“Səni hər halınla sevirəm…” deyə biləcəyiniz kimsə varmı həyatınızda? Filmi izləyərkən həm düşündüm, həm də kədərləndim. Həyatımızdakı insanları olduqları kimi qəbul edə bilirikmi? Film məhz bizi bunu düşünməyə vadar edir.
Haqqında bəhs etdiyim “The beauty inside”, Amerika istehsalı olan eyniadlı filmin Cənubi Koreya versiyasıdır. 2015-ci ildə çəkilən filmin rejissoru Bek Conq Yuldur (Baek Jong Yul). Qeyd edim ki, 2018-ci ildə filmin “The beauty inside” adlı serial versiyası da ekranlaşdırılıb. Baş qəhrəman Vu Cin hər yeni günə yeni bir görünüşdə gözlərini açır. Bir gün gənc və olduqca yaraşıqlı oğlan, ertəsi gün yaşlı qarı, başqa gün balaca uşaq, növbəti gün isə əcnəbi kimi.
İlk dəfə 18-ci yaş gününün sabahı, gözlərini belə açmadan, məktəbli geyimini geyinib aynaya yaxınlaşarkən ömürünün sonuna qədər davam edəcək lənətlə rastlaşmışdı. Beləliklə, məktəbi yarıda buraxmalı olan Vu Cin dostlarından ayrı, evdə tək-tənha zaman keçirərkən, yeganə dostu Sanq Bek təkidlə onların qapısına gəlir və onu soruşurdu. Bir müddət sonra gerçəyi öyrənən Sanq Bek dostunu olduğunu kimi qəbul edir və beləcə, hər zaman birlikdə olmağa və hətta birlikdə öz firmalarını qurub, işləməyə başlayırlar.
Vu Cin hər bir müştərinin işinə, oturmaq şəklinə uyğun olaraq özəl mebel dizayneri kimi çalışır, dostu Sanq Bek isə həmin mebellərin satışı ilə məşğul olurdu. Ötən illər ərzində Vu Cin də özünü olduğu kimi qəbullanmışdı. Hətta bununla əylənə belə bilirdi. Ən azı, yaraşıqlı olduğu günlərdə gözəl qadınlarla tanış ola və onlarla zaman keçirə bilirdi.
Həyatın monoton ardıcıllıqla davam etdiyi bir gündə Vu Cin müştərisinə satmaq istədiyi mebeldən savadlı və gülərüzlü, mehriban danışıq tərzi ilə bəhs edən satıcı xanım Yi Sunun (Yi Soo) səsinə diqqət verir. O, elə ilk baxışdan da Yi Suya aşiq olur. Qadının zərif gözəlliyi, mehribanlıqla gülümsəməsi, hər kəsə qayğı ilə yanaşması onu valeh edirdi. İllərdir bu mağazaya gedib-gələn Vu Cin, necə ola bilərdi ki, bu gözəl qadının fərqində olmamışdı?…
Vu Cin hər gün yeni sima ilə Yi Sunu görmək üçün müştəri qismində mağazaya gəlir, mebel alır və mağazanı istəmədən tərk edirdi. Lakin bir gün Vu Cin cəsarətini toplayıb, Yi Suya yaxınlaşmağa və özünü təqdim etməyə qərar verir. Yi Sunun həyatına heç vaxt daxil olmadan, onu böyük məhəbbətlə sevib, yoxa çıxmaq Vu Cin üçün çətin idi. Odur ki, yaraşıqlı simaya sahib olduğu bir gündə Yi Sunun qarşısına çıxır və gecə-gündüz yatmadan Yi Su ilə zaman keçirir.
Gecə-gündüz yatmadan… Çünki yuxuya getdiyi zaman yenidən bugün sahib olduğu simanı itirəcəkdi və sevdiyi qadın onu tanıya bilməyəcəkdi.
Bir neçə günün sonunda yuxusuzluğa tab gətirə bilməyən Vu Cin yuxuya gedir və sahib olduğu simanı itirir. Həyatının ən çətin bir neçə günü başlayır. Sevdiyi qadın da ona aşiq olmuşdu, lakin Vu Cin artıq onun xatırladığı və aşiq olduğu simaya sahib deyildi.
