Firidun Şuşinskinin “Azərbaycan Xalq Musiqiçiləri” kitabından seçmələr

Seyid Şuşinski, 1919
1912-ci ildə Tiflisdə «Molla Nəsrəddin» jurnalının redaktoru Cəlil Məmmədquluzadənin, Əlimirzə Nərimanovun, Yusifbəy Tahirovun təşəbbüsü və Seyid Şuşinskinin şəxsən yaxından köməyi ilə Tiflisin azərbaycanlılar yaşayan hissəsində (Şeytanbazarda) «Luditoriya» adlı yeni klub açılır. Həmin klubda təkcə konsertlər deyil, eyni zamanda teatr tamaşaları da verilərdi. Klubun açılışı günü Seyid Şuşinskinin rəhbərliyi ilə Tiflis sazəndələrinin böyük «Şərq Konserti» olmuşdur. Konsertdə tamaşaçılar tərəfindən məhəbbətlə qarşılanan Seyid, tarzən Məşədi Zeynalın müşayiəti ilə «Mahur» oxumuşdur.
Seyid Şuşinski konsertdən əldə edilən pulun hamısını kluba vermişdir. «Auditoriya» klubu da Seyid Şuşinskinin maddi yardımı nəticəsində açılmışdır. Seyid bir «mesenat» kimi həm teatra, həm də teatrda iştirak edən artistlərə maddi yardım göstərirdi.
Bu klubun ətrafında Hüseyn Ərəblinski, Mirzəağa Əliyev, Əli Qurbanov, Sidqi Ruhulla, İbrahim İsfahanlı, Mirzəli Abbasov, Mirzəxan Ruliyev, S. M. Kirmanşahlı, Aliya xanım, Tərlan xanım, P. Tanalidi və Mustafa Mərdanov kimi məşhur sənətkarlar toplaşaraq Azərbaycan dramaturqlarının, xüsusilə Üzeyir Hacıbəyovun operalarını və musiqili komediyalarını tamaşaya qoyardılar. Bu əsərlərdə Seyid Şuşinski baş rollarda oynayar və teatrdan bir qəpik pul almazdı.
[…]
Seyid Şuşinskinin Tiflisdəki səhnə fəaliyyətindən və onun Azərbaycan teatr və musiqi mədəniyyətinin inkişafındakı rolundan bəhs edən görkəmli səhnə xadimi, Azərbaycan SSR xalq artisti Mustafa Mərdanov öz xatirələrində yazır:
“[…]Mən onunla Tiflisdə tanış olmuşam. Seyid Şuşinski qabaqlar (aktyor kimi-red.) səhnəyə çıxmazdı, ancaq tamaşadan əvvəl və fasilələrdə pərdə qabağında oxuyardı.
Seyid öz çıxışlarında bizdən pul almazdı. Əksinə, tamaşa göstərmək üçün lazım olan xərclərin bir hissəsini həmişə öz boynuna götürərdi. O, kasıb tələbələrə də maddi yardım edərdi. Qəzet və jurnal redaksiyalarına da Seyidin az köməyi dəyməmişdi. (Mən burada «Molla Nəsrəddin» jurnalına və onun əməkdaşlarına Seyidin köməyini nəzərdə tuturam). Incəsənət və ədəbiyyat xadimlərinə yaxın olan Seyidi sözün əsl mənasında həqiqi bir «mesenat» adlandırmaq olardı.”
1912-ci ildə Tiflis «Müsəlman Xeyriyyə Cəmiyyəti» məşhur Azərbaycan artisti Hüseyn Ərəblinskini Tiflis şəhərinə dəvət edir. H. Ərəblinskinin Tiflisə gəlməsi xəbəri ildırım sürəti ilə şəhərə yayılır. Tiflisin bütün teatr və musiqi xadimləri onun ətrafına toplaşır. […]
Ərəblinskinin Tiflisdə qastrol səfəri başqa sənət dostları kimi Seyid Şuşinskinin də hədsiz sevincinə səbəb olardı. H. Ərəblinski Seyid Şuşinskinin həm səsinə, həm də sənətkarlıq qabiliyyətinə böyük qiymət verərdi. Hətta bir dəfə «Казённый театр»ın binasında Hüseyn Ərəblinski Seyid Şuşinskinin iştirakı ilə Tiflis musiqiçilərini toplayıb Şərq Konserti təşkil etmişdi. Qeyd etməliyik ki, bu konsert Hüseyn Ərəblinskidən qabaq Ə. Haqverdiyevin təşkil etdiyi ilk Şərq Konsertlərindən bir qədər seçilirdi. Konsertdə böyük müvəffəqiyyətlə çıxış edən Seyid Şuşinski H. Ərəblinskinin təşəbbüsü və məsləhəti ilə Azərbaycan səhnəsində ilk dəfə olaraq əynində frak kostyum, ağ ipək köynək, əllərində ağ əlcək, cibdə ağ ipək dəsmal, döşündə qızıl medalyon, boynunda qara bant səhnəyə çıxarkən tamaşaçıları heyrət bürümüşdü. şərq musiqisinin ifaçılıq adətinə görə xanəndə oxuyanda tarın və kamançanın müşayiəti ilə oxuyardı. Lakin şərqin bu adətini «pozan» ilk dəfə Seyid olmuşdur. O, səhnəyə tar və kamançasız çıxaraq o zaman İtaliyada musiqi təhsilini yenicə bitirib Tiflis şəhərinə şələn İran konsulu Məcid əl-Səltənənin qızının fortepianoda müşayiəti ilə ayaq üstündə «Bayatı-İsfahan» muğamını oxumuşdu. Seyiddən sonra səhnəyə çıxan H. Ərəblinski Hamletin «Olum, ya ölüm» monoloqunu söyləmişdi. Teatrın salonunda əyləşən min beş yüzdən artıq dinləyici ayağa qalxıb Seyid Şuşinskini və Hüseyn Ərəblinskini dəfələrlə səhnəyə dəvət edib səmimi alqışlarla onlara öz minnətdarlıqlarını bildirmişdilər.
