İştirakçılar:
Belisario – dramaturq
Ana – qarı
Nənə (Karmen) – onun dayısı qızı; Anadan bir az cavan və gümrahdır
Baba (Pedro) – Karmenin əri
Aqustin – onların böyük oğlu; əlli yaşında
Sesar – onların kiçik oğlu
Ameliya – onların qızı; qırx yaşında
Hoakin – çilili zabit; gənc və yaraşıqlıdır
Sinyora Karlota – yaraşıqlı gənc xanım; otuz yaşlarında
Hadisələr iki plan üzrə, iki məkanda: nənə və babanın evi – 50-ci illərin Liması və Belisarionun kabinetində (bu isə dünyanın istənilən nöqtəsində yerləşə bilər), 1980-ci ildə cərəyan edir. Daha çox nənə və babanın yaşadığı evin qonaq otağını görəcəyik. Bir qapı küçəyə, digəri mənzilin dərinliyinə açılır. Otağın quruluşu imkansızlıqdan, yoxsulluqdan xəbər verir. Ananın son illər vaxtını keçirdiyi kreslo; hərəkət etməyinə yardımçı olan taxta kürsü; köhnə radioqəbuledici;masa – ikinci pərdədə ailə onun ətrafında axşam yeməyi yeyir.
Küçəyə açılan pəncərədən tramvay səsləri gəlir. Dekorlar əslinə yaxın olmamalıdır, çünki hadisələr Belisarionun xatirəsində canlanır, bu, onun xəyallarıdır, xəyallarda isə insanlar da, əşyalar da qeyri-dəqiq görünür və real görünüşlərindən uzaq olurlar. Pyesin davamında nənə-babanın evi Ana və Karmenin cavanlıqda yaşadığı evə; Arekipdəki mülkün qonaq otağına; Ananın Belisarioya nağıllar danışdığı Boliviyadakı mənzilə; Pedronun Karmenə məktub (Ananın gizlicə oxuduğu) yazdığı otel otağına çevrilir.
Bütün bu məlum qeyri-dəqiqliklər nəzərə çarpmalıdır. Bu, zaman və məkandakı keçidləri asanlaşdırmağa xidmət edir. Belisarionun iş otağında kağız, bloknot və qələmlərlə dolu yöndəmsiz masa önə çıxır. Yazı makinası da ola bilər. Vacibdir ki, kabinetin quruluşu burada ömrünü yazı-pozuya həsr etmiş insanın yaşadığını, vaxtının çoxunu kabinetdə keçirdiyini, burada təkcə yazı ilə məşğul olmadığını, yatdığını və yediyini, xatirələrini təzələdiyini, özü və üstünə gələn kölgələr qarşısında günahlardan arındığını göstərsin. Belisarionun 40-50 arası, hətta bəlkə, daha çox yaşı var. Hər halda, onun böyük ədəbi təcrübəsi olduğu sezilir. Bu hekayəni yazarkən onun başına gələnlər, şübhəsiz ki, əvvəlki əsərlərinin üzərində işləyəndə də olub. Simasından və geyimindən görünür ki, bu insan həyatda çox da uğur qazanmayıb, qayğısız və dalğındır.
Səhnədəki iki məkan arasındakı sərhəd şərtidir. Geyimləri gerçəyə yaxın hazırlamaq lazımdır, çünki tamaşaçı məhz geyimlərə görə zamanın dəyişdiyini anlayacaq. Çilili zabit əsrin əvvəllərinə aid mundir geyinir – qızıl düymələr, bağ və qılınc, sinyora Karlotanın əynində də zamana uyğun paltar var. Karmen, Pedro və Ana yalnız sadə yox, 50-ci illərin sadə tələblərinə uyğun geyiniblər. Bununla yanaşı, Belisarionun saç düzümü, paltarı və digər atributları müasirimiz olduğunu göstərməlidir.
I HİSSƏ
Səhnə qaranlığa qərq olub. Ananın həddən artıq yüksək, narahat, səksəkəli səsi eşidilir. Onun qartımış, qırışlarla örtülmüş sifəti işıqlanır.
Ana. Çaylar… Çaylar axır… Su, köpük, burulğanlar… Su dalğa-dalğa gəlir və hər şeyi batırır… Daşqın! Su yaxınlaşır! Şəlalər, köpüklər, daşqın, burulğanlar, çay… Ay-ay!
Səhnə işıqlanır. Ana belini bükərək, köhnə kreslosunda oturub, ayaqlarının altında kiçik gölməçə var. Belisario – öz masasınınunun arxasında, qızdırmalı kimi yazır. Gözləri parıldayır, əli dayanmadan lələyi kağızın üzərində süzdürür, dodaqları tərpənir, elə bil özü-özünə diktə edir.
Ameliya (çıxaraq). Yenə! Yenə gölməçə yaradıb! Niyə məni çağırmadın, niyə ölmək istəmədin?! Nə qədər demək olar? Elə bilirsən, sənin sidiyini silməkdən bezməmişəm? Bax, düz bura – boğaza yığmısan! (Havanı iyləyir.) Ey-ey, deyəsən, o birini də çatdırmısan.
Ana təbəssümlə yuxuya gedir, başı sinəsinə düşür. Bu an Belisario hansısa qəfil fikrin təsiri ilə yazıdan ayrılır. Lələk havada donur. Üzündə bezgin ifadə yaranır. Öz-özünə danışır.
Belisario (güclə eşidiləcək səslə). Sənin bu məhəbbət hekayəsində nə işin var? Altını batıran, başqasının geyindirib-soyundurduğu, çimizdirdiyi, yatırdığı, heç bir işini özü görə bilməyən qarının burada nə işi var? Bu axı məhəbbət hekayəsində neyləyəcək, Belisario? (Qəfil hirslənib əlindəki qələmi döşəyə tullayır.) Sən məhəbbət hekayəsi yazmaq istəyirsən, ya nə? (Gülür) Ən üzücü, ən cansıxıcı şey başlanğıcdır. Şübhələrinə, gücsüzlüyünü dərk etdiyinə görə quruyub qalırsan. (Anaya baxır.) Hər dəfə işə başlayanda mən sənin kimi oluram, Ana, özümü yüzillik xarabalıq kimi, ağlı qaçmış qarı kimi, lazımsız, cılız, anlaşılmaz məxluq kimi hiss edirəm. Bu, məni həm güldürür, həm mənə mərhəmət aşılayır, həm də bir balaca qorxudur. (Ayağa qalxır, yerdən götürdüyü qələmi dişlərində sıxaraq Ananın ətrafında dövrə vurur) Yaddaş ki hələ salamatdır, elə deyil? Dişlər isə yoxdur? Yox. Aqustinlə Sesarın hədiyyəsi olan taxma dişləri isə damağını sürtdüyü üçün işlədə bilmirsən? Niyə burdasan? Səni kim çağırıb? Axı mane olursan, bəyəm bunu başa düşmürsən? (Gülür və ağlına gələn yeni fikrin təsirilə yazı masasına doğru gedir.) Ana Ana. Heç kim, heç vaxt səni öz adınla çağırmayıb – Elvira. Nə nənə, nə baba, nə mənim anam, nə dayım. (Masanın arxasına keçir və yazır – əvvəl yavaş-yavaş, sonra sürətlə.) Başqalarına bu söz qəribə gəlirdi. Niyə Ana? Hansı səbəbdən, kimin Anasısan? Vaxt keçdikcə hər kəs səni ancaq və ancaq belə adlandırmağa başladı.
Ameliya. gölməçəni təmizləyib gedir. Belisarionun son sözləri səslənəndə Hoakin – çilili zabit daxil olur. Əynində əsrin əvvəlinə aid qızıl işləməli mundir var. Əvvəlki səhnənin davamı olaraq Belisario həvəslə yazır, ancaq arada kağızdan ayrılıb qələmin ucunu dişləyərək nələrisə yadına salır, düşünür. Vaxtaşırı Hoakinə və Anaya dalğın-dalğın baxır, onların söhbətinə qulaq verir, sonra yenidən işə başlayır – yazır və yazdığını oxuyur.
Hoakin (pıçıldayır). Elvira… Elvira… Elvira…
Ana gözlərini açır, qulaq asır və bic-bic gülür, narahat-narahat ətrafı bir qədər süzür. İndi onun səsi və hərəkətləri gənc qızınkı kimidir.
Ana. Hoakin! Sən dəli olmusan! Eşidəcəklər!
Hoakin. Mən sənin burada olduğunu bilirəm axı! Sən məni eşidirsən! Bir dəqiqə gözlə, Elvira! Sənə vacib bir söz deməliyəm. Nə olduğunu bilirsən də? Hə? Demək istəyirəm ki, sən möhtəşəmsən, mən səni sevirəm və mənim olmağını istəyirəm. Bazar gününə qalan saatları sayıram.
Ana qalxır və qorxaraq, açıq-aydın özü ilə mübarizə apararaq, xəyali eyvanın barmaqlıqlarından aşağı əyilir.
Ana. İndi bura necə gələ bildin, Hoakin! Səni heç kim görmədi ki? Məni məhv edəcəksən. Taknada divarların da qulağı var.
Hoakin (onun əllərini öpüşlərə qərq edir). Mən uzanıb yatmışdım, sevgilim! Qəfildən elə bil hansısa general mənə əmr verdi: əgər tələssən, çatacaqsan, onun yanına tələs! And içirəm, Elvira! Səni görmək, sənə toxunmaq istəyirdim.
Ana qamətini sarmağa hazır olan acgöz əlləri kənara itələyir…
Hoakin. Səni görməsəm, səhərə qədər gözümü yuma bilməzdim.
Ana. Axı biz bütün axşamı bir yerdə keçirmişik. Dayım qızı ilə əla gəzdik, düzdür, Hoakin? Sən məni çağıranda o möcüzəli narlar, armudlar, şaftalılar, heyvalar düşdü yadıma. Çayın kənarı necə gözəl idi! Uşaqlığımdakı kimi çayda bir-birimizə su sıçratmaq istəyərdim…
Hoakin. Yayda hələ də Taknada olsaq, səni çaya apararam. Bizi heç kim görməyəcək. Gecə. Bu gün gəzdiyimiz körfəzin yanına… Paltarlarımızı atarıq…
Ana. Sus, Hoakin! Daha eşitmək istəmirəm!
Hoakin. Əgər bazar günü evlənəcəyiksə, burda əxlaqsız nə var ki?
Ana. Hətta arvadın olanda da belə danışmağa sənə icazə verməyəcəm.
Hoakin. Sən mənim üçün dünyada hər şeydən ucasan, Elvira. Hətta mundirimdən də. Sən mundirin zabit üçün nə demək olduğunu bilirsən də? Bunu sözlə ifadə etmək olmaz. Hirslənmə, mən qəsdən deyirəm. Sənin belə olmağın xoşuma gəlir.
Ana. Necə?
Hoakin. Belə… toxunulmaz qızcığaz kimi. Səni hər şey utandırır, qorxudur, heç nədən qızarırsan.
Ana. Yaxşı ailədən çıxan xanım necə olmalıdır?
Hoakin. Əlbəttə, belə olmalıdır. Yox, Elvira. Sən təsəvvür edə bilməzsən, mən bazar gününü necə gözləyirəm! Sən ancaq mənim olacaqsan, başqa heç kimin, sən tamamilə mənim ixtiyarımda olacaqsan. Tək qalanda, səni dizlərimin üstündə oturdacam, qaranlıqda sən məni pişik kimi cırmaqlayacaqsan. Sənin saçının hər telini sayacam – onlar 5 mindən az olmamalıdır…
Ana. İlk gecəmizdə ancaq bununla məşğul olmaq fikrin var?
Hoakin. Yox! İlk gecəmizdə nə olacağını bilmək istəyirsən?
Ana. (qulaqlarını tutaraq). Yox, yox, istəmirəm! (Hər ikisi gülür.) Evlənəndən sonra da belə mehriban olacaqsan? Bilirsən, Karmen gəzintidən sonra mənə nə dedi: “Bəxtin gətirib, Elvira. Sənin Hoakinin yaraşıqlıdır, incədir, əsl cəngavərdir”.
Hoakin. Və sən onunla razısan? Çilili olmağım səni narahat etmir ki? Sən də çilili olsan, dünya dağılmaz ki.
Ana. Mən çilili olmayacam. Qəbrə qədər Peruya sadiq qalacam. Ölənə qədər, bizə hücum edən əclaflara nifrət edəcəm.
Hoakin. Bu, çox maraqlı olacaq. Mənə ərə gələndən sonra biz Santyaqoya, Antofaqastaya, ya da başqa bir qarnizona gedəcəyik. Sən Sakit okeandakı müharibəyə görə mənim silahdaşlarımla da mübahisə edəcəksən? Çilililər haqqında belə fikirlərə görə mənə tribunala göndərərlər.
Ana. Qorxma, Hoakin, sənin gələcəyini korlamayacam, çilililər haqqında fikirlərimi özümə saxlayacam. Sənin yoldaşlarına isə gülümsəyəcəm, qaş-göz edəcəm.
Hoakin. Bircə bu çatmırdı! Qaş-göz edəcəkmiş! Sən bilmirsən ki, mən türk kimi qısqancam? Səni isə qısqanmamaq mümkün deyil.
Ana. Vaxtdır. Əgər dayım səni görsə, mənim üçün yaxşı olmayacaq.
Hoakin. “Dayı, xala”! Mənim adaxlıbazlığımı pozurlar.
Ana. Zarafatla da olsa, belə demə. Menelao dayım və Ameliya xalam olmasa, mənim halım necə olardı? Uşaq evinə düşərdim. Hə, hə, Tarapaka küçəsinə.
Hoakin. Bilirəm, onlar sənə çox yaxşılıq ediblər və sevinirəm ki, sən qızıl qəfəsdə böyümüsən. Amma nişanlı olduğumuz bu bir ildə biz heç vaxt tək qala bilmədik. Narahat olma, gedirəm. Gedirəm!
Ana. Sabaha qədər, Hoakin. Sabah səkkizdə, kilsədə, həmişəki kimi?
Hoakin. Həmişəki kimi. Yadımdan çıxmışdı. Buyur, bu da mənə verdiyin kitab – Federiko Barreto. Oxumağa başlamışdım, ancaq ikinci səhifədə yuxuya getdim. Yatağına uzananda mənim əvəzimə oxuyarsan.
Ana. (saçından qopardır və Hoakinə uzadır). Eybi yox, orda yazılanları qulağına pıçıldayanda, bilirəm ki, xoşuna gələcək. Bilirsən, Hoakin… Sənə ərə gedəcəyimə görə xoşbəxtəm.
Hoakin getməzdən əvvəl onun dodaqlarından öpmək istəyir. Ancaq Ana çevik davranıb yanağını çevirir. O, kresloya qayıdır və yenidən qarıya çevrilir. Kitaba baxır.
Birdən Hoakin yelpik əhvalatını öyrənsə? Onu duelə çağırar və öldürərdi. Sındır o yelpiyi, Elvira, onu saxlamağın yaxşı deyil.
Kresloya oturan kimi yuxuya gedir. Bu saat gözünü yazıdan ayıran Belisario daha gümrah və canlı görünür.
Belisario. Bəyəm bu məhəbbət hekayəsidir? Eh, Belisario, belə də saflıq, axmaqlıq olar? Öz qəhrəmanlarını qızların bəkarətini ərə getməmişdən itirdiyi, oğlanların isə marixuananı qızlardan üstün tutduğu bir dövrə gətirə bilməzdinmi? Yaxşı, eybi yoxdur. Seçdiyim məkan və zaman romantik hekayə üçün idealdır. Takna – Perunun Sakit okean müharibəsindən sonra Çili qoşunları tərəfindən zəbt olunmuş əyaləti. (Anaya baxır). Demək, sən özündən əmin və yenilməz vətənpərvərsən? Belə, görəsən, bu xanımın həyatındakı ən xoşbəxt gün hansıdır?
Ana (gözlərini açır). Taknanın yenidən Perunun tərkibinə qatıldığı gün! (Xaç çəkir, bu mərhəmətinə görə Allaha şükr edir və yenidən yuxulayır.)
