Aygün Aslanlının “Skafandrlı adam” kitabından
Bu gün nə coşmaq var, nə də jestlər. Sadəcə siqaret siqaretə calanır. Bundan narahat olsam da, söhbətimiz davam eləyir. Filmlər, tamaşalar, seriallar… Bu günümüzə, incəsənətimizin hazırkı vəziyyətinə çatırıq. Fuad müəllim onu düşündürən məsələləri açır, teatrlarda niyə keçmişdəki kimi samballı adların yetişmədiyindən danışır.
– Bir dəfə Teatr Xadimləri İttifaqının konfransı idi. Nazir də, Fatma Abdullazadə də ordaydı, problemləri müzakirə edirdik. Mən də çıxış elədim. Dedim ki, teatrlarımızın bu vəziyyətə düşməyinin səbəbi onlara rəhbərlik eləyənlərin arasında əvvəlki kimi şəxsiyyətlərin olmamağıdı. Əgər teatrlara şəxsiyyətlər rəhbərlik eləsə, orda çalışanlar onun ətrafında birləşər, ondan nəsə öyrənər, sonra konkret Adil İsgəndərovun, Tofiq Kazımovun teatra rəhbərlik elədiyi dövrlərdən misallar gətirdim. Məndən sonra Fatma Abdullazadə çıxışında “bu ölkədə bir nəfər şəxsiyyət var” dedi. Bütün teatrların rəhbərləri, aparıcı aktyorları o zalda idi, amma heç biri Fatma Abdullazadəyə etiraz eləmədi. Bax, bütün bunlar sonra obraz yaradanda özünü göstərir. Əgər aktyor şəxsiyyət kimi bütöv deyilsə, daxilən cılızdısa, bu, səhnədə özünü mütləq büruzə verəcək. İstəyir, lap, əstəğfurullah, Allahı oynasın. Hansısa jestində, intonasiyasında, baxışında…
– Bax, dövrləri müqayisə eləyirik. Sizin dövrdə teatr həm də intriqaları ilə məşhur olub. Onların əksəriyyəti indi də dillərə dastandı. Düzdü, intriqa teatrın ikinci adıdı. İndi də çox şeylər olur, amma nədənsə sizin dövrün intriqaları mənə daha eleqant, cəlbedici təsir bağışlayır.
– Əvvəla, intriqa hər yerdə var. Sadəcə aktyorlar göz önündə olan insanlar olduqlarından daha qabarıq görünür. Cəlbediciliyə gəlincə… Doğrudu, çünki o intriqalar səviyyəli insanların arasında baş verirdi. Teatrda rejissorların, aktyorların arasında həmişə münaqişə olub. Məsələn, mən teatra təzə gələndə İsmayıl Dağıstanlı ilə Möhsün Sənaninin, Məlik Dadaşovla Həsənağa Salayevin arasında soyuqluq olduğunu hiss eləmişdim. Amma onlar bunu başqalarının yanında göstərmirdilər. Lazım gələndə görüşürdülər də, salamlaşırdılar da. O vaxt şəxsi ləyaqət hissi çox güclü idi. Ya da teatrda Atamoğlan Rzayev adında bir aktyor olub – epizodik rolların gözəl ifaçısı. Sözü birbaş adamın üzünə deyirdi. Həsənağa Salayevlə də möhkəm dost idi. Deyirlər, “Otello” hazırlanırmış. Salayevə rol vermirlər. O da Atamoğlandan soruşur ki, Atamoğlan, Otellonu mən oynaya bilməzdim? Atamoğlan da cavab verir ki, oynayardın, amma gündə bir pərdəsini. Yəni demək istəyib ki, sən Ələkbərov deyilsən, gücün çatmaz o rola. Ya da Tofiq Kazımov niyə Tofiq Kazımov, Ədil İsgəndərov niyə Ədil İsgəndərov idi? Çünki bilirdilər ki, tamaşanın altında onların adı yazılır, ona görə də hər şey mükəmməl olmalıdı. Ədil İsgəndərovla Ələsgər Ələkbərovun münasibəti yaxşı deyildi. Deyilənə görə, SSRİ Xalq Artisti adını birinci Ələsgər Ələkbərov almalıymış, Adil İsgəndərova veriblər, ona görə araları dəyibmiş. Amma Adil müəllim həmişə baş rolu Ələsgərə verib. Səbəbini soruşanda deyib ki, adam kimi pis ola bilər, amma sənətkar kimi qiyməti yoxdu. Belə kişilər olub onda.
