Məni fabrikdən çıxarıb onların evinə aparana kimi heç vaxt düşünməmişdim. Yəni, ehtiyac olmamışdı. Kondisionerli anbarda daxilimdə gəzdirdiyim Samsung televizoru ilə üç ilə yaxın yaşadım. Sonra məni Bakıda, təxminən Xırdalan ərazisində bir bina evinə qaldırdılar. Televizoru götürüb məni də bir kənara qoydular. İlk dəfə evdə səs-küy olanda gözlərim açıldı, atdıqları pult mənə dəydi, əzildim və günahımın nə olduğu barədə düşündüm. Amma ağlıma heç nə gəlmədi.
İkinci gün mənim əzildiyimi görüb hadisə yerindən uzaqlaşdırmağa çalışdılar. İçimə köhnə oyuncaqları yığıb oğlanlarının otağına apardılar. Evə qonaq gələn uşaqlar dəcəl olurdu. Biri içimdə otururdu, digəri onu sürürdü. Sonra yerlərini dəyişirdilər. Beləcə altım açılmağa başlayırdı. Məncə bir ilə yaxın olardı ki, mən o uşaqların otağındaydım amma artıq mənim hər tərəfimi sarı skotçla bağlamışdılar, bircə aşağıda bir deşik qoymuşdular ki, nəfəs ala bilim.
Belə bir deyim var ki, karobka üç il yaşayır. Amma mən artıq dördüncü il idi ki, onların evində idim.
Uşaqlar isə dayanmadan böyüyürdülər. Zərərli vərdişlərə qurşanmaq yaşlarını artıq ötürdülər amma hər ikisi çox sakit idi. Bir gün isə böyük oğlanlarının (onun 17 yaşı olardı) gizlincə otaqda tək qalarkən telefon danışığından belə başa düşdüm ki, o əsl başdanxarab imiş. Sən demə tanışlıq çatlarından biri üçün 20 manata seks hekayələri yazırmış. Onun dostu yox idi. Üzünü sızanaq basmış, çənəsində 4–5 tükü olan və onu da ehtiyatla qoruyan gənc oğlan idi. Sevgi haqqında iddialı fikirlər üyüdürdü. Amma indiyə kimi əlinə qız əli də dəyməmişdi. Həmişə belə olur… Bir gün böyük qardaşı ilə mübahisələrinə də şahidlik etdim. Böyük qardaşı ondan nəşəni haradan tapıb çəkdiyinin davasını aparırdı. O isə danışmırdı. Amma mən onu qınamırdım. Onun günahı nə idi ki, dünyaya cüvəllağı kimi gəlmişdi, ətrafı ilə uyğunlaşa bilmirdi və bu çatışmazlığı tüfeyliliklə başa-baş dəyişmişdi.
İllər ötürdü, mənim isə heç nə daşımağa gücüm qalmamışdı. Artıq üzərimə dördüncü dəfə çəkdirdikləri skotç da saralıb düşürdü, yükləri mən yox skotç daşıyırdı. Mənim yerim artıq kolbasa zavodu idi, məndən yaxşı doktorskaya çıxardı… yaxşı, zarafat edirəm, burada elə şeylər olmur, inanmayın. Amma mənim başıma nə gələcəyini təsəvvür belə etmirdim. Yəni, nə ola bilərdi ki, uzağı zibilliyə tullayacaqdılar. Amma görün onlar nə etdilər. Məndən son damla qanıma kimi istifadə etməyə çalışdılar. Məni 1 manata Keşlədəki pivə zavoduna satdılar: Yay, uzaq Keşlə səhralıqları, adamsız zavod və mən.
Ora məni laqqıldayaraq gedən köhnə avtobusla bir kişi gətirdi. Mənimlə yanaşı belində plastik pəncərə kənarlıqları da var idi. Yol boyu ona kimsə zəng vuraraq söyür, belindəkiləri tez gətirməsini qışqırırdı. Pəncərələri səhv vurmuşdu, mənə peşimanlıqla baxırdı, başını aşağı salanda gözündən bir damla üstümə düşdü, onda artıq yaşamaq istəmədim.
İndi çöldəyəm, yağış bərkiyərək məni hissələrə bölür. Parçalarımın hərəsinin bir tərəfə dağılışdığını görüb, göyə baxıram:
“Torpaq yerin namusudur,
Ağaclar vicdanı,
İnsanlar… insanlar da …”