Nədəndir bilmirəm, amma bir “incəsənət aşiqi” kimi mərkəzində qadın fiquru dayanan əsərlər hər zaman diqqətimi cəlb edir. Bəlkə də şüuuraltına hopan feministlik duyğusunun basqısından qaynaqlanır.
Frida Kahlo, Kleopatra, Diana…Siyahını genişləndirmək olar, amma, Diananın bu obrazlar içərisində fərqli və özəl bir yeri var deyə bilərəm. Onun müsahibələri, haqqında çəkilən sənədli filmlər həmişə qeyri-ixtiyari maraq dairəmdə olub. Haqqında bioqrafik serial çəkildiyi xəbərinə isə ən çox sevinənlərdən biri oldum desəm, yanılmaram. Amma serial sadəcə Diananı deyil, kraliça Elizabeth və onun bütün sülaləsinin şəxsi və iş həyatını əhatə edir.
Peter Morgan və Stephen Deldry tərəfindən çəkilişinə 2016-cı ildən start verilən, Amerika və İngiltərə istehsalı “The Crown” serialınını birinci hissəsi VI Georgein ölümü, qızı Elizabethin kraliça kimi hakimiyyətə gəlməsi, gəncliyi və təcrübəsizliyi ilə qatı monarxiya qaydalarının içində özünü tapması ilə başlayır. Daima o, özünü yetərsiz hiss edir, əzmiylə, zəhmətiylə “kraliça” görüntüsü yaratmağa çalışır, müdafiə mövqeyində monoton həyat keçirir. Bu onu müəyyən qədər narahat etsə də, olanları qisməti kimi qəbullanır və bütün çevrəsini buna təşviq edir. Elizabethin həyat yoldaşı Philip, karyerası və sevgisi arasında qalmağa məcbur edilməsi, böyük tərəddüdlərlə karyerasından vazkeçməsi başlıca mövzulardır. Serial “sistem”-in gətirdiyi məhrumiyyətləri işıqlandırır. Philip öncə karyerası, sonra soyadı, daha sonra isə yaşadığı məkanı tərk eləməli olur. Və ən önəmlisi, bir kişinin edə biləcəyi ən mühüm və çətin bir işi icra eləməli olur. Bütün ingilis xalqının gözü qarşısında arvadının daha doğrusu, kraliçanın önündə diz çökür.
Müəlliflər fərqli və maraqlı struktur qurublar. Hər kəs ”İstədiyin yox, edilməli olan vacibdir” devizi ilə yaşamağa məhkumdur. Elizabethin bacısı Margaretin istifadə elədiyi “Baxışı fərqli, boyun əyməyən insan ya öldürülür, ya intihar edir, ya da təcrid olunaraq məhvə sürüklənir” ifadəsi əslində bütün serialın və sistemin ümumi icmalını təqdim eləyir. Onların bu qədər qatı və soyuq olmalarının səbəbini anlayırıq. Normalda güc, pul, iqtidar sahibi insanların həyatları lüksu və komfortuyla məşhurdur. Amma serial bu anlamda müəyyən stereotipləri qırır, daha çox cəzalarını çəkən obrazları, xaricdən həsəd aparılan hüznlü və acınacaqlı həyatları izləyirik.
Serialın keyfiyyətli alınmasında uğurlu kastinq, rejissor və ssenarist işi böyük rola malikdir. Peşəkar qrim, kostyum seçimləri filmin uğurunda böyük payı olan faktorlardandır. Bir halda ki, bioqrafik-tarixi serial ərsəyə gətirilir, bu ön planda olan vacib amillərdən hesab olunur.
Amma seriala kölgə salan, bir qədər ziddiyyət yaradan məqamlarda yox deyil. Birinci və ikinci mövsümdə işini məsuliyyətlə icra edən, olduğu mövqeyə layiq olmağa çabalayan, amma ailəsinə, doğmalarına qarşı duyarlı, həssas münasibət göstərən, istiqanlı Elizabethi tanıyırıq. Dövlət qanunlarına zidd olsa da, bacısı Margaretin xoşbəxtliyinə (evli və boşanmaq istəyən insanla ailə qurması) dəstək olmaq məqsədilə əlindən gələni edir, həyat yoldaşı Philipin özgüvəninin bərqərar olunması üçün onu səyahətə yollayır, önəmli işlər həvalə edir. Amma üç və dördüncü mövsümlərdə soyuqqanlı, buz kimi baxışları olan bir Elizabeth izləyirik. Kömür mədənində baş verən qəzada həyatını itirən uşaqlara qarşı duyarsız və laqeyd münasibət göstərir. Eyni zamanda gəlini Dianaya qarşı bir qadın kimi vecsiz və aşağılayıcı davranışlar sərgiləyir. Onun xahişlərinə məhəl qoymur, hətta dinləmir. Xarakterdə yaranan gözəçarpan çevriliş zamanla formalaşıb, yoxsa mühitin təsirindəndirmi?! Demək çətindir. Çünki rejissor onun dəyişmə prosesini göstərmir.
Digər sual yaradan məqamlardan biri isə Elizabeth və Margaretin vizaj dəyişiklikləridir. İlk mövsümdə izlədiyimiz mavi gözlü qəhrəmanları üç və dördüncü mövsümlərdə gözləri qəhvəyi rəngli obrazlar əvəzləyir. Linzadan istifadə ilə aradan qaldırıla bilən detala önəmsiz yanaşma heyətin peşəkarlığını şübhə altına qoyur.
Dördüncü mövsümdə Margaret Tetçerin hakimiyyətə gəlməsi, nəticədə meydana gələn çevrilişlər, oyanışlar göstərilir. Amma bu hissələrdə daha çox Çarls-Diana-Kamilla məhəbbət üçbucağı ön plandadır. Əslində reallıq nədir? Mən və mənim kimi çox tamaşaçılar suallarına məhz bu mövsümlərdə geniş cavablar tapa bilirlər. Çarls Dianaya sırf əmisi Dickyin vəsiyyətini yerinə yetirməkçün yaxınlaşır. Diana onun evlənəcəyi qadın-obrazının kriteriyalarını ödəyir. Çarlsın həyatında Dickyin ölümü qırılma nöqtəsi olur. Digər tərəfdən ürkək, zərif, məsum Diana Çarlsa heyrandır. Və bu heyranlıq Çarlsın kişilik qürurunu oxşayır. Diana fərqli və özəldir. Yüngül həyat tərzi keçirən, mənfəət naminə hərəkət eləyən yaşıdlarından seçilir. Təbii və səmimidir. Ona görə milyonların sevgisini qazanır. Diana “soyuq ingilis” anlayışının stereotiplərini qırır. Onun səmimiyyəti, təbii və utancaq təbəssümü milyonların qəlbinə gedən açar rolunu oynayır. Çarls və bütün kral ailəsinə təsir eləyən də məhz budur. Diana onlara yad bir dünyadandır. Xalqın dünyasından…Bu isə qısqanclıq və eqoizmi getdikcə gücləndirir.
Mənimçün maraqlı və özümçün kəşf elədiyim daha bir məqam yaranır. Kişi olmaq budur, şahzadə və ya sıravi bir mühəndis olsan da –yanaşma eynidir. Evləniləcək və əyləniləcək qadın fərqlidir. Din və millətdən asılı olmayaraq dünyanın hər yerində bu, hardasa aksiom kimidir. İngiltərədə yaşanan bu əfsanəvi hekayə bizdə də çox bilinən, tanış səhnələrdir. Sistemə, ailəsinə qarşı çıxmağı bacarmayan, amma fikri, marağı Kamillada olan Çarls. Günümüzdə, həyatımızda minlərlə Çarls, Diana, Kamilla var. Bənzər, oxşar minlərlə tablo… Vitrinlik, süni göstəriş üçün, el arasında “evdə saxlamaq” üçün məhv edilən minlərlə qadının timsalıdır Diana…Görməzdən gəlinən, dəyər verilməyən, eşidilməyən, qadın xoşbəxtliyindən məhrum olunan yüzlərlə xanımın prototipidir. Çarls isə sevgisinə sahib çıxa bilməyən, amma, ailəsini də qorumağı bacarmayan gənclərin ümumiləşmiş obrazı…
Kamillanın obrazı isə müəyyən mənada sual işarəsi yaradır. “Ailədağıdan qadın” damğası alnına yapışsa da, məntiqlə davranmağa çalışan, Çarlsı Dianaya yönəldən sadə bir xanım obrazı görürük. Sanki rejissor Kamillanı yumşaltmağa çalışmış, hətta buna xüsusi səy göstərmişdir. Hətta mediada yazılanlara əsasən, serial hazırda hakimiyyətdə olan Kamilla va Çarlsın müəyyən mənada narazılıqlarına səbəb olub. Çox ehtimal ki, yumşalma burdan qaynaqlıdır. Nəzərə alsaq ki, serial hazırda hakimiyyətdə olan sülalənin bioqrafiyasıdır, bunu məqbul saymaq olar deyə düşünürəm.
Çoxsaylı obrazlar, fərqli talelər, müsbət və mənfi obrazlar olsa da heç kimi qınaya, günahlandıra bilmirik. Hər birinin haqlı səbəbləri var. Belə olan halda sistem, ictimai düşüncə, vəzifə borclarından yaranan məhrumiyyətlər günahkardı fikrinə qapılır insan. Nəticə olaraq, bütün təhrif olunmuş halları, mübaliğələri ilə “The crown” sadəcə bioqrafik deyil, psixoloji, məişət, tarixi-bir çox janrın elementlərini özündə cəmləşdirən cəsarətli və uğurlu seriallardan biridir.
Ülkər Süleymanova