– Yəni səhnəyə çıxanda həmkarına badalaq vurmaq, “rolu filankəs yox, mən oynayım” demək sonradan yaranıb?
– Yox, o vaxt da olub, amma daha samballı.
– Aktrisa Zemfira Sadıqova müsahibəsində demişdi ki, Hüseyn Seyidzadə “Dəli Kür” filminin çəkilişləri zamanı ona əxlaqsız təklif eləyib. İmtina etdiyinə görə rolunu kəsiblər.
– Birincisi, mən Hüseyn Seyidzadə haqqında “əxlaqsız təklif” sözünü heç cür qəbul eləmirəm. Hüseyn müəllimi çox yaxşı tanıyırdım və onun necə alicənab bir insan olduğunu bilirəm. İkincisi, rejissor da insandı, aktrisa da, aktyor da. Bir-birlərindən xoşları gələ bilər. Amma hər şey gözəl olmalıdı. Əgər arada məhəbbət varsa, onu yaşayan insanların adına layiq olmalıdı. Aktyorla aktrisa tamaşada, filmdə bir-birini sevən insanları oynayırlar, necə deyərlər, bir müddət sevgili olurlar. Bu, onların real həyatlarına da təsir eləyə, aralarında nəsə yarana bilər. Ancaq o “nəsə” elə gözəl olmalıdı, elə gözəl olmalıdı ki, o barədə pis fikirləşməyə, hətta dilinə gətirməyə də qıymayasan.
– Ümumiyyətlə, səhnədə sevgililəri oynayan aktyorla aktrisa arasında aşiqlik duyğusu yaranmalıdımı?
– Mütləq. Peşəkarlıq öz yerində, amma tamaşaçını aldada bilməzsən. Qəhrəmanının təbii, inandırıcı alınmağını istəyirsənsə, aşiqlik olmasa da, ən azı, xoş münasibət vacibdi. Nə qədər peşəkar olursan ol, istəmədiyin adamla oynayanda bu, diqqətli tamaşaçının gözündən qaçmayacaq.
– Nə vaxtsa istəmədiyiniz adamla tərəf müqabili olmusuz?
– Azdramada “Təhminə və Zaur”u hazırlayanda. Təhminəni Amaliya xanım (Amaliya Pənahova), Zauru da mən oynayırdım. Amaliya xanımla küsülü idik, aramızda xırda bir konflikt olmuşdu. Həmin vaxt Təhminə ilə Zauru bizə verdilər. Kişi olaraq bu məsələni həll eləmək mənim üzərimə düşürdü. Amaliya xanımla danışdım, barışdıq. “Təhminə və Zaur” da böyük müvəffəqiyyət qazanan tamaşalardan biri oldu. Düz yüz tamaşa oynadıq. Yüz tamaşa! Həmişə anşlaq olurdu, bilet tapılmırdı. Zalda ürəyi gedənlər olurdu, təcili yardım gəlirdi. Dediyim odur ki, qəhrəmanını tamaşaçıya bütünlüklə çatdırmaq istəyirsənsə, hisslərini də yaşamağı bacarmalısan, başqa yol yoxdu. Bir müddətdən sonra isə münasibətlər yenə də adiləşir. Ona görə də mən aktrisaları həmişə çox yüksək qiymətləndirmişəm, onlara qarşı münasibətimdə həddindən artıq diqqətli olmağa çalışmışam. Çünki bilmişəm ki, hər biri sabah səhnədə tərəf müqabilim ola bilər. Kiminləsə problem varsa, onu bir kənara qoymaq lazımdı. İnsanıq da. Ola bilsin, birinin sözü o birinin boğazından keçməyib. Amma o zaman kəsiyində –məşq vaxtı bunların hamısını bir kənara qoymaq lazımdı.
