Mart ayı olmağına baxmayaraq, “bu il də belə getdi” – deyib gələn ilə nəzər salıram və eyni aqibəti görürəm, bundan sonra düz iki il pandemiya davam edəcək, onunla birgə müxtəlif qadağalar, karantinlər… Gözlənilənləri dərk etmək mənim üçün elə də çətin olmadı və pandemiyanın hal-hazırda çalışdığım sahəyə nə qədər zərbə vurduğunu anlayıb, olanları, əlimizdəki imkanları yenidən analiz etdim. Ara bir “allah eləməsin”, “yox əşi bu qədər də uzanmaz” və sairə kimi fikirlər də keçdi ağlımın ucundan, amma internetdən ölkə, dünya xəbərlərinə, böyük şirkətlərin gələcəklə bağlı planlarına, adlı sanlı elm adamlarının, uğur qazanmış milyarderlərin fikirlərini dinlədikcə yanılmadığıma əmin oluram. Qısası, deməli bu zəhrimar ən azından iki min iyirmi üçüncü ilə kimi bizimlədir, planında geri çəkilmək yoxdur.
Mən isə bu sirli, sehirli, qorxulu, mistik pandemiyanın tez bir zamanda bitməsini arzulayıram.
Bəs o zaman biz neynəməliyik, məşğul olduğumuz peşəni, sənətimizi necə realizə etməliyik, necə etməliyik ki, yaradıcılığımız paslanmasın, çürüməsin? Buna cavab tapmaq olar, ölüm deyil ki, çarəsi olmasın. Çox güman ki, məsələnin biz bilməyən yolları var və bu yollar nə vaxtsa bizlərə də gəlib çıxacaq. Fikir verin, bizlərə də gəlib çıxacaq, deməli biz yox, onlar tapacaqq çıxış yolunu. Hardasa oralarda sənətin pandemiya zamanı inkişafdan geri qalmaması naminə problemi yenə də ilk olaraq onlar tapacaqlar və biz sonradan onları təkrarlamaqla məşğul olacağıq. Bəs bizi bu problem niyə narahat etmir? Yəni biz belə rahatıq?
Onların elədiklərini ən azı iki ildən sonra biz də edəcəyik, amma indi onlar sənətin xilası haqda düşünürlər, biz isə israrla “pandemiyada nə sənət, nə teatr, nə tamaşaçı”, deyib durmuşuq. Bu səbkidə bir birimizlə mübahisələr edirik və bir birmizə sübut etməyə çalışırıq ki, teatr canlı sənətdir, bəs zalda tamaşaçı olmasa səhnədəki aktyor qarşı tərəfdən enerji almasa öz rolunun öhdəsindən gələ bilməz. Bəs teatr qapılarını (onsuz da gəlməyən) tamaşaçılarına açmasa ora teatr deyil, teatr gərək canlı ünsiyyətdə ola, teatrın yaşamağı üçün yalnız və yalnız canlı tamaşaçılar olmalıdır. Teatrın səhnəsindən tamaşaçı zalına, tamaşaçı zalındansa səhnəyə enerji ötürmələri olmalıdır, bax o zaman teatr teatrdır. Təklif olunan onlayn məşqlərdən imtina edən “sənətkarlar” da var, onlar bu onlayn çalışmaları ciddi qəbul etmirlər və bunu özünü aldatma hesab edirlər. Düz edirlər, bu onların fikirləridir, hər kəs nə istədiyini yaxşı bilir, amma onu da qeyd edim ki, ciddiyə alınmayan bu onlayn məşqlər, məşğələlər yeni dövrün ilk qanunlarındandır, bəlkə də əlifbasıdır.
Yaxşı, gəlin belə deyək, deyək ki, bu pandemiya doğurdan da bundan sonra bir neçə il də uzandı və teatrların açılması qadağalar siyahısında oldu, onda necə olacaq?
Necə olacaq deyəndə ki, təxminən belə, aktyorlar evdə oturub teatr xiffəti edəcəklər, ara sıra çalışdıqları teatra gəlib uzaqdan binaya baxıb dərindən ah çəkib tez evə qayıdacaqlar ki, bu günə olan yoluxma sayını dəqiq bilsinlər, vəssalam. Ən yüngül formada isə, onlayn məşqlər, məşğələlər, səhnəciklər.
Əgər sabah qadağalar götürülsə ən birinci sevinən mən olacam.
Yeni dövrün öz qanunları var, bunu artıq anlamaq lazımdır və bu qanunlar yeni insan formalaşdırmağa hesablanıb. Təhsildən tutmuş ta mədəniyyətə kimi yeni insanın formalaşmasına xidmət edir. Yeni insan tipisə necə olacaq onu yaşayıb görəcəyik.
Teatr olaraq biz həmişə qonaq qəbul edərdik, tamaşaçılar bizim qonaqlarımız idi, amma indi məlum pandemiya qaydalarına əsasən qonaq qəbul etmələrimiz qadağa altına alınıb. İstedadımızı, sənətdə olan bacarığımızı səhnədə göstərib alqışlar qazanırdıq və bu alqışlar sayəsində problemləri unudub az da olsa məmnunluq yaşayırdıq, sevincdən gecə səhərə qədər yatmırdıq növbəti obraza daha mükəmməl hazırlaşmaq motivasiası qanımıza hopurdu. Amma indi məlum pandemiya qaydalarına əsasən səhnədə nə istedadımızı nə də sənətdə nə bacarırıq, nəyə qadirik onu göstərə bilirik.
Hər gün Allaha yalvarıram ki, bu bəla rədd olub getsin, rahat buraxsın bizi.
