“Ədəbiyyat həyat tərzidir”
Qustav Flober
Somerset Moem yaradıcılığı mənə “Ay və qara şahı” romanından tanışdır. Əsər impersionizmin ən böyük nümayəndələrindən biri rəssam Pol Qogenin həyatı və yaradıcılığı haqqındadır. Romanda Qogenlə yanşı dövrünün digər rəssamlarının, o cümlədən Qogenin yaxın dostu Vinsent Van Qoqun da obrazı yaradılıb. Van Qoqun həyatından bəhs edən İrvinq Stounun “Yaşamaq yanğısı” əsəri də var. Amma o, “Ay və qarı şahı” qədər güclü deyil. Moemin əsəri, daha güclü və bədiidir. Stounun əsəri yalnız Van Qoqun həyatınından bəhs etdiyi üçün dəyərlidirsə də “Ay və qara şahı” bioqrafik səciyyə ilə yanaşı həm də çox gözəl, ustalıqla yazılmış romandır.
Moemdən oxuduğum ikinci əsər “Əyilməz qadın” hekayəsi olub. Bir neçə il əvvəl “Sənət” qəzetində Azad Yaşarın tərcüməsində verilmişdi. Əsərdə alman zabitinin zorladığı, sonradan əməlindən peşman olub evlənmək istədiyi bir qadından bəhs edilir. Alman zabitindən hamilə qaldığını öyrənən qadınının nifrət hissi analıq hissinə qalib gəlir. Düşməndən doğduğu körpəsini gecəyarı buz kim soyuq çayda boğur.
Moemin bir əsəri də var. İngilscəsi “The summing up” adlanır, azərbaycanca “Yekun vuraraq” kimi çevirmək olar. Əgər Mariya Varqas Lyosa “Gənc romanistə məktub” əsərində sırf roman yazmaq texnikasından bəhs edirsə, “Yekun vuraraq”da Moem keçdiyi həyat yolundan, yaradıcılıq təcrübəsindən danışır, hər bir yeni başlayan yazıçıya lazım ola biləcək dəyərli öyüdlər verir.
Somerset Moemi daha çox romanları ilə tanısaq da yazıçı məşhurluq şərbətini dram janrına üz tutandan sonra dadmışdı. “Yekun vuraraq”da özü də etiraf edir ki, məhşur olmamışdan qabaq romanları bir o qədər tələb olunmurdu, bir dramaturq kimi məhşurlaşandan sonra oxunmağa başladı romanları. Moemin pul haqqında çox gözəl fikri var: “Pul altıncı hissdir, onsuz qalan beş hiss natamamdır”. Roman yazmaq üçün asudə vaxt və pul lazımdır. Buna görə də Moem daha asan bir variant hesab etdiyi pyes yazma işinə başlayır. Kifayət qədər məhşurlaşandan və qonorar qazanmağa başlayandan sonra isə roman yazmağa yenidən qayıdır.
Lap əvvəl isə Moem həkim işləmişdi. Tibbi təhsil almış yazıçı bir müddət Müqəddəs Foma Xəstəxanasında həkimlik edir və bunun müqabilində daim xəstə, yoxsul, savadsız – bir sözlə cəmiyyətin alt təbəqəsi ilə ünsiyyətdə olurdu. Xəstəxanada işlədiyi müddətdə rastlaşdığı acı insan taleləri gələcək yaradıcılığına böyük kömək edəcək, yazmaq üçün kifayət qədər mövzu verəcəkdi. O, deyir: “Yazıçı üçün həkim işindən yaxşı məktəb tanımıram”. Xatıralayaq: A. Çexov da, R. Tağı da ixtisasca həkim idilər.