– Mən məşqlərdə gördüm ki, aktrisalar qədər aktyorlara qarşı da diqqətlisiniz. Heç düzəliş verəndə sizdən inciyən olub?
– Olub, amma, adətən, çalışıram, elə deyim ki, xətrinə dəyməsin. Düzəlişləri daşla qarşılayanlar da var, normal qəbul eləyənlər də. Gərək biləsən, kimə hansı sözü demək lazımdı. Məsələn, o günkü məşqdə Vidadi (Söhbət Milli Dram Teatrında rejissor Azərpaşa Nemətov tərəfindən səhnələşdirilən “Şah Qacar” tamaşasının məşqlərindən gedir. Vidadi Həsənov həmin tamaşada Şeyx Cəfər rolunu oynayırdı- A.A) səhnəyə bir az tez çıxmışdı. Ona dedim ki, siz indi gələcəksizsə, Qacar anasının üstünə qışqırmasın, çünki şah başqasının yanında anasına qışqırmaz, anası ilə öz arasındakı söhbəti başqalarına bildirməz. Siz indi çıxdınız deyə mənim replikam qaldı. Vidadi də “hə, tələsdim” dedi. Yəni məni başa düşdü.
Mövzumuz “Qacar”dı. Hiss olunur ki, o, Fuad müəllimin doğmasına çevrilib. Qacarı dişi-dırnağı ilə qorumağa hazırdı. “Tamaşa haqqında fikirlər həmişə müxtəlif olur. Aktyor zəng eləyəndə deyir ki, “Fuad, sən nə gözəl oynayırsan, bütün tamaşanı sən aparırsan”. Dramaturq zəng eləyəndə müəllifi pisləyir, rejissor zəng eləyəndə deyir ki, rejissor sənin arxanda gizlənib. Fikirləşirəm, yəqin, rejissora da zəng eləyəndə deyirlər ki “rejissura əladı, amma aktyorlar…” Bizim mühitdə belə bir qeyri-səmimilik var… Şəxsən mən hesab eləyirəm ki, bu pyes çox mükəmməldi. Son illərdə belə mükəmməl pyesə rast gəlməmişəm”- deyir.
– Bu arada Azərpaşa müəllim sizi öz alter-eqosuna çevirib.
– Azərpaşa ilə işləmək çox maraqlıdı. Çünki çox məsələlərdə həmfikirik. Bir-birimizi tək kəlmədən başa düşürük. Biz bir əsəri götürməzdən əvvəl onu xeyli müzakirə eləyirik. Çox vaxt da fikirlərimiz üst-üstə düşür. Amma xasiyyətcə fərqliyik, zövqlərimiz də hərdən haçalanır. Tamaşa var ki, aktyoru o bəyənir, mən bəyənmirəm. Ya da aktrisanı mən bəyənirəm, o yox. Məncə, bu, normaldı. Eyni cür fikirləşsək, bir-birimizə marağımız itər. Yaradıcı insanlar arasında münasibət belə olmalıdı.
Mənə elə gəlir ki, söhbətimiz alınmır. Heç cür fikrimi toplaya bilmirəm. Hər cavabdan sonra naqolay sükut yaranır. Əslində soruşmaq istədiklərim bunlar deyil çünki. Onun divarını çatlatmasa da, ən azından, yaxınlaşmağa imkan verən suallara vermək istəyirəm. Bir də o sualları tapa bilsəm?!
Kinoda oynadığı rollar barədə soruşuram.