Mollanəsrəddinçi Əliqulu Qəmküsar Seyid Şuşinskini «Molla Nəsrəddin» jurnalının redaktoru Cəlil Məmmədquluzadə ilə tanış etmişdi. Sonralar Mirzə Cəlil Seyidin ən yaxın dostlarından biri olmuşdu.
Şübhəsiz ki, Mirzə Cəlilin şərq musiqisinə olan həvəsi və musiqi alətlərində çalmağı bacarması onun Seyid Şuşinski kimi məşhur bir xanəndə ilə dostluğuna müsbət təsir etməyə bilməzdi. Eyni zamanda dinə, cəhalətə, avamlığa və nadanlığa qarşı mübarizə aparan «Molla Nəsrəddin» jurnalının mənəvi və siyasi əhəmiyyətini dərk edən Seyid, jurnalın vaxtlı-vaxtında çıxması üçün əlindən gələn köməyi əsirgəməmişdi. Məhz buna görə də Seyid Tiflisin kübar ailələrinin toy şənliklərindən əldə etdiyi gəlirdən «Molla Nəsrəddin» jurnalının nəşrinə sərf edirdi.
Seyid Şuşinskinin «Molla Nəsrəddin» jurnalına etdiyi yardımı haqqında Azərbaycan teatr tarixinin canlı ensiklopediyası olan böyük sənətkar Hacağa Abbasov belə danışırdı: «1913-cü ildə mərhum Hüseyn Ərəblinski ilə birlikdə Tiflis şəhərinə artist Mirzaşa Abbasovun benefisinə getmişdik. Tiflisdə yazıçı dostumuz Cəlil Məmmədquluzadə (Molla Nəsrəddin) ilə görüşdük. O, bizi evinə qonaq dəvət etdi. O zaman Tiflis şəhərində Mirzə Cəlilin rəhbərliyi altında «Molla Nəsrəddin» jurnalı nəşr edilirdi. Söhbət əsnasında Mirzə Cəlil dedi:
– Hacağa, son iki ayda jurnalımız çıxmırdı, çünki pulumuz olmadığına görə mətbəə nəşr etmirdi. Yaxşı ki, bu günlərdə Seyid Şuşinski Batumdan gəldi və jurnalın hər iki nüsxəsinin pulunu verdikdən sonra dübarə mənə 200 manat qızıl pul göndərdi.
Onu demək istəyirəm ki, Seyid Şuşinski şəxsi mənafeyini güdən sənətkar olmamışdır. O, həmişə Azərbaycan teatrına və artistlərinə maddi yardım etmişdi. Seyidin Azərbaycan mədəniyyəti tarixində xidmətləri unudulmazdır.”
Seyidə adi musiqiçi demək düzgün olmazdı. O öz millətinin tərəqqisi, gələcəyi haqqında düşünən, onun incəsənətini şöhrətləndirən mədəniyyət xadimi idi. Şübhəsiz ki, Seyid başqalarına nisbətən varlı idi, […] şəxsi restoran, mehmanxana sahibi idi, hətta «Mersedes» markalı avtomobili belə vardı.
Lakin burada bir həqiqəti etiraf etmək lazımdır ki, Seyid Şuşinski […] istər sahibi olduğu restoran və mehmanxanadan, istərsə də saysız-hesabsız toy məclislərindən gələn gəlirinin hamısını teatr tamaşalarının təşkilinə, qəzet-jurnal nəşrinə, ehtiyacı olan sənətkarlara və yoxsul tələbələrə, bir sözlə, millətin mədəni ehtiyaclarına sərf etmişdir. Hətta o, inqilaba qədər Tiflis bolşevik təşkilatına və inqilabçılara belə maddi yardımını əsirgəməmişdi. Bunlardan əlavə səxavətli sənətkar, Antantanın agenti olan cəllad Andronikin əlindən zərər çəkmiş kəndlilərin və qaçqınların xeyrinə konsertlər verərək onlara maddi yardım etmişdi.
