Bu günlərdə italyan bəstəkar Giuseppe Tartini’nin (1692-1770) əsərlərini dinləyirdim. Onun re minor Violin Konsertini (D45) dinlərkən musiqi gözlədiyimdən daha doğma gəldi. Melodiyanın quruluşu, musiqi cümlələrinin kadensiyaları (ayaq) Ü. Hacıbəylini, xüsusilə onun ilk və orta dövrünü (muğam operaları, kamera əsərləri) xatırladırdı. Beləliklə, Ü. Hacıbəylinin musiqimizi Avropanın təxminən hansı dövrünə gətirib çıxardığı barədə anlayışlarıma yenisini əlavə etmiş oldum. Şübhəsiz, bu cür məsələlərdə müqayisələr qüsurludur, amma təxmin etmək olar ki, Ü.Hacıbəyli Azərbaycan musiqisini əvvəlcə Tartini-Scarlatti dövrü səviyyəsinə qaldırmış, sonra homofon-harmonik yolu əsas götürərək Avropa musiqisinin təxminən Mozarta qədər bir əsrdən çox getdiyi yolu otuz il ərzində öz yaradıcılığında keçə bilmişdir. Üzeyir Hacıbəyli barədə azdan-çoxdan bildiyimizdən, Giuseppe Tartini barədə qeydlər edərək paylaşmaq qərarına gəldim.
Giuseppe Tartini: Re minor Violin concerto
Əvvəla onu qeyd edək ki, Tartini’nin adı əsasən violin (skripka) ifaçıları üçün doğmadır; onlar təhsilin ilk illərindən başlayaraq onun əsərləri ilə tanış olur. Məsələ burasındadır ki, Tartini müasir violin ifaçılığının kökündə dayanan əsas musiqiçilərdən biridir. O violin ifaçılığında bir çox texnikaları, xüsusilə də kaman texnikalarını mükəmməlləşdirmiş, kamanın uzunluğunu artırmış, bir çox nəzəri iş və tədris vəsaitləri yazmış və bütün bunlardan başqa yüzlərlə əsər yaratmışdır.
Giuseppe Tartini, o dövrlərdə Venesiya Respublikasının, indi isə Sloveniyanın tərkibində olan Pirano şəhərində dünyaya gəlib. Bu arada, onun musiqisinin Ü.Hacıbəylini xatırlatmasının bir səbəbi də güman ki, budur: Balkan yarımadasında yerləşən Pirano Osmanlı bölgələrinə yaxın idi. Mədəniyyətlərin sərhədində doğulan bəstəkarın yaradıcılığında bu cür təsirlənmələrin olması çox normaldır.
Orta təhsilini xristian mədrəsəsində alan Giuseppe musiqini orada öyrənir və sevir. Valideynləri onun din xadimi olmasını plansalar da, böyüdükcə xasiyyətindəki çılğınlığın üzə çıxması onun bu sahəyə uyğun olmayacağını göstərirdi. O, Padua universitetinə, hüquq təhsili almağa yollanır. Amma onu təhsildən daha çox musiqi və..qılıncoynatma maraqlandırırdı. Günlərinin bir günü dəli könlü tələbələrindən birinə aşiq olur, amma xanım çox güclü bir kardinalın yaxını olduğundan onlar nikahı gizli edib, sonra hamını fakt qarşısında qoymaq istəyir. Di gəl ki, Romeo və Cülyetta sayaq gizli nikah da onlara kömək olmur, polis tərəfindən axtarışa verildiklərindən şəhəri gizlicə tərk edib mərkəzi İtaliyadakı Assizi monastrına sığınırlar.
Monastrda yaşadığı iki il ərzində, orada tanış olduğu, dövrün böyük musiqi fiqurlarından çex bəstəkar Bohuslav Çernoqorski ilə məşğələlər onu yüksək professionallığa çatdırır. Artıq ifaçı kimi kifayət qədər məşhurlaşmış Giuseppe hətta dövrün ulduz violin ifaçısı Veracini ilə yarışmaq qərarına da gəlir. Amma onun ifasını dinləyəndən sonra bu qərarından daşınır və düz beş il zahidliyə çəkilərək ancaq ifa texnikasını mükəmməlləşdirməklə məşğul olur. Çəkilən zəhmət öz bəhrəsini verir, tədricən onun sorağı İtaliyanı kənara adlayaraq bütün Avropaya yayılır. Elə o zamanlarda sürgün müddəti də bitir və Padua şəhərinə qayıdaraq violin məktəbi açır. Avropanın dörd bir yanından onun yanına tələbələr axışmağa başlayır.
Tartini’nin ən məşhur əsəri Violin və klavir (violin və ansambl versiyası da geniş ifa olunur) üçün “İblis trelləri” sonatasıdır. (Musiqidə trel – iki qonşu notun növbələşərək kifayət qədər sürətlə ifasına deyilir). Bəstəkarın dediyinə görə 1713-cü ildə bir dəfə yuxusunda öz ruhunu İblisə satdığını və bunun əvəzində onu violində ifa etdirdiyini görübmüş. İblisin ifa etdiyi musiqinin gözəlliyindən az qala nəfəsi kəsilən bəstəkar yuxudan oyanmış, yadında qalan qədəri ilə musiqini nota köçürməyə cəhd etmişdir. Bunun ona müəssər olmadığını təəssüflə qeyd edən bəstəkar, hər halda, o vaxtacan yazdığı ən yaxşı əsərin bu olduğunu deyirmiş.
Yazının sonunda “İblis trelləri”nin qeydədəyər ifalarından birini sizlərə təqdim edirəm:
Giuseppe Tartini: Il Trillo del Diavolo