30 Aprel
Saşa Mişurinlə yenə Dostoyevskidən danışdıq. Əlbəttə, film haqqında ilk öncə yazılmalıdır, necə çəkiləcəyi məsələsini danışmaq üçün hələ tezdir.
Dostoyevskinin romanlarına filmini çəkməyin heçmi mənası yoxdur ? Onun özü haqqında bir film çəkməliyik. Şəxsiyyəti haqqında, tanrısı, şeytanı, çalışmaları haqqında. Tolya Solonitsindən əla Dostoyevski olar.
18 Fevral
Dostoyevskinin “Cinayət və Cəza” romanı ilə bağlı qeydlərdən: “Estetika qorxusu zəifliyin ilk əlamətlərindəndir.”
“Sosializm insanın düzəldilməsində uğurlu olmaq ehtimalı ən az olan sistemdir. O, insan üçün tiranlığı qurub, adına azadlıq deyir.”
12 İyul
“Aydınlıq Gün”ü də çəkə bilsəm nə gözəl olar! Böyük ehtimalla o flashback və digər səhnələrə görə yarı ağ-qara, yarı rəngli olacaq. Dostoyevski üçün də ən azı vəsait toplamağa başlamaq yaxşı olar.
Qara bazardan kitab gətirən “Hippopotam” adlı bir tip var. Dostoyevskinin gündəlikləri də daxil seçilmiş əsərləri 250 rubldur. Mütləq almalıyam.
13 Sentyabr – Zveniqorod
Liuka Fayt ilk Dostoyevski haqda kitablarımı çəkiliş meydanına gətirdi: Kornfeld və Remizovun Dostoyevski ilə yaşadıqları, məqalələr (1921), qızının yazdıqları, L. Dostoyevski (1922) – 1883-cü il nəşri seçilmiş əsərlərinin ilk cildi. İkinci həyat yoldaşı A.G. Snitkinaya məktubları evdədir.
14 Sentyabr – Zveniqorod
Dostoyevski şam işığında oxuyurmuş. Lampa sevmirmiş. İşləyərkən çox siqaret çəkib, arada da tünd dəmlənən çay içirmiş. Karamazovun yaşadığı Staraya Rusiya şəhərindən başlayan və monotonluqla davam edən bir yaşayış. Ən sevdiyi rəng dənizin dalğalarıdır. Qadın obrazları həmişə o rəngdə geyinirlər.
19 Sentyabr – Zveniqorod
24-ü Yaponiyaya gedirik və hələ də günəşi çəkməmişik. Hava pisdir. Günəş səhnələri yəqin ki, biz getdikdən sonra çəkilmək üçün təhvil veriləcək. Yaponiyada nəyi və necə çəkəyəcəyik: buna qərar verməliyik. Daha da dəqiq: nə çəkəcəyik ?
Yavaş-yavaş Dostoyevskinin fövqəladə ehtiyatlı və çoxbilmiş bir yaradılışa sahib olduğu qənaətinə gəlirəm. Əslində kənardan baxanda haradasa zülmətlidir. Ssenarini yazmaq çətin olacaq.
Ssenari üçün:
“İdiot”dan bir səhnəylə iç-içə keçmiş bir reallıq – Roqoşin və Knyaz Mışkin. Bağ qayçısı. Turgenevin Avropalaşdırılmasına duyulan qəzəb. Bir düşmənliyin hekayəsi. Məktublar…
27 Yanvar
“Aydınlıq Gün”ü çəkməyi bacarsam, Dostoyevskinin filmiт ideyası haqda və ya ən azından bir ssenari yazmalıyam. Yaxşı vaxtdır… Bəlkə hər şey cəhənnəm olsun deməliyəm ?
2 Fevral
“İdiot” bir neçə seriya ola bilər. Dostoyevski də, “Serji ata” – televiziya üçün çəkilə bilər. “İdiot”u 7 seriya çəkmək yaxşı olardı.
Bu aralar pul qazanmağın yollarını tapmalıyam. Saşa Mişurinlə ssenariləri tez-bazar yaza bilərik. Amma əgər üç saatlıq ssenarilər üçün iki ya da üç müqavilə imzalaya bilsək. Valeri K. kömək edir. Moldovadan biri ilə danışıb artıq.
4 Fevral
“İdiot”-u yenidən oxuyuram. “Çəkmək asandır” deyə bilmərəm. Ssenarini yazmaq çətin olacaq. Roman “sərt” səhnələrə və “səhnə təsvirlərinə” ayrılıb. Yəni, hadisə hörgüsünün inkişafında önəmli olan hər məqamın ayrı yeri var. Bu təsvirlər tamam atıla bilməz. Bəziləri səhnələrdə yer almalıdır.
Amma bu, daha sonra ediləcək. İndi vacib olan şey “Aydınlıq Gün”dür. Əslində, Dostoyevskinin əsərləri içində struktur olaraq ən oturaqlı, öz daxilində rahat və qurulmağa ən uyğun olanı “Cinayət və Cəza”-dır. Lakin, bunu Lev Kulicanov edib.