Belisario (yüngül bir kədərlə). Hə, romantik hekayə. İndi belələri olmur, onlara heç kim inanmır. Sənin çox xoşuna gəlir? Hansı cəhənnəmdən gəldi bu sevgi hekayəsi? Heç nəyi kompensasiya edə bilməyən adi əvəzçıxma üçün? Və buna görə belə biabırcasına ağ bayraq qaldırmaq? Bəli, buna görə! A-a, lənətə gəlmiş məxluq, rədd ol! Cəhənnəm olsun tənqidi şüur! Tüpürüm ona, Belisario! O səni yalnız buxovlaya və tənha qoya bilər. Rədd ol burdan, tənqidi şüur! Cəhənnəm ol, sürtük, qısır cızma-qaraçıların şahzadəsi! (Yerindən sıçrayıb Ananın yanına qaçır və əlini onun alnına qoyur.) Xoş gəldin, Ana Əvvəl dediyim hər şeyi unut! Məni bağışla! Sən mənə lazım olacaqsan, köməyin dəyəcək. Mənə məhz sənin kimi qadın lazımdır! Belə gözəl və riqqətli sevgini ancaq sən duya bilərsən. Sənin həyatında mənim hekayəm üçün lazım olan hər şey var… Ən azından başlanğıc var. (Masanın arxasına qayıdır.) Anası doğuş zamanı ölmüşdü, atası isə… Ulu babam səni götürəndə neçə yaşın vardı, Ana? Beş? Altı? Karmen nənə o vaxt anadan olmuşdu? (Oturur, karandaşı əlində fırladır, asta-asta danışır, sözləri seçir.) Onlar o vaxt rahat yaşayırdılar, bir yetimə baxa bilərdilər. Mülkədarlar.
Ana (gözlərini açır və ayaqlarının altında oturan, tamaşaçılara görünməyən uşağa müraciət edir.) Sənin ulu baban Menealo əsl zadəgan idi, onun gümüşü başlıqlı əl ağacı və zəncirli saatı vardı. Çirki sevmirdi. Qonaqlıqdan qayıdan kimi hər şeydən qabaq barmağıyla rəflərin tozlu olub-olmadığını yoxlayırdı. Suyu, şərabı ancaq dağ büllurundan olan stəkanlarda içirdi. “Yaxşı stəkanda içki ikiqat dadlanır”, – deyərdi tez-tez. Bir dəfə xalayla birgə bala gedirdilər, bizsə sənin Karmen nənənlə heyva mürəbbəsi yeyirdik. “Verin mən də dadına baxım, qızlar”. Dadına baxdı, sonra frakına damcılatdı. Damcılatdı və gözlərini ləkəyə zilləyib yerində dondu. Sonra qışqırmadan, bir söz belə demədən bütün qabı çevirdi, jiletini, şalvarını, frakını batırdı. Ulu nənən həmişə deyərdi: “Təmizlik onun zəif nöqtəsidir”.
O gülümsəyir və yenidən yuxuya gedir. Monoloq davam etdiyi müddətdə Belisario lələklə işləyir, arada başını qaldırıb qulaq asır.
Belisario. Sənin ulu baban Menealo, yəqin ki, elə-belə tip olmayıb. Canında az yoxmuş. O sənə lazım olacaq, Belisario (tavana baxır). Lazım olacaq, olacaq. Lazım olacaqsan, babacan. Axı sən ana üçün canını belə verərdin və onu öz doğma qızın kimi, Karmen nənə kimi tərbiyə etmişdin. Çilili zabitlə evlənəndə isə gəlinlik və cehiz Avropadan gəldi. Parisdən? Madriddən? Londondan? Hardan, ana, yadında deyil? Ziyafət geyimlərini haradan sifariş etmək dəbdəydi? (Həvəslə yazır) Afərin, Belisario! Xoşuma gəlir, Belisario! Öz yanağından öp, Belisario! Necə gözəl ailə olub! Və sənin simanda necə cılızlaşıb, dəyişib! Uzun uğursuzluqlar zənciri kimi! (Tavana baxır) Niyə, ana, niyə sən piyada qoşunu kapitanına ərə getməliydin? Hələ sənin qəmli taleyin, ata, məni necə kədərləndirir: təzəcə evləndiyin vaxt rus ruleti oynamaq üçün ən axırıncı axmaq olmaq lazımdı. Özünü bu yolla məhv etmək üçün çox kütbeyin olmaq gərəkdi. Mənə niyə belə böyük ümidlər bəsləyirdin, ana? Sən, valideynlərin, bacıların, qardaşların mənim – Belisarionun bütün çətinliklərə qalib gələrək nəslimizə əvvəlki şöhrətini qaytara biləcəyini necə düşünə bildiniz? (Radionun səsi onun səsini tədricən batırır)
Ana. (gözlərini açaraq, narahat səslə çağırır.) Karmen! Karmen! Tez gəl! Tez! Pəncərəyə yaxınlaş. Arikadan gələn qatar!
Nənə (radioqəbuledicidən ayrılır, qəmgin, maraqla ona baxır) – Düzü, sənə paxıllığım tutur. Yan-yörəmizdəki eybəcərliklərin fərqinə varmamaq üçün əla yol seçmisən. Mən də, yuxuda olsa belə, gənclik günlərimə qayıtmaq istəyərdim.
Ana. Ay-y! Gözlərim çıxsın! Artıq heç nəyə yaramırlar! Heç nə görmürəm! Bax, Karmen! Gör, bu Arikadan gələn qatardı, yoxsa Lokumbadan?
Nənə. Nə odu, nə də bu. Bu, tramvaydı. Biz Taknada yox, Limadayıq və sənin on beş yaşın yoxdur, doxsan, ya da nəsə buna yaxın. Sən qızcığaz deyilsən, Elvira, artıq qarısan.
Ana. Bal-maskarad yadındadır?
Nənə. Hansı? O illərdə onlardan çox olurdu.
Ana. “Orfeon” teatrındakı. Zəncinin də gəldiyi.
Şən bayram səs-küyü, musiqi eşidilir. Qədim vals daha dəqiq səslənir.
Nənə. Hə, o?! Necə unutmaq olar? Həmin balda mən Pedro ilə tanış olmuşdum. O, pəhriz bayramı üçün Arekipdən təzəcə gəlmişdi. O vaxt kimin ağlına gələrdi ki, mən ona ərə gedəcəm? Əlbəttə, yadımdadır. Həmin balda Federiko Barreto sənin yelpiyinə şeir yazmışdı… Yox-yox, bu “Vətənpərvər xanımlar cəmiyyəti”ndə, iyulun iyirmi səkkizi baş vermişdi. Hə, zənci, doğrudur… hə?
Belisario qalxır, Anaya yaxınlaşır və ötən əsrin sonlarına məxsus tərzdə əyilib onu rəqsə dəvət edir. Gənc, cilvəli Ana onunla valsa başlayır.
Ana. Maska, mən səni tanıyıram! Sən – çililisən? Yox? Bizimkisən? Taknadansan? Zabitsən? Hə, bildim, sən həkimsən! Ya da vəkil. De, mənə bir şey de, ipucu ver, tapım kimsən!
Belisario sakitcə başını yelləyir və kəsik-kəsik, əsəbiliklə gülür.
Nənə (Ana kresloda oturubmuş kimi.) Sən onu qoxusundan necə tanımamısan? Ancaq bəlkə də, o quldur yaxşıca ətirlənibmiş.
Cütlük valsa davam edir, ancaq sərt dönüşdə Belisarionun paltarının qolu nəyəsə ilişir və onun qara dərisi görünür. Ana dəhşətlə kənara çəkilir. Belisario məmnun halda yazı masasına tərəf qaçır.
Ana (dəhşətdən donaraq.) Zənci! Zənci! Bu maska – zəncidir! Ay-ay! Ay!
Nənə. Qışqırma, Elvira. Sənin çığırtın indi də yadımdadır. Orkestr musiqini dayandırdı, rəqs edənlər donub qaldılar. Lojalarda oturanlar yerlərindən sıçradılar. “Orfeon”da nələr baş verdi! Əsəbdən ürəkkeçmən tutdu, səni evə apardıq. O, qaradərilinin üzündən bayram pozuldu.
Ana (qorxaraq). Karmen! Karmensita! Bax, meydandakı fəvvarənin yanında nələr olur! Onu neynirlər? Döyürlər?
Nənə. Hə. Kavalerlər zəncini meydana, bürünc fəvvarənin yanına gətirib çubuqlarla döydülər. Sənin necə güclü yaddaşın var, Elvira!
Ana. Döyməyin onu, kifayətdir! O, qan içindədir! O heç nə eləmədi axı. Heç mənimlə danışmadı da! Ameliya. xala, onlara de, sənə qulaq asarlar! Menelao dayı, deyin əl saxlasınlar!.. (Özünə gəlir.) Necə düşünürsən, Karmen, onu öldürdülər?
Nənə. Yox, öldürmədilər, ancaq cürətinə görə cəzalandırdılar. Sonra həbsxanaya apardılar. Sırtığın biri! “Orfeon”dakı bala gəlmək! Biz uzun müddət özümüzə gələ bilmədik… Hər gecə yuxuma girirdi. Guya pəncərəmizə dırmaşırdı. Bir neçə həftə, hətta bir neçə ay lamarlı zənci haqqında söhbətlər səngimədi.
Belisario (ləzzətdən yumruğunu çırpır). Ay, lamarlı zənci! Canlan! Hərəkət et! Yaşa!
Ana. Lamarlı deyildi. O, Mokequa malikanəsinin qulu idi.
Nənə. Cəfəngiyyatdır! O dövrlərdə Peruda quldarlıq ləğv olunmuşdu.
Ana. Heç nə ləğv olunmamışdı. Atamın üç qulu vardı.
Belisario (bir anlıq yazıdan ayrılır). Qaradərili!
Ana. Onlar məni kəcavədə Kaplinanın bir sahilindən o birinə keçirirdilər.
Belisario (yazır). Gecə onları tövlədə biləklərindən bağlayırdılar ki, qaçmasınlar.
Ana. Mən onun üzünü görməmişdim, ancaq hərəkətlərindən, gözlərindən başa düşdüm ki, qaçmış quldur. Üçündən biri idi…
Baba gəlir. O, ağır-ağır nəfəs alır, saçları pırtlaşıq, paltarı səliqəsizdir. Onun gəlişi ilə Ana hörmətli bir adamı salamlayırmış kimi reverans edir və yenidən öz xəyal dünyasına dalır. Ameliya daxil olur.
Ameliya (hiss olunur ki, mətbəxdə yemək bişirib). Ata! Nə olub?
Nənə. Sənin şlyapan hanı, Pedro? Əlağacın hanı?
Baba. Soyulmuşam.
Nənə. Aman Allah, necə yəni soyulmusan?
Onu kresloya otuzdururlar.
Baba. Tramvaydan düşəndə hücum etdilər. Limanın küçələrində veyillənən alçaqlardan biri məni yıxdı. Və o şeyi qopartdı… (hansısa sözü axtarır), bax o şeyi.
Nənə. Saatı? Pedro, o saatınımı oğurlayıb?
Ameliya. Görürsən, biz sənə “tək gəzmə, avtobusa minmə, tramvayla getmə” deyəndə necə haqlıymışıq! Niyə bizə qulaq asmırdın? Nə qədər demək olar ki, küçəyə tək çıxma!
Nənə. Axı sən sağlam deyilsən, Pedro! Birdən beynin yenə dumanlansa? Sənə hələ dərs olmayıb! Yadında deyil saatlarla küçələrdə gəzib evi tapmayanda necə qorxmuşdun?!
Baba. Burada, dörd divar arasında oturub qəbirə atılacağın günü gözləmək olmaz! Mən icazə vermərəm ki, bu ölkə beləcə axırıma çıxsın…
Nənə. Heç yerin ağrımır? Harana vurdu?
Baba. Heç bir ölkədə işləmək istəyən və işləyə bilən adamlarla Perudakı kimi bivec davranmırlar. Bizdə qocalıq cinayətdir. İnkişaf etmiş ölkələrdə isə hər şey əksinədir. İngiltərədə belə deyil, Alman.iyada belə deyil. Orada qoca adamları xidmətə çağırırlar, onların təcrübəsindən istifadə edirlər. Burda isə onların bir yolu var: basdırılmaq. Mən heç vaxt bununla barışmayacam, çünki bilirəm: mən verilən işin öhdəsindən ağzı süd qoxuyan uşaqlardan daha yaxşı gələrəm.
Belisario (xatirələrə qapılaraq işdən ayrılır). Həmişə eyni şey, eyni şey, xarab patefon kimi. Baba, mən bunu heç vaxt unutmayacam (Lələyi götürüb bir neçə sətir yazandan sonra qocalar tərəfdə baş verənlərə baxır.)
Ameliya. Belə şikayətlənməyə davam etsən, heç nə alınmayacaq. Amma əsəblərini tamam korlayacaqsan.
Baba. Hər şey qaydasındadır. And içirəm, gün ərzində başım bir dəfə də olsun gicəllənmədi. Şlyapaya və o… o şeyə bir cıqqan da heyfim gəlmir. Amma saat, hə, bax, bu başqa məsələ. On beş ildir o məndədir və heç vaxt da geri qalmayıb. Yaxşı, bu barədə bəsdir. Saat səkkizin verilişini dinləmisiniz? Tamaşanı.
Nənə. Mən tək qulaq asdım. Ameliya gələcək vəkilimizin bir yığın paltarını ütüləyib.
Ameliya. Ay, bax, sənin biləyində yara var.
Nənə. Qocaya hücum etmək üçün bir o qədər cəsarət lazım deyil.
Baba. O arxadan atıldı və qəfil yaxaladı. Kaş üzbəüz hücum edəydi. Qoca olsam da, hələ taqətimi itirməmişəm. Onun payını yaxşıca verərdim. Mən həmişə dalaşqan olmuşam. Arekipdəki İezuit kollecində mənə “Barıt” deyirdilər. Bir şey olan kimi dalaşırdım. Heç kimə imkan vermirdim.
Ana (təlaşla). Nələr danışırsan, Pedro? O məsum şeirə görə Federiko Barreto ilə dalaşmaq? Lazım deyil, coşma. Onun pis niyyəti yox idi, bu, kübarlara uyğun davranış idi. Onu rahat burax, deyilənə görə əsl duel həvəskarıdır.
Baba. Nə? Onda başqa məsələ. Etiraf etmək lazımdır ki, şeirlər əla idi. Barretto – istedadlı adamdır… (Nənəyə) O, qoca arvadbaz sənə də güllər göndərirdi.
Nənə. Of, bu Elvira hər şeyi xatırlayır, unutmaq vaxtı çoxdan keçsə də. Nə vaxt idi bu!.. Gedək yaranı yodlayım.
Ameliya. Ata, ümid edirəm ki, bundan sonra ağıllanarsan. Və bir də heç vaxt evdən tək çıxmazsan. Xüsusilə də axşam vaxtı. Gündüzlər, evin yaxınlığında gəzə bilmirsən ki? Ya mən, ya da nəvən səni ötürənəcən dayana bilməzsən?
Baba (qalxır). Yaxşı, Ameliya., oldu. (Nənəyə) Əgər acından yarımcan olan qocaları da soymağa başlayıblarsa, yəqin ölkədə vəziyyət ağırdır. Saralmış şlyapaya və köhnə çubuğa görə qazamata düşmək də təzə çıxıb.
Nənə (onu otaqdan çıxarır). Bu saatı Bələdiyyə Məclisinin deputatları bağışlamışdılar. Piuranın prefekti olan vaxt. Heyif! Xatirə idi. Eybi yoxdur, Belisario ilk qazancından sənə yenisini, daha yaxşısını hədiyyə edər… (Ameliya. ilə birlikdə çıxır.)
