Amerikalı rejissor Jozef fon Şternberq 1894-cü ildə Vyanada doğulub. Ailəsi bir neçə il sonra yeni, yaxşı həyat ümidi ilə Amerikaya köçüb.
Şternberq 1923-cü ildə Hollivudda rejissor assistenti işləyib. Prodüserlər titrlərdə aristokrat adlara üstünlük verdiyi üçün onun adına “fon” əlavə edilir və Şternberq bunu ömrünün axırına kimi saxlayır.
1924-cü ildə o, rejissor kimi ilk filmini “Qurtuluş ovçuları”nı çəkir və Çarli Çaplinin təşəbbüsü ilə “Yunayted Artists” şirkəti filmi prokat üçün alır.
Böyük uğur qazanan filmdən sonra lentə aldığı “Cinayət dünyası” qanqster janrının inkişafında mühüm rol oynayır.
Sonrakı illərdə rus zabitinin taleyini anladan “Son əmr”, bir fahişənin həyatını nəql edən “Nyu York limanları” ekran əsərlərini çəkir.
O, məşhur aktrisa Marlen Ditrixlə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq nəticəsində “Mərakeş”, “Şanxay ekspressi”, “Sarışın Venera” və s. filmlər ortaya çıxır.
M.Ditrixin bir ulduz kimi parlamasında rejissorun rolu böyük olub.
1933-cü ildə Almaniyanın UFA kino şirkəti rejissora əməkdaşlıq təklif edir. Və Almaniyaya gələn Şternberq anlayır ki, mövcud siyasi şəraitdə alman kino şirkətləri ilə əməkdaşlıq edə bilməz. Amerikaya qayıdan rejissora 1938-ci ildə Avstriya hökuməti kino məsələləri üzrə məsul vəzifə təklif edir. Şternberg ümid edir ki, səlahiyyətlərindən istifadə edərək, ölkədə antinasist təbliğat apara bilər. Amma Avstriyanın Almaniya ilə ittifaqa girməsi nəticəsində o, öz planlarını realizə edə bilmir. Bu isə rejissora əsəb sarsıntsı və yaradıcılıq böhranı bahansına başa gəlir.
Sonralar bir neçə film çəkən rejissor (“Serjant Medden”, “Şanxay jesti” və s) Kaliforniya universitetində dərs deyib. 1949-cu ildə o, yeni filmini reallaşdırmaq üçün üçün sənət nümunələri ilə zəngin kolleksiyasını satır və Yaponiyada “Anathan haqda saqa” ekran əsərini lentə alır. Hərçənd, prokatda bu poetik filmi uğur qazanmır.
Rejissor 1969-cu ildə vəfat edib.
Şternberqin yaradıcılığının ən məşhur filmlərindən biri “Mavi mələk” (1930) psixoloji dramının süjetinə görə professor Rat məktəbdə müəllim işləyir. Onun şagirdləri dərsdən sonra “Mavi mələk” gecə klubunda çox seksual olan müğənni Lolaya baxmaq üçün gedir.
Lolanın açıq-saçıq şəkilləri məktəbdə əldən-ələ gəzir, şagirlərin ona marağı dərs prosesinə mane olur. Rat qərara alır ki, kluba getsin, Lola ilə danışaraq buna son qoysun. Amma o, özü Lolanın toruna düşərək ona aşiq olur. Lola Rata ərə gedir, sonra başqa kişilərlə flirt edir və üstəlik, ərini kloun işləməyə vadar edir. Rat ziyalıdan müqavimətini itirmiş, iradəsiz klouna çevrilir. Sonda Rat bütün gücünü toplayaraq ordan qaçır və nə vaxtsa dərs dediyi məktəbə gedərək orda canını tapşırır.
Film alman yazıçısı Henrix Mannın “Professor Unrat” romanının motivləri əsasında çəkilib.
“Mavi Mələk” aktyor Emil Yanninqsin təşəbbüsü ilə həyata keçirilib. Studiya rəhbərliyinin etirazlarına baxmayaraq, rejissor filmə az tanınan aktrisa Marlen Ditrixi dəvət edib.
Rejissor bu filmi aşıq olmuş adamın süqutunun hekayəti adlandırıb. Bəzi tənqidçilər filmdə müharibəyə qədərki Almaniyanın obrazını görürlər. Şternberq isə deyib ki, o, siyasi mövzuya toxunmayıb.
Film həm Almaniyada, həm də Amerikada böyük uğur qazandı.
Amma Almaniyada ekranlara çıxandan sonra tənqidlərlə qarşılandı.
“Mavi mələk”i istehsal edən UFA kinostudiyasnın rəhbərlərindən biri, nasionlaist Alfred Gutenberq bu filmə alman orta təbəqəsinə hücum kimi baxsa da, dəyişiklik tələb eləmədi. Ümumilikdə, baş qəhrəmanın mənəvi tənəzzülü, ziyalının instinktlərinin əsiri olaraq, özünü gülünc vəziyyətinə salması alman burjuaziyasının süqutu kimi dəyərləndirildi.
1933-cü ildə isə nasist Almaniyasında Henrix Mannın əsərləri kimi “Mavi mələk” də qadağan olundu.
Deyilənə görə, Hitler bu filmə tez-tez özünün xüsusi kinozalnda baxırmış. Və Ditrix onun intiharına bir neçə gün qalmış Amerika orudusunun formasında Reyni keçəndə o, bundan bərk məyus olur.
Bundan əvvəl isə Hitlerin şəxsi xahişlərinə rəğmən Ditrix nasist filmlərində çəkilməkdən imtina edib. Onun çəkildiyi bütün filmlər ölkədə qadağan olunur.
Ilk səsli alman filmi olan “Mavi mələk”də Şternberq Ditrixi məşhurlaşdrmaq üçün bilərəkdən əhvalatı onun ətrafında qurur. Amma Rat rolunun ifaçısı Emil Yanninqsin oyunu fonunda Ditrix sönük görünür.
Filmdə açıq-saçıq məqamlar var, məsələn, səhnələrdən birində Lola qrim otağında alt paltarını qaydaya salır.
Ditrix xatirələrində yazırdı ki, o, ssenarini oxuyanda heyrətlənib: ”Unutmayın ki, mən yaxşı tərbiyə olunmuş alman qızı idim”.
Bu ilk filmlərdən biri idi ki, ədəbsiz səhnələrə görə Amerikada Kinostudiyalarla Əlaqə Komitəsinin məhkəməsinə çıxarılmışdı. Komitənin sədri Ceyms Uinheyt filmi əxlaqsız hesab etməyərək “əla” adlandlrmışdı.
Kaliforniyada isə senzor Keven erotikliyinə görə nümayişin qadağan olunması haqda qərar verir. Bundan sonra “Kolorado sinema” kinoteatrının sahibi xahiş edir ki, qərara yenidən baxılsın. Keven isə təhqiramiz hesab etdiyi səhnələrin kəsilməsini tələb edir. Premyerada açıq səhnələr görməyə ümid edən tamaşaçılar pis redaktə olunmuş versiyaya baxırlar. Və öz narazılıqlarını bildirirlər.
“Mavi mələk” filmi indiyədək dünya kinosunun klassik əsərlərindən hesab olunur.