– Obrazlardan hansının mənə daha yaxın olduğunu soruşanda “Küçələrə su səpmişəm” filmindən Xəlil obrazının adını çəkirəm. Onun hər hərəkətini, jestlərini, atdığı addımları özümünkü kimi qəbul edirəm. Mən də o vəziyyətə düşmüş olsaydım, Xəlil kimi davranardım. O obraz daxilən mənə çox yaxın idi. Ssenarini ilk dəfə oxuyanda finaldaki rəqs səhnəsi məni tutdu. Hər bir obrazın açılma məqamı var. Xəlil obrazının sirri finaldakı rəsq səhnəsində idi. “Küçələrə su səpmişəm” rəqs mahnısı deyil. Amma Xəlil toyda o mahnıya rəqs edir. Mənə o epizodun həllini tapmalı idim. Ümumiyyətlə, Azərbaycan filmlərinin dəyərini illər keçdikcə hiss eləyirsən. Hamısını demirəm, amma elə filmlər var. Milli kino günü ərəfəsində zəng edib ən çox bəyəndiyim filmimizi soruşmuşdular. “Axırıncı aşırım”la “Şərikli çörək” filminin adını çəkmişdim. “Axırıncı aşırım”ı yaxşı aktyor oyununa görə demişdim. “Şərikli çörək”dəki səmimiyyət isə heç bir filmdə yoxdu. Deyirlər, Şamil Mahmudbəyov çox maraqlı insan imiş.
– Fuad müəllim, sizin üçün qürur nədi?
– Nə?
– Qürur. Qü-rur.
– Məncə, qürur insanla bir doğulur.
– Yəni vacibdi?
– Vacib deyəndə… Onu sonradan əldə eləmək mümkün deyil. Əgər qürurun səninlə birlikdə doğulubsa, genində varsa, qürurlu olacaqsan. Yoxdusa, yoxdu. Qürur da istedad kimi, vicdan kimidi. Əgər vicdanın varsa, səni narahat eləyirsə, yatmağa qoymursa, hansısa hərəkətini götür-qoy eləyəndə vicdan səni düşündürür. Mənim aləmimdə qürur da belədi. Mən əsl qürurdan danışıram.
– Sizi tanıdığım müddətdə danışdıqlarınız və haqqınızda eşitdiklərimdən belə nəticəyə gəldim ki, çox qürurlu insansız.
– Mən o qüruru özümdə hiss eləmirəm. Doğrudan, hiss eləmirəm. Məsələn, vicdanı hiss eləyirəm, ancaq qüruru yox. Ona görə, ikisini paralelləşdirdim. Amma vicdanlı adam olduğumu bilirəm. Çünki o, məni çox narahat edir. Çox. Gecələr yuxumu qarışdırır, yarımçıq oyadır, silkələyir məni.
– Gün ərzində yaşadıqlarınızı sonra analiz edirsiz?
– Mən eləmirəm, analiz öz-özünə başlayır. Özü gəlib deyir ki, filan hərəkətin belə idi, o biri elə. İnsan kamilləşdikcə analiz onun ayrılmaz parçasına çevrilir, onu idarə eləyir. Özünü, əməllərini götür-qoy eləmək yavaş-yavaş səni bir insan kimi formalaşadırır.
– Heç prinsiplərinizdən vaz keçdiyiniz olubmu?