Belisario. İlk iş… Sən, nənə, sən də arzulamağı sevirdin. (Hiddətlə.) Sən hardan çıxdın? Yoxsa, Pedro babanı da hələ bir öpüşü belə baş tutmayan məhəbbət hekayəsinə yerləşdirim? Bu hekayəni yaza bilməyəcəm! Mən yazmağı bacarmıram, ömrüm boyu bununla məşğul olsam da, bacarmıram. Gündən-günə pis alınır. Niyə, görəsən, baba? Niyə cərrah 50 appendisit və 200 badamcıq kəsir, minlərlə sümük deşir və hər dəfə də əməliyyata rahat girir. Mən isə əlli, yüz hekayə yazsam da, əziyyət çəkirəm? Niyə bu mənim üçün ilk dəfəymiş kimi ağlasığmaz dərəcədə çətindir? Hətta daha çətin! Min dəfə çətin! Baba, nənə, gedin burdan, tələsin, çürüyün, fikrimi dağıdırsınız, mane olursunuz, çaşdırırsınız! Cəhənnəm olun! Qoyun, sevgi hekayəmi yazım. (Fikirli) Pedro baba bir novellanın, hətta romanın qəhrəmanı da ola bilər. Əsrə bərabər ömür, yavaş-yavaş dağılma, nisbi tənəzzül. Bustamantanın konstitusiyalı hökuməti dövründə Pirusanın prefekti. Ona qədər Boliviyada, Santa-Krus-de-la Syerrada pambıq toplayırdı. Lap əvvəl isə Kamanedə torpaq becərirdi. Ondan əvvəl isə Arekipdə hansısa ingilis şirkətində işləyirdi. Bəlkə, baba da vəkil, yaxud şair olmaq istəyirdi? Olardı da, əgər on beş yaşın olanda atan ölməsəydi. Elə buna görə də Belisarionu hüquq sahəsinə istiqamətləndirdilər – ailə ənənəsini davam etdirmək lazım idi… (Onun intonasiyasından beynində işinə aid bir fikrin yarandığı sezilir. Lələyi fırladır, kağızları qalaqlayır.) Hə, gedər. Gəl görüm bura, babacan. Nahaq yerə səni cəhənnəmə yollayırdım. Bağışla. Qəlbən peşmanam. Axı, mən səni çox sevirəm. Sən asanlıqla hekayənin qəhrəmanı ola bilərsən. Əbəs yerə. Anadan eşitdiyim bütün nağıllarda boy göstərmisən ki. Sən bütün sirli və sehirli təkbuynuzluların, kentavrların, cəngavərlərin prototipi idin. (Yazır.) Ancaq həyatında sirli heç bir şey yox idi. Nəinki öz uşaqlarını, dünyanın ən ürəyiyumşaq qadını olan Karmen nənənin fürsət düşdükcə başına yığdığı bir qoşun adamı da yedirtmək üçün öküz kimi çalışırdın. Məsələn, rus ruleti oynayanda əngini dağıdan həmin axmağın oğlunu da, yaxud Ana kimi yetim qalmış ərlik qızı da.
Səhnə işıqlananda sinyora Karlota daxil olur. Ana kreslosunda oturub hörmətlə ona baxır. Sonra ayağa qalxır və cavanlaşmış halıyla ona doğru gedir.
Ana. Axşamın xeyir, sinyora Karlota. Nə xoş təsadüf. Böyüklərdən evdə heç kim yoxdur. Karmensita da harasa gedib. Xahiş edirəm, əyləşin. Bir fincan çay?
Karlota. “Elə bil ki, Modestro Molinanın akvarelindən çıxıb” – sənin haqqında Alamededə bunları eşitmişdim. Doğru deyirlərmiş.
Ana. Çox incəsiniz, xanım.
Karlota. Şabalıdı buruq saçlar, büllur kimi dəri. Parlaq əllər, balaca ayaqlar. Gəlincik…
Ana. Allah xatirinə, xanım, siz məni utandırırsınız. Niyə ayaq üstəsiniz? Evdəkilər indi qayıdacaqlar. Onlar başsağlığı vermək üçün…
Karlota. Gənc, qəşəng, üstəlik də xeyli mirasın sahibəsi, elədir? Atanın Mokequadakı malikanəsi sən həddi-buluğa çatana qədər qəyyumluqdadı, hə?
Ana. Bütün bunları niyə deyirsiniz? Və bu nə tondur? Elə bil ki, mənə əsəbiləşmisiniz.
Karlota. “Əsəbiləşmişəm” – düzgün seçilmiş söz deyil, mənim əziz toxunulmazım. Sənə nifrət edirəm. Bütün ruhumla, varlığımla. Bütün il boyu sənə ən dəhşətli bədbəxtlikləri və dərdləri arzulamışam. Üstündən parovoz keçməsini istəyirdim. Bu balaca üzün eybəcərləşməsini, sənin ciyər vərəmindən ölməyini istərdim.
Ana. Mən sizə neyləmişəm axı, sinyora Karlota? Axı biz sizinlə heç əməlli-başlı tanış da deyilik. Niyə mənə belə dəhşətli şeylər deyirsiniz? Mənsə nigah hədiyyəsi gətirdiyinizi düşünürdüm.
Karlota. Mən Hoakinin səni sevmədiyini deməyə gəlmişəm. O, məni sevir! Sən cavan olsan da, gənc qız olsan da, fərqi yoxdur. Hoakin sənin kimi hər küləkdə sınan çini heykəlləri xoşlamır! O, məni bəyənir! Çünki mən sənin və sənin kimlərin heç vaxt bilməyəcəyi o işi bacarıram – ehtirasın nə olduğunu bilirəm. Həzz almağı və zövq verməyi bacarıram. Sən isə heç bu sözləri deyə də bilməzsən.
Ana. Sinyora Karlota, siz yəqin dəli olmusunuz. Unutmusunuz ki…
Karlota. Evliyəm və üç uşağım var. Yox, unutmamışam. Tüpürüm bunlara! Tüpürüm ərimə də, uşaqlarıma da, haqqımda yayılacaq şaiyələrə də, dinə də, qanuna da! Sevgi budur, anlayırsan? Mən hər şeyə hazıram, sevdiyim kişini itirməkdən başqa hər şeyə.
Ana. Əgər dediyiniz kimi, Hoakin sizi sevirsə, niyə mənimlə nişanlandı?
Karlota. Niyə? Ona görə ki, sənin adına və cehizinə aldanıb. Zabit öz gələcəyini möhkəmlətməlidir. Ən əsası ona görə ki, öz sevdiyi ilə evlənə bilmir. Bu, məntiqi evlilikdir. O, ürəyini zorlayaraq səninlə evlənir. Başa düşdün? Ürəyini zorlayaraq. Bu sözləri mənə yüz dəfə deyib. Elə bu gün – iki saat əvvəl də. Bəli, bu gün mənim yanımda olub. İndi də sözləri qulaqlarımda səslənir: “Sən mənə həzz verən yeganə qadınsan, sən əsl vəhşisən!” Hə, çılğın ehtiras anlarında o, məni belə adlandırır.
Ana. (quruyub qalaraq). Bəsdir, sinyora Karlota. Yalvarıram, Allah xatirinə…
Karlota. A-a, sən belə şeyləri dinləyə bilmirsən?! Gicbəsər! Xəbərin olsun ki, mən heç vaxt Hoakini sənə verməyəcəyəm, səninlə evlənsə də. Mən ondan, o isə məndən imtina etməyəcək. Gizli görüşəcəyik, sənin arxanda. Evli qadının həyatının necə olduğunu görəcəksən! Hər səhər, hər axşam ərinin harada olduğunu düşünəcəksən – kazarmadadır, yoxsa mənim yatağımda!
Ana. Adamları çağıracam, sizi çölə çıxarsınlar, sinyora Karlota.
Karlota. Əgər, onu başqa qarnizona keçirsələr, mən uşaqlarımı da, ərimi də atıb Hoakinin ardınca gedəcəm. Sənin əzabların davam edəcək. Sevən qadının nələrə qadir olduğunu göstərəcəm sənə. Eşidirsən?
Ana. Bəli, xanım. Ola bilər sizin dedikləriniz həqiqətdir. Mən belə hərəkət edə bilməzdim. Amma mənə elə gəlir ki, sevgi xəstəlik kimi olmamalıdır. Siz gözəlsiniz, naz-qəmzəlisiniz, bütün şəhər ərinizə hörmət edir, uşaqlarınız da çox gözəldir. Həyatda nəyiniz çatmır?
Karlota. Yaxşı, bəlkə indi başa düşdün. Mən bütün həsəd apardığın bu şeyləri Hoakinin bir sözü ilə ata bilərəm. Onun arxasınca o biri dünyaya da gedərəm.
Ana. Elə deməyin, xanım.
Karlota. İndi sən həqiqəti bilirsən. Hoakin məni qollarına alanda, bərk-bərk sıxanda və hər istədiyinə tabe edəndə mənim üçün bütün dünya yox olur: nə ərim, nə uşaqlarım, nə nüfuz, nə Allahın özü… Sən məni bundan məhrum edə bilməzsən.
Ana. Siz onunla… Çoxdan?..
Karlota. Nə vaxtdan onun məşuqəsi olduğumu soruşmaq istəyirsən? Belə de… İki il bundan əvvəl… Hər həftə, gün batanda biz onunla Lamar yaxınlığındakı daxmada görüşürük. O vaxt zəncilər plantasiyadan qayıdır və oxuyurlar. Biz onları eşidirik. Mahnılarını əzbərləmişik. Daha nə öyrənmək istəyirsən?
Ana. Başqa heç nə. İndi getməyinizi istəyirəm.
Karlota. Sən Hoakinlə yaşaya bilməzdin. Elə birisi üçün çox təmizsən. O özü belə deyib. Sənə başqası lazımdır – gənc, qayğıkeş, incə. Mənim kimi ola bilməzsən. Qan o qan deyil. Səndə şövq, ruh, təxəyyül zəifdir.
Ana. Getməlisiniz. Dayım bu dəqiqələrdə qayıdacaq.
Karlota. Nə olsun? Mən qalmaqallardan qorxmuram.
Ana. Qalmaqal olmayacaq. Mən heç nə eşitməmişəm. Heç nə də bilmək istəmirəm.
Karlota. Bununla belə sən hər şeyi eşitdin və bilirsən. İndi ürəyini qurd yeyəcək. “Doğrudurmu? Bu məntiqi evlilikdirmi? Doğrudanmı, onu sevir? Onunla çoxmu yaxşı olur?”
Karlota çıxır. Həvəslə yazan Belisario kağızları yerə salır və birdən fikrə gedir, söhbətə qulaq asır, sonra isə Ananın ayağının yanında uşaq kimi oturur.
Ana. (qarıya çevrilir və kresloda oturur). Doğrudanmı, mən toxunulmaz qızam? Heç vaxt onun daddığı xoşbəxtliyi dadmayacaq namuslu qadınam? Həqiqətənmi, dünən onunla olub, bu gün onunladır, sabah da onunla olacaq?
Belisario. (qarının ayağının yanında oturaraq). Deməli, o ləçər bizim gəlini qısqandıra bildi?
Ana. Nəinki qısqandırmaq, onu təlaşlandırdı, utandırdı, saf beynini iyrəncliklərlə, ilan-qurbağayla, quş-muşla doldurdu.
Belisario. Hansı quşlar? Xoruzlar?
Ana. (nağıl danışırmış kimi). Və yazıq qız ağlamsınmış halda düşünürdü. “Doğrudanmı, ona mən yox, soyadım və sərvətim daha vacibdir? Doğrudanmı, sevdiyim bu gənc, vicdansız bir pul düşkünüdür?”
Belisario. Yox, əşşi! Kim ancaq ad-sana, nüfuza görə evlənər? Mirası yenə başa düşmək olar. Bu birini isə yox.
Ana. Miras haqqında deyilənlər yalan idi. Çilili zabit Hoakin bilirdi ki, malikanə borclara görə çoxdan əldən çıxıb.
Belisario. Sən əhvalatı dolaşdırırsan.
Ana. Çilili zabit o ləçərə yalan demişdi. Gənc xanım miras gözləmirdi. Ancaq belə çıxırdı ki, onun pula görə evlənməsi daha inandırıcı görünürmüş. O, nəinki gənc xanımı, sinyora Karlotanı da aldatmışdı.
Belisario. Həmin qadının adı Karlota idi?
Ana. Hə, Karlota. (Dalğın halda öz-özünə təkrarlayır.) Ancaq o, axmaq deyildi və bəzən danılmaz həqiqətlər deyirdi. Məsələn: “Qadın ancaq sevgidən imtina edərək öz qürurunu qoruya bilər”.
Belisario. Yenə başladın…
Dişlərinin arasında mızıldanaraq masaya doğru gedir… Ana dodaqlarını səssizcə tərpədir, elə bil hekayəni davam etdirir. Sonra yuxuya gedir.
Ləçər…Hekayələrdə belələri çox olur. Demək, romantik əhvalat onun əsl yeridir. Kağız hər şeyə dözər. Qoy, qoy mənim hekayəmdə belə ləçər, pis qadınlar da olsun, çox olduqca daha maraqlı alınır. Deyəsən, ikidirlər. Birinin adı Karlota idi və o əsrin əvvəllərində Taknada yaşayırdı. Digəri isə – Kamanadan olan, naməlum səbəbə görə hansısa kaballero tərəfindən yonulmuş bir hindli qadın (yazır)… Onlar tez-tez qarışıq düşürdülər…
Nənə (daxil olur). Elvira! Elvira! Sən nə etdin? Dəli olmusan? Necə ürəyin gəldi? O gəlinlik və dəniz köpüyü kimi duvaq!
Ana. Bu, asan olmadı: mən yarım qutu kibrit və barmaqlarımı yandırdım. Sonra ağlıma gəldi ki, parafindən istifadə etmək lazımdır. Və hər şey həll olundu.
Nənə. Axı sabah toydur! Mokequadan, İkikedən, Arikadan qonaqlar gələcək. Sən Hoakindən küsmüsən? Nikah ərəfəsində? Bəs niyə biz bütün evi təbii güllərlə bəzədik, divarlara çələnglər asdıq? Niyə bütün ay boyu ləziz yeməklər, piroqlar hazırladıq? Elə indicə tortu gətirdilər…
Ana. Üçmərtəbəli? Floberin novellasındakı kimi? Marzipan sütunları və badamlı qüllələri olan tort? Onsuz da biz onu yeyəcəyik. Maspoli – italyan, yəqin ki, üzüüstə palçığa düşməyib: o həmişə mənə qarşı elə mehribandır ki…
Nənə. Danış görək nolub?! Sənin heç vaxt məndən sirrin olmayıb. Niyə gəlinliyi yandırmısan?
Ana. Çünki ərə getmək istəmirəm.
Nənə. Niyə axı? Axı bu səhər onu sevirdin! Hoakinin günahı nədi?
Ana. Onun heç bir günahı yoxdur. Mən birdən başa düşdüm ki, ərə getmək mənlik deyil. Tək yaşamaq istəyirəm.
Nənə. Sənlik deyil? Niyə yalan danışırsan, Elvira? Bütün xanımlar ərə getmək istəyir, elə sən də. Səninlə necə planlar qurmuşduq, öz evimizdə yaşayacaqdıq, fala baxırdıq, ərlərimizin üzünü təsvir edirdik, uşaqlarımıza ad fikirləşirdik. Yadından çıxıb?
Ana. Unutmuşam. Hamısını unutmuşam.
Nənə. Məni aldatma. Bunu unuda bilməzsən.
Onlar söhbəti davam etdirirlər, ancaq sözləri eşidilmir. Belisario fikirli-fikirli danışmağa başlayır, elə bil onların nə düşündüklərini anlayır.
Belisario. Onların evləri də ingilis konsulunun evi kimi təmiz, səliqəli olacaq. Xidmətçilər tərtəmiz, ağappaq, nişastalı önlüklər geyinəcəklər, onlar isə xidmətçiləri bütün ailəylə birlikdə dua etməyə məcbur edəcəklər. Hər ikisi həmişəki kimi gözəl olacaq və ərləri onları həmişə sevəcək, heç vaxt xəyanət etməyəcəklər. Oğullarını əsl kişi kimi, qızlarını isə evdar xanım kimi böyüdəcəklər. Karmenin dörd uşağı olacaq, Elviranın altı, ya da səkkiz …(Yenə yazır.)
Ana. Onun ağlına da gəlmir ki, ona ərə getməyəcəm. Bu gün o, dərzi İsayasın yanına gedib öz təmtəraqlı mundirini götürəcək. Xidmətçilər ona bu evə girməyin qadağan olduğunu deyəndə necə təəccüblənəcək.
Nənə (utancaqlığını üstələyərək). Bəlkə, bu ona görədir ki… qorxursan, ilk gecədən qorxursan? (Ana başını yelləyir.)
Bəs onda niyə? Toy ərəfəsində nişanı atmaq! Bunun üçün dəhşətli bir şey baş verməlidir!
Ana. Axı mən sənə dedim. Fikrimi dəyişmişəm. Ərə getməyəcəm. Nə Hoakinə, nə də başqasına.
Nənə. Bəlkə, sənə vəhy gəlib? Bəlkə, ömrünü Tanrıya həsr etmək istəyirsən?