[…]
Şübhəsiz ki, gənc Seyidin Mirzə Cəlil, Əbdürrəhimbəy, Hüseyn Cavid və Hüseyn Ərəblinski kimi böyük sənətkarlarla durub-oturması onun görkəmli bir mədəniyyət xadimi kimi inkişaf edib tanınmasında müsbət təsiri olmuşdur. Mərhum xanəndə qoca vaxtları ömrünün Tiflis dövrünü, sənət dostlarını, xüsusilə Hüseyn Cavidi və Ərəblinskini tez-tez yad edərdi. Həmişə Hüseyn Caviddən aşızdolusu danışardı və deyərdi ki, mən Hüseyn Cavid istedadda, qabiliyyətdə və mütəfəkkirdə ikinci bir şair tanımıram. Doğrudur, mən muğam oxuyanda şerləri əsasən Hafizdən, Füzulidən, Seyid Əzimdən oxuyuram. Lakin nədənsə Hüseyn Cavidə meylim daha çoxdur. Çünki, Cavidin şeirlərindəki hikmət, məntiq, məna dərindir. Mən Tiflis məclislərində və konsertlərdə Hüseyn Cavidin şerlərini çox oxumuşam, xüsusilə onun:
«Çıx buludlardan, ey əfsanəvi qız»
rədifli məşhur şerini tez-tez oxuyardım. Sonra Cavidin özü şerlərindən parçalar toplayıb mənə verərdi ki, o olan məclislərdə oxuyum.
Onu da deyim ki, Cavidin qəzəlləri, şeirləri hər muğamın ruhuna uyğun gəlmirdi. Məsələn, onun şerlərini lirik-aşiqanə motivlərlə dolu olan «Segah» üstündə və yaxud şadlıq rəmzi olan «Şur» üstündə oxumaq olmaz.
Cavidin şerləri də özü kimi üsyankar, dövründən narazı, xalqı mübarizəyə, ədalətə çağırandır. Buna görə də mən həmişə onun şeirlərini ən çox üsyankar «Çahargah»da, döyüş ruhlu «Mahur» üstündə oxuyardım: mən, «Çahargah»ı zildən bərdaşt etdikdən sonra muğamın «mayə»sinə enəndə Cavidin bu məşhur şerini;
Rəqsi təlim ediyor axsaqlar,
Əzəmət düşkünüdür alçaqlar.
Hər gülər üzdə ölüm, qan görürəm,
Pək yaxın dostları düşmən görürəm.
Yurdu sarımış qabalıq, yaltaqlıq,
Yüksəliş varsa səbəb alçaqlıq.
aram-aram oxuduqdan sonra muğamın «Bəstə-Nigar» şöbəsinə keçəndə:
Əski dahilər «iştə həqq» dedilər,
Çırpınıb bir həqiqət izlədilər.
O həqiqət bu gün xəyal oluyor,
Dün ki, şən baxışlar bu gün soluyor.
şerini oxuyardım.
Sonra xanəndə söyləyirdi ki, Cavidin şerlərini ən çox «Çahargah»ın «Hasar-
Müxalif» şöbələrini oxuyanda istifadə edərmiş. Xüsusilə, «Hasar» oxuyanda şairin bu şeiri elə bil «Hasar» üçün deyilmişdir:
Hər günəşə girdim ləkəli gördüm,
Hər vicdana girdim kölgəli gördüm,
Parlaq imanları şübhəli gördüm,
Məgərsə hər cilvə bir xülya imiş.
«Müxalif»ə keçəndə isə Seyid tələsmədən özü də aram-aram bu şeirə müraciət edərmiş:
Altun əsridir həp izzü namus,
Yoxsullara gün yox, ya məhv ol, ya sus!
Hər kəs insanlıqdan dəm vurur, əfsus!
Həp yalan təməlsiz bir sevda imiş.
Yaralı könlümü tikanlar deşdi.
Kimdən vəfa umdum qanımı içdi.
Cavan ömrüm fəryad içində keçdi,
«Səadət» əməli bir röya imiş.
Böyük müğənni «Müxalif»dən «Çahargah»ın son şöbəsi olan «Mənsuriyyə»yə keçəndə yenə də Cavidə müraciət edərdi:
Dedilər: «Zülmə qarşı durma, əyil!»
Dedilər: «Hərbə qoş, ya əz, ya əzil.
Çalış, parla, yüksəl, unutma ancaq,
Yaşamaq bir haqsa, yaşatmaq da haqq.
Seyid öz oxumalarında böyük Sabirin də ictimai məna daşıyan qəzəl və şeirlərindən istifadə etmişdir. O, «Zabul» dəstgahında «Müxalif» oxuyarkən Sabirin:
Millət necə tarac olur olsun, nə işim var,
Düşmənlərə möhtac olur olsun, nə işim var.
– misraları ilə başlayan şerindən istifadə etmişdir.
Ümumiyyətlə, Azərbaycan xanəndələri arasında ilk dəfə siyasi-ictimai məzmunlu şeir və qəzəl oxuyan Seyid Şuşinski olmuşdur. Bunlardan əlavə xanəndə xalqı mübarizəyə çağıran, ona öz haqqını tələb etməyi təlqin edən «Ayıl ey millət», «Mən bir türkəm», «Millət istərsə», «Məzlumların marşı» kimi mübariz ruhlu mahnılar da ifa etmişdir.