Mən fikrə getdim. Mənə yad gələn bütünlüklə boş həyatımı Şekspirin axtarışında keçirməmişəmmi? Yolun sonu onu mənə verirsə, bu, məgər, mənim qanuni haqqım deyilmi?
Kəlmələri ağzımdan bir-bir buraxıb
-Mən Şekspir yaddaşını götürürəm dedim.
Həmin anda aşkar nəsə baş verdi. Amma nə olduğunu əməlli duymadım. Bəlkə yüngülcə yorğun idim ya mənə elə gəlirdi.
X.Luis Borxes “Şekspir yaddaşı”
Mənim iti yaddaşım var. Demək olar ki, yüngülvarı əhəmiyyətli hadisələr də, daha qarşıma çıxmayacaq insanların üzləri də yaddaşımda həmişəlik qalır. Yəqin bilirsiz, iki cür insan olur, daha doğrusu olmalıdır, rəqəmləri sevən və hərfləri sevən. Uşaqlıqdan boynuma qoymuşdular ki, sən hərfləri sevirsən, rəqəmlər isə sənlik deyil. Beləcə, mən buna uyğun, hərfləri sevə-sevə böyüdüm.
Amma deməmişdilər ki, hərfləri sevənlərin yaddaşı əzab verəcək qədər iti olur. Bir sabah oyandım ki, mənim yaxşı yaddaşım var. Nə biləydim, bu əzabla uzun illər yaşamalı olacam. Yaddaşım məni hərdən, narahat eləsə də, ondan imtina eləməzdim. Qoy olsun. Yaxşı yaddaş mənə lazımdır. Axı mən həm də yazmaq istəyirəm.
***
Uşaqlıqda fəal idim, əlifba bayramında baş rol, məhəllədə oyunların qurucusu ( o zaman bu elə belə iş deyildi. SSRİ dağılmışdı, bütün köhnə oyunlar unudulmuşdu, ruhdan düşmüş sovet vətəndaşları öz oyunlarını bizə öyrətmirdilər, türk kanallarındakı cizgi filmlərinə istinad edərək yeni oyunlar yaratmaq, az qala yeni bir oyun mədəniyyətinin banisi olmaq missiyası götürmüşdüm üzərimə) olmuşam və musiqi məktəbinə getmişəm. Lap Charles Dikkensin qəhrəmanları kimi uşaqlıq keçirmişəm. Bütün bu illər hamısı kadrbakadr gözümün önündədir. İndi onları xatırlayıram.
Atam işə gedib, mən, anam və atamın yatağında yatıram. Bacım məni oyadır. Bazar günüdür. Bu gün əlifba bayramıdır. Tələsik yataqdan qalxıram.
Budur, türk kanallarının birində reklam göstərirlər. Qarğıdalıların içindən super gücləri olan qəribə heyvan şəkilli kartlar çıxır, reklamdakı uşaqlar kartları havaya atır və döyüş başlayır. Tez anamın aldığı saç rənginin kordonunu kəsirəm, yaddaşımın köməkliyi ilə reklamdakı heyvanları karta çəkirəm. Sabah məhəlləmizdəki dostlarıma kartları göstərəcəm.
Başqa bir gün. Musiqi məktəbində ikinci ilimdi. Axır ki, mənə tar alıblar, amma dərslərə könülsüz gedirəm. Evdən çıxıram, ayaqqabılarımı görürəm, öz-özümə deyirəm.
-Bu gün birinci ayaqqabımın sol tayını geyinəcəm. Əgər dərs olmasa, həmişə ayaqqabımın sol tayını birinci geyinəcəm.
Həmin gün dərs olmadı. O gün bu gün, mən həmişə ayaqqabımın sol tayını birinci geyinirəm.
O vaxt bilməzdim ki, bu hadisələr yaddaşımda belə uzun müddət qalacaq və mən onları yazacam. Taleyin işinə bax… Əslində heç mənim yazı pozu ilə aram yaxşı olmayıb, heç indi də yaxşı deyil, o qədər eybəcər xəttim var ki, kompyüter və ya telefon olmasa heç nə yaza bilməzdim. Vərəqə yazdıqlarımı bir müddət sonra özüm də oxuya bilmirəm.