Ana. Yox, monastıra da istəmirəm. Ərə də getməyəcəm, monastıra da. İndiyə qədər necə yaşayırdımsa, bundan sonra da eləcə tək və azad olacam.
Nənə. Sən məndən nəyisə gizlədirsən, Elvira. Tək və azad! Qadın üçün bundan dəhşətli nə ola bilər? Axı sən özün deyirdin ki, İlariya bibi haqqında düşünəndə, onun tənhalığını yada salanda tüklərin biz-biz olur. Nə əri var, nə uşaqları, nə də öz evi. Elə buna görə də bir az beyni də bulanıb. Sən də onun kimi qarıyıb tənha ölmək istəyirsən?
Ana. Kiminlə gəldi yaşamaqdansa, tək olmaq yaxşıdır. Ameliya və Menelaonu xəyal qırıqlığına uğratdığım üçün heyfislənirəm. Onlar artıq paltarı yandırdığımı bilirlər?
Nənə başı ilə “hə” cavabı verir.
Necə də incədirlər! Heç səbəbini də soruşmadılar. Axı onlar bu toyun yüksək səviyyədə keçməsi üçün əllərindən gələni etmişdilər. Allah ürəklərinə görə versin…
Nənə (onun yanağından öpür). Sən heç vaxt tək qalmayacaqsan. Mən ərə gedəndə – təbii ki, kimsə elçi düşsə – yanıma köçərsən!
Ana. Sənin də qızıl kimi ürəyin var, bacı.
Hər ikisi kövrəlib. Belisario əlində bir qalaq kağız səhnədə gəzişir.
Belisario. Yox, məncə, bu, məhəbbət hekayəsi deyil, romantik novelladır. Şübhəsiz. Anamın danışdıqlarından xatırladığım qədərilə gəldiyim nəticə budur ki, bu iki qız ayrılmaz imiş. Nə əcəb bu uzun illər ərzində nə paxıllıq, nə inciklik onların dostluğuna kölgə salmayıb? Doğrudanmı, o dövrlərdə qısqanclıq yox idi və onlar hər şeyi tən bölürdülər… (Onlara eyhamlı bir nəzər salır.) Təbii ki, Pedro babadan başqa. Pedro babanı yox, uşaqları hə. (Qadınların ətrafında dolanır.) Onları sən doğmusan, nənə, sənin payına isə, Ana, təlaşlar və qayğılar düşüb. Sən onları əmizdirmisən, bələklərini dəyişdirmisən, beşiklərinin yanında oturmusan, nənə ilə babanın teatra, kinoya, qonaqlığa yaxud, o dövrdə, hələ imkanları olanda hansısa təntənəli tədbirə gedə bilmədiyi üçün sən evdə qalırdın. (Masaya yaxınlaşır, arxı keçməyə hazırlaşan uşaq kimi şalvarının balaqlarını çirməyir və klas-klas oynayırmış, yaxud rəqs edirmiş kimi hoppanmağa başlayır.) Ancaq sənə ən böyük dözüm Boliviyada hüququn təminatçısı, ailənin xilaskarı Belisario doğulanda lazım oldu.
Onun monoloqu vaxtı Aqustin və Sesar küçədən gəlirlər. Onlar nənəni və bacını öpüb, gülümsəyən və astaca baş əyən Ananın kreslosuna yaxınlaşırlar. Sonra ana qəfil qışqırmağa başlayır.
Ana. Yaşasın şah İrod! Yaşasın şah İrod!
Belisario işini dayandırmır, ancaq hiss olunur ki, bu bağırtıyla çox əylənir. O, kresloyla birlikdə dönür və Anaya qulaq asaraq onun hərəkətlərini təkrarlayır, əllərini boğazına gətirir, elə bil kimisə boğur.
Nənə. Sus, Elvira, sən dəli kimi çığırırsan! Bu nə qəribə xasiyyətdir. Oğullarım gələn kimi İrodu yada salırsan?! Ah, balalar, bilmirəm, necə olacaq: bir tərəfdən buludlarda uçan Elvira, digər tərəfdən hər şeyi unudan Baba. Gedim görüm, oyanmayıb ki. Amma təzə uzanmışdı.
Ana. Tarixdə hamıdan çox İrodu sevirəm. Hamını öldürməyi əmr edib! Mən də belə edərdim, heç kim qalmazdı.
Sesar (qardaşına). Sən hələ də uşaqların maşından düşüb onunla salamlaşmağını istəyirsən?
Ana. …Çünki onlara nifrət edirəm! Niyə? Nəyə görə? Minlərlə və minlərlə kirlənmiş uşaq bezinə görə…
Aqustin (onun başını sığallayır).Ömrün boyu başqalarının uşaqlarına baxmısan, ona görə də indi nifrət edirsən.
Ana. … seliklərinə görə, iyli qablarına, nəcislərinə, yaralanan dizlərinə görə. Böyüklərə nahar etməyə imkan vermədiklərinə, özlərini yaxşı aparmadıqlarına, dəcəlliklərinə görə.
Ameliya. Heç dəxli var! Belisario suçiçəyi tutanda məni evdən qovub ona özü qulluq etmişdi.
Ana. Ərköyünlüklərinə görə, hər şeyi kirlətdiklərinə, qırdıqlarına, dağıtdıqlarına görə. Və ağladıqlarına görə də…
Belisario. Bütün günü məni iyrənc, qara mazla sürtələyirdin. Əllərimdən tutub nağıllar danışırdın ki, gicişməni unudum və qaşınmayım. Ancaq bu məni xilas etmədi, gözəlliyimə gözəllik də gətirmədi.
Ana. … hamısı eqoist olduqlarına görə, özlərindən başqa heç kimi sevməyən eqoistlər! Axmaqlıqları, atmacaları və ərköyünlükləri ilə fəxr edilməsini tələb edən yalançı sultanlar! Bax, buna görə mən İrod kimi hamısını, ən sonuncusuna qədər hamısını qırardım!
Sesar. Yadındadır, Arekipdə sinif yoldaşlarımı qonaq çağırmağım? Ana, sən otuz adam üçün pirojnalı və peçenyeli çay süfrəsi hazırlamışdın. Ona görə mən nəsə sənin uşaqları sevmədiyinə inanmıram.
Ameliya. Aqustini bir kənara çağırır. Belisario maraqla onların söhbətini izləyir.
Ameliya. Səninlə danışmalıyam.
Aqustin. Bəli, bəli.
Ameliya. Gör nə deyirəm… Mən daha bacarmıram.
Sesar yaxınlaşır. Ana mürgüləyir.
Sesar. Nə olub?
Ameliya. Bacarmıram. Canım çıxır, xidmətçi tutmalı olacaqsan.
Aqustin. Əgər bacarsaydıq, çoxdan tutardıq. Axı razılaşmışdıq ki, biz Belisarioya təhsil almağa kömək edirik, özünə gün ağlamasına çalışırıq, sən isə qocaların qayğısını öz üzərinə götürürsən.
Ameliya. Bilirəm! Ancaq daha bacarmıram. Az qala onlarla birlikdə özüm də dəli olacam. Axı lap əldən düşüblər. Atam heç nə xatırlamır. Ancaq masanın yanında oturub nahar vaxtını soruşur. Ona yarınmayanda da anam ağlayır.
Sesar. Sakit, sakit. Ana eşidir.
Ameliya. Eşitsə də, başa düşməyəcək. Fikri çox uzaqlardadır. Onun halı lap pisdir, Sesar. Mən dözümlüyəm, onu çox sevirəm, ancaq hər şeyin bir həddi var! Axı o, uşaq kimidir. Bütün günü onun kirli tuman-köynəyini yumaq – bu dəhşətdir! Nahar hazırlamaq, süpürmək, ütüləmək, tərəvəz təmizləmək, qab yumaq. Kifayətdir! Mən istəmirəm!
Sesar (qardaşına). Həqiqətən, Aqustin, onlar xidmətçisiz bacarmayacaqlar.
Aqustin. Əla. Nəyə görə qulluqçu tutmamalıyıq? Tutaq. Amma pulunu sən ödəyəcəksən.
Sesar. Bu istehzan yersizdir. Axı sən bilirsən, mən indi nə vəziyyətdəyəm.
Aqustin. Onda xidmətçi barədə söhbət salmaq lazım deyil! Xəbərin var, bu mənzil mənə neçəyə başa gəlir? Yoxsa, bilmirsən? Qələm, kağız götür hesabla. Kirayə pulu, işıq, su, təhlükəsizlik siqnalı… Bəs həkimlər, dərmanlar? Ameliyanın üç mini? Və sairə və sairə… Nə qədər çıxır? Ayda on dörd-on beş min. Sən Yeremiya kimi ağlaya-ağlaya nə qədər verirsən? İki min…
Hoakin asta-asta, ruh kimi daxil olur. Ananın yanında oturur.
Sesar. O iki mini də güclə toplyaıram. Maaşım çatmır, xirtdəyə qədər borc içindəyəm və sən bunu yaxşı bilirsən. Mənim dörd oğlum var! Bu il ən kiçiyini ancaq zəncilərin və çoloların oxuduğu Bələdiyyə Gimnaziyasına verməli oldum…
Ana (gözlərini açıb). Çolo, deməli bu, Lamardakı məhəllədə baş verirdi. Zəncilərin və metislərin məhəlləsində… Onlar peonların işdən qayıdanda oxuduqları mahnıları eşidirdilər.
Ameliya. Sənin üç minin, Aqustin, son qəpiyinə qədər Belisarionun təhsilinə gedir. Özümə bir sap belə ala bilmirəm! Xərcləri azaltmaq üçün siqareti də atmışam.
Belisario (süni bir çaşqınlıqla zala daxil olur). İşə girmək? Bu mümkün deyil, ana! Bəs kodekslər? Bəs hüquq? Bəs Cinayət hüququ? Bəs Şəxsi hüquq? Mənim məşhur vəkil olmağımı istəmirsən? Ah, istəyirsən? Onda mənə pul ver, kitab almalıyam… Sənin belə həyasız olduğunu bilmirdim, Belisario.
Aqustin. Axı yarımgünlük işə girə bilər. Yüzlərlə tələbə universiteti atmadan işləyir. Mən həmişə sənə və Belisarioya kömək edirdim, ərinin o səfeh ölümündən sonra sizi atmadım. Ancaq indi işlər pisdir. Belisario artıq böyüyüb. Ona da iş tapa bilərəm…
Sesar. Yox, Aqustin, o düz deyir. Qoy, universiteti bitirsin, yoxsa mənim başıma gələnlər təkrarlanacaq. İşə düzəldim, sonra təhsilimi atdım və budur nəticə. Belisario həmişə yaxşı şagird olub. O, yaxşı yerlərə gəlib çıxacaq, ancaq gərək diplomu olsun. Bizim dövrdə…(Səsi eşidilmir.)
Ana danışır.
Ana. Yüz dəfə dənizin kənarındakı o qəsəbədən keçmişəm. Zəncilər, hindular, çololar ekipajın arxasınca qaçıb pul istəyir, əllərini uzadırdılar. Menelao dayı isə deyirdi: “Dırnaqlara bax!” Bu adamlar həmişə məni qorxudublar… O samanla örtülmüş evlər və qumlu küçələr uzaqdan çox qəşəng görünürdü… Ancaq yaxınlaşdıqca Lamar – yoxsul, kirli, üfunətli…Və orda vəhşi köpəklər qaçışırdı…Doğrudanmı, Hoakin Karlota ilə orda görüşürdü?
Hoakin. Orada – Lamarda. Bizim görüşlər qürub vaxtına düşürdü.
Qardaşların və Ameliyanın səsi yenidən eşidilir.
Aqustin. Əlbəttə, hər kəsin öz bəhanələri var. Mən də deyə bilərəm: maaşa baxmaqdan, avtobusda gəzməkdən bezmişəm… Bundan sonra evlənməyim də çətinləşir, çünki işləməyə başlayandan maaşımın yarısı valideynlərimin, Ameliya.nın və onun oğlunun xərclərinə gedir. Restoranda oturmaq, məzuniyyətə getmək imkanım yoxdur. Kostyumların üzlərini yeniləməkdən də bezmişəm! Bunlardan bezdiyim üçün mən də sənin kimi iki mindən artıq pul verməyəcəm, qardaş. Sən necə, mən də elə. Onda valideynlərimizin və hüququn gələcəyinin sonu necə olar?
Ameliya. Nahaq yerə lağ edirsən, Aqustin! Mənim oğlum məşhur vəkil olacaq. Onun minlərlə müştərisi və yaxşı gəliri olacaq! Və o, kursu bitirməmiş mən işləməyə icazə verməyəcəm! Yoxsa təhsilsiz və uğursuz biri olacaq!
Aqustin. “Dayısı kimi” demək istədin?
Ana. Hər axşam qarovul dağılışandan sonra mən səni gözləyəndə, vaxtın tez keçməsi üçün dua edəndə sən Lamara, o qadının yanına gedib qulağına sevgi sözləri pıçıldayırdın?
Hoakin. Ah, əzizim, sənin necə güclü və zərif əllərin var. Gicgahlarımı sığalla. Səhərdən bəri yəhərdən düşməmişəm, çox yorulmuşam. Bir az gümrahlıq gəlsin mənə. Bax, belə. Elə bil, üzümü bir dəstə təzə çiçəyin arasına saldım.
Belisario. Ooo, dayı, mənim barədə fikirlərində yanılmırsan.
Sesar. Kifayətdir, kifayətdir, yenə başlamayın. Hər gün eyni şeyin üstündə dalaşırıq. Hər şeyi sakit və düzgün müzakirə etmək lazımdır. Bir şey fikirləşərik.
Ameliya. Hər şey düşünülüb, Sesar. Əvvəl mən etiraz edirdim, ancaq indi razılaşmağa hazıram.
Sesar. Aydındır, belə daha yaxşı. (Anaya baxır.) Onun bir ayağı qəbirdədir, dəyişikliyi hiss etməyəcək. Sən qocalara daha çox vaxt ayıra biləcəksən, onların isə yeri genişlənəcək. Ana üçün də orada daha yaxşı olacaq.
Hoakin Ananın əllərini ehtiraslı öpüşlərə qərq edir.
Hoakin. Ancaq səndə əllərindən daha yaxşı bir şey var, Karlota!
Ana (qorxaraq). Hə? O qadında ən çox sevdiyin nədir?
Aqustin. Neynək, əla! Ananı Qocalar evinə veririk və iş bitir! Əlbəttə, bu ən asanıdır! Ancaq yəqin ki, siz Avqusta xalanın yaşadığı özəl “San-İsidro” pansionatı barədə düşünürsünüz, elə deyil? Bəli, ora cənnətdir! Hər tərəf təmizlikdən parıldayır, işçiləri qocaların qeydinə qalır, gecələr göz qoyur, gündüzlər isə bağçaya gəzməyə çıxarırlar. Deyəsən, həftədə bir dəfə film də verirlər. Bəs bilirsiniz bütün bunlar neçəyə başa gəlir?
Hoakin. Nə? Boynun. İcazə ver, onu öpüm, dərinin ətrini içimə çəkim. Bax, belə. İndi də qulağından öpmək istəyirəm, dilimi o isti yuvaya salmaq və öpmək istəyirəm… Bax, buna görə səni sevirəm. Sən mənə zövq verə bilirsən. Yoxsa ki, o gəlincik – Elvira… Elə bil, damarlarında qan yox, çəhrayı su axır! O elə bilir ki, sevmək axmaq şeirlər oxuyub, eşq üçün can verməkdir.
Aqustin. Ancaq Ana “San-İsidro”ya getməyəcək! Onun yolu Bələdiyyənin Qocalar evinədir! Orda heç vaxt olmamısınız? Olmamısınız. Mən isə özümə əziyyət verib orada baş verənlərə baxmağa getmişəm. Orada kir və yalqızlıq içində yarıçılpaq qocalar yaşayır, onları bitlər dirigözlü yeyir. Yerdə, iylənmiş döşəkçələrin üstündə yatırlar. Ora Santa-Krusda, qəbiristanlığın yanındadır. Bədbəxt qocaların yeganə “əyləncəsi” dəfn mərasimlərini izləməkdir! Ananı ora göndərmək istəyirsiniz?
Ana (ağlamsınaraq). Axı biz hələ evlənməmişik, Hoakin! Sən mənə layiqincə hörmət göstərməliydin! Axı bu məni sənin gözündən salır! Mən ona görə belə edirdim ki, sən heç vaxt həyat yoldaşına görə utanmayasan.
