
“Biz nə tikirik?: Uşaqlar üçün şəkilli iş dəftəri”. 1930
Princeton Universitetindəki Cotsen Uşaq Kitabxanasında Sovet İttifaqında nəşr olunan uşaq kitablarının əhəmiyyətli bir kolleksiyası var. Kolleksiyaya 1917-1953-cü illər arasında nəşr olunan, təxminən 2500-ə yaxın uşaq kitabı daxil edilmişdir.
Oktyabr inqilabından sonra addım-addım həyata keçirilən Sovet təcrübəsi misli görünməmiş bir inkişaf gətirdiyindən, daha yaxşı gələcəyin açarı olacaq uşaqları üstün dəyərlərdən bəhs edən kitablarla təmin etmək SSRİ-nin ən vacib hədəflərindən biri idi. Uşaq kitablarında nağıllara yer verilməməsi də təsadüfi deyildi. Sovet uşaq ədəbiyyatı gündəlik məsələlərdən danışır, sənaye praktikasının qeyri-adi hekayələrini özündə cəmləşdirirdi. Kitablar eyni zamanda litoqrafik vizual dilə sahib idi, qrafika sənətində yeni üsullar təklif edir, rus avanqardının və sosialist realizminin məhsuldarlığını təmsil edirdi.
Sosialist təbliğatla yanaşı kitablarda uşaqlara tərbiyəvi və əyləncəli hekayələr də danışılırdı. Sovet İttifaqının sürətlə sənayeləşməsi lazım olduğu kimi, uşaqlar da tez təhsil almalı idilər. Bu dövrdəki uşaq kitabları çoxlu sayda ucuz kağız üzərində çap olunmuş və 10-15 səhifəlik broşura şəklində bükülüb paylanmışdı.

“Çuğundur şəkərə necə çevrildi?” kitabı. 1930
Məsələn, 1930-cu illərdə çap olunmuş “Çuğundur şəkərə necə çevrildi?” adlı kitabda şəkər istehsalı nağılvari dillə təsvir olunurdu: “Gecə-gündüz iş gedir. Gecə-gündüz çuğundurdan şəkər hazırlanır”.
1930-cu ildə nəşr olunan və uşaqların öz oyuncaqlarını düzəltməsinə kömək edən “Şimpanze və Marmoset” kimi kitablar, hətta valideynləri oxuma və yazma bacarmayan yeni nəsil üçün də diqqət və incəliklə hazırlanmış kitablar idi. Uşaqların həm əylənməsinə, həm də məhsuldar olmasına şərait yaradılırdı.

“Şimpanze və Marmoset”. 1930
Üstəlik, oxucuların coğrafiyası təkcə Sovet İttifaqı ilə məhdudlaşmırdı. Kitablar Cənubi Asiya dillərinə tərcümə edilir və Cənubi Asiya xalqlarının həyatı Sovet uşaq kitablarında təsvir olunurdu. Sovet uşaqları yalnız qonşu Asiya ölkələrinin deyil, daha uzaq ölkələrdən olan insanların da hekayələrini oxuyardılar. Məsələn, “Raduqa” nəşriyyatının sevimli yazıçılarından biri olan Lev Zilov Hindistanda Rajaya qarşı qiyamda iştirak edən iki gəncin çətin macəralarından bəhs edən “Milyonuncu Lenin” kitabını yazmışdı. İki hindistanlı yeniyetmə ölkələrini tərk edərək Sovet İttifaqına gəlirlər və burada bir sıra hadisələrlə qarşılaşırlar.

“Milyonuncu Lenin”. 1926
SSRİ-nin son illəri – 1990-cı illərə qədər uşaq kitabları vətənpərvərliyi, səmərəli və məhsuldar olmağı təbliğ edən hekayələrlə dolu idi. Xüsusilə, II Dünya Müharibəsindən sonra vətənpərvərliklə bağlı kitabların sayı daha da artır. Qərbli dostlarından fərqli olaraq Sovet uşaqları ölkələrində istehsal olunan texnoloji alətlər, elmi tədqiqatlar və ixtiralarla fəxr etdilər. Məsələn, Sovet pilotu Georgi Baydukovun 1930-cu illərin ortalarında Şimal Qütbündə fasiləsiz uçuşu kimi şərəfli nailiyyətlərdən bəhs edən kitablar da yazılırdı. Ya da beş illik inkişaf planlarının gündəlik həyat hekayələri kimi izah olunduğu kitablar… Bu kitablarda qəhrəman olmaq, ölmək və ya öldürmək lazım deyildi, çox çalışmaq, çox şey istehsal etmək, insanlığı irəliyə aparmaq lazım idi…

G.Baydukov “Qütb üzərindən Amerikaya”. 1938
Sovet uşaq ədəbiyyatı Yazıçılar İttifaqının 1934-cü ildə dövrün siyasi gedişatına uyğun olaraq, sosialist realizminin yeganə sənət üslubu olmasını elan etməsi vizual baxımdan rəngarəng olan bu kitablara təsir göstərmişdi. Əvvəllər uşaq kitabları geniş çeşidliliyə sahib idi, kitablardakı dizayn və qrafikada tanınmış rəssamların işi ilə yanaşı rus avanqardının təsirlərini də görmək olardı. Amma bir müddət sonra bu məhdudiyyət aradan qalxdı və kitablarda sosialist realizmindən başqa da üslublar mövcud olmağa başladı. Məsələn, kosmosun öyrənilməsində dünyanı şoka salan ilk addımın qəhrəmanlıq nümunəsi olaraq qəbul olunduğu illərdə çap olunan kitabın üz qapağının dizaynı Paul Kleenin təsiri altında əsərlər yaradan Arvydas Kazdailisə aid idi.
Kitablar sadəcə qəhrəmanlıq hekayələrindən ibarət deyildi. İstehlak vərdişlərinə dair komik, bir o qədər də xəbərdaredici misallar var idi. Məsələn, yazar Samuil Marşak və illüstrator Vladimir Lebedev tərəfindən hazırlanan “Dondurma” adlı kitabda burjua kapitalistin həddən artıq dondurma yeməyi və bu səbəbdən donub ölməyi təsvir edilirdi.

“Uşaqlar üçün Lenin haqqında kitab”. 1926
Təhsilin bir parçası olan uşaq ədəbiyyatı bütöv və daha böyük bir sistemin yalnız bir sütunu idi. Uşaqlar bu kitablar sayəsində gələcəyə hazırlaşırdılar. Bu prosesin bir hissəsi olaraq, valideynlərə övladlarına yatmazdan əvvəl nağıl danışmamalı və kitab oxumamaları bildirilirdi. Uşaqlara həyatda görməyəcəkləri şeylər əsla izah edilməməlidir. Nəinki, dini personajlar, nağılların ümumi elementləri, canavarlar, super qəhrəmanlar, cadugərlər, sehrbazlar və bu kimi şeylər uşaqların şüurundan çıxarılırdı.
Bəlkə də bunun sayəsində dünyada indiyə qədər görünməmiş bir sistemin nəhəng bir coğrafiyada uzun müddət elmi və texniki baxımdan dünya lideri olmuşdu Üstəlik, bu müddət ərzində çox böyük çöküşlərin yaşanmasına rəğmən.
Mənbə: Atlas Obscura