Rejissor David Cronenberg, çəkdiyi “A Dangerous Method”(“Təhlükəli metod”) tarixi bədii filmi ilə kino tarixində silinməz iz qoydu. Premyerası 2011-ci ildə gerçəkləşən filmin istehsalında Böyük Britaniya, Almaniya, Kanada, İsveçrə və ABŞ kimi ölkələrin birgə rolu var.
Süjet əsas etibarı ilə psixoanalizin dühaları olan Ziqmund Freyd, Karl Qustav Yunq və əvvəl pasiyent olub, sonra özü də psixoterapevt peşəsinə yiyələnən Sabina Şpilreynin münasibətlərindən bəhs edir.
Təbii ki, Freydin təliminə, Yunqun özünəməxsus metodik yanaşmalarına, həmçinin psixonaliz və psixologiya ilə maraqlananlara film lap həvəsli gələcək. Tarixi ekskurs və sənət gözəlliyi sarıdan da “Təhlükəli metod” filmi əntiqə sayılsa da orada bir darıxdırıcı ruh da var.
Freydlə Yunqun rəqabəti – az qala Fenerbahçe ilə Qalatasarayın, Amerika ilə Rusiyanın, Trotski ilə Stalinin, Tom ilə Cerrinin münasibəti səviyyəsində olub. Əlbəttə biz filmin əvvəlində bu iki elm adamının bir-birinə qarşı necə dostcasına, mülayim davranışlarını görürük. Hətta Yunq Freydi mənəvi müəllimi hesab edir və bunu özünə də bildirir. Daha sonra xırda fikir toqquşmaları dağdan yırğalanıb düşən və getdikcə böyüyən iri qarlı kürəyə dönüşür. Bu da təbii ki, destruktiv məcra alır. Şübəsiz ki, bu rəqabətin və gözügötürməzliyin kökündə intellektual bir eqo yatır. Freyd özü sağ olsaydı və məsələyə öz şəxsi işi kimi baxmasaydı bu olayı daha rasional şəkildə təhlil edərdi.
Filmdə bir məqam var, deməli, Yunq ilə Freyd gəmi ilə Amerikaya gedirlər. Yolda Yunq öz gördüyü yuxunu Freydə danışır və Freyd də onu yozur. Ardınca Freyd də gecə maraqlı yuxu gördüyünü bildirir. Yunq ondan yuxunu danışmasını xahiş edəndə Freyd deyir ki, “avtoritetimin aşağı düşməməsi üçün yuxunu sizə danışmayacağam.” Burada Freyd Yunqdan incikliyini ilk dəfə açıq şəkildə ifadə edir. Detalları bölüşməyəcəyəm ki, izləyicinin həvəsi qaçmasın.
Kanadalı rejissor Kronenberq darıxdırıcı film çəkib. O, nə Freydin, nə Şpilreynin, nə də əsas işığın onun üzərinə düşüdüyü Yunqun psixoloji portretini kifayət qədər ekrana daşıya bilməyib. Bütün vacib məqamlar kadr arxasında qalıb. Əsas obyekt, işığın gur düşdüyü fiqur Sabina rolunun ifaçısı aktrisa Keira Knightleydir. Kapitalistsayağı şəkildə bu qadını lazımsız, daha doğrusu yersiz şəkildə şişirtmək Kronenbergə yaraşmayıb. Onsuz da filmə baxmağa qərar verənlərin çoxu ekran başına Knightleylinin həvəsinə yığışırlar. Belə olan halda əsas fiqurların gücünü zəiflədib, lazımsız şəkildə Sabinanı belə banal formada gözə soxmağa ehtiyac yox idi.
Film əvvəldən Şpilreynin psixi gərginlikdən yaranan fiziki konvulsiyaları ilə başlayır, ardınca onun psixoloji uşaq travmalarına toxunub, indiki təzahürlərin qaynağını göstərmiş olurlar. Bu əladır, sadəcə filmdəki keçidlər çox radikaldır və Şpilreynin sağalma, inkişaf mərhələləri öz təbiiliyini ciddi şəkildə itirir. Bunu tamaşaçıya soxuşdurmaq nə dərəcədə düzgündür?!
Bir şey də var ki, filmdəki yeganə personaj yəhudi əslli rus qadını Şpilreyn idi ki, tamaşaçılarda süjetboyu maraq və intriqa yarada bilir.
Guya rejissor üç psixoanalitikin münasibətlərinin psixoloji üçbucağını qurmağa çalışıb, ancaq bu onda qətiyyən alınmayıb.
Bioqrafik dram janrında olan “Təhlükəli metod” filmi aktyorlar sarıdan çox parlaqdır. Yunqu Michael Fassbender, Freydi isə Viggo Mortensen canlandırır. Psixiatr Otto Grossun rolunda isə fransız aktyor Vincent Cassel oynayır. Etiraf edim ki, ən çox elə Grossun səhnəsi və rolu xoşuma gəldi. Otto Gross filmdə qısa müddətlik yer alsa da parlaq təsir yarada bilir. Onun müdrik replikaları, azadlıq və seks barədə istehzalı fikirləri Yunqa çox ciddi təsir edir. Cassel o saç düzümü və sifət quruluşu ilə Freydin ilk tələbələrindən olan Grossa çox bənzəyib.
Ümumiyyətlə filmdəki aktyor oyununa söz ola bilməz. Di gəl ki, gözdeşən banallıq olmayaydı.
Bəli, film gözləntilərimi çox da doğrultmadı. Burada subyektiv və obyektiv fikirlərimi qeyd elədim. Düşünürəm ki, əsas çatışmazlıq ehtiras idi ya da mən Freyd babaya olan rəğbətimə görə, ona layiq film görmədiyim üçün məyusam. Nə isə, belə ancaq Kronenberqin filmi insanı düşünməyə vadar edir. Psixikadakı “mən” anlayışı, insan təbiətinin pozğun tərəflərinin kökü, emosiyaların önəmi, ölüm və günah məsələləri – bütün bunlar barədə məlumatlılıq diqqətli izləyiciyə kifayət qədər ötürülən nəsnələrdir. Qiymətləndirmək üçün izləmək lazımdır…