1882-ci ildə Rusiyada doğulmuş İqor Stravinski 20-ci əsrin ən böyük rus bəstəkarı kimi tanınır.
1920-ci illərə qədər Stravinski “Alovquşu” (The Firebird) (1910), “Petruşka” (1911) və “Bahar ayini” (1913) kimi baletləri yazır. 1920-ci illərdən sonra isə o, neoklassisizm dövrünə qədəm qoyur.
Onun yazdığı “Bahar ayini” bəstəkarın ən məşhur əsəridir. 1912-ci ildə Balet Russe-nin bədii rəhbəri Sergey Dyagilyev sifariş etdiyi əsəri dinləmək üçün Stravinskinin yanına gəlir. Stravinski əsəri ifa etməyə başlarkən musiqi təbiəti oyandıran eterik və ahəngli bir folklor musiqisi ilə açılır. Səslər çoxaldıqca musiqidəki ahəngsizlik də artır.
Dyagilyev bu təkrarlanan keçidə sonda dözə bilmir və bəstəkardan: “Bu nə qədər davam edəcək?” deyə soruşur. Stravinskinin cavabı isə: “Sona qədər, əziz Sergey” olur. Həqiqətən, “Bahar ayinləri”nin son versiyasında, Augurs akkordu təxminən 200 dəfə təkrarlanır.
Aprel ayında yeni açılan “Théâtre des Champs-Élysées” salonunda 29 may axşamı dahi rus bəstəkarı İqor Stravinskinin son möcüzəsi olan “Bahar ayini”ni izləməyə gələnlər arasında dövrün ən tanınmış bəstəkarlarından Mauris Ravel, Klod Debüssi, Edgard Varèse və Camille Saint-Saens və həmçinin Marsel Prust, Pablo Pikasso, Gertrude Stein və Jan Kokto kimi adlar var idi.
“Bahar ayini”nin ilk dəqiqələrində etirazlar yüksəlir, tamaşaçılar arasında mübahisə başlayır, səhnəyə kənar əşyalar atılır, musiqi davam etdikcə açıq üsyan başlayır. Əslində, bəzi şayiələrə görə, tamaşaçılar arasında mübahisələr o qədər şiddətlənir ki, hətta bir-birlərini duelə dəvət edənlər də olur. İlk dəqiqələrdən sonra qışqırıq səsləri səbəbindən musiqi eşidilmir və Dyagilyev orkestrə və rəqqasələrə buna baxmayaraq nə olursa olsun davam etməyi tapşırır.
Bütün mənfi tənqidlərə və etirazlara qarşı Dyagilyev Parisdə “Bahar ayini”ni 5 dəfə nümayiş etdirməyi bacarır, lakin hər tamaşadan sonra oxşar fikirlərdə yazılar yazılmağa davam edir. Baletin ikinci nümayişini izləyən Puççini, musiqini “kakofonik qarışıqlıq” və “yalnız dəli birinin yazacağı musiqi” hesab edir.
Bəs “Bahar ayini” musiqi dünyası üçün niyə bu qədər vacib əsərə çevrildi?
Stravinski üzərində iki il işlədiyi “Bahar ayini”ndə müxtəlif kompozisiya metodlarından istifadə edir. Ancaq bu işin ən vacib xüsusiyyəti, şübhəsiz ki, musiqinin əsasını harmoniya və melodiya üzərində yox, ritm üzərində qurmasıdır. Bundan öncə heç bir musiqidə bu qədər zəngin ritmik dəyişmədən istifadə edilməmişdi, baletin təkcə son hissəsi olan Danse sacrale-də (L’Elue) 6 fərqli zamandan istifadə olunmuşdu. Stravinskinin bu qarışıq və assimetrik musiqisi dinləyicidə hüzursuzluq yaradır. Həmçinin bu bəstədəki musiqi dilində ənənəvilikdən də imtina edilib.
20-ci əsrin ən vacib əsərlərindən biri sayılan “Bahar ayini” ədəbiyyatın modernizminin bədii gərginliyini və hekayələrin həll edilməmiş yarımçıqlıq hissini aşılayır.