Sesar. Səncə, o, burada yaxşı yaşayır? Qoxla, Aqustin! Sən demirdin ki, burda bir stəkan süd də içəmmirsən, həmin dəqiqə ürəyin bulanır?! Mən bunu daşürəkli olduğumdan deyil, sənin xərclərini azaltmaq istədiyim üçün təklif edirəm. Mən Ananı səndən az sevmirəm.
Ana. Şeirlərin nəyi pisdir ki? O dövr elə idi. Hamı şeir sevirdi – kişilər də, qadınlar da. Federiko Barretonun şeirləri heç də pis deyil. O, böyük şairdi! Mənim yelpiyimə həmin dörd misranı yazanda Taknanın bütün xanımları paxıllıqdan ölürdülər.
Ameliya. Sən elə bilirsən ki, mən lap duyğusuzam? Mən onu yedirdirəm, içirdirəm, yatırdıram, qaldırıram, onunla hər gün nə qədər məşğul oluram… Sən bunu hesaba almırsan? Ancaq sən… sən haqlısan. Biz onu ora göndərə bilmərik. Ana özü də heç vaxt razı olmaz.
Hoakin. Ah, səninlə necə gözəl ər-arvad olardıq, Karlota! Çox heyif ki, sən ərdəsən… Əvəzində mən kimi alacam? O mələyi, o buz parçasını? O mənim sinəmdə yanan alovu duya biləcəkmi? (Ananın qulağına deyir.) Həyat yoldaşım olanda Elvira ilə necə rəftar edəcəyimi deyim sənə? Deyim?
Ana (qulaqlarını yumur). Yox! Yenə yox! Eşitmək istəmirəm! Ağzını yum!
Sesar. Yaxşı. Elə hesab edin ki, mən heç nə deməmişəm. Bunu unudaq. Kömək etməyə, bir şey fikirləşməyə çalışaram. Ancaq sizin sayənizdə bu yaxınlarda özümü ən sonuncu əclaf kimi hesab etməyə başlayacam.
Hoakin. Mən özüm soyunduracam onu. Üzərindən örtüyü, paltarı, alt ətəyini və korseti çıxaracam. Corablarını və ayaqqabılarını dartıb atacam. Bunların hamısını yavaş-yavaş edəcəm. Onun qızarmağını, nitqinin batmağını, çaşıb qalmağını görə-görə. Qorxudan, utancdan özünü itirəcək qızcığaz! Bu, əladır!
Aqustin. Aşağı en, Sesar. Ağlasığmaz layihələrlə işə kömək edə bilməzsən. Fantaziyalardansa, 50 funt çox versəydin, yaxşı olardı. Kömək, bax, budur.
Belisario öz masasının arxasında yuxulayır, hərəkətləri yavaşıyır, hiss olunur ki, iş onu bezdirib.
Hoakin. Və qorxudan tükləri biz-biz olmuş bədəninin bütün çılpaq yerlərini öpüşlərə qərq edəcəm, onun ətrini içimə çəkəcəm. Sən qısqanırsan, Karlota? Yəqin, mənim gözlərimi, dodaqlarımı, barmaqlarımın hərəkətini anbaan təsəvvür edirsən, onun gözlərinin yumub titrəməsini görürsən. Qısqanırsan, Karlota? İstəyirəm ki, qısqanasan.
Ana. Mən səni eşitmirəm. Qulaqlarımı yumub səndən xilas olmuşam. Gözlərimi də yumacam. Nə qədər təhqir etməyə və alçaltmağa çalışsan da… Ah, mənim axmaq başım!
Ameliya. Sakit, atam gəlir.
Pedro və Karmen. Oğullar ata ilə görüşürlər. Belisario qələmi atıb başını ovcuna söykəyir.
Belisario. (əsnəyərək). Əgər bu gün yazıb bitirməsən, dünya tərsinə dönməyəcək. Yuxula, Belisario. Yat, Belisario.
Baba. Nahaq yerə səs-küy saldınız. Mən özümü yaxşı hiss edirəm. O, ee, adı nə idi, o… pirat mənə heç bir xətər yetirə bilmədi. Şər deməsən, xeyir gəlməz, nəhayət ki, bizə baş çəkdiniz. Neçə həftədir iziniz, tozunuz yoxdur.
Sesar. Necə, ata? Biz dünən bütün axşamı burda olmuşuq!
Hoakin. Sonra o, müqavimət göstərməyi buraxana, bütün bədəni mənim saysız öpüşlərimdən yumşalanacan məcbur edəcəm ki, məni soyundursun. Sən elədiyin kimi, Karlota. Mən ona tabe olmağı öyrədəcəm. Ona təlim keçəcəm, öz atım kimi: mənə qulaq asacaq və yanına başqasını buraxmayacaq. Mən isə o vaxt sənin barəndə düşünəcəm. Bu, məni ehtiraslandıracaq. Mən onunla asta-asta sevişəcəm və qollarımda səni təsəvvür edəcəm, Karlota.
Ana. Yox! Yox! Cəhənnəm ol! Rədd ol burdan! Mən sənə icazə verməyəcəm, yuxuda da, arvadın olanda da! Ameliya. xala! Menelao dayı! Karmensita! A-a-a!
Hoakin gülümsəyir, sonra yoxa çıxır. Hamı Anaya tərəf çevrilir.
Nənə. Nə olub? Niyə bütün gün dəli kimi çığırırsan?
Ana. (utandığından boğulurmuş kimi). Mən yuxuda gördüm ki, nişanlım məni qucaqlayıb, əlini bax burama (ayıb yerini göstərir) qoymaq istəyir. Bu çilililər elə utanmaz olurlar ki! Hətta yuxuda da iyrənclik edirlər! Ah, bu çilililər!
Xaç çəkir. Belisario öz yazısının üstündə yuxuya gedir. Qələm onun əlindən sürüşüb düşür. Xorultu eşidilir.
II hissə
Pərdə qalxanda Karmen və Pedronun radiodan bazar duasını dinlədiklərini görürük. Ameliya. süfrə açır. Belisario öz masasının arxasındadır. Əsnəyir, gözlərini ovuşdurur, yazdığını oxuyur. Sonra nəyisə xatırlamış kimi yerindən sıçrayır, yenə masaya dönür, az sonra yenə qalxır və xırda addımlarla, qocafəndi yerişlə səhnədə gəzinir. Ananı yamsılayır.
Belisario. Pedro babanı soyanda sən hələ gəzə bilirdin, hə, Ana? Hə, bax belə: altındakı taxta atı irəli itələyən uşaq kimi. Otaqdan hamama, hamamdan kresloya, kreslodan yemək otağına, ordan otağa. Sənin dünyanın ölçüləri çox kiçildi! (Fikirli-fikirli son cümləsini təkrarlayır, elə bil onun dadına baxmaq istəyir.) Sənin dünyanın ölçüləri, Ana, çox kiçildi! Yaxşı Belisario! (Masasına qaçıb, yazır.) Əlbəttə, sən onda hələ ayaqlarını sürüyürdün. Sən baba öləndə çökdün. “O dərk etmir” – deyirdi Ameliya. “O nə etdiyini anlamır” – deyirdi hamı. Sən başa düşmürdün ki, ruhlarla dolu bu evdə daha bir kölgə peyda olacaq? Lap yaxşı başa düşürdün. (Tələsik nəsə yazır.) Axı sən babanı çox sevirdin, hə? Necə də çox? Necə də güclü sevirdin onu? O məktub yadındadır? Bəs o cəza? Azğın hindu qadın? Taknalı xanımın bütün nağıllarında hansısa kavaler və hindu qadın olardı. Bu sirli, qalmaqallı, biabırçı əhvalatın əsli nə idi? Çox yaxşı, Belisario! “Sirli, qalmaqallı, biabırçı”! (Həvəslə yazır.)
Ameliya. Nahara!
O, radionu bağlayır. Qocalar masa arxasına keçirlər. Ana inanılmaz səylər hesabına kreslodan qalxıb irəli addım atır. Ameliya. onu tutmaq üçün qaçır. Ayağını sındırmaq istəyirsən? Kreslosuz olmaz!
Ana. Mən kilsəyə getmək istəyirəm. Dua etmək. Duaya getmək. Günahlarımı yumaq. Radioda qulaq asmaqdan bezmişəm. Padre yox desə də, bu tamam başqa şeydi. Sadəcə fikrim yayınır. Burda hansı dindarlıqdan söhbət gedə bilər…
Nənə. Sən o kreslonla Müqəddəs Fatima kilsəsinə bir ilə çatarsan. Yaxşısı budur Pedronun belinə min, o aparsın. Yadındadır, Kamanaya gedəndə bizi çaydan necə keçirdin? Necə hay-küy var idi! Yadındadır?
Baba qaşqabaqlı halda başını yelləyir.
Ameliya. Ata, sənə nə olub? Bütün günü ağzını açmamısan.
Nənə. Ancaq başını yelləyirsən, Çin oyuncağı kimi. Özünü pis hiss edirsən?
Baba. Yox, hər şey yaxşıdır. Sadəcə bu şey… adı nədir… bu zad soyuyana qədər yeyib bitirmək istəyirəm.
Ameliya. Şorba!
Nənə. Bu nə xasiyyətdir, “şey” demək! Adını yadından çıxarmısan – soruş! Özün görmürsən, bu, şorbadır?!
Ana. Şorba yox, iyrənc horra.
Baba (söhbətə məcburi qoşulduğu hiss olunur). Yox, niyə ki? Çox dadlıdır. Bəlkə bir az duzu çatmır.
Belisario. Onun üçün hər şey dadlı idi, hər şey “şey” idi, hər şeyin duzu çatmırdı. O, heç vaxt heç nəyə şikayətlənmirdi. Ancaq axır illərdə onun kimi bir qocanı işə götürmədikləri üçün gileyliydi. Yarım əsrlik ailə həyatında bir dəfə də olsun nənəyə səsini qaldırmamışdı. Buna görə də özünün bəzək-düzək verdiyi hindu qadın əhvalatı inanılmaz idi. Duza gəldikdə isə, o tamamilə xərifləmişdi. Hətta südlü qəhvəni də, desertləri də duzlayırdı. Və hər şey həmişə…
Baba. Əla! Lap əla!
Nənə. Pedro, mən bilirəm sənə nə olub. Əvvəl sən gəzməyə çıxırdın, dünyada nə var-nə yox, bir baxırdın. Uşaqlar isə səni bu yeganə əyləncəndən məhrum etdilər.
Ameliya. Deməli, belə düşünürsən ki, biz onun pisliyini istədiyimiz üçün çölə buraxmırıq.
Baba. Mən heç şikayətləndim?..
Nənə. Şikayətlənsən bundan yaxşı idi.
Baba. Yaxşı. Sən zövq al deyə, sabah bütün günü deyinəcəm və şikayətlənəcəm.
Nənə. Axı, mən sənə heç bir irad tutmuram, əzizim. Səncə, mən sənin bu dörd divar arasında sıxılmağına pis olmuram? Gəl, nahar edəndən sonra çıxaq gəzək. Bircə sonradan ayaqlarım şişməsin.
Ameliya (qab-qacağı yığışdırır). Sən şorbaya əl vurmamısan ki.
Ana. Bu şorbadır? Heç quduz itlərə də belə yemək vermirlər.
Ameliya (qapıda). Şükür elə ki, heç olmasa bunu bişirə bilirəm. Qardaşlarımın verdiyi pula hər gün nə isə hazırlaya bilməyim də möcüzədir.
Nənə. Doğrudan da, kilsəyə getmək mümkün olsaydı… Nə böyük təsəlli olardı… Yadındadır, Elvira? Bu gün Müqəddəs Fatimaya, sabah karmelitaların monastırına. Bir dəfə hətta Mirafloresə getmişdik. Hər tində dayanıb nəfəs dərirdik, elə bil ürəyimiz yerindən çıxacaqdı.
Ana. Zəncilərin dualarda müqəddəs mahnılar oxumağına və hoppanıb-düşməklərinə alışa bilmədim. Əsl dindardırlar!
Ameliya (tabaqları aparır). Zəncilər? Mirafloresdə?
Ana. Lamar kilsəsində.
Ameliya. Milaflores, Ana
Nənə. O, Taknadan danışır axı. Sən onda heç dünyaya gəlməmişdin. Lamar… Orada zəncilər və çololar yaşayırdılar. Mən Modesto Molinanın yanında oxuyanda kvarellə Lamarın mənzərəsini çəkərdim.
Ameliya. Deməli, Ana zənci məhəlləsinə dua dinləməyə gedirdi?
Nənə. Hə, biz bir neçə bazar günü getdik. Orada yoxsul bir kilsə var idi. Ana nişanını qaytarandan sonra, elan etdi ki, ya Lamarda dua edəcək, ya da heç. Axı həmişə keçi kimi tərs olub.
Ana. (öz fikirlərinə cavab verərək). Padre Venansio isə deyir: bu günah deyil, nə qədər istəyirlər, oynasınlar. Allah onları bağışlayacaq, çünki onlar nə etdiklərini bilmirlər. Bu keşiş yenilərdəndir…
Nənə. Necə də maraqlı idi, elə deyil, Ana? O dualar, müqəddəs həftədəki yürüşlər. Həmişə məşğuliyyət tapırdıq. Sən düz deyirsən: bu tək dua etməklə eyni ola bilməz. Allaha dua edəndə ətrafında insanların olması duanı ayrı cür səsləndirir. Əgər ayaqlarım belə olmasa…(ərinə) Bilirsən, insanların çoxu cavan vaxtı imansız olurlar, qocalıqda isə özlərini dinə həsr edirlər. Səndə isə əksinə oldu.
Ameliya. Doğrudan, ata! Sən bircə duanı da buraxmırdın, beşinci günlər ət yemirdin, ildə bir neçə dəfə ayinlərə gedirdin. Bəs indi niyə?…
Baba. Nədən danışdığını bilmirəm.
Nənə. Hə, hə, sən çox dəyişmisən. Kilsəyə heç getmirsən, ancaq Ana ilə məni ötürürsən, heç səcdə də etmirsən. Radioda dua verəndə xaç çəkmirsən. Yoxsa, daha inanmırsan?
Baba. Bilirsən, Karmen, mən bu haqda heç düşünməmişəm… Gülməlidir. Heç vaxt bu haqda düşünməmişəm. Mənə fərqi yoxdur.
Nənə. Nəyin fərqi yoxdur? Allah var, ya yox – bunun? Öləndən sonra da həyat varmı – bunu deyirsən?
Baba (zarafatlaşmağa çalışır). Yəqin, illər keçdikcə marağım itib.
Nənə. Nə axmaq-axmaq danışırsan, Pedro. Əgər Allah və axirət həyatı olmasa, biz nə ilə təsəlli tapardıq?!
Baba. Yaxşı, yaxşı. Allah var. Ölümdən sonra həyat da var. Boş şeylərin üstündə mübahisə etməyə dəyərmi?
Ana. Təzə olmağına təzədir, ancaq o tanıdığım ən yaxşı ruhani idi. Mən Padre Venansiodan danışıram. Onun nitqi axıcı idi, adamı tuturdu, tərpənə də bilmirdim, elə bil hipnoz edirdi. Bax, elə o Padre Venansioya, lənətə gəlmiş məktuba və kamanalı hindu qadına görə mən dəhşətli günaha batdım.
Qorxaq nəzərlərlə babaya və nənəyə baxır. Ancaq onlar sözləri qulaqardına vurub yeməyə davam edirlər. Bircə Belisario başını qaldırıb maraqla qulaq asmağa başlayır.
Belisario. Heç şübhəsiz, bu taknalı xanım Allahın mövcudluğuna və əsl imanı yalnız Roma Katolik Apostol kilsəsinin verdiyinə inanırdı. Onun din ilə münasibətləri sadə və ölçülü idi. Göydəki ulduzların hərəkəti kimi sabit qaydada dualara, ayinlərə gedir, dua edir və günahlardan arınırdı.
Ana, Belisarionun önündə günah çıxarırmış kimi, çətinliklə diz çökür.
Ana. Mən günahkaram, Padre Venansio.
Belisario (ona xeyir-dua verərək). Ən son nə vaxt ayin icra etmisən, qızım mənim?
Ana. İki həftə bundan əvvəl, Padre.
