Bir kinosevər və hətta kinowoman olaraq məni yaxın zamanlara qədər düşündürən məsələlərdən biri film janrlarına münasibətdə heç cür obyektivliyimi qoruya bilməməyimdir. Bu ənənəm hələ kino üzrə təhsil aldığım zamanlardan davam edir. Xüsusilə də, romantik janrda çəkilən filmlərə qarşı önyarğılı, barmaqarası yanaşırdım, insanların hönkürüb izlədiyi filmlər mənə təsir etmirdi, bizim nəslin gənclərinin rəğbətini qazansa da, mənim diqqətimdən kənar qalırdı və s. Buna görə özümü və hətta kino zövqümü çox sorğulamışam. Bir halda ki İncəsənət Universitetində oxuyan, kinonun mərkəzində olacaq kadr kimi yetişən biri idim, bunun əsaslı açıqlaması olmalıydı.
Zaman içində müəyyən qənaət formalaşmağa başladı. Nədənsə romantik filmlər dedikdə tamaşaçılara sadəcə standart, şablon sevgi hekayəsi dadında, dümdüz irəliləyən, bəlli çərçivələrdə olan, el arasında “adnaraziviy” adı ilə tanınan filmlər təqdim edilir. Halbuki bir az “aksion+həyəcan/adrenalin+zəka” əlavə olunduğu zaman nəfis, unudulmaz filmlər ortaya çıxa bilir. Heyif ki, bu düsturdan az sayda rejissorlar istifadə edirlər. “Sevgi+ayrılıq+eşq acısı”ndan çox fərqli amplua mən və mənim kimi “kaprizli” tamaşaçıların qəlbinə gedən açar ola bilər. Bunu da təzəlikcə öyrənmişəm. Bu qəbildən olan nadir filmləri “kəşf eləyəndən” sonra…
Məhz bu tərzdə ən son izlədiyim, İMDB reytinqi ilə öz reytinqinin uzlaşmadığını düşündüyüm filmlərdən biri Glenn Fiqarra və John Requa tərəfindən 2015-ci ildə çəkilən “Focus” filmidir. Oğurluğu babasından öyrənən və bu sahə üzrə ixtisaslaşan, fırıldaqçılığın böyük biznesini yaradan Nicky barbi gözəl Jessin zahiri görünüşündən təsirlənir. Jess isə Nicky-nin dərin məntiqinə, zəkasına aşiq olur. Həyata eyni baxış bucağından baxmaları və aralarındakı güclü enerji onları birləşdirir. Müəllim-tələbə kimi başlayan və tamamən məntiqə söykənmiş görüntüsü verən bu münasibət zamanla dərin kökləri olan sevgiyə gətirib çıxarır. Filmin ikinci hissəsində isə Buenos- Ayresdə milyarder Garriga-nın daxil olduğu üçlü oyun bizi finala qədər təqib edir.
Will Smith və Marqot Robbie…Vizuallıqdan xarakterə qədər enən tam bir ziddiyyət… Ağ-qara. Nicky işinin mütəxəssisi, mahir bilicisidir. Amma ən önəmlisi, onu sevib-seçdirən çox maraqlı obrazının olmasıdır. Nicky tam bir tipajdır. Onu sadəcə Jess-in deyil, əksər xanımların diqqət mərkəzinə qoyan da məhz budur. Rejissor tam aşiq olunmalı bir obraz yaratmağa müvəffəq olub. Onun sevgisi də, hissləri də, ayrılığı da spontandır, gözlənilməzdir. Nicky qapalı qutudur. Onu anlamaq, çözmək çox çətindir. Onu maraqlı eləyən bəlkə də belə sirli,qapalı olmasıdır. “Focus” (Sirr) hər şeyə möhtəşəm gözəllik qatır. Bilməməyin, öyrənməyin insana çəkici gəlməsi faktoru burda ön plandadır. Tamaşaçı da Jess-lə birlikdə surprizləri izləyir, hadisələrin real üzünü görməyə, öyrənməyə çalışır. Bu axıcılıq filmin sonuna qədər tamaşaçını özü ilə birlikdə aparır. Filmin beyin gimnastikası etdirməsi, puzzle dadı verməsi insana çox xoş təsir bağışlayır. Rejissor sadəcə romantikaya deyil- romantika fonunda çox yönə köklənməyə çalışır və buna nail olur.
Nicky-nin Jessə oğurluq dərsi verməsi, Jessin öz “performansını” göstərməsi, Jess və Nicky-nin milyonerlə mərcə girdiyi səhnələr olduqca uğurlu və yaddaqalandır.
Jess-in cazibəsi, “cool” havası, enerjisi, ikilinin olduqca maraqlı dialoqları, türklərin təbiriylə desək, bol “tərs köşə”, məntiqlə qurulmuş süjet strukturu filmin uğur qazanmasının səbəblərindəndir. Səhnələrin arasına səpilən komik elementlər isə filmə əyləncəli ab-hava qatır.
Filmdə hadisələr dram yox, sevgi, aksion və psixologiya üzərində qurulub. Ən diqqətəlayiq məqam isə döyüş və atışma olmadan çəkilə bilən nadir aksion filmlərindən biri olmasıdır.
Filmin sual yaradan yeganə məqamı finalıdır. Bu cür artan maraqla irəliləyən ssenarinin finalı müəyyən mənada xəyal qırıqlığı və “nə baş verdi?” sualı yaradır. Sonda peyda olan kişinin Nicky-yə yardım etməsi və onun Nicky-nin atası olduğunu öyrənməyimiz bir qədər şablon təsir bağışlayır. Hətta açıq final belə daha effektli təsir bağışlayardı deyə düşünürəm.
Bütün bunların fonunda, kino tarixində “romantik film” stereotiplərini qırmağı bacaran, şablon ssenarilərin hüdudlarını aşmağa çalışan və müəyyən mənada universal adlandıra biləcəyimiz bu tip filmlərin olması sevindiricidir. Bu axının davamlı olması və belə filmlərin çoxluq təşkil etməsi isə daha böyük tamaşaçı auditoriyasını qazanmaq üçün yüzdə-yüz daha effektli olacaq.
Ülkər Süleymanova