Dedilər, qaranlıq restorana (Svartklubben) qrupla getmək daha maraqlıdır. Biz də dörd nəfər idik, rəfiqəm (bu, yaşlı bibisinin ona doğum günü hədiyyəsi idi), sözü gedən qoca bibi, mən və qızım Nərgiz. Məlumat üçün deyim ki, başqa restoranlardan fərqli bura yalnız həftədə üç dəfə və saat 18:00-dən 21:00-yə qədər hamı üçün eyni vaxtda başlayıb, eyni vaxtda qurtarır. Menyusu da adi restoranlardakı kimi çeşidli deyil. Veqan və veqetaryan fərqindən başqa hamı üçün eyni yeməklərdir.
Gözləmə otağında asılmış qalın, ağır qara pərdənın arxasından çıxan adamı görməyənə qədər qaranlıq restoranın əyləncəli və gülməli bir yer olduğunu düşünürdüm. Təsəvvür edin, zülmətdə oturub yemək yeyirsən, yediklərini, ətrafını- heç nəyi və heç kimi görmürsən. Yəqin masaya düzülmüş təamlar bir-birinə qarışır, yemək üstünə tökülür, bardaq yerə düşüb çiliklənir, əl atıb dostunun yeməyini götürüb gizlədirsən, o da qaranlıq olduğu üçün görmür və sair.
Pərdənin arxasından əlli-altmış yaşları arasında, başındakı beretin altından uzun boz saçları görünən bir kişi çıxdı. Özünü təqdim etdi, Ulf Nordquist. O qədər sərbəst və rahat danışırdı ki, kor olduğunu bir az keçəndən sonra anladım və restoran haqqında qabaqcadan təxmin etdiyim şeylər bir an yox oldu.
Hamımızı salamlayandan sonra əməl etməmiz gərəkən bəzi şərtləri dedi, telefon, saat və bu kimi işıq salan əşyaların içəri aparılmaması, bəzi təbii ehtiyaclarımızı mümkün olduğu qədər qabaqcadan yerinə yetirməyimiz və sair.
Adlarımızı əzbərdən çağıraraq qrup şəklində içəri aparmağa başladi (Hələ də təəccüblənirəm ki, təqribən, 20 nəfər adamın adı necə yadda qala bilər).
Pərdə sanki adamları udurdu. Beş dəqiqədən sonra təzədən geri qayıdıb sonrakı qrupu içəri aparırdı. Növbə bizə çatdı.Adladımızı çağırandan sonra, zəncir kimi hamı bir-birindən yapışdı, birimiz də Ulfdan, pərdə aralandı və biz içəri girdik. Arxamızca bağlanan pərdə ilə, gözləmə zalından döşəməyə düşən işıq yox oldu və biz sözün əsl mənasında zülmət bir qaranlığa düşdük. Olduğumuz yerin necə görünməsi haqqında heç bir fikrim yoxdur, sona qədər də olmadı. Ora xəyalımda mistik bir yer kimi qaldı.
Hamımız həyəcanlı idik. Heç nə görmürdük. Ulf tez-tez güvəndə olduğumuzu, nəyi və necə etmək gərəkdiyini mehribanlıqla başa salırdı. Ulfdan və bir-birimizdən elə yapışmışdıq ki!
Bir qədər gedəndən sonra hardansa bir başqa adam peyda oldu. Ulf bizi ona, adı Mayk idi ( Micke) təhvil verib, yenə də gözləmə zalından adam gətirməyə getdi (Sonradan bildik ki, orada işləyənlərin hamısı ya kordur, ya da bu və ya digər dərəcədə görmə problemləri var). Mayk bizi bir stolun arxasında oturtmağa başladı. Bunun üçün əllərimizi qabağa uzadıb, ehtiyatla stulu və masanı tapdıq və axır ki, otura bildik. O bizi yerbəyer eləyəndən sonra masanın üstündəkiləri yavaş-yavaş kəşf etməmizi istədi. Ehtiyatla ətrafımızı əlləməyə başladıq, boşqab, bardaq (saxsı və şüşədən deyildi) çəngəl, qaşıq, buçaq, salfet. Hər dəfə bir şey tapanda sevinçlə bir-birimizə xəbər edirdik: “Mən bardağı tapdım, bəs sən? Boşqabın yuxarıdan sağ küncünü yoxla, oralarda olmalıdı.”