Belisario. İki həftə ərzində Allaha şəkk gətirmisənmi?
Ana. Mən nifrətin ruhuma hakim olmasına izn verdiyim üçün günahkaram.
Belisario. Bu çox olub?
Ana. İki dəfə. Əvvəlcə, ötən çərşənbə axşamı. Ameliya. tualeti təmizləyir, hamamı yuyurdu, mən isə tualetə getməliydim. Ancaq ondan xahiş etməyə utandım: Karmen və Pedro yaxında idilər, onların eşitməyini istəmədim. Ona görə dedim ki, xahiş edirəm, tez ol, Ameliya.. O isə əlləşməyə davam edirdi. Mənim halım pisləşirdi, sancılar başlamışdı, alnıma soyuq tər gəlmişdi. Və fikrimdə Ameliya.nı ən axırıncı sözlərlə yamanlayırdım.
İkincisində də balaca uşağa acıqlandım. O şeytancığaz mənim ətirimi zay eləmişdi. O ətiri mənə yenicə hədiyyə etmişdilər. Biz çox kasıb yaşayırıq, Padre, ona görə də mənim üçün o ətir əsl şahlara layiq hədiyyə idi. Mən bacım uşaqlarından asılıyam, onlar da yeni ilə, yaxud ad günümə nəsə bağışlasalar, şükür edirəm. Və mən bu ətirə görə çox sevinmişdim. Möcüzəli qoxusu vardı. O şeytan balası isə ona nağıl danışmaq istəmədiyim üçün qapağı açıb ətirimi əlüzyuyana tökdü. Bax, Padre, hadisə belə olmuşdu.
Belisario. Bəs o şeytan balası kimdir? Yoxsa, mənmi?
Ana. Hə, Padre.
Belisario. Nə oldu, qulaqlarımı çəkdinmi? Çırpdınmı?
Ana. Mən onu heç vaxt vurmuram. Mən onun nənəsiyəm ki? Mən onunla elə-belə… körpü məsələsi… Mən boş flakonu görəndə elə qəzəbləndim ki, vannaya girib qapını bağladım və güzgünün qabağına keçib bolluca söydüm.
Belisario. Necə söyürdün, qızım mənim?
Ana. Ah, Padre Venansio, vicdan əzabı çəkirəm. Deyə bilmərəm.
Belisario. Eybi yox. “Deyə bilmərəm”dən keçib. Qürurunu üstələ.
Ana. Yaxşı, bir yoxlayım. Mən dedim ki: “Ah, səni görüm parça-parça olasan! Ah səni, iyrənc yaramaz! Əclaf uşaq!”
Belisario. Daha hansı günahların var?
Ana. Üç dəfə yalan demişəm, Padre.
Belisario. Ciddi səbəblərdən?
Ana. Belə götürəndə, hə.
Nənə (masadan). Nə danışırsan orda, Elvira?
Ana. Deyirəm ki, qənd qurtarıb (Belisarioya). Bütöv bir bağlama vardı, ancaq mən onu gizlətmişəm ki, Karmen pul versin. Həmin an yenidən yalan danışdım.
Nənə. Axı, sən niyə qənd almağa özün getmək istəyirsən ki? Qoy, Ameliya. getsin.
Ana. Yox-yox, mən özüm. Mən açılışmalıyam (Belisarioya). Bu yalan idi, Padre, mən hər addımımı güclə atıram, dizlərim ağrıyır, müvazinətimi itirirəm.
Belisario. Bəs niyə yalan danışmısam, qızım mənim?
Ana. Mən özümə şokolad almaq istəyirdim. Bir neçə gün əvvəl özümə yer tapa bilmirdim. Elə şirni istəyirdim ki, radioda reklam eşidəndə, ağzımın suyu axırdı.
Belisario. Pedrodan xırda pul istəmək daha asan olmazdımı?
Ana. Axı onun özündə pul yoxdur, Padre. Ona oğulları baxır və onların vəziyyəti də yaxşı deyil. O yazıq, həftələrlə eyni ülgüclə üzünü qırxır və hər səhər onu düzəldənə qədər çox qurdalanır. Çoxdandır geyim də almırlar. Ondan necə pul istəyim? Mən dükana gedib “Sublime”adlı plitə şokolad aldım. Elə küçədəcə yedim. Evə qayıdanda isə gizlətdiyim qənd bağlamasını şkafa qoydum. Bax, bu da üçüncü yalan.
Belisario. Qızım, qüruruna yenilmə.
Ana. Eybi yoxdur. Bu ölümcül günah deyil.
Dialoqun davamında hər ikisi əvvəlki vəziyyətlərini alırlar: Ana – kresloda, Belisario – onun ayaqlarının yanında.
Belisario. Mən isə düşünürəm ki, ölümcüldür. Leonsio qardaş bizə dərsdə dedi ki, bu, ən birinci günahdır. Lüsiferin günahı.
Ana. Olsun. Taknalı xanımın qüruru yaşamağa kömək edir. Məyusluqlara, təkliyə və məhrumluğa dözməyə də. Qüruru olmasaydı, daha çox əzab çəkərdi. Onun qürurdan başqa heç nəyi yox idi.
Belisario. Başa düşmürəm, niyə bu bədbəxtliyi belə ucaldırsan. Əgər o xanım nişanlısını həqiqətən sevsəydi, o da həmin əxlaqsızla xəyanətini etiraf etsəydi, xanım onu bağışlayar və ona ərə gedərdi. Bu hamı üçün daha yaxşı olmazdımı? Nə xeyri oldu bu qürurun? Axı taknalı xanım bununla dəyişilmədi.
Ana. Sən hələ balacasan və heç nə anlamırsan. İnsanın payına düşən bütün duyğulardan ən yaxşısı qürurdur. O, insanı hifz edir. Qürurunu itirmiş adam – insan deyil, cındırın biridir.
Belisario. Bax, bu artıq hekayət yox, əsl moizədir. Hekayətdə yeni nə isə baş verməlidir, səndə isə heç bir dəyişiklik yoxdur. Məsələn, de görüm, bizim xanımın “pis hissləri” olurdu?
Ana (qorxaraq ayağa qalxır). Pis? Nə çərənləyirsən? (Dəhşət içində) “Pis hisslər” – bu nə deməkdir?
Belisario. Mən “pis fikirlər” demək istəyirdim. Taknalı xanımın heç vaxt belə fikirləri olmayıb?
Ana. (güclə kresloya oturaraq, daha sakit). Sənin özünün pis fikirlərin var, yaramaz uşaq.
Belisario (masasına qayıdır və yazır). Hə, Ana, sən tamamilə haqlısan. Mən həmişə düşünürəm ki, bu cansız qılafın içində, bu duyğusuz gözlərin dərinliklərində ehtiras, heyvani hisslər olurdu və bəzən onlar qalib gələrək üzə çıxırdılar. Ola bilməzdi ki, gündəlik darıxdırıcı işlər sənin bütün həyatını doldura bilsin. Uşaqlıqda mənə elə gəlirdi ki, sən sifəti qırışmış qarısan. Elə indi də sənin cavanlığını yada salmaq istəyirəm, ancaq heç nə alınmır: qarı gənc xanıma qalib gəlir və onu sıxışdırır. Sən onun haqqında mənə nə qədər əhvalat danışmışdın. Mən isə onu təsəvvür edə bilmirəm. O, gəlinliyini yandırandan sonra taleyi necə oldu?
Nənə yerindən qalxır və Ananın yanına gedir. Baba və Ameliya nahara davam edirlər. Baba vaxtaşırı, yeməyi həvəslə duzlayır.
Nənə. Elvira, niyə hələ də əşyalarını yığmamısan? Pedro işıqlanmamış çıxmaq istəyir ki, gün qalxmamış çataq. Yoxsa, yanarıq, axı sənin dərin həssasdır (pauza). Bilirsən, əslində mən buradan getməyimizə şadam. Çəkdiyi əzablardaan sonra anam öləndə mənə elə gəldi ki, bütün Takna ölür. Atamın ölümündən sonra isə bu şəhərdən iyrənirəm. Gəl, əşyalarını yığmağa kömək edim.
Ana. Mən sizinlə Arekipə getməyəcəm, Karmen.
Nənə. Bəs harada yaşayacaqsan? Taknada kiminlə qalacaqsan?
Ana. Mən sizə yük olmaq istəmirəm.
Nənə. Bu nə axmaqlıqdır, Elvira?! Pedro bizimlə gəldiyin üçün sevinir. Biz bacı deyilik? Deməli, sən Pedroya da əzizsən. Yığış.
Ana. Sənin toyundan bəri bu anı gözləyirəm. Mən gecələr yatmır, elə hey fikirləşirdim. Mən sizinlə yaşaya bilmərəm. Pedro təkcə səninlə evlənib, bizimlə yox.
Nənə. Sən bizimlə yaşayacaqsan, başqa heç nə eşitmək istəmirəm.
Ana. Axırı pis ola bilər. Narazılıq yaranacaq. Pedro ilə mübahisə edəcəksiniz, bir gün o mıəni göstərib sənə deyəcək ki, bu yad qadın ömrü boyu onun boynunda oturmamalıdır.
Nənə. Niyə “ömrü boyu”? Sabah sən Hoakin əhvalatını unudacaqsan, birini sevib ərə gedəcəksən. Bəsdir, Elvira! Biz səhər tezdən oyanmalıyıq. Qarşıda uzun bir yol var…
Belisario (razı halda kürsüdən tullanır). Uzun, ağır, çətin! Taknadan Arikaya qatarla. Arikada paroxoda minmək və iki gün Molendoda üzmək. Ordan sahilə enmək elə də asan deyil, doğrudur, Ana? Bu əsl sirk nömrəsidir: inək kimi paroxoddan kanatla endirəcəklər. Sonra üç gün at üstündə quldurların gizləndiyi dağlara dırmaşmaq… Görürsən, Belisario, sən əyalətçi yazarlara ağız büzürsən, indi isə özün yerli koloritin və ürəksıxan təfərrüatların qarmağına ilişmisən.
Nənə. Quldurlardan qorxmursan, Elvira? Mən çox qorxuram. Ancaq bu elə maraqlıdır! Bax, bunu düşünmək lazımdı, başqa axmaq şeyləri yox.
Ana. Bunlar axmaq fikirlər deyil.
Nənə. Özün bilirsən ki, Taknada tək qala bilməzsən. Burada heç nə yoxdur. Hətta bu evə də yeni sahiblər köçəcək.
Ana. Mən Maria Murqinin yanında qalacam.
Nənə. Öz dayənin? Guya bu yaxşı fikirdir?
Ana. O yaxşı qadındır. Mənə yanına köçməyi təklif edir, Lamara, süd qardaşımla birgə. Onlara yük olmayacam. Mən tikiş bacarıram. Örtüklər, şallar, mantilyalar… Ləzzətli yeməklər də bişirə bilirəm. İtaliyalı Maspoli onları öz qənnadı dükanında satışa çıxaracaq və mənə pul ödəyəcək.
Nənə. Əla! Hər şey romanlardakı kimi… Axı Lamarda zəncilərin, çoloların arasında necə yaşayacaqsan?! Sən elə təmizkarsan…Yadındadır atam səni necə çağırırdı – “Varlı xanım”!
Ana. Ola bilər. Ancaq mən heç vaxt özümü zəngin hiss etməmişəm. İndi də kasıblarla yaşayıram – ora mənim yerimdir. Maria Murqinin evi çox təmizdir.
Nənə. Yox, Elvira, sənin başın tamam xarab olub! Lamarda necə yaşamaq olar? Hardan gəlib bu ağlına? Əvvəl dualara gedirdik, sonra günəşin batışını seyr etməyə, indi də birdəfəlik ora köçmək istəyirsən? Bəsdir, mən yorulmuşam sabah tezdən oyanmaq lazımdır. Mən sənin əşyalarını yığacam. Lazım gəlsə, Pedro səni güclə stansiyaya sürütləyəcək.
Nənə yarımçıq qalmış naharı davam etdirmək üçün süfrə başına keçir.
Ana. Nə fərqi var, ya burada qaldım, ya da Maria Murqinin yanına köçdüm?! Bu daxma Lamardan üstündür ki? (Pauza) Biz başmaq geyirik, ordakı adamlar isə ayaqyalın gəzirlər. Onların hamısında bit var, bizdə isə… (Qaşınır.) Bizdəki nədir? Bəlkə elə məni də bit dişləyir?
Baba yerindən qalxıb Anaya yaxınlaşır.
Baba. Salam, Elvira. Səni axtarırdım. Səninlə danışmalıyıq.
Ana. (ona baxır, sonra gözlərini tavana zilləyib danışır). Səni anlamaq olmur, ay Allah. Bəzən adama elə gəlir ki, sən dəliləri və fırıldaqçıları yaxşı, düzgün insanlardan çox sevirsən. Pedro həmişə namuslu, ədalətli olub. Sən isə ona belə ağır bir həyat vermisən.
Belisario qalxıb Anaya yaxınlaşır.
Belisario. Allaha irad tutaraq günaha girmirsinizmi, xanım? O bilir neyləyir. Əgər Pedronu əziyyət çəkməyə məcbur edibsə, deməli, bunun bir səbəbi var. Bəlkə istəyib ki, o dünyası daha yaxşı olsun…
Baba. Siz Karmenlə doğma kimisiniz və mən də səni bacı hesab edir və bacı kimi də sevirəm. Siz heç vaxt mənim evimdə yad olmayacaqsınız. Sözün qısası, sizsiz Taknadan getməyəcəyik.
Ana. (Belisarioya) Bəlkə də, əziz oğlum. Ancaq mənim qurumuş beynim bu müdrikliyi dərk etməkdə acizdi. Mən onsuz da bu əzabların ona həmin məktuba görə verilib-verilmədiyini anlamaq üçün bir xeyli baş sındırmışam. Yoxsa, ona görəmi Pedronun varlanmaq imkanı olan il bütün pambıq məhsulunu məhv etdin?
Belisario (ayaqlarının yanında oturaraq). Doğrudanmı, o günah işlədib? Sən mənə bu haqda heç nə danışmamısan.
Baba. Karmenə həm işdə, həm də məsləhətlərinlə kömək etdiyin üçün sənə minnətdaram. Bizdən ayrılmayın! Siz bilirsiniz ki, mən Gibsonun şirkətindən istefa vermişəm? Mən ora on beş yaşında getmişdim – atamın ölümündən sonra. Onun kimi vəkil olmaq istəyirdim, ancaq alınmadı. İndi mən Kamanadakı mülkün idarəçisi olacam. Pambıq yetişdirəcəyik. Ümid edirəm ki, bir neçə ilə özümü tutacam, torpaq alacam. Karmen Arekipdə çox yaşamalı olacaq. Siz onunla qalacaqsınız. Özünüz düşünün, siz bizə yük yox, dəstək olacaqsınız.
Ana. Uzun və mükəmməl həyatda cəmi bir ləkə. Bircə ləkə, bu, sayılmır. Özü də günah onda yox, həmin əxlaqsızda idi. Yox, ay Allah, mən səni anlaya bilmirəm. Həqiqətənmi, bir hindu qadına görə Santa-Krusdakı pambığı məhv elədin: Və Pedronun axırına çıxan prefekt vəzifəsini qəbul eləməyə məcbur etdin?
Belisario. Ana, sənin bu barədə bütün şikayətlərini eşitmişəm. İndi məni sən maraqlandırırsan. Danış görüm, mükəmməl Pedro necə günaha batıb?
Baba. Arekipidə tutduğum ev xoşunuza gələcək. O, çayın sahilində yeni məhəllədədir. Orada çaydakı çınqılların nəğməsi eşidilir. Sizin otağınızın pəncərəsindən üç yanardağ görünür.
Ana. (əvvəlki kimi göyə baxaraq). O qadına görəmi Pedro heç bir işdə uğur qazanmadı?..
Baba. Ev genişdir, beş yataq otağı var, həyət də böyükdür. Otaqlar hazırdır – sizinki də, bizimkilər də. Allahın köməkliyi ilə ailədə artım olsa, qalanlarını da düzəldərik. Taleyə və pambığa ümid edəcəyik. Mən gələcəyə ümidlə baxıram, Elvira. O torpaqlarda yaxşı pambıq bitir. Çalışqanlıq, bir az da bəxt – hər şey yaxşı olacaq.