– Yox, yox! Yox! Yox. Dostoyevskinin bir sözü var: “əqidəsiz yaşamaq mənəviyyatsızlıqdı. Yaşamaq və hərdən öz əqidəni şübhə altına almamaq ikiqat mənəviyyatsızlıqdı”. Mən elədiklərimi sonra həmişə götür-qoy eləyirəm. Ki, bəlkə düz eləmədim? Ya da başqa cür eləsəydim, necə olardı? Burda siz dediyiniz prinsip məsələsi var. Bir dəfə Vaqif Əlixanlı verilişində soruşmuşdu ki, Azdramaya qayıtmaq fikriniz yoxdu? Onda spontan bir cavab vermişdim: “Mən niyə getdiyimi bilirdim. Ona görə getdim. ancaq “niyə qayıdıram” sualının cavabını bilmirəm. Bilmədiyim üçün də qayıtmıram”. İnsanın mütləq prinsipləri olmalıdı və onları qorumağı bacarmalıdı. Xüsusən, indiki dövrdə. Düzdü, bir də görürsən, adam prinsiplərinə uyğun hərəkət eləyəndə yaxınları “Susaydın də” deyir. Necə susum? Axı, bu məndən asılı deyil! Əgər sussam, ya da sizin dediyiniz kimi cavab versəm, prinsiplərimə zidd çıxmış olaram. Çünki oyundan qaçmaq, sualdan qaçmaq özü də xəyanətdi. Hər hansı həyati-vacib, ictimai bir məsələ ilə bağlı danışanda mənə “niyə başını ağrıdırsan, nəyinə lazım idi?” deyən adamları başa düşmürəm. Mən lap məktəb vaxtlarımdan belə olmuşam -haqsızlığa heç vaxt dözməmişəm. İndi 65 yaşım var. Bundan sonra dəyişə bilmərəm. Hansı çətinliklərlə rastlaşırsan, rastlaş, vicdanı unutmaq olmaz. Napoleonun bir sözü var. Deyir: “Mən hakimiyyəti ələ alanda beynimdəki məsləhətçini dinləyirdim və hər şey yaxşı idi. Amma sonra yanımdakı məsləhətçiləri dinləməyə başlayanda hər şey pis oldu”. Məndən “ideoloqun kimdi” deyə soruşanda başımı göstərirəm. Mənə heç kim təzyiq eləyə bilməz. Kiminsə iradəsi ilə oturub-duran yaşda deyiləm. Evdə balalarım var, axı. Onlar mənim haqqımda nə fikirləşərlər?!
– Onlar nə fikirləşirlər? Siz çoxunun xoşuna gəlməyən hərəkətlər eləyəndə, ağrımayan başınıza buz bağlayanda nə deyirlər?
– Onlarla bu barədə söhbət eləmirəm. Amma gözlərini açıb məni belə görüblər. Təbii ki, “papa başqa cür eləyə bilməzdi” deyirlər.
– Fuad müəllim, hansı qüsurlarınız var? Hansı xasiyyətinizi sevmirsiz?
– Qüsurlarım… var… Hər adamın var. Bunu başqaları daha yaxşı bilər, özümün bildiyim isə… Bir dəfə demişdim sizə. mən başqalarına qarşı həddindən artıq açıq adamam. Bu, ən böyük qüsurumdu- insanlara inanıram. Bunu özümçün böyük qüsur hesab eləyirəm. Hiss eləyirəm ki, başqaları, adətən, “bu adamın yanında filan sözü demək olar, ya olmaz”- deyə fikirləşirlər, mən yox. Bilirsən, mən necə insanam? Mən öz qiymətimi bilən adamam. Bilirəm ki, harda haqqımda nə şişirdilir, hansı söz niyə deyilir. Əsas odu ki, insan özünü tanısın, öz qiymətini bilsin. Mən öz qiymətimi bilirəm. “Qacar” tamaşasında bir məqam var. Qacar içəri girəndə əyanları mədhiyyəyə başlayırlar: “Ooo! Həşəmətli! Əzəmətli!” … Qacar cavab verir ki, peyğəmbərimiz deyib ki…
Bir anda Qacara çevrilir, onun səsi ilə danışmağa başlayır..
– “Bir insanı yıxmaq istəyirsənsə, onu təriflə. Mən özüm bilirəm ki, başkəsənəm. Amma başqa yol yoxdur”. Axırda da etiraf eləyir ki, bu, bütün hökmdarların alın yazısıdı, belə olmalıdı. Yəni tərifləməklə deyil. Ağlı başında olan adam öz qiymətini də bilir, təriflərin nə üçün deyildiyini də hiss eləyir.