“Aydınlıq Gün”ünü ad olaraq bəyənmirəm. Çox zəifdir. “Martirologiya” daha yaxşıdır, lakin bunun da nə mənaya gəldiyini heç kim anlamayacaq. Öyrənən kimi də icazə verməyəcəklər onsuz da. “Etiraf” çox təntənəlidir. “Niyə belə” çox yaxşıdır, amma naməlumdur.
“… Öz daxilində dəyişməz, sabit qaydaları olsa da, az qala hər gerçəklik çətin və gözlənilməzdir. Əslində, gerçək nə qədər gerçəkdirsə, o qədər də ehtimal edilməyəndir.”
Lebedev, “İdiot”.
18 Fevral
Gün keçdikcə birlik (bütünlük) prinsiplərinin kinoda böyük önəmi olduğunu hiss edirəm, bəlkə daha da irəliləyərək digər sənət formalarından da çox olduğunu deyə bilərəm.
Demək istədiyim, tək bir düşüncəni əhatə etməkdir. Özümü daha anlaşıqlı ifadə etmək üçün bir misal verim: “Cinayət və Cəza” struktural ideala yaxın sayılırsa, onda “İdiot” ondan olduqca uzaq bir yerdədir. Çünki onun zəmini daha oynaqdır.
“…Kütlənin biz yazıçılara verməyə hazır olduğu, biz yazıçıların da canla-başla sarıldığı üstünlüklərdən zövq aldıq və alırıq. Bildiyimiz kimi yazıçılar heç nəyə bağlı və heç kimə məcbur deyillər, öz ağıl və vicdanlarını təlqin etməkdən başqa.
1862;1861-1882-ci illər arasında Straxov
“…O vaxtlar Qertrsenə olan bağlığı (Dostoyevskinin) xeyli səmimi idi, hətta “Yay təəssüratı üzərinə qış qeydləri” kitabında bu təsir az-çox hiss olunur; lakin sonra həyatının sonlarına doğru Herzenə qəzəbləndi və onun rus insanını anlama ya da onların həyat tərzlərindəki bəzi halları qiymətləndirmə hissindən yoxsul olduğunu tez-tez qeyd etməkdən çəkinmirdi. Savadlı insanın sərgilədiyi qürur, sıradan sadə insana qarşı qoyulan hörmətsizlik…Herzendə tapdığı bu özəlliklərə Fyodor Mixayloviç çox əsəbiləşirdi. Və sadəcə inqilabçılar və kiçik burjualar yox, Qriboyedov belə bu qəzəbdən öz payını almışdı.”
“… fransızlar səssiz, dürüst, kübar lakin, saxtadırlar və pul onlar üçün hər şeydir.”
Straxova məktublarından biri, Paris 26 İyun 1862
“…Fyodor Mixailoviç böyük bir səyyah deyildi, təbiətə, tarixi abidələrə ya da sənət əsərlərinə marağı yox idi, amma daha böyük şeylər istisnaydı: onun bütün marağı insanlara yönəlmişdi. Tək bilmək istədiyi onların təbiəti və xarakteri idi. Bir də küçədəki həyatın ümumi təəssüratı. Bir dəfə hərarətlə mənə, əlində səyahət kitabıyla tanınmış yerləri və turistik məkanları gəzməyin ona nə qədər sıradan və banal gəldiyini demişdi.”
Straxov, Xatirələr.
27 Yanvar. Moskova.
“İdiot”. Smoktunovski layihəni izləyir. Buna görə Leninqrada getdi. Niyə Leninqrad ? Hələ heç bir qərar verilməyib. Ən azından Moskva heyəti tərəfindən.
“İdiot” üçün vaxt itirmədən şəxsən çalışmalıyam.
Bazar ertəsi Yermaşın yanına gedəcəyəm. Kuşnyarovun dediyinə görə Almanların mənimlə Doktor Faust haqqında danışacaqları var. Əgər Smoktunovski gedib Dostoyevski layihəsini məhv etməsə! Buna mane olmaq lazımdır. Tez gedib Şauronu görməliyəm.
Dünən Sovet Mədəniyyət mərkəzindən, mənə Soljenitsin ilə bağlı bir şey etməyimi istəyən zəng gəldi. Larisa (yaxşı ki, telefona o cavab vermişdi) mənim çəkilişdə olduğumu dedi. Bazar ertəsinə kimi bir surət istəyirlər. Bicbalalar! Səhv insana ilişiblər.
25 Dekabr.
Görəsən “İdiot”-u həqiqətən qurmaq istəyirəm ? Quruluş mənim prinsiplərimin çərçivəsinə sıxışıb romanın təbii strukturunu pozmaz görəsən ?
Bəlkə, (klassikanın köməyi ilə) daha ciddi “yeniləmə” və “kürəkləmə” tələb edən “İvan İliçin Ölümü” mənə daha uyğundur? Orda hər şeyi yenidən diriltmək, yenidən yaşamaq lazımdır. Bu, əhəmiyyətlidir.