Konstantinos Kavafis. Divarlar.
Düşünmədən, çəkinmədən, utanmadan
Uca, qalın divarları ətrafıma hördülər.
Çarəsizlik içində mən oturmuşam,
İndi yalnız tək bircə şey məşğul edir fikrimi –
daha nələr edəcəkdim bayırda mən!
Necə oldu, divarları hörən zaman duymadım,
eşitmədim bənnaların səsini heç!
Yavaş-yavaş onlar məni ayırdılar dünyadan.
Giyom Apolliner. Otel.
Qəfəs ölçüsündə kiçik otağım,
Günəş pəncərədən uzadır qolunu.
Günün işığından alaraq odunu,
yandırım siqaret, üfürüm ilğım.
Cəhənnəm olsun iş,
çəkmək istəyirəm.
M. Rilke. Payız günü.
Ya Rəbb: yay bitsin, yetişib vədə.
Günəş saatını ört kölgən ilə,
Burax küləkləri, əssin zəmilərdə.
Əmr et, qoy yetişsin sonuncu meyvələr;
Parlat iki gün də cənub günəşini
Və tapşır torpağın son şirəsini
çəksin öz canına salxımlı meynələr.
Evsiz daha qurmaz özünə dörd divar.
Yalqız daha tapmaz sevmək üçün məhbub,
Uçarkən xəzəllər küləklə sovrulub
Xiyabanlar boyu sərsəri dolaşar,
Yuxusuz gecələr yazar uzun məktub.
Jak Prever. Sənin üçün, sevgilim.
Getdim quş bazarına,
sənə quş aldım,
sevgilim.
Getdim gül bazarına,
sənə gül aldım,
sevgilim.
Getdim dəmir bazarına,
qandal aldım,
ağır qandal,
sənin üçün,
sevgilim.
Getdim qul bazarına,
səni axtardım,
amma tapmadım,
mənim sevgilim.
H. Oden. Tiranın xatirəsinə.
Kamilliyə o bir qədər can atardı,
Və yazdığı şeirlərdə o sevərdi sadəliyi;
Ovcu qədər tanış idi ona insan səfehliyi,
Ən sevdiyi oyuncağı ordulardı və gəmilər;
O güləndə deputatlar qəhqəhədən bayılardı,
Ağlayanda — küçələrdə ölərdi məsum körpələr.
Tərcümə: Əli Novruzov