Bu günlük Vu Cin gənc bir qızın simasına sahib idi. Çox düşündükdən sonra gerçəyi Yi Suya açıqlamaq qərarına gələn Vu Cin çətinliklə kim olduğunu və onunla nələr baş verdiyini sevdiyi qadına açıqlayır.
Fantastik səslənən bu gerçək, Yi Sunu təəccübləndirir, bir qədər də qorxur, lakin gerçək qaçınılmaz idi. Aşiq olduğu adam hər hansısa bir simaya sahib deyildi və onun önündə iki yol var idi: ya Vu Cini qəbullanıb, sevməyə davam edəcəkdi, ya da uzaqlaşacaqdı.
Gerçək sevginin gücü ilə Yi Su bu dəhşətli gerçəyi qəbullanır və Vu Cinlə sevgisini bölüşür. Hər şey o qədər gözəl idi ki, Yi Su bu sevgidə və öz kiçik dünyalarında xoşbəxtliyə qərq olmuşdu. Ta ki, öz dünyalarından kənarda olan dünyaya qayıdana qədər…
Yi Sunun iş yoldaşları onu hər gün fərqli adamla əl-ələ, qol-qola görürdü və bu şaiyələr o qədər sürətli idi ki, hətta müdir belə artıq bunu eşitmiş və Yi Sunun həyat tərzinə diqqət etməsini tələb edirdi. Zamanla Yi Su da özünü boşluqda hiss etməyə başlamışdı. Çünki sevdiyi adamı hər görüşlərində başqa kişi olaraq və yaxud qadın olaraq qarşılayırdı və bütün bu adamlar onun tanımadığı yad insanlar idi. İzdihamın içində itsəydi, əsla tanıya bilməzdi sevdiyi adamı.
Yi Su birlikdə yedikləri yeməkləri, birlikdə getdikləri kafeləri, küçələri, birlikdə dinlədikləri mahnıları xatırlayır, lakin sevdiyi adamın üzünü xatırlaya bilmirdi… Qəbul etdiyi əsəb və yaddaş dərmanları, psixoloqla etdiyi söhbətlər artıq ona kömək ola bilmirdi. Yi Su böyük bir boşluğun içində yox olmaq üzrə idi. Sevdiyi adamın ruhu doğma, bədəni yad idi. Hər dəfə gözlərini yumub, onun ruhunu hiss etməyə çalışırdı, hər dəfə ona toxunan insanın Vu Cin olduğunu təkrarlayırdı içində. Bir yanı qaçmaq istəyir, bir yanı isə Vu Cini sevmək istəyirdi.
Yi Su problemlərin içində boğularkən, xoşbəxtlikdən gözləri kor olmuş Vu Cin artıq evlilik haqqında düşünür, bunun planlarını qururdu. Vu Cin artıq əmin idi ki, onlar birlikdə yaşamalıdırlar. Axı niyə də yox? Yi Su onu sevirdi, olduğu kimi qəbul edirdi, hətta bəlkə də artıq onun bu dəyişmələrinə öyrəşmişdi də. İndi evlilik təklifinin tam zamanı idi.
İnsan bəzən qarşısındakının gözlərinin içinə baxaraq, onun gündən-günə dərddən əridiyini görə bilmir. Bəlkə də sevginin digər bir üzü eqoizm idi. Sevginin gətirdiyi xoşbəxtlik duyğusu gözlərimizi o qədər bürüyür ki, bütün dünyanı özümüzdən və öz xoşbəxtliyimizdən ibarət görürük: Mən xoşbəxtəmsə, o da xoşbəxtdir.
Ya siz eyni yuxunu görmürsünüzsə? Ya o yuxuda olan tək sən özünsənsə? O zaman bu qədər asan olacaqmı onu görməməzlikdən gəlmək?
Beləcə Vu Cin evlilik təklifinə rədd cavabı alır və uzun müddətdir içində tək qaldığı yuxudan ayılır. İlk öncə Yi Sunun yox deməsinə təəssüflənir, çünki sevgisinin qarşılıqlı olduğuna inanırdı. Lakin Yi Sunu dinlədikdən sonra özü-özünə qəzəblənir. Yi Su haqlı idi, insanlara, ailəsinə Vu Cini necə təqdim edəcəkdi, dünya Vu Cinin sirrinə hazır idimi?
Ayrılıq gözlənilən idi. Nə qədər çətin olsa da Vu Cin, Yi Sunun xoşbəxtliyi üçün ondan imtina etməli, onu tərk etməli idi.