Ana. Heç kimi soymayıb, baş kəsməyib… Sadəcə, şeytanın fəndinə uyub. Və bu elə də böyük cinayət deyil. Bu, cəzaya haqq vermir. Allah isə ona elə vəzifə verdi ki, yoxsulluqdan təngə gəldi. Sonra isə güclü və ağlı başında olsa da, uşaqların ümidinə qaldı. Və o özünü lazımsız, artıq hiss edir, buna görə dərd çəkirdi. Nəticədə bir dəfə başı xarab oldu və evinin yerini unutdu…
Belisario masasına qayıdıb bir az yazandan sonra…
Belisario. Gör sənə nə deyirəm, Ana Taknalı xanım sadəcə o cənabı sevirdi. Burası aydındır. Ancaq onun özünün bundan xəbəri yox idi və bu haqda heç vaxt danışmamışdı. Mənim hekayəmdə o, bunu dilə gətirəcək.
Baba. Xahiş edirəm, Elvira. Bizimlə gedək! Bizimlə yaşayın! Həmişə! Nə qədər istəsəniz. Mən özüm bilirəm ki, həmişəlik alınmayacaq. Siz gəncsiz, gözəlsiniz, Arekipdəki gənclər sizi görəndə dəli olacaqlar. Onlardan biri sizin qəlbinizi ovlayacaq. Siz evlənəcəksiniz.
Ana. (yerindən qalxır). Burada səhviniz var, Pedro. Mən heç vaxt ərə getməyəcəm. Ancaq sizin sözləriniz məni həyəcanlandırdı. Səmimi qəlbdən təşəkkür edirəm.
Nənə onlara yaxınlaşır.
Nənə. Hazırdır, Elvira! Çantaların yığılıb. Ancaq sakvoyajın qalıb. Ora da ən vacib əşyalarını yığ. Qalan hər şey baqajda gedəcək. Bir də xahiş edirəm, bu dəqiqədən sonra bir-birinizi “Siz” deyə çağırmayın. Harda görünüb ki, bacı-qardaş bir-biri ilə belə rəsmi rəftar eləsin?!
Onları bir-birini öpməyə məcbur edir. Nənə və Baba Ananı masaya aparırlar. Hər kəs öz yerində oturur. Nahar təzələnir.
Belisario (darıxmış halda). Və bu bir məhəbbət hekayəsidir? Yazmaq istədiyim bu idi? (Öz başına döyür.) Həmişə çaş-baş qalırsan, Belisario, həmişə yolundan dönürsən. Belə də öləcəksən – istədiyini yazmamış! Bir söz də var: “Öz istədiyini yazan adam yazıçı deyil, adi, normal adamdır. Əsl yazıçı şeytanın ona diktə etdiyini yazandır” (Nahar edən qocalara baxır). Sizsiniz mənim iblislərim? Mən hər şeyi sizə borcluyam və indi özüm qocalmışam, siz isə həyatda deyilsiniz… Ancaq yenə də mənə kömək edirsiniz, dardan qurtarırsınız məni, Sizə daha çox, daha çox borclanıram mən (Kağızları yığıb, naharın davam etdiyi qonaq otağına gedir). İndi də mənə həqiqəti açmaqda kömək edin. Gözlərimi açın, məni bilgiləndirin, hər şeyi açıqlayın. Qüsursuz kavaler və taknalı xanım haqqında əhvalatda peyda olan o əxlaqsız hindu qadın kim idi axı? Bu ailə salnaməsinin tən ortasına necə düşüb? O sənə rahatlıq vermir, Ana? Bəlkə onu kimsə uydurub, sinyora Karlota ilə qarışdırırsan bəlkə? Onların hər ikisindən eyni dərəcədə nifrət etdiyin üçünmü? (Masanın ətrafında gəzişir.) Əhvalat necə olmuşdu? Nə baş vermişdi? Bunu bilməliyəm! Siz üçünüz də səhvsiz yaşamısınız birlikdə keçirdiyiniz bu qırx-əlli il ərzində? Və bu cəngavər heç vaxt Taknalı xanımın əlini gizlincə tutmayıb? Heç onu öpməyə çalışmayıb? Onların arasında heç vaxt heç nə olmayıb? Yoxsa siz ehtirasınızı və duyğularınızı ört-basdır edə bilmisiniz? (Masasına qayıdır, qəmgindir.) Ancaq nağıllarda belə olur bu.
Qapı zəngi. Aqustin və Sesar daxil olur, qocaları öpürlər.
Aqustin. Özünü necə hiss edirsən, ata?
Narahat halda evdə o yan-bu yana gedib, hər yerə göz gəzdirir.
Baba. Əla. Lap əla.
Nənə. Yalan deyir, Aqustin. Mən bilmirəm, ona nə olub – gündən-günə kefsizləyir.
Aqustin. İndi mən sənin kefini açaram. Polisdən zəng etmişdilər. Təsəvvür edirsən, onlar oğrunu tutublar.
Baba (söhbəti anlamadığı sezilir). Eləmi? Bu, əladır ki.
Aqustin. Tramvay dayanacağında sənə hücum edən o əclafı…
Ameliya. Üstəlik, gizlətdiyi əşyaların arasından sənin saatın da tapılıb.
Baba. Nə xoş xəbərlərdir, oğlum. (Əmin olmaq üçün, Nənəyə) Mənim saatımı oğurlamışdılar ki?
Sesar. Saatın sahibini arxasındakı döymədən tanıyıblar: “Piura, oktyabr 1946-cı il”.
Onların səsi get-gedə uzaqdan gələn küy kimi eşidilir. Belisario fikirli halda qələmi fırladıb düşüncələrini dilə gətirir.
Belisario. Piura. Oktyabr 1946… Bələdiyyə Məclisinin deputatları cənab prefektə öz kiçik hədiyyələrini təqdim edirlər, o isə təntənəli qonaqlıqdakı nitqində onlara minnətdarlığını bildirir… Balaca Belisarionun isə qürurundan sinəsi hind toyuğu kimi qabarıb – belə bir babanın nəvəsi olduğu üçün… (Oturanlara nəzər salır.) Deyəsən, elə o tədbirlə ailəmizin yüksəlişi sona yetdi, hə? Ardınca dalbadal bədbəxtliklər: baba işindən, pulundan, sağlığından və ağlından məhrum oldu. Ancaq Piurada siz tez-tez Boliviyanı yada salardınız: orada daha yaxşı yaşayırmışsız… Boliviyada isə sizə Arekipdəki həyat nağıl kimi gəlirdi. Deməli, Arekipdəki illər qızıl dövr idi?
Baba (o, cavan və gümrahdır). Bəs necə! Yaxınlarda biz öz dözümümüzün bəhrəsini görəcəyik! Pambıq, arzuladığımızdan da yaxşı yetişir! Ağam ötən həftə mahir bir aqronom gətirdib – diplomlu, elmi dərəcəli. O, tarlaya baxanda donub qaldı, gözlərinə inanmadı.
Nənə. Sən uğura layiqsən, Pedro. Neçə il hər şeydən imtina edib özünü buraya həsr eləmisən…
Baba. Bir də o dedi ki, əgər su kifayət etsə – niyə kifayət etməməlidir ki, çay heç vaxt olmadığı kimi bolsuludur – bu il biz İkanın ən yaxşı mülkləri ilə yarışa girə bilərik.
Aqustin. Ata, sən mənə həkim çubuğu, bir də ağ xalat alacaqsan? Daha vəkil olmaq istəmirəm mən! Məşhur həkim olacam.
Baba başını yelləyir.
Sesar. Mənə kəşfiyyatçı paltarı!
Ameliya. (onun dizlərinə söykənib). Mənə isə “İberika”nın vitrinində qoyulan o şokolad gəlinciyi, hə, ata?
Baba. O vaxta qədər hamısını satacaqlar, ay bala. Mən sənə başqasını, Arekipdəki ən böyük gəlinciyi sifariş edərəm. Bəs ananıza nə bağışlayaq?
Ana. Bilmirsən? Şlyapalar! Çoxlu şlyapa! Bax belə iri, rəngarəng lentli, şərfli, güllü, lələkli…
Hamı gülür. Belisario da gülə-gülə yazır.
Ameliya. Niyə şlyapaları belə sevirsən?
Nənə. Bu ən son Argentina dəbidir. Mənim şlyapalarım Arekipi müasirləşdirir. Sən də şlyapalar taxacaqsan, onda özün görərsən ki, necə qəşəng olursan.
Ana. Və məşhur bir vəkil sənə vurulacaq (Babaya). Belə adaxlıya razılıq verməli olacaqsan.
Aqustin. Məhsul bol olanda Anaya nə alacaqsan?
Baba. Niyə Elviraya Ana deyirsiniz?
Ameliya. Bunu mən fikirləşmişəm. Əvvəl Elvira Ana idi. Sonra ancaq Ana qaldı.
Sesar. Yalan danışma, onu birinci mən belə adlandırmışam.
Ameliya. Hə, sənə nə bağışlayaq, Ana?
Ana. Odda qızdırılmış mismarlar.
Sesar. Yox, düzünü de! Nə?
Ana. (əvvəlki yaşına qayıdır). Lokumbadan ərik və bir stəkan təzə çaxır.
Aqustin, Sesar və Ameliya ona təəccüblə baxırlar.
Aqustin – Nə ərik? Hansı çaxır? Nədən danışırsan, Ana?
Sesar. Yəqin Pedro Kamaçonun radiotamaşalarına çox qulaq asıb, indi də təkrarlayır.
Nənə. Yox. O, uşaqlığını yada salıb. Biz balaca olanda Lokumba öz meyvə bağları ilə məşhur idi və bizə ordan yeşik-yeşik ərik gəlirdi. Ah, necə əriklər idi – yekə, şirin, sulu. Əriklər və yenicə çəkilmiş çaxır… Dadına baxmağımız üçün bir qaşıq bizə də verirdilər. Onu mülkdəki zəncilər çəkirdilər. Ana deyir ki, onda quldarlıq hələ vardı. Ancaq yəqin qarışdırır.
Sesar. Sən həmişə uydurursan. Ana! Uşaq vaxtı bizə danışdığın nağılları xatırlamırsan?
Ameliya (kədərli). Ah, o nağıllar! Mənim oğlumun belə olmasının günahkar odur. Ona görə nə qədər şeir əzbərləmişdi.
Belisario (başını qaldırır). Yox, yalandır. Şeir ustası babam idi. Ana məni ancaq bir şeir öyrənməyə məcbur etmişdi. Yadındadı, biz onu növbələşərək oxuyurduq: bir sətir sən, o birini mən. Bu sonet idi. Hansısa şairin inci rəngli yelpiyə yazdığı şeir. (Aqustinə) Mən sənə bir şey demək istəyirəm, ancaq bu sirdir. Heç kimə demə. Ən əsası, anam bilməməlidir.
Aqustin. Əlbəttə! Söhbət ola bilməz. De gəlsin.
Belisario. Mən vəkil olmaq istəmirəm. Universitetdə öyrədilən ağıllı sözləri, kodeksləri, qanunları öyrənmək istəmirəm. Mən onları ancaq imtahan vaxtı əzbərləyir, səhəri gün də unuduram. Düz sözümdür. Diplom da almayacam. Bilirəm, hamınız üçün zərbə olacaq bu, ancaq neyləməli? Ürəyimə yatmır. Məni başqa iş cəlb edir. Ancaq bu haqda hələ heç kimə deməyəcəm.
Aqustin. Ürəyinə nə yatır bəs?
Belisario. Poeziya.
Aqustin (gülərək). İncimə, sənə gülmürəm. Özümə gülürəm. Mən də elə bilirdim ki, bu dəqiqə homoseksuallıqdan dəm vuracaqsan. Yaxud rahib olmaq istədiyini deyəcəksən. Poeziya – yenə dərd yarıdır. Buna dözmək olar. (Masaya – Ameliyanın yanına qayıdır.) Arzularınla vidalaşa bilərsən, bacı. Belisario bizi yoxsulluqdan qurtarmayacaq. Qulaq as, onu işə düzəltmək lazımdı.
Belisario yazı masasına tərəf gedir. Onların söhbətini dinşəyir.
Ameliya. Əgər beyninə başqa şey yerləşsəydi, mən etiraz etməzdim: nə istəyir, eləsin. Ancaq bu acından ölmək deməkdir! Bu nə peşədir – şairlik! Mən ona necə ümidlər bəsləyirdim! Onun anası qəbrində fırlanacaq!
Ana. Sən Federiko Berretonu deyirsən? Sakit! Yoxsa dayım eşidər. Həmin bədniyabət şeir peyda olandan onun adını belə eşitmək istəmir. O, hər kəsə, yad adamlar kimi, hörmətlə əyilərək salam verir, gülümsəyir. Belisario barmaqlarını buynuz kimi dikəldib alnına qoyur, qocalara, Ameliyaya, Aqustinə və Sesara kəllə atır.
Nənə. Sən niyə oğlanın şairlik həvəsinə belə təəccüblənirsən ki? O öz ulu babasına oxşayıb. Pedronun atası da şeir yazırdı. Belisario isə lap bələkdən xəyalpərəst idi. Yadınızdadır, o Boliviyada nə hoqqalardan çıxırdı?
Belisario. Bu İblisdir! İblis! And içirəm! O şəkillərdədir, katexizisdədir, Leonsio qardaş isə deyir ki, o, qara keçi surətində peyda olur! Müqəddəslərə and içirəm, nənə!
Nənə. Axı bu, dişi keçidir.
Ameliya. Vay, bu keçini Müstəqillik günündə sənə baban bağışlayıb?! Yoxsa onu bizə şeytan göndərdiyini düşünürsən?
Belisario (ağlayaraq). Bu, Velzevuldur! Bax, deyirəm sizə! Allaha and olsun! Mən inanmışdım! Mən onu pak su ilə təmizlədim! Heç dinc durmurdu!
Aqustin. Yəqin su lazımınca pak olmayıb.
Belisario (ağlamsınmış halda Ananın yanına qaçır). Bilirsən, mən hələ də kabuslarda o Boliviya keçisini görürəm! Elə iri, elə qorxuludur ki. Özü də dişi deyil. İblisin surətidir. Hə, əcəb sevgi hekayəsidir…
Ana. (uşağı sakitləşdirirmiş kimi). Onu ələ salan olmadı. Ağlama, yazıq bala, ağlama. Mən sənə inanıram. Bura gəl.
Ameliya. Sən hələ də susursan, ata? Halın pisdir? Ata! Ata!
Baba (başını tutub.) Başım hərlənir. Hər şey fırlanır…
Nənə, Ameliya və qardaşlar onu əhatəyə alırlar.
Sesar. Həkim çağırmaq lazımdır?
Aqustin. Dayan. Onu yataq otağına aparaq.
Babanı aparırlar. Ana hərəkətsiz qalır.
Ana. Doğrudanmı, o qadına görə? Gənclik günahına görəmi bu tale…
Çətinliklə ayağa qalxır və əl kürsüsündən yapışıb kresloya doğru ağır-ağır irəliləyir.
Belisario. Deyəsən, bu sirri öyrənməyin vaxtı gəldi. O nə günah idi belə?
Ana (çətinliklə kresloya doğru gedir). Taknalı xanımın başına dəhşətli bir iş gəlmişdi, oğlum. Hamısı o məktuba görəydi. O azğın qadına görə (susur, gücünü toplayır.) Yazıq xanım! Onu öz fikirləri ilə günaha batmağa məcbur etdilər.
Belisario. Axı hansı məktub? Ən başdan başla.
Ana. Kabalerin öz həyat yoldaşına yazdığı məktub. Həyat yoldaşı isə bizim xanımın ən yaxın və səmimi rəfiqəsi idi. Onlar bir-birini çox sevirdilər. Hətta bir yerdə yaşayırdılar. Onlar bacı kimi idilər, ona görə rəfiqəsi evlənəndə xanım onların yanına köçdü.
Belisario. Əhvalat Arekipdə baş verib?
Ana (nəhayət oturaraq). Yaxşı vaxtlar idi. Elə bilirdik ki, pambıq bol olacaq, kabaler çoxlu pul qazanacaq, öz mülkü olacaq, axı hələ ancaq başqasının mülkünü idarə edirdi.
Belisario. Bilirəm, bilirəm, Kamanada Sayd ailəsinin mülkü… Mən bunları bilirəm. Məktub haqqında, hindu qadın haqqında danış.