Birdən hamının yüksək səslə danışdığının fərqinə vardıq. Biz də bərkdən danışırdıq. Görünür bir-birimizi görmədiyimiz üçün səsə güc vermışdik. Bəzən də qollarımızı qabağa uzadıb bir-birimizin əlindən tuturduq. Mayk haradasa yaxınlığımızda idi, çünki kömək istəyən anda peyda olurdu. O da hamının adını əzbərdən bilirdi. Bu qədər adamın adını necə yadda saxlamaq olardı?!
Birdən Ulfun səsi gəldi. Elə bil qurbağa gölünə daş atıldı, hamımız onu dinləməyə başladıq.
Ulf gələnləri salamladı və gəldiyimiz üçün təşəkkür etdi. Sonra da bizi öz dünyasına üç saatlıq səyahətə götürəcəyini dedi.
Söz və musiqisi özünə aid olan mahnıları canlı gitara ifası ilə bizə oxuması müdhiş idi. Beləliklə, Ulfun zülmət dünyasına səyahətə başladıq.
Birinci yemək gəlməmişdən qabaq içəri dadlı bir qoxu ilə doldu, amma görmədən hansı yemək olduğunu bilmək heç də asan deyilmiş. Çəngəllə yeməyə çalışsam da mümkün olmadı və barmaqlarımı işə saldım. Yediyimin nə olduğunu bilmədən (yemək barədə qabaqcadan məlumat verilmirdi) zülmət qaranlıqda yemək nə çətinmiş. Yaxşı ki, heç kəs bir-birini görmürdü. Deyəsən, hamı mənim durumumda idi. Barmaqlarımın onu da batmışdı. Tərslikdən də ən çox itirdiyimiz şey salfet idi. Yəqin, yüngül olduğu üçün qolumuza ilişib yerə düşürdü. Mayk o dəqiqə harayımıza gəlir və əlimizi tapıb içinə salfet dürtürdü. Əlavə su və içki istəyəndə boş bardağı yana uzadırdıq, kimsə doldururdu.

Ulf Nordquist
Bu zülmət qaranlıqda heç bir işıq olmayacağını bildiyim halda gözlərim ixtiyarsız, inadkarcasına işıq axtarır və ətrafı görməyə çalışırdı. Aramsız axtarış gözümü yorduğu üçün onu qapalı tutmağa çalışırdım. Ağlım gözlərimə deyirdi ki, açıq qalmanın bir anlamı yoxdur, onsuz da görməyəcəksən, özünü yorma, yumulsan, daha az yorularsan. Gözlərim də ağlımı dinləyir, yumulur, amma bir az keçəndən sonra unudub yenə açılırdı.
Birinci yeməkdən sonra Ulfun içəri dəvət etdiyi adam-aşpaz yediyimizin və içdiyimizin nə olduğunu soyuşdu. Ən çətini də bu idi. Görmədən dadbilmə hissimiz nə zəif olurmuş. Bir də yediklərin ayrı-ayrı çiy halda deyil, bişmiş və bir-birinə qarışmış halda ola. Təxmin etdiklərimdən düz çıxanı oldu. Amma içkinin adını səhv tapdım (bu sahədə professional deyiləm)
Ulfun həzin səsi və özünün gitara müşayəti ilə daha bir mahnısını dinlədikdən sonra o, yaşamış olduğu həyat hekayəsini danışmağa başladı.
14-15 yaşlarından görmə qabiliyyəti zəifləməyə başlayır. Həkimlər tamamilə itirəcəyini deyirlər. On ilə tamam kor olur. Bütün bu illər ərzində özünü korluğa hazırlasa da, 25 yaşlı gənc əvvəlcə nə edəcəyini bilmir.
Özünü toparladıqdan sonra görmə qabiliyyəti olmayan, yə yaxud az olan adamların müntəzəm görüşdüyü kluba getməyə başlayır. Orada yalnız on faiz görə bilən və sonradan ailə həyatı quracağı Mari Heqlerudla (Marie Häglerud) rastlaşır. Mari də musiqiçidir, piano çalır. Bir-birini sevən cütlük əl-ələ verib sevgi dolu bir yaşam mübarizəsi aparırlar. Iki övladları doğulur. Elə bu restoranın açılma fikri də Maridən gəlir. Birgə proyekt hazırlayırlar. Hər şey heç də asan başa gəlmir. Bu arada Ulf, sözləri, musiqisi və ifası özünə məxsus mahnılardan ibarət albom da buraxır.
