Birinci yuxu : Amerika. Hündürmərtəbəli bina. Xəfif bir xoşbəxtlik duyğusu. Yuxuda fləşbək: Uşaqlığıma qayıdıram. Televizorda gördüyümüz xarici ölkələr; çimərliklər , əyləncə məkanları, sanki elə bu dəqiqə , bu an çıxıb getsəm oralara, hər şey gözəlləşəcək kimi bir duyğu bürüyür ruhumu. Və getmişəm . Budur : hər şeyin gözəl olduğu o an. Yaşayıram bu həyatı. Sadəcə binadan düşüb o arzusunda olduğum xəyala qovuşmağım qalıb. Xoşbəxtlik heç bir zaman olmayacağı qədər yaxın, heç bir zaman ola bilməyəcəyi qədər də mümkünsüzdür. Çünki yuxudayam. Yuxudan ayılıram…
İkinci yuxu : Antraktida. Doğulub boya- başa çatdığım ərazilərdən bura gələn ilk insan olmaq hissinin verdiyi eqoist bir həzz. Və təbii ki, yuxu reallığın əksi kimi- soyuqdan qorxu hissinin sıradan çıxması üçün ən ideal fəzadır. Hər şey əladır , amma yalnız ona görə ki sadəcə və sadəcə yuxudayam…
Üçüncü yuxu : Yeni Zellandiya. Sinif yoldaşlarımla tanımadığımız, bilmədiyimiz bir məkandayıq. Bu əraziləri tanımamağımız xoşbəxtliyimizə mane olmur. Çünki bizi düşündürən bir sual var: Görəsən hara gedək? Çünki xoşbəxtlik hazırda bizim üçün elə bir məfhumdur ki, sadəcə onunla necə rəftar etməyimiz qalır. Həyat həqiqətən asan və gözəldir. Ona görə ki, yuxudayam. Bir qədər sonra yuxudan ayılıram. Mənə reallığı xatırladan ilk şey sinif yoldaşlarımın yanımda olmamasıdır. İndi reallıq özünü daha sərt üzüylə tanıdır bizə. Cəbhədə döyüşən sinif yoldaşlarımın sağ- salamat qayıtmasını gözləyirəm.
Şəxsi təcrübəmə əsasən deyə bilərəm ki, adətən mövsümi depressiyalar ölüm istəyindən daha çox yaşamaq eşqini körükləyir. Sadəcə bu eşq bir həqiqətin fonunda mövcud olur ki, o həqiqət bu xoşbəxtliyin heç bir zaman burada , hazırda yaşadığın ərazidə mümkün olmamasıdır. Getmək , olduğun yerləri tərk edib başqa dünyalar axtarışında olmaq istəyi insan oğlunun əbədi lənətidir . İndi gəl bir ölkədən başqa bir ölkəyə getməyin bu qədər fərqli olduğu – həm asan, həm də çətin bir dövrdə bu cür insanları anla. “Asandır” , ona görə deyirəm ki, dünyanın istənilən ölkəsinə ən qısa zamanda getmək üçün elm-texnika kifayət qədər inkişaf edib. “Çətindir” i isə ona görə deyirəm ki, arxada qoyduğumuz yüz illərin əksinə olaraq bu gün bir ölkədən başqa bir ölkəyə getmək , xüsusən də davamlı olaraq yerdəyişməyə məruz qalmaq üçün o qədər bürokratik əngəllər mövcuddur ki, hələ üstəlik sən üçüncü dünya ölkəsinin nümayəndəsisənsə, yaş artdıqca bu arzunun sadəcə və sadəcə xəyal olması ilə barışmalı olursan. Bilirəm indi 19-cu əsr deyil. İndi bir gəmiyə minib dünyanı dolaşmaq o dövrdəki kimi asan deyil. Amma neyləyəsən ki bu elə bir duyğudur ki, dənizin səsini bir dəfə eşitdinmi, tükündən dırnağınacan səni dəniz adamı olduğuna inandırır. Bu xurafata inanıb inanmaq artıq tale məsələsidir. Piri rəisi xatırlayıram : “Mən öləndə məni dənizə yaxın , dənizin səsini eşidə biləcəyim yerdə basdırın” .
Bu gündən fərqli olaraq keçən əsrin əvvəllərində – səyahət etmək üçün bu qədər bürokratik əngəllərin olmadığı dövrdə, təsadüfi bir hadisənin nəticəsində kəşf olunmuş bir yazıçı yaşamışdı. Girişdəki üç yuxunu xatırlamağım təsadüfi deyil. Məhz bu ərəfədə o müəllifi oxumaq taleyin ironiyası kimi gəlsə də, hər təsadüfün mistik mənası vardır mütləq.

Panait İstrati
Riçard Bax yazmağı məcazi mənada səslənsə də təxminən bu cür ifadə edirdi: “Damarlarını doğrayırsan və yazırsan” . Haqqında söz açacağım Panait İstratinin də ədəbiyyat aləmində kəşfi təxminən bu cür baş vermişdi: Boğazını kəsərək intihar edən bu şəxsin cibindən çıxan məktublar, gedəcəyi ünvana – dövrünün məhşur yazıçısı Romen Rollana çatanda o, necə bir istedadla qarşı- qarşıya olduğunun fərqinə varır. Və gecikmədən Panait İstratinin məktublarına cavab yazmağa başlayır. Davamlı yazışmalar sayəsində Romen Rollan İstratiyə böyük istedad sahibi olması məsələsində motivasiya verir, onu yazmağa təşviq edir və nəticədə bu gün ədəbiyyat aləmində lazımı qədər dəyərini almasa da , pis-yaxşı adını yazdırmağı bacaran Panait İstariti hekayəsi başlayır. Əslində Panait İstratinin dəyərini almamış biri kimi qələmə vermək doğru olmazdı. Çünki onu həm də “balkanların Qorkisi” də adlandırırlar . Bu isə daha çox həyatı çılpaqlığı ilə , gerçək və sərt real təhkiyə üslubu ilə təsvir etməsinə görədir. Amma fikrimcə istənilən halda İstrati təkcə həyat hekayəsi ilə də başdan ayağa ədəbiyyat olası adamdır.Bu da onun “ yazsam roman olar” klişesi ilə ifadə etsək, həyatını ədəbiyyat materialı kimi gözdən keçirməyimizə imkan verir. Bəli, elə adamlar var ki, onların həyatı yazılsa mütləq roman olar. Bunun üçün isə Hakan Gündayının təbirincə desəm” insanın özündən ilham alması şərtdir” . Özündən ilham ala bilən şəxs sənət əsəri kimi yaşayar və ölər. Nə xoş ilham aldığı həyatını romana çevirməyi bacarmış şəxslərin taleyinə.
Panait İstratinin uşaqlığı Avropanın bəzəyi Dunay çayının sahillərində keçib. Bəlkə də, elə bu bioqrafik xoşbəxtlik onda dünyanın heç də balaca bir rumın kəndindən ibarət olmaması barədə fikirlərinin formalaşmasında kömək edib. Ucsuz- bucaqsız bu çay balaca olsa da, kifayət qədər fərasətli və ömrünün ilk çağlarından həyatın sərt üzüylə tanış olmuş bir uşaqda dünyanı gəzmək, xoşbəxtliyi hardasa uzaqlarda – Napolidə , İskəndəriyədə , Marseldə və başqa şəhərlərdə axtarmasına səbəb olub. Elə bu səbəbdəndir ki, onun əsərləri müxtəlif şəxslərin həyat hekayələrindən bəhs etsə də, onların hamısının əsas onurğa sütununu özünün macəralarla dolu həyatının müxtəlif əhvalatları təşkil edir. “ İnsan əzab çəkən heyvandır” . Di gəl bu həqiqət onda heç vaxt insanlıq haqda neqativ düşünməyə səbəb olmayıb. Həyatın gedişatında şikəstliyi anlayıb, amma öz ideallarına heç vaxt xəyanət etməyib. Çünki Panait İstratinin məqalələrindəki fikir budur ki, həyatın gözəliyini səfalətin , əzabın kəndarında öz şəxsi səadətinə toz qondurmayaraq yaşamaqla yox, əksinə yaşadığımız düzənin iyrəncliklərindən sıyrılmış bir vicdanla, alın açıqlığı və peşman olmadan yaşamaqla da duymaq olar. Maddiyat aludəçiliyindən uzaq insanlar adətən bir yerdə qərar tuta bilmirlər. Davamlı nigaranlıq və təlaş Panait İstratidə də Budda sayağ maddi ehtiraslarından sıyrılmağa , sıyrıldıqca da həyatın mənəvi ehtiraslarına üz tutmağına səbəb olmuşdu. Qaçaq yollarla gəzdiyi ölkələrdə kifayət qədər çətin günlər keçirsə də, bəzən ac – susuz qalsa da, içindəki həqiqi yazıçı- kəşf etməkdən doymayan insan ruhuna xəyanət etməmişdi. Onu həyatın ədalətsizliyi ilə bağlı düşündürən əsas sual bu idi: Yaradılışı anlamaq olar , bəs yaradılanın yaradılışına bənzəməyən bir həyat sürməsini? Bu, onun fikrincə absurddan başqa bir şey deyildi. Burada müqəddəs kitablar belə acizdir. Çünki kitab inanan üçündür. Panait İstrati isə öz taleyindən və insanlığın qurtuluşundan başqa heç nəyə inanmırdı. Onsuz da yaşadığımız həyat deyilən şeyin məntiq harasındadır ki? Elə olmasaydı dünyanı “ soğanlı bıçaqla meyvə kəsənlər yox, bunun elə olmamalı olduğunu bilən insanlar” idarə edərdi. Əbədi həsrətində olduğumuz mükəmməlik də bax bu cür dünyanın qismətindən çıxıbmış bəlkə? Panait İstrati bir gəmi yolçuluğunda aldığı dərsi belə xatırlayır:
Bu nəsihəti yaxşı yadında saxla dedi mənə : “ Dünyada üç cür insan var; Soğan iyi verən bıçaqla alma doğramağın yanlış olduğunu bilən insanlar. İkincisi bunu bilməyib, amma başqalarından öyrənən insanlar.Nəhayət , görsə də öyrənməyən və bununla yaşayan insanlar. İndi dünya mükəmməl olsaydı birincilərin əmr etməsi , ikincilərin bu əmri yerinə yetirməsi , üçüncülərin də itaət etməsi gərəkərdi. Amma bu dünyada məntiq yoxdur və sən çalış ya birincilər kimi ol ,ya da ikincilər kimi olmağa çalış.
Panait İstratinin çıxdığı hər səfər təkcə varoluşuna üsyan deyil, həm də dünyanın sosial ədalətsizliyinə qarşı qiyam idi. Çox ümidsiz günlərin birində artıq dözməyərək boğazına bıçaq çəksə də , kor tale onu həyatın bu absurduna “ hə” deməyə imkan vermədi və əslində o, ölməyərək bir növ həyatına etdiyi üsyanını tamamladı. İndi artıq qarşıda yaşadıqları kimi yazdıqları ilə də ədəbiyyat olacaq insan taleyi vardı.
“ Böyük ruhlar , böyük çaylar kimidir” – deyir bir yazısında. ” Dibləri heç vaxt eyni qalmaz” . Panait İstrati üçün də bildiyi yolu getməkdən , oxşar taleyi yaşamaqdan , tanıdığı sularda üzməkdən hüzünlü nəsə ola bilməzdi. Odur ki, dayanmaq mümkün deyil. Bəlkə elə o, bu dünyaya harasa getmək üçün gəlmişdi. Yaşadığı həyatı bəyənməyib, başqa bir həyat axtarışına çıxan insanın hekayəsdir bu: Panait İstrati.