Səhnənin dərinliyində baba görünür. Oturub. Karlota görünür, əlində lələklərdən dəstə tutub. O, birinci pərdədəki kimi geyinib. Ancaq bu dəfə qulluqçu rolundadır. Əşyaların tozunu alır. Babanın gözünün qarşısında cəlbedici əda ilə dönür, o da istər-istəməz qadını izləməyə başlayır.
Ana. Kamana bu cəhənnəmin hansısa bucağında idi. Xırda qəsəbəydi, hətta kilsəsi də yox idi. Çirkab, palçıq, yol yox… Bizim kabaler həyat yoldaşının özünü burda hər şeydən məhrum etməsinə razı olmadı. Onu xanımla birlikdə Arekipdə qoydu. Özü isə aylarla uzaqda qalırdı. Yaxşı adam idi. Bütün peonlarla və qulluqçularla yaxşı rəftar edirdi. O vaxta qədər ki…
Baba. “Əziz həyat yoldaşım, sevgilim! Vicdan əzabı çəkə-çəkə yazıram bunu. Yadındadır, ilk gecəmizdə söz verdik ki, ölüncə sevəcək, sadiq qalacağıq bir-birimizə. Və heç nəyi gizlətməyəcəyik. Evliliyimizin beş ili ərzində mən bunlara əməl edirdim. Eləcə də sən – öz saflığı ilə müqəddəsləri də kölgədə qoyan qadınım…”
Karlota guya istilənibmiş kimi köynəyini əynindən çıxarır..
Belisario. Bu məktubu o, taknalı xanıma yazıb?
Ana. Yox, arvadına. Məktub Arekipə gəldi və məktubu oxuyanda qadının rəngi qaçdı. Xanım ona valerian verdi, gicgahlarını spirtlə ovuşdurdu. Kabalerin həyat yoldaşı sakitcə otağına getdi, qapını bağladı və xanım ürəkparçalayan hönkürtülər eşitdi. Rahatlıq bilməyən xanım həmin axşam evi ələk-vələk edib məktubu tapdı. Bilirsən hardan? Şlyapanın içindən. Onların hər ikisi şlyapaları sevirdi. Bədbəxtlikdən məktubu oxudu.
Baba qondarma təəccüblə özünü kənara çəkən Karlotanı qucaqlayır. Karlota qısa müqavimətdən sonra təslim olur. Baba onu dizində oturdub sığallayır və öz məktubunu oxumağa davam edir.
Baba. “Sənə yalan danışmaqdansa, əzab verməyi üstün tuturam, əzizim. Mən səni aldatdığım üçün özümə yer tapa bilmirəm. Dünən bu beş il ərzində ilk dəfə sənə xəyanət etdim. Diz çöküb səndən üzr istəyirəm. Özümü ələ ala bilmədim. Bu hiss, ağacı kökündən qoparan tufan kimi idi, şəhvət mənim prinsiplərimi, andımı məhv etdi. Məni lənətləyəcəyini bilsəm də, hər şeyi sənə çatdırmağa qərar verdim. Günahkar bizim uzunmüddətli ayrılığımızdır. Sənsiz yaşamaq və səni arzulamaq böyük əzab idi. Elə indi də belədir. Ehtirasadn qanım qaynayırdı. Mən hər şeyi atıb, baş götürüb Arekipə qaçmaq, səni ağuşuma almaq…”
Babanın səsi kəsilir.
Ana. Dünya bizim xanımın başına fırlandı: məktubu oxuduğu hamam otağı fırfıra kimi dönür, mənzil də, bütün Arekip də hərlənir, xanım sanki dibsiz uçuruma yuvarlanırdı. Onun ürəyi yerindən oynadı, utancından yanaqları alışdı.
Belisario (çox ciddi). O nədən utanırdı? Kabalerin xidmətçi ilə bir yerdə olduğunu öyrəndiyinə görə?
Baba və Karlota döşəmədə yuvarlanırlar.
Ana (titrəyərək). Bəli, ona görə. O, başa düşə bilmirdi ki, kabalero başqa qadına necə toxunub, həm də əxlaqsız hindu qadına.
Belisario. Nə olsun ki, o heç vaxt kişinin qadına toxunması barədə oxumamışdımı?
Ana. Bizim xanımın sərt qanunları var idi və elə kitablar oxumurdu. Sonra da, biri var hansısa kitabdan oxumaq, biri də var tanıdığı adamın məktubundan. Bəli, o, məktubu dönə-dönə oxudu. Heç cür kabalerin bu hərəkətinə inana bilmirdi.
Baba. “O qadının adı vacib deyil. Ancaq buralarda yır-yığışa baxan, bədbəxt, eybəcər varlıqlardan biridir. İnsandan daha çox heyvandır. O məni cəlb etmirdi. Onu qucaqlayanda mən səni yada salır, səni fikirləşir, səndən ötrü darıxırdım və dəli bir hissə qapılaraq ona sahib oldum. Bu, iki vəhşi heyvanın birləşməsini xatırladırdı. Sən hər şeyi bilməlisən…”
Belisario (indi o da titrəyir və sözləri elə tələffüz edir, sanki ağzını yandırır). Elə buna görə onun arvadının rəngi qaçdı? Elə buna görə dünya xanımın başına fırlandı? Sən heç nə gizlətmirsən ki? Bəlkə, sonra bizim kabaler o qadını boğub?
Ana. Və birdən xanım başgicəllənməsinə bənzər bir hal hiss etdi. O elə titrəyirdi ki, vannanın kənarına çökməli oldu. Məktubda əhvalat elə açıq yazılmışdı ki! Ona elə gəldi, bütün bunlar hindu qadınla yox, onunla yaşanıb.
Baba. “Və həmin varlıq mənim qollarımda həzzdən inildəyirdi. Ancaq mən onunla yox, xəyalən səninlə sevişirdim. Gözlərim yumulu idi və mən təkcə səni görürdüm, sənin bədəninin qoxusunu duyurdum – bu məni məst edirdi…”
Belisario. Bəs necə oldu ki, bu məktub bizim xanımı fikrən günaha batmağa sövq etdi?
Ana. Elə düşündü ki, guya kabaler həmin qadına yox, ona sahib olub.
Baba. “Gözümü açıb başqasının yad sifətini görmək necə dəhşətli idi… Bağışla, bağışla məni. Mən zəiflik göstərdim, ancaq hey səni düşünürdüm, səni arzulayırdım. Yoxluğun elə pis idi ki…”
Belisario. Burada günah olan nədir, anlamıram! Bu günah deyil, axmaqlıqdır. Həm də sən hansı Karlota barədə danışırsan? Bu, Taknadakı əxlaqsız qadın deyil?
Ana. Əlbəttə, bu bir günahdır. Ən yaxın adamına zərər vermək günah deyilmi? Və əgər xanımın ağlına belə bir şey gəlibsə, o kabaleri də bu günaha ortaq etmirmi? Sən niyə başa düşmürsən?
Baba iyrəndiyinibildirən jestlə Karlotaya getməsini əmr edir. O isə Anaya istehzalı bir nəzər salaraq çıxır.
Baba. “Mən Arekipə gəlib sənin qarşında diz çökəcəm, üzr istəyəcəm. Mənə istədiyin cəzanı verməkdə azadsan və mən onu sevinclə qarşılayaram. Ürəkli ol, məni başa düş, sevgilim. Öpürəm, səni heç vaxt sevmədiyim qədər çox sevirəm. Sənin Pedron…”
Ana. O pis fikirlər, başqasının məktubunu oxuduğum üçün, mənim aldığım cəza idi. Bundan sonra mənə dərs oldu: başqalarının işinə burnumu soxmaqdan çəkindim.
Belisario. Mən yenə də anlamadım. Kabaler o qadına niyə yaxınlaşdı? Sən deyirdin axı, qadın əxlaqsız, o isə təmiz və namuslu idi. Qadın nə etmişdi ki?
Ana. Yəqin elə davranıb ki, kabaler başını itirib. Axı o, ehtiras, zövq və digər iyrənc mövzularda utanmadan söz qadınlardan idi.
Belisario. Taknalı xanım günahlarından arınmaq istərkən bu fikirləri barədə də danışmışdı?
Ana. Padre, ən dəhşətlisi də o idi ki, mən bu məktubu oxuyanda elə bir şey hiss etdim, onu açıb deyə bilmərəm. Elə bir ehtiras, elə bir odlu maraq… Hətta haqqında danışılan qadına paxıllığım tutdu. Batil fikirlər məni bürüdü.
Belisario (Padre Venansio qiyafəsində). Şeytan həmişə pusqudadır. O, Həvvanı günaha itələdiyi kimi, hər yeni fürsəti də əldən vermək istəmir.
Ana. Mən heç vaxt belə bir hal yaşamamışam, Padre. Mən paxıllıq da, intiqam arzusu da hiss etmişım. Əsəbiləşmişəm. Ancaq beləsi heç vaxt olmayıb! Və bu fikirlər mənim çox hörmət etdiyim adamla bağlı idi. Axı o sığındığım evin sahibi, mənə yuvan verən dayım qızının əridir!..
Belisario (yazı masasına gedir). Belə… Taknalı xanım, Leonsio qardaş belə anlarda dərhal diz çöküb Müqəddəs Məryəmə dua etməyi məsləhət görərdi. Ürəyində, yaxud ucadan – hər necə olsa (Leonsionu təqlid edir). “Məryəm şəhvəti, su isə pişiyi qovar…”
Ana (xəyalındakı Belisarioya müraciət edir). Sənin Karmen nənənlə mən balaca vaxtı, Taknada yaşayanda son dərəcə dindar idik. Keşişin tələb etdiyindən də artıq qaydalar qoyurduq özümüzə. Nənənin anası – Ameliya xala xəstələnəndə isə biz onun sağalması üçün nəzir dedik. Bilirsən necə? Ancaq soyuq su ilə çiməcəkdik. (Gülür.) Həm də hər gün. O vaxtlar bu, qəbulolunmaz idi. Bizi dəli hesab edərdilər. Bu dəbi sonradan amerikalılar gətirdilər. Çimmək uzun iş idi onda! Xidmətçilər su qızdırır, qapı-pəncərəni bərk-bərk bağlayır, ətirli duzlarla vanna hazırlayırdılar… Çiməndən sonra sətəlcəm olmamaq üçün dərhal yatağa uzanmaq lazım idi. Sənin nənənlə mən isə Ameliya xalanın xilası üçün əsri qabaqlamışdıq. Bir ay hər səhər buz kimi su ilə çimdik. Vannadan çıxanda canımız soyuqdan göyərmiş olurdu. Xalam sağaldı və elə bildik ki, bu bizim nəzirimizə görə oldu. Lakin iki il sonra o yenə yorğan-döşəyə düşdü – bu dəfə qalxa bilmədi. Onun ölməyi elə uzun çəkdi ki… Heç bilmədik hansı günahına görə belə oldu. Bəzən Allahın işindən baş açmaq olmur… Bax, məsələn, sənin baban Pedro. O cür ləyaqətli və yaxşı insana belə bir ağır həyat heç rəvadırmı?
Belisario (başını yazıdan qaldırıb). Bəs sən özün? Səninki guya yaxşı olub? Səni hansı günahlarına görə cəzalandırıblar? O məktubu oxuduğuna görə? Taknalı xanımın o məktubu oxumasıdır səbəb? Ümumiyyətlə, bu məktub olubmu?
Ana paltarının qatları arasından inci rəngli yelpiyini çıxardır və özünü yelləməzdən əvvəl gözlərinə yaxınlaşdırıb oxumağa başlayır. Səksəkə ilə ətrafa baxır. Belisario yelpiyə cızılmış şeirin ilk misrasını oxuyur.
Belisario. Elvira, hüsnündən düşüb heyrətə…
Ana. (davam edir). Çaşıram hər dəfə görəndə səni…
Belisario. Anlamaq istərəm sən bir ilahə…
Ana. Yoxsa bir mələksən – mat qoydun məni…
Belisario. Xoşbəxtlik haqqındır, çünki gözəlsən…
Ana. Ancaq yüz qat artıq xoşbəxtdir o kəs…
Belisario. Sən ona könlünü bəxş edəcəksən…
Ana. Sənin həsrətinlə yaralanmışam…
Belisario. Ömrümü zülmətdə keçirirəm mən…
Ana. Qəbul et sevgimi, pərəstişimi…
Belisario. Sənə sahib olmaq keçməz fikrimdən…
Ana. Daim əmrindəyəm aciz qul kimi…
Belisario yenə yazmağa başlayır. Ameliya. ağlaya-ağlaya gəlir, kürsüdə oturub gözlərini silir. Ana, dodağında hüznlü təbəssümlə, kreslosunda mürgüləyir. Sesar daxil olur.
Ameliya. Öldü?
Sesar başını tərpədir. Ameliya. onu qucaqlayıb ağlayır. Sesardan hönkürtüyə oxşayan səs çıxır. Aqustin gəlir.
Aqustin. Bəsdir. Sakit olun! İndi anamızı düşünməliyik. Bunu necə qəbul edəcək…
Sesar. İtki ilə barışana qədər sakitləşdirici vermək lazımdır.
Belisario (zala keçir, təlaşlı). Ana ölüb?
Aqustin. Çırağımız söndü. Əvvəl qulağı sözünə baxmadı, sonra ayaqları, əlləri… İndi də ürəyi dayandı.
Belisario (eyni tərzdə) – Ananın öldüyü doğrudur?
Ameliya. Hə, oğlum. Allah onu yanına apardı.
Sesar. Axı sən yekə kişisən, Belisario, yəqin ağlamazsan…
Belisario (ağlayır). Əlbəttə, yox! Niyə ağlayım? Hamımız bir gün öləcəyik…
Sesar. Yaxşı, gözlərini sil. Özünü kişi kimi apar.
Belisario. Necə? Böyük adam kimi, əsl vəkil kimi, Sesar dayı?
Ameliya. Hə, hə, oğlum, məşhur vəkil kimi.
Aqustin. Ananın yanında otur, Ameliya.. Onu tək qoyma. Dəfn işləri ilə məşğul olmaq lazımdı (Sesara). Özün başa düşürsən, bu işlərə pul lazımdır. Əlbəttə, mümkün qədər sadə mərasimlə dəfn edəcəyik, ancaq yenə də xərc çıxacaq.
Sesar.Yaxşı. İşlərim pisdir, amma yenə də birtəhər sənə kömək edərəm. Düzələr.
Aqustin. Mənə yox, Anaya. Axı o sənə də, mənə də oğmadır… Bələdiyyə və qəbiristanlıqla danışmaq lazımdı.
Aqustin və Sesar çıxırlar. Ana öz kreslosunda hərəkətsiz oturub. Belisario qələmi yerə qoyur, üzündə müxtəlif hisslər əks olunub. İş bitdiyi üçün çöhrəsində həm razılıq, eyni zamanda, labüd bir son yaşandığı üçün kədər var.
Belisario. Yox, bu məhəbbət hekayəsi və romantik novella olmadı. Bəs nə oldu? (Çiyinlərini çəkir.) Bu əhvalatların hansısa formanı nə səbəbdən aldığına hər dəfə təəccüblənirəm, həmişə də belə olacaq. Bunlar mənim unudulduğunu və məhz şüurun onları inkar etməsi üçün ən lazımsız anda ortaya çıxdığını düşündüyüm təfərrüatlarla doludur. (Anaya baxır.) Mən ancaq sənin son illərini xatırlayıram, kreslosunda qəribə şəkildə oturmuş bapbalaca, belibükük qarı kimi görürəm. (Ayağa qalxır, Anaya yaxınlaşır.) Sən çox yaxşı insan olmusan. Ancaq əlindən bundan artıq heç nə gəlməzdi, elə deyil? Bilirsən niyə sənin əhvalatını yazmaq qərarına gəldim? Biləsən ki, mən vəkil olmadım, şair də olmadım, elə səndən öyrəndiyim bir peşədən yapışdım. Əhvalatlar yazıram, hadisələr danışıram. Elə buna görə də səndən söz açdım. Mən sənə olan borcumu ödəyirəm. İşin əsli məlum deyildi, buna görə xatirələrə ordan-burdan götürdüklərimi, özümdən uydurduqlarımı əlavə elədim. Taknalı xanım da nağılları belə danışırdı, elə deyil, Ana?
Qadının gözlərini sığayıb qapayır, alnından öpür və səhnənin dərinliyinə doğru gedir. Pərdələr enir.
Tərcümə: Qismət Rüstəmov