Restoran açılır və böyük marağa səbəb olur.
O həyat hekayəsinə ara verdi və sonra ikinci- baş yemək gəldi.
Yenə də evvəli çəngəl-buçaqla başlanan yemək prosesi barmaqlarımın müşayəti ilə başa çatdı. Bu arada da Ulf yeyib-içdiklərimiz haqqında suallar soruşur və yerdən gələn cavablar çox məzəli və əyləncəli ortam yaradırdı. Məsələn, içki barədə soruşanda çoxu bayaqkından fərqli bir şey olduğunu dedilər. Amma, heç demə, eyni içki imiş, sadəcə, fərqli yeməklərlə fərqli dad yaradırmış ağızda.
Ulfun özü də çox pozitiv və yumor hissi yüksək olan biri təsirini bağışlayırdı.
Yemək bitəndən sonra həyat hekayəsinin davamı gəldi.
Hər şeyin düzənə düşdüyü bir vaxtda Mari kanser xəstəliyinə tutulur və ölür. Amma ölmündən qabaq Ulfdan, ona, heç vaxt həvəsdən düşməyəcəyini, birgə yaratdıqları işi yarımçıq qoymayacağına söz verməsini xahiş edir.
Sevdiyi qadının ölümündən sonra Ulf yaşam həvəsini itirir, “nədən mən”, “nədən biz” sualını bu dəfə acizcəsinə, ümidsizcəsinə allahdan sorğulayır…
Amma o, qadınına bir söz verib! O bu sözü tutmalıdır!
Yenidən mübarizəyə- yaşamağa başlayır, təkbaşına…
Hamımız Ulfun səsinin, onun hekayəsinin sehrinə düşmüşdük. İnsanın gücünün, yarada biləcəklərinin hüdudsuzluğuna heyrətlənmişdik.
Daha sonra üçüncü yemək, desert gəldi. Deserti yeyə bilmədim. Sevmədiyim bir şey idi… amma nə? Sonda şokaladlı bir şirniyyat olduğunu biləndə özümə bir az hirslənənfason da oldum. Uşaqlıqdan şokaladdan zəhləm getdiyi halda, necə ola bilər ki, dadından tanıya bilməyim. Qəribədir.
Ulf, desertlə verilən içkinin nə olduğunu soruşanda çoxumuz eyni, yəni baş yeməklə verilən ağ şərab olduğunu dedik. Bu dəfə də səhv eləmişdik. O, fərqli bir şey olduğunu söyləyəndə hamımız gülüşdük.
Desertdən sonra Ulfun daha bir neçə mahnısının canlı ifasını dinlədik.
Artıq zülmətə öyrəşmişdik. İçəri girdiyimiz zaman içimizdəki həyəcandan əsər-əlamət qalmamışdı. Ulfla, işçilərlə o qədər səmimi və mehriban ünsiyyət yaranmışdı ki!
Bayıra, gözləmə zalına yenə də onların köməyi ilə çıxdıq.
İçim qarışıq hisslərlə dolu idi. Maraqlı olan bu idi ki, onun dünyasında kor və asılı olan biz idik, onsuz bir addım belə ata bilməzdik O isə bizə yardım edir, əyləndirir, qulluq edirdi…
Bayırda, bizim görə bildiyimiz dünyada da o, kor deyil, musiqi bəstələyir, mahnı sözləri yazır, gitara çalır, oxuyur, albom buraxır, restoran işlədir…
Düz üç saat zülmətdə Ulf Nordquistlə bir səyahətə çıxdıq və bu üç saatda o öz qaranlığı ilə gözlərimizə fərqli bir işıq verdi. Bizə korluğun nə olduğunu daddırdı. Amma eyni zamanda, nə olursa olsun, imtina etməməyi, nə olursa olsun, “nədən mən” deyib sorğulamamağı, ümidsizləşməməyi deməyə çalışdı.
O zülməti ilə işıqlandıra bildi.
P.S Ulf Nordquist öz musiqi qrupu ilə tez-tez dünya turuna çıxır. Bu dünyada yeganə qrupdur ki, yalnız, görmə qabiliyyəti tamamilə olmayan ya da çox az olan musiqiçilərdən ibarətdir.
Şəlalə Əbil