– Həyatınız, sənətinizlə bağlı bütün danışdıqlarınız, üstəgəl oynadığınız rollar… Necə deyim, hamısını yağ kimi oynayırsız. Hər şey çox rahat görünür. Sənətə gəlişiniz, aktyor olmağınız. Hətta üsyanlarınız da. Məndə sizin barənizdə “hər zaman bəxti gətirən oğlan” təsəvvürü yarandı- ruslar buna “zolotoy malçik” deyirlər. Təbii ki, çətinlikləriniz olub, ancaq hər şey sonradan “bu, elə belə də olmalı imiş” kimi öz-özünə düzəlib. Məsələn, Tofiq Kazımovun sizi teatra çağırtdırmağı. Bəs itkiləriniz nə olub? Olubmu?
– İtkisiz həyat yoxdu. İtkilər həmişə olur, böyük olur. Qazandıqların heç vaxt o itkilərin yerini doldurmur.
– Qazandıqlarımız itirdiklərimizə dəyirmi?
– Əgər sən bir şeyi itki kimi dəyərləndirirsənsə, “mən bunu itirdim” deyirsənsə, deməli, sənin üçün çox qiymətli olub.
– Bəs necə barışırsız?
– Qaytarmaq mümkün deyil, axı?! Buna həyatın qanunauyğunluğumu deyim, qəddarlığımı deyim, bilmirəm. Adını nə qoyursan qoy.
– Onda Allahla savaşırsız?
– Allahla çox savaşmışam. Həddindən çox. Ancaq sonra gördüm ki, o, neynədiyini bilir.
– Doğrudan?
– Hə.
– Ümid eləyək ki, bilir.
– O bilir. Mən axırıncı dəfə “Qacar”ı oynayıb çıxandan sonra tanımadığım adamdan rus dilində bir mesaj aldım. Yazılmışdı ki “Həmişəki kimi möhtəşəm idiniz. Tanrı sizi sevir. Sizin müasiriniz olmaq böyük xoşbəxtlikdi. Çox yaşayın!” Tanımadığın bir adamın dediyi bu sözlərin xatirinə yaşamağa dəyər. Deməli, hardasa səni içəridən görən adamlar var. Ona görə də… Bəzən itkilərlə barışırsan. Yaşa dolduqca görürsən ki, itkilərin özündə də bir qanunauyğunluq var.
– Bu barışmaqdı, yoxsa ağrıya alışmaq?
– Ağrı kütləşir. İnsan üsyankar vaxtında, cavanlıqda maksimalist olur. Amma sonra… Məsələn, mən bu dəqiqə ölümü… çox asanlıqla qəbul eləməyə hazıram. Qorxmuram. Əvvəllər çox qorxurdum. O da niyə? Mən gec evlənmişəm. Uşaqlarım balaca idilər, onları ayağa qaldırmaq lazım idi. Onda qorxurdum ki, görəsən, buna vaxtım catacaqmı, eləyə biləcəyəmmi? Ancaq indi o qorxu yoxdu.
– Çünki uşaqlar artıq böyüyüblər?
– Valideyn üçün övladları həmişə uşaqdı, böyüyüb-böyümədiklərinin əhəmiyyəti yoxdu. Bildiyim odu ki, qabaqlar hiss elədiyim qorxu indi yoxdu. Bu sualı mənə “Space”də “Persona” verilişində Mehriban Ələkbərzadə də vermişdi, nədən qorxduğumu soruşmuşdu, “ölməkdən” demişdim. Demişdim ki, mənsiz onlara çox çətin olacaq. Həm də onların necə formalaşdıqlarını, kim olduqlarını görmək istəyirdim. Artıq bunu gördüm. Yəqin, ona görə, hazıram ölməyə.
Fotolar Orxan Əzimindir.