Bir sual verim, pis olar ki, teatr olaraq indi biz qonaq gedək və istedadımızı qonaq getdiyimiz yerdə gözə soxaq? Yəni teatr qonaq getsin, evlərə, ofislərə, mağazalara, kafelərə və hələ də icazəli işləyən açıq olan yerlərə. Yəni teatr bütün internet istifadəçilərin qonağı olsun. Yox, ağlınıza qaraçı taboru gəlməsin, arabalarla iri sandıqlarla məkana daxil olursan ki, bəs biz qonaq gəlmişik, qətiyyən belə demirəm. Xeyr!
Teatr bəşəriyyətin kəşfləri hesab olunan kinoya, televiziyaya və internetə təslim olmadı. İnsanların planet modernləşdikcə teatrın da süni sənət elementlərinə təslim olacağıyla bağlı gümanları alt üst oldu. Teatr ölmədi, yaşadı və əntiq dövrdən bu günə kimi öz saflığını, orjinallığını, canlı enerjisini qoruyub saxladı.
Siz mənimlə razılaşmaya bilərsiniz, amma mən fikirlərimi qeyd edəcəm.
Fikirləşirəm ki, kinonu, televiziyanı, interneti teatra calağ edib elə teatrın xeyrinə istifadə etmək olar, bic tərpənib sintetik sənət elementlərini istifadə edərək ayaq üstə qalmaq olar.
Yuxarıda qeyd etdiyimə yenidən qayıdıram, teatr olaraq indi qonaq qəbul edə bilmiriksə, gəlin biz teatr olaraq özümüz qonaq gedək və bunu internet, kino, televiziya vasitəsiylə edək. Hamınız yaxşı bilirsiniz ki, insanlar gün ərzində internetdən nə qədər istifadə edirlər və müxtəlif internet platformalarda vaxtlarını keçirirlər. Müasir insan artıq evində yeməyi də internetin köməkliyiylə bişirir, ana uşağına süd verməyi Youtube platformasından öyrənir. Yəni müasir insanı smartfonsuz, internetsiz təsəvür etmək olmaz, müasir insan həyatını internet məsləhətləriylə idarə edir, ağıllı aparatlara güvənərək planlar qurur. Yəni biz teatr olaraq internet üzərindən istedadımızı, sənətlə bağlı bacarıqlarımızı nümayiş etdirə bilərik. İnternet üzərindən özümüzə yeni tamaşaçı kütləsi yığmaq imkanlarımız realdır, mümkündür.
“Kino üstəgəl teatr” prinsipindən istifadə edək. Bir az kamerayla işləyək, hər hansı bir tamaşanı filmə yaxın bir seqmentə çevirərək sosial şəbəkələrdən yayımlayaq. Kinonun ana mayası teatr olduğunu anlayaraq niyə kino elementlərindən istifadə etməyək? Niyə hər hansı kiçik bir pyesi kino fəndlərindən istifadə edərək çəkib göstərməyək? “Kino üstəgəl teatr” bilirsiniz nə qədər orijinal və yeni də olmasa indi bizə lazımlıdır?
Televiziyada qadağaların olmamasından əməlli başlı yararlana bilərik. Telekanallarla müştərək layihələr həyata keçirmək olar və bu realdır. Pandemiyanın qanun və tələblərini nəzərə alıb az saylı iştirakçısı olan pyesləri səhnələşdirib mavi ekranlar vasitəsiylə nümayişə çıxarıb tamaşaçılarımızı yenidən qaytara bilərik. Televiziya vasitəsiylə bütün Azərbaycan ailələrinə qonaq getmiş oluruq.
Bir məqamı da burda qeyd etməliyəm. Sadaladığım perspektivlərin hamısını həyata keçirmək mümkündür, realdır sadəcə bu işlərə yaxşı prodüser-direktor lazımdır. Bu da şərtdir.
Lap elə sabah pandemiya ləğv olsa və həyat yenidən öz axarına dönsə qurban kəsərəm.
Bu gün yeni dönəmdə yaşayırıq, bunu unutmayın. Bu gün planetdə hər şey dəyişib, idarəetmədən tutmuş, insanların maraq dairəsinə kimi. Kafamızı bir az işlədib müxtəlif formalar tapmalıyıq, ortaya yeni, modern fikirlər qoymalıyıq. Zamanın tələblərinə uyğun işləməsək, yeni dövr tamaşaçısı bizi qəbul etməyəcək, köhnələrsə bizi tez bir zamanda unudacaq. Teatra olan mövqeyimizi dəyişməsək, yeni dövrün teatrı necə olmalıdır sualına cavab tapmasaq teatr doğrudan da məhv olacaq. Axı biz yeni eranın insanlarıyıq, planetdə nələrin baş verdiyini hər gün görüb oxuyuruq.
Bir özümüzə baxaq, gün ərzində internetdən nə qədər istifadə edirik? İnternetin sərhədsiz ərazilərində nələr soraqlamırıq, nələr axtarmırıq? Elə etmək olarmı ki, kimlərsə də internetdən bizi də axtarsın, yeniliyə imza atmış teatrımızı soraqlasın?
Teatrlar ölməyəcək, bu çətin zamanlarda da yaşayacaq, bu dəfə isə modern rejissuranın yeni forma teatrının hesabına yaşayacaq, dövrün çarxının hansı istiqamətdə fırlandığını görənlərin sayəsində var olacaq.
Ümumiyyətlə bir neçə ilə, çox da uzaq olmayan gələcəkdə teatr haqda anlayışlar dəyişəcək, teatr özü dəyişəcək.
Təki mən yanılım.
Cavid Təvəkkül