Lakin film burda bitmir, davamını izləməyinizi məsləhət görərdim. Bir mən vardır məndə, məndən içəri…
Simamız bizi təmsil edərkən, ruhumuzu unutduq zamanla. Əslində “mən” olduğumuzu düşündüyümüz o bədən kimdir? Hər gün eyni simaya sahib olan bizlər, illər boyunca daxildən dəyişilərək fərqli insanlar oluruq. O zaman niyə hələ də eyni insan olduğumuza təkid edirik?
Sahib olduğum sima mənim kimlik kartımdır, amma o bir “mən” deyil. Məni mən edən ruhumdur. Çünki ruh, su kimidir. Su daxil olduğu qabın formasını alan kimi, ruhum da daxil olduğu bədənin formasını alıb. Ondandır ki, simamı qəbul edən kəslər, ruhumu qəbul edə bilmirlər.
Yi Su sevdiyi adamın ruhuna aşiq idi. Belə ki, dəfələrlə siması dəyişən Vu Cinin xasiyyəti eyni idi, sevgi ilə baxan baxışları eyni idi və ən önəmlisi sevgisi eyni idi.
Bu sevgi, Yi Sunu incidirdi, lakin hansı daha çox incidərdi: Sevdiyi adamın yoxluğuna tab gətirməyin verdiyi ürək ağrısımı, yoxsa sevdiyi adamla birlikdə sinə gərdiyi ağrılarmı?…
Filmi izləyərkən Vu Cinin timsalında bir insanın özünü və öz qüsurlarını qəbullanmasını görürük. Aynaya baxarkən, hər dəfə bir insan görən Vu Cin, biz insanların komplekslərinin, qorxularının toplusudur sanki. Hər gün aynaya baxarkən yeni qüsurlarını özündə kəşf edib, insanların gözünün içinə baxmağa çəkinirik. Zənn edirik ki, artıq hər kəs kompleks etdiyimiz qüsurumuzun fərqindədir, lakin yaratdığımız bu qorxunun, kompleksin beynimizin bir uydurması olduğunu görə bilmirik. Bəlkə də biz də Vu Cin kimi özümüzü olduğu kimi qəbul etməli və həyatımıza davam etməli idik. Çünki ilk əvvəllər məxluqat olduğunu düşünən Vu Cin, zamanla bu qüsuru ilə yaşamağı, hətta onu üstünlüyə çevirməyi belə bacarır. Belə ki, qüsurlarını öz gücləri halına gətirərək, həyatda uğurlu olan bir çox insan var. Məsələn, Vitiliqo xəstəliyindən əziyyət çəkən, illərlə əcaib baxışların, kinayəli sözlərin qurbanı olan Vinni Harlou (Winnie Harlow). Ona məktəbdə “İnəyə bənzəyirsən” deyirdi yoldaşları. Digər insanlardan fərqli idi, lakin özünü olduğu kimi sevməsi, qəbul etməsinin verdiyi güc ilə Vinni hal-hazırda dünyanın ən məşhur və ən tələb olunan modellərindən biridir. Film və Vinni kimi həyat hekayələri olan insanlar sayəsində bir daha düşünməli oluruq və anlayırıq ki, özümüzü xoşbəxt hiss etmək üçün ilk növbədə özümüz-özümüzü qəbul etməliyik. Çünki insan özünü sevdiyi və özünə dəyər verdiyi təqdirdə, digər insanlar da onu sevir və olduğu kimi qəbul etməyə məcbur olur.
İnsanlar hər zaman kim olduğumuzdan, nə hiss etdiyimizdən daha çox, necə göründüyümüzə, nə etdiyimizə diqqət göstərirlər. Lakin bizi “biz” edən bunlardır? Həqiqətən də özümüzə verəcəyimiz dəyər budur?
Düşünürəm ki, bədənimiz bizim torpağımızdır, ruhumuz isə toxum. Hər şeyin əsası da toxumda deyilmi?
Bu yerdə Yunus Əmrəni bir daha xatırlayır və mənim üçün gözəl hekayəsi olan bu sözlər ilə fikrimi tamamlayıram:
Məni sorma mənə, məndə deyiləm,
Bir mən vardır məndə, məndən içəri.
Yasəmən Əliyeva