Umberto Ekonun “Yanlış oxunuşlar” kitabının “Təəssüflə kitabı geri qaytarırıq” bölümü.
Umberto Eko bu ironik yazısında xəyali “axmaq” bir naşirin dilindən Kafka, Coys, Prust və Sadı təhlil edir. “Tənqidçinin mətni diqqətlə oxumaması nə ilə nəticələnə bilər?” – sualına da cavab axtarır. Ekonun iti dilindən naşirlər payını alır. Qeyri-peşəkar nəşriyyatlarda bəlkə də nə qədər əsər məhv olub…
Franz Kafka, “Məhkəmə”
Balaca, gözəl bir kitabdır. Hitçkokun izi görünür, həyəcanlıdır. Məsəlçün, sondakı cinayət. Alıcısı ola bilərdi.
Amma açıq-aşkar bəllidir ki, yazıçı ağır senzura qaydası ilə yazır. Yoxsa bütün bu qeyri-müəyyən göndərmələr, insanların və yerlərin adını çəkməməsinə nə ad verək? Əgər bu məqamları aydınlatsaq, hadisələrin yerini, zamanını daha dəqiqləşdirsək (hadisələr olmalıdır, hadisələr, hadisələr) onda hekayəni izləmək daha rahat olar və gərginlik də aradan qalxar.
Bu gənc yazarlar “filan adam filan şəhərdədir” deməli olduğu yerdə, “bir adam” deməklə poetik olduqlarını düşünürlər. Əsl yazı sənəti jurnalistikanın 5 əsas sualını qulağına sırğa etməlidir: “Kim? Nə? Nə vaxt? Harada? Nə üçün?”. Kitabı müstəqil redaktə edə bilsək deyərdim ki, alın. Yoxsa ki, belə yox.
Ceyms Coys, “Finnegans Wake”
Xahiş edirəm, nəşriyyat müdirinə oxumaq üçün kitab göndərəndə daha diqqətli olmasını söyləyin. Mən ingilisdilli oxucuyam, başqa dildə, hansısa lənətə gəlmiş dildə yazılmış kitab göndərir. Başqa bir zərfdə kitabı sizə qaytarıram.
Marsel Prust, “İtirilmiş zamanın axtarışında”
Şübhəsiz ki, bu seriya romanıdır. Çox uzun olsa da karton üzlüklə seriya halında satıla bilərdi.
Amma bu vəziyyəti ilə çətin. Ciddi redaktə lazımdır. Məsələn, durğu işarələrinə əl gəzdirmək lazımdır. Cümlələrin üzərində çox işlənilib, bəziləri hətta bir səhifəni tutur. Hər cümləni ən uzağı iki-üç sətirə qədər salmaqla, paraqrafları bölməklə, başlıqları daha sıx qoyaraq, nəşriyyatda möhkəm çalışmaqla kitabı inanılmaz dərəcədə düzəltmək olar.
Əgər yazıçı buna razı olmasa, unudun getsin. Bu vəziyyətilə kitab, belə necə deyim adamın nəfəsini tıxadır.
Markiz de Sad, “Justine”
Kitabın əlyazması bu həftə baxacağım bir topa qaralamanın içindəydi, açığı heç başdan-ayağa oxumamışam. Fərqli yerlərindən üç təsadüfi səhifəni açdım, bildiyiniz kimi, bu işin peşəkarı üçün elə bu da bəs edər.
Birinci dəfə kitabı açanda təbiət fəlsəfəsi haqqında söz yağışının içində qaldım. Həyat mübarizəsinin zalımlığı haqqında, bitkilərin çoxalması, heyvan növlərinin təkamülünə aid bir yığın söz var idi. İkinci cəhddə həzz anlayışı, hisslər və təxəyyül haqqında azı 15 səhifə ilə qarşılaşdım. Üçüncü dəfə açanda isə dünyanın fərqli ölkələrində kişi və qadın arasında boyun əymə problemi haqqında 20 səhifə…Bu qədər bəsdir məncə. Biz fəlsəfi əsər axtarmırıq. Bugünün alıcısı seks, seks və daha çox seks axtarır. Hər forma və hər məzmunda.