Tariel Əhmədov 1972-ci ildə Neftçala rayonunun Bankə qəsəbəsində anadan olub. Azərbaycan rəssamlığında özünəməxsus yeri olan sənətçinin əsərləri bugün maraqla qarşılanır. Rəssamın yaradıcılığı əsasən realizm üslubu üzərində qurulmuşdur.
“Hazırda ömrünün qırx altıncı baharını qarşılamağa hazırlaşan rəssam çoxları kimi ali ixtisas təhsili almayıb. Bu sahəyə olan sonsuz sevgisini 1988-1991-ci ildə Tambov (Rusiya) şəhər bədii təmayüllü peşə məktəbində “Xalq sənəti rəssamlığı” ixtisası üzrə təhsil alandan sonra ifadə etməyə başlayıb. İlkin yaradıcılıq nümunələrinin tamaşaçıları da yaxınları və dost-tanışları, eləcə də bəzi rəssamlar olub.
Onların davamlı təqdiri onu çəkdiklərini ictimailəşdirməyə ürəkləndirib. Beləliklə, 2011-ci ildən başlayaraq, onun müxtəlif janrlı əsərləri sərgi salonlarına və qalereyalara yol tapıb. Bu gün əsərlərinə olan tamaşaçı marağının gündən-günə gücənməsi qarşılığında demək olar ki, bu, ilk növbədə onun realizmin ənənəviləşən estetikasına özünəməxsus münasibətin, yeni bədii çalarlar əlavə etməsinin göstəricisidir…
Tariel Əhmədovun yaradıcılığında natürmort janrı xüsusi yer tutur.
Bu janrın avropalılarsayağı “cansız” əşyalardan ibarət olmasını qəbul edən rəssam, “sakit həyat” yaşamağa məhkum olan və maddi-mədəniyyət nümunəsi kimi səciyyələnən həmin əşyalara çox fərqli və özünəməxsus görünə biləcək bədii münasibət sərgilədiyini nümayiş etdirmişdir.” – deyə sənətşünas Ziyadxan Əliyev yazır.
Artlogos Tariel Əhmədovun əsərlərindən bəzilərini oxuculara təqdim edir.
Qeyd: Fotolar müəllifin şəxsi Facebook səhifəsindən götürülmüşdür.