- Moemin söz ehtiyatı az idi. Dili də zəngin sayılmazdı, cümlələri quru, cansız alınırdı. Bədii ifadə vasitələrindən lazımınca yararlana bilmirdi. Özünün də dediyi kimi Moem yazıçı doğulmamışdı, yazıçı kimi yetişmişdi. O həm də deyirdi ki, çox yazmasan, yaxşı yaza bilməyəcəksən. Moem öz imkanlarını düzgün qiymətləndirməyi bacarır və bunlardan maksimum istifadə etməyə çalışırdı. Britaniya muzeyinin kitabxanasına gedib lüğətdən nadir qiymətli daşların, müxtəlif əşyaların adlarını öyrənir, sonra onları yadda saxlamaq üçün müxtəlif ifadələrdə işlədirdi. Müxtəlif yazıçıların əsərlərindən parçaları oxuduqdan sonra yadında qalanı yazmağa çalışır, sonra yazdığı ilə əsərin müqayisəsini aparırdı. Bir də çoxlu oxuyurdu. Moem yazır ki, oxumaq mənim üçün istirahətdir. “Əlimə nə keçirdisə yaxşı-pisliyindən asılı olmayaraq oxuyurdum. Oxumaq ehtiyacdır, müəyyən müddət oxuya bilməyəndə morfisiz qalmış morfinist kimi özümdən çıxıram. Məncə heç bir şey oxumamaqdansa qatarların hərəkət cədvəlini oxumaq yaxşıdır”.
“Dil yaşayır və arasıkəsilmədən dəyişir; uzaq keçmişdə olduğu kimi yazmaq cəhdləri, ancaq süniliyə gətirib çıxara bilər.” Moem gənc yazara çağdaş dildə yazmağı tövsiyyə edir. Hətta buna görə 17-ci əsr manerasında yazmağa çalışan Anatol Fransı da qınayır. Onun sadə dilindəki canlılıq çatışmazlığını da Fransın keçmişə meyli ilə əlaqələndir.
Somerset Moem səyahət etməyi çox sevirdi. O tez-tez Avropanı səyahətə çxır, Çinə, Polineziyaya, Amerikaya səfər edirdi. Bu da ona yeni-yeni süjetlər, materiallar tapması üçün fürsət yaradırdı. O süjet tapmaqda heç vaxt çətinlik çəkməyib, hafizəsində həmişə iki-üç əsər üçün hazır süjeti olub. Moem Rusiyaya da səfər etmişdi. Nə qədər qəribə gəlsə də, o Rusiyaya xüsusi tapşırıqla Böyük Britaniyanın kəşfiyyat orqanı “Mİ-5”-in agenti qismində gəlmişdi. Tapşırığı isə Rusiyanın Birinci Dünya müharibəsindən çıxmasına imkan verməmək idi. Lakin bolşeviklərin çevrilişi ilə Rusiya müharibədən ayrılır, beləcə Moemin tapşırığı müvəffəqiyyətsizliklə nəticələnir.

Somerset Moem
Moem müntəzəm yazmağı məsləhət görür. Məktəbdə keçdiyimiz biologiya dərslərindən xatırlayırsınıza İ. P. Povlovun məşhur təcrübəsi vardı: hər gün eyni saatlarda yemək verilən itin bir müddət sonra yemək verilməsə belə eyni saatlarda ağzı sulanmağa, dolayısı ilə mədəsi şirə ifraz etməyə başlayır. Pavlov bunu reflekslərlə izah edirdi. Moem həmin məşhur təcrübəni xatırladaraq deyirdi ki, yazıçı da özünü hər gün eyni saatda yazmağa alışdırdıqda bir müddət sonra çalışma saatı yaxınlaşdıqda beyni aktivləşir, artıq əlləri özü-özündən yazmağa başlayır. Şoferlər demiş, beyinin ikinci klapanı açılır. Dövrümüzün məhşur fransız yazarı Bernar Veber eyni metoddan istifadə edir. Lap qiyamət qopsa da hər gün eyni vaxtda yazmağa başlayıb dörd saat dayanmadan çalışır. 49 yaşlı yazıçı bu vərdişinə lap gənc yaşlarından əməl etdiyini deyir. Görünür buna görə görə də əsərləri bestsellerdir.
S. Moem “Yekun vuraraq”ı 64 yaşında yazmışdı. Lakin özündən nagüman yazıçı sandığı kimi bu əsərlə yaradıcılığına yekun vurası olmadı. 1965-ci ildə 91 yaşında vəfat edən 1874-cü il doğumlu Moem “Yekun vuraraq”dan sonra hələ neçə-neçə əsərlər yazaraq oxucularını sevindirdi.