan, təsadüfi xoş bir duyğu yox, o, daha çox öyrənilməlii və tətbiqi də bilgi və zəhmət tələb edən sənət növüdür. Fromm müasir mədəniyyətdə sevgiyə əks münasibət gördüyünü açıqlayır. O, bunu insanların sevməkdən daha çox, sevilmək üçün dəridən, qabıqdan çıxdığı ilə əlaqələndirir. Bizim mədəniyyətimizdəki adamların fikrincə sevgini oyatmaq üçün simpatiya və seksuallığın birləşməsi kifayət edir. Əlbəttə bu bəs eləmir. Belə quruluş asanlıqla sevgi obyektini, “problem” obyektinə çevirə bilmək iqtidarındadır. Yazıçı verməyin, almaqdan daha üstün olduğunu qeyd edir. Yəni sevgi vermək, paylaşmaq, sevilməkdən daha bərəklətli və həzzvericidir.
1957-ci ildə yazılan “Sevmək sənəti” kitabı günümüzün müasir insanı üçündür. Yalnışlıqları görüb, nəticə çıxarmaq və çox gözəl bir sənətə yiyələnmək üçün “Sevmək sənəti”ni oxumaq lazımdır.