Yaddaşıma yığılan xatirələrin hamısını yuxarıdakı rahatlıqla xatırlaya bilmirəm. Onlardan elələri var ki, yazıb ortaya çıxarmağa, kiməsə danışmağa utanırsan. Nə yaxşı ki, mən hər şeyi danışacaq qədər olmasa da, yaza biləcək qədər daxılı rahatlığa və abırsızlığa sahib ola bilmişəm. Buna görə öz kədərli xatirələrimi də yazmağı bacarıram.
***
Təntənəli keçməyən doğum günüm olmayıb. Mən istəməsəm də ad günümü hamı xatırlayır. Ad günümdə bütün uşaqlar sevincindən uçurdu, məktəbin həyətində şənlik keçirir, mahnılar oxuyur, şeirlər deyir, sonra da ağlayıb dağılışırdılar. Hə, mən otuz bir may son zəng günü doğulmuşam. Amma tək bu deyildi. Evdə də təmtəraqlı məclis qurulurdu, məxsusi mənim üçün. Evdəki məclisləri sevib sevmədiyimi dəqiq anlaya bilmirdim. Bir tərəfdən yaxşı idi. Dadlı yeməklər, evdəki xoş təlatüm məni sevindirirdi. Digət tərəfdən, məni saya almayan qohum qonşuların hədiyyələrinə əsəbləşirdim. Alt paltarı, yataq dəsti, komplektlər, atama köynək, anama xalat, şəkil qabı və s. Bu hədiyyələrin mənə alınmadığı bəlli idi. Elə bu hədiyyələrə arxalanıb doğum gününün əslində mənim olmadığını bilməli idim, amma bunu hardasa yeddi-səkkiz il sonra dərk elədim.
İkinci min illiyin əvvəli… Hər şeyin çox qarışıq olduğu dövr idi. İnsanların nəyi istədiyi bəlli deyildi. Yadımdadı, bizim məktəbin sovet vaxtından qalan partalarını çölə töküb yeni partalar gətirmişdilər. Bu, inqilabi dəyişiklik idi, sonralar öyrəndim ki, o partaların yolunu altı-yeddi ildi gözləyirmişik. İllərdir işlənən partaların çirkli görüntüsü ilə müqayisədə parpar yanan yeni partalar gələcəkdəki xoşbəxt günlərin təcəssümü idi. Amma ağzını ayırıb yeni partalara baxan qəsəbə camaatı gecə ilə köhnə partaları evlərinə daşıdılar. Bəziləri deyir doxsanıncı illər qarışıq olduğundan nəsr üçün əlverişsizdi, amma ikimininci illərin əvvəli də kifayət qədər ziddiyyətliydi.

Rene Maqrit – Yaddaş (1948)
***
O vaxt atamı özgə bir adam kimi tanıyırdım. O məsuliyyətli, amma bədbəxt bir postsovet vətəndaşı idi. İkiminlərin əvvəllərin o hələ də komsomol, kolxoz, şura, İvan adını tez tez işlədirdi. İndi başa düşürəm ki, fəhləlik edən istənilən sovet vətəndaşı üçün ittifaqın çöküşü əbədi bir travmaya səbəb olub. Atam bu gün belə indiki güzəranını otuz beş, qırx il əvvəlki illə müqayisə eləyib köks ötürür. Həmişə deyir ki, Sumqayıt Plastik Boru zavodundanki illər onun üçün əvəzsizdi. İndi televiziyada nəyə gəldi baxan bu adamın o vaxt teatra getdiyini düşünmək çətindir. Elə özü də buna təəssüflənir.
Atam haqqında əbəs yerə danışmıram. Məni narahat edən və daxili abırsızlığım olmasa, üzə çıxmayacaq bu hekayədə əsas adam odu.
***
On birinci ad günüm idi. Qəsəbəmizdəki itlərin səsinə oyanmışdım. O qədər it vardı ki, məhəllədə sıra ilə hürsələr bütün günü it səsindən yata bilməzdin. Xoşbəxtlikdən bu heyvanlar bir ağızdan və tezdən hürürdülər. Hərdən, evlərə də girirdilər. Bizim evə çox giriblər. Gülməyin, amma mənə elə gəlir ki, yeni min illiyin gəlişi ilə bizim qəsəbədə itlərin sayı kəskin sürətdə artıb. Az qala hər addım başı bir itə rast gəlirəm qəsəbədə.
Oyanıb vaxt itirmədən, məktəbə yollandım. Çay içməyə həvəsim yox idi. Onsuz qayıdıb gələndə, doyunca cürbəcür yeməklər, şirniyyatlar yeyəcək, şirə içəcəkdim. Ac olum ki, çox yeyə bilim.
Son zəng bizim kimi heç bir xüsusi əyləncəsi olmayan insanlar üçün vacib günlər idi. Yadımdadır ki, məxsusi bu gün üçün büfetə köpük gətirirdilər. Uşaqlar hər yerə şəffaf su kürələri üfürürdülər. Onuncu siniflər qara eynək taxırdılar, keçən ilin məzunları yeni görkəmləri ilə peyda olur, hamını təəccübləndirir, birincilər “mişkalarını” gözləyir, on birincilər ağlayırdılar.
Son zəng mənim kimi müşahidəni sevən insanlar üçün həmişə maraqlı, əyləncəli nələrsə vəd edir. Baxıb əylənməyi son zəngdə öyrənmişdim. Son zəng özüm də bilmədən mənə lazım olacaq çox görüntünü əbədi yaddaşıma həkk eləmişəm.
Doğum günümü ilk olaraq məktəbdə qeyd elədim. Sinif yoldaşlarımla məktəbi dövrələyib, öz son zəngimizin xəyalını qurub, məclisi tərk elədim. Son zəngdə axıracan heç vaxt qalmamışam. Ona görə ki, məktəbin boş həyəti qədər məni qəmləndirən ikinci bir səhnə yoxdu.
Evə qayıtdım. Yolda ağlım dünən axşam atamla elədiyim söhbətdə idi. Atamla nadir hallarda danışırdım. Mənimki balıq bürcü ilə əzəldən tutmayıb.
-Ata, sabah mənə nə allasan?
-Nə istəyirsən?
-Velosiped.
-Yaxşı.
On birinci ad günümdə ilk dəfə olaraq, atamdan özüm nəsə istəmişdim. Möhkəm də inanmışdım ki, hədiyyəmi alacaq. Evdə məni gözləyən alt paltarı, cib dəsmalı və bu kimi başdansovdu hədiyyələrə belə kədərlənmirdim. Özümü ruhlandırırdım.
-İndi gedib çoxlu yemək yeyəcəm. Axşam velosiped sürəcəm. Sabah da yay tətili başlayır.
Qəbul edirəm ki, atamdan hədiyyə istəmək etik deyildi. Onsuz da ad günü yeməklərinin, şirniyyatların pulunu o vermişdi. Neyləyə bilərdim, türk kanallarında atalar uşaqlarına həmişə bahalı, böyük hədiyyələr alırdı. Mən də beləsini arzulayırdım.
Gəldim. Evə dolmuş qohumlarla öpüşüb görüşdüm. Yaxşıca yeyib içdim. Ad günüm qaydasında gedirdi.
***
Hava qaralıb qonaqlar gedib. Anamla həyətimizdəyik.
-Ata nə vaxt gələcək?
Masanın üstünü silən anamdan soruşuram. Silə-silə cavab verir:
-Beton tökəcəklər bu gün, get yat sən. Yəqin gec gələr.
-Yox, yatmıram. Gözləyəcəm. Deyib ki, velosiped alacaq.
Anam gülümsədi. İşinə davam elədi. Biz gecə yarısına qədər açıq havada atamı və velosipedi gözlədik.
Bir azdan atam gəldi. Qabağına qaçdım. Yorğun görünürdü, deyəsən, heç məni görmədi.
-Hamam istidi?
-Hə, anam – dedi.
-Mən çimməyə gedirəm. Çay çörək hazırla.
-Yaxşı.
Anam mətbəxə, mən yatmağa getdim. Ömrümdə ilk dəfə o gün məyus olmuş, utanmışdım. Həyatın nə qədər qəddar və amansız olduğunu onda anlamışdım.
İndi bu xatirəni unutmaq üçün çox şeydən keçərdim, hətta, iti